Qətərin paytaxtı Doha şəhərində UNESCO-nun Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirilib.
Sessiyada ölkəmizi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının rəsmiləri təmsil ediblər. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, sessiyanın gündəliyinin əhatə etdiyi bir çox məsələlərlə yanaşı, 2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olmuş İçərişəhərin konservasiyası üzrə hesabatı da nəzərdən keçirilib. Dünya İrsi Komitəsinin İçərişəhərə dair qəbul etdiyi qərarda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun idarəedilməsi və konservasiyası sahəsində Azərbaycan dövlətinin atdığı addımlar və əldə olunmuş irəliləyiş müsbət dəyərləndirilib, abidələr kompleksinin qorunması, konservasiyası və "canlı şəhər" konsepsiyasının tətbiqi sahəsində müvafiq idarəetmə alətlərinin təkmilləşdirilmə işlərinin davam etdirilməsi tövsiyə olunub.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində UNESCO-nun Dünya İrsi Komitəsinin rəhbərliyi, həmçinin komitənin bir çox üzv ölkələrinin rəsmiləri və ekspertləri ilə ikitərəfli görüşlər keçirib, İçərişəhərin qorunması və idarəolunması ilə bağlı fikir mübadiləsi aparıb.
Görüşlərdə Azərbaycan hökumətinin son bir neçə ildə İçərişəhərin qorunması sahəsində ciddi irəliləyişlər əldə etdiyi vurğulanıb, dünya irsi obyekti olan bu məkanın gündəlik səmərəli idarəolunmasının təşkili, konservasiya üzrə baş plana əsasən bərpa və konservasiya layihələrinin yüksək peşəkarlıqla həyata keçirilməsi və "canlı tarix" yanaşmasının uğurla tətbiq olunması yüksək qiymətləndirilib.
S.ABDULLAYEVA
çap et