525.Az

"Orfey" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Orfey" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

Çarlz Jalabert 25 dekabr 1818-ci ildə dünyaya göz açıb. Bəzi mənbələrə görə, o, yanvarın 1-i 1819-cu ildə doğulub .Bu haqda tam dəqiq məlumat yoxdur.

Gənc Çarlz rəssam olmaq istəyirdi və bu səbəblə də yerli rəsm məktəbində təhsil almağa başladı. Ondan fərqli olaraq atası düşünürdü ki, oğlu üçün kommersiya karyerası daha qazanclı olar. Bu məqsədlə onu Parisə oxumağa göndərdi. Buna baxmayaraq, Çarlz Parisə gedir və orada  rəssamlıq təhsilini davam etdirir.

Parisdə Paul Delarokonun sənət studiyasına daxil olur. Məhz buna görə də rəssam Delarokı sonradan özünün əsas müəllimi hesab etmiş və uzun illər onunla dostluq münasibətləri saxlamışdı. 1847-ci ildə Fransaya qayıdan Çarlz Parisdə uğur qazanır, tezliklə Parisin yüksək cəmiyyətində tanınan bir rəssama çevrilir və tez-tez Madam Sabatierin qalereyasına baş çəkirdi. Bir çox rəsmləri dini və tarixi mövzulara həsr olunsa da, o, həm də portretçi rəssam kimi çalışmışdı. 

Çarlz Jalabert 8 mart 1901-ci ildə Parisdəki evində vəfat edib.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Əlizadədir. Onunla məşhur rəssam Çarlz Jalabertin "Orfey" əsərindən danışmışıq.

 

 

- Fatimə xanım, əsərdə gördüyümüz mifoloji detallar tablonun bir hekayəsinin olduğunu bizə deyir. Nədir bu hekayə?

- Çarlz Jalabertin bu rəsmində tənha musiqiçi Orfeyin musiqilərini eşitmək üçün toplaşan pərilərin izdihamı təsvir edilir. Əfsanəvi obraz nə zaman mahnı oxusa, yaradılışdakı hər şey (canlı və cansız, fani və ilahi) onun yaratdığı musiqidən heyrətlənməyə bilmirdi. Rəsm əsəri 1855-ci ildə çəkilib.

- Orfey kim idi?

- Qədim yunan mifologiyasının musiqiçisi kimi Orfey həm insan, həm də mifoloji obraz sayılırdı. Orfey Evridika adlı bir meşə pərisinə (nimfa) vurulur və onunla evlənir. Onların toylarından çox keçmədən Evridikanı ilan ayağından sancır və o, faciəvi şəkildə ölür. Beləliklə, yeraltı dünyaya gedir. Onun ölümündən sonra pərişan olan Orfey Evridikanı xilas etmək ümidi ilə daha gözəl musiqilər ifa edərək tanrıların diqqətini çəkməyə çalışır. Uzun müddət sonra o, yeraltının allahı Hadesin diqqətini çəkməyi bacarır və ölülər ölkəsinə yollanır. Hades Orfeyin musiqi şücaətindən təsirlənir və o, Orfeyə Evridikanı geri qaytaracağını bildirir. Sadəcə bir şərtlə: Orfey evlərinə çatana qədər geri dönüb arvadına baxmamalı idi. Onlar bu şərtlə razılaşırlar, amma Orfey Evridikanin yeraltı dünyadan onu izlədiyinə əmin olmaq üçün bir göz atmaqdan çəkinə bilmir. O, doğrudan da, onun arxasında idi, lakin Orfey erkən nəzər salaraq qaydaları pozur və beləcə, Evridikanin cəhənnəm səltənətinə geri çəkilməsini travmatik şəkildə izləməli olur. Arvadını ikinci dəfə itirdikdən sonra Orfey bütün dünyavi zövqlərdən imtina edir. Etdiyi tək şey isə yeni musiqilər ifa etmək olur.

- Əsərin rəng koloriti necədir?

- Əsərdəki rənglərə nəzər salsaq, həm isti, həm soyuq rəng çalarlarını görə bilərik. Bu da rəsmə ayrı gözəllik verir. Rəsmdəki sarı tonlar onun istiliyini, mavi və yaşıl tonlar isə soyuq tonları rəsmdə balanslaşdırır.

- Bəs əsərin kompozisiyası necədir?

- Rəsmdə tarazlıq pozulmayıb, diqqət yetirsək, əsas obraz arxa fonda verilib, bu isə hekayə ilə bağlıdır. Ön tərəfdə olan nimfalar daha parlaq rənglərlə təsvir edilir ki, bu da həyatın, yaşamın nişanəsidir. Orfeyin daha tend rəngdə və arxa fonda təsvir edilməsi isə onun artıq hərşeydən imtina etməsini və ruh halını göstərir.

- Bu rəsm bizə nə deyir?

- Rəsm əsərinin mövzusu mifologiyadan götürülmüş hekayə əsasında təsvir edilib. Bir çox rəssamlar bu mövzuya müraciət edib və fərqli yanaşmalarla Orfeyi təsvir ediblər. Musiqi aləti olan arfanın adı da məhz Orfeylə bağlıdır.

Rəsmə ümumi nəzər salsaq, gözümüzə ilk olaraq Nimfalar (meşə pəriləri) çarpacaq. Rəssam əsas obrazı - Orfeyi arxa fonda təsvir edib. Burada Orfeyin Evridikanı itirdiyi an göstərilir.

Aytac SAHƏD

 





28.12.2022    çap et  çap et