525.Az

"Dövlətimizin gücü və milli birliyimizlə Qərbi Azərbaycan ellərinə qovuşacağıq"


 

"Dövlətimizin gücü və milli birliyimizlə Qərbi Azərbaycan ellərinə qovuşacağıq"<b style="color:red"></b>

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə mühüm mesajlar verdi, məsələ ilə bağlı yol xəritəsi ortaya qoydu. Dövlət başçısı qarşıda dayanan növbəti hədəflərimizdən birinin Qərbi Azərbaycana qayıdışımızın olduğunu bəyan etdi. Prezident bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Mövzu ilə bağlı "525"ə danışan Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşməsi Qərbi Azərbaycandan olan soydaşlarımız, eləcə də bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar və mühüm bir hadisədir. Görüşdə ölkə başçısının söylədiyi fikirlər onu deməyə əsas verir ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - dövlət başçısının görüşdə böyük əminliklə söylədiyi bu fikirləri şərtləndirən amillər aydındır. Bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icmasının artıq öz torpaqlarına qayıtdığını önə çəkən Prezident İlham Əliyev onu da əlavə etdi ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub.

Deputat qeyd edib ki, ölkə Prezidenti xalqımıza yeni hədəfi göstərdi - bu, Qərbi Azərbaycandır: "44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımız qarısında yeni vəzifələr və yeni hədəflər qoyur. Bu vəzifə və hədəflər isə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilir. Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu. Ötən illər ərzində Prezident ən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Bu gün isə Qərbi Azərbaycan məsələsi dövlət və cəmiyyət olaraq prioritet məsələ kimi qarşımızda dayanır. "Nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm" deyən ölkə başçısı, artıq bu məsələ ilə bağlı öz çağrışını etdi. Cənab Prezidentin həyata keçirdiyini məqsədyönlü siyasətin nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir yumruq olan Dünya Azərbaycanlıları növbəti dövrdə istər Qərbi Azərbaycan, istərsə Güney Azərbaycan olsun, böyük millət olaraq üzərinə düşən missiyanı qəbul edirlər. Biz inanırıq ki, dövlətimizin gücü və milli birliyimizlə xalqımız Qərbi Azərbaycan ellərinə də qovuşacaq".

T. Cəfərova əlavə edib ki, Prezidentin dediyi kimi "Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Şübhəsiz ki, bu missiyanın reallaşmasında  Qərbi Azərbaycan İcmasının sistemli şəkildə fəaliyyəti xüsusilə vacibdir.

Millət vəkili qeyd edib ki, Qərbi Azərbaycana qayıdış xalqımızın erməni faşizmi üzərində növbəti zəfəri və tarixi ədalətin bir daha bərpası olacaq: "Bu, Azərbaycan xalqının qarşıda duran ən mühüm missiyalarından biridir. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu vəzifəni sülh yolu ilə yerinə yetirəcəyimizə inanırıq. Çünki Qərbi Azərbaycan tarixi ərazilərimizin ayrılmaz bir  parçasıdır. Bu gün yüzminlərlə soydaşımız mənəvi olaraq o torpaqlara  bağlıdır və dədə-baba yurdlarına qayıtmağın ümidi ilə yaşayıb-yaradırlar".

T.Cəfərova söyləyib ki, indi əsas hədəf Qərbi Azərbaycana qayıtmaqdır. Prezident İlham Əliyev sözügedən görüşdə Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri açıqladı: "Qərbi Azərbaycanda ermənilərin tarixi, dini və mədəni abidələri necə məhv etdiyini dünya ictimaiyyəti bilməlidir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik. Gündəlikdə dayanan əsas məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan artıq Bala Göyçə  gölünün sahilindədir. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Əlbəttə, bu, Azərbaycanın hərbi və siyasi gücünün təzahürüdür. Faktiki olaraq, sentyabr toqquşmaları Azərbaycanı gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ona görə ki, Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də Azərbaycana qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bu revanşistlər dünyadakı mövcud reallıqdan o qədər uzaqlaşıblar ki, gerçəkliyi dərk etməkdə çətinlik çəkirlər. Həqiqət ondan ibarətdir ki, bu revanşistləri kənardan Azərbaycanın üstünə qalıdıran destruktiv qüvvələr onlara hər hansı bir kömək edəcək vəziyyətdə deyillər. Onlar Cənubi Qafqazda Azərbaycanın liderliyini qəbul edə bilmirlər və buna mane olmaq üçün Ermənistandan istifadə edirlər. Halbuki, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması burada yaşayan xalqların rifah halının yüksəlməsi ilə  yanaşı beynəlxalq iqtisadi münasibətlərə də ciddi töhfə verəcəkdir".

Deputat bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə vurğulayıb ki, indiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar: "Bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə, tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib".

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi: "Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verirdi, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Bu ümidlər Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə doğruldu. Ordumuz müharibədə Ermənistanı diz çökdürməklə əslində dünya erməniliyini məğlubiyyətə uğratdı".

Deputat qeyd edib ki, Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir: "Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Prezident İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti ilə Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytardı. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Artıq başa çatmaqda olan 2022-ci ildə də bir çox önəmli hadisələr baş verib. Cari ilin sentyabrında Ordumuz erməni təxribatına cavab olaraq Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyat keçirdi və növbəti dəfə öz gücünü düşmənə göstərərək strateji yüksəkliklərdə möhkəmləndi".

S.Fətəliyeva söyləyib ki, qazanılan uğurlar Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti ilə tamamlanmalıdır: "Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. "Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfindən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər".

O bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına verdiyi mühüm tapşırıqlardan biri də qurumun beynəlxalq miqyasda fəaliyyəti ilə bağlıdır: "Tarix boyunca üzləşdiyimiz haqsızlıqlar, faciələrimiz dünya ictimaiyyətinin diqqətinə çatırılmalıdır. Bu istiqamətdə sistemli tədbirlər mütəşəkkil formada davam etdirilməlidir".

 

 





29.12.2022    çap et  çap et