525.Az

Milli dini həmrəylik - Səyyad Aran yazır


 

Milli dini həmrəylik - <b style="color:red"> Səyyad Aran yazır</b>

İslam cəmiyyətin milli-dini birliyini sarsıtmağa yönələn hər cür təfriqəçiliyi qadağan etmişdir. Çünki xalqların inkişaf və tərəqqisi vəhdət halında yaşamaqdan asılıdır. Birlik və həmrəyliyin olmadığı cəmiyyətlərdə isə parçalanma, kin, nifrət və düşmənçilik hökm sürər. Uca Rəbbimiz Qurani-Kərimin "Ali-İmran" surəsinin yüz üçüncü ayəsində: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi..." buyuraraq birliyin önəminə bir daha diqqət çəkmiş, düşmənçiliyin və çəkişmənin nə qədər təhlükəli olduğunu xəbərdar etmişdir.

Milli-dini birlik həm də, güclü millət və dövlət olmağın əsas şərtidir. Buna görə də milli-dini birliyə yönəlmiş hər cür mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır. Belə zərərli ideyaların yayılmasında söz və vicdan azadlığından sui-istifadə isə yolverilməzdir. Çünki söz və vicdan azadlığı əslində hər ağıla gələnin söynənilməsi deyil, cəmiyyət üçün faydalı ideyaların irəli sürülməsidir. Bu səbəblə də müsəlman Allah Rəsulunun (s) buyurduğu kimi ya xeyir söyləməli, ya da susmalıdır. Uca Yaradan Qurani-Kərimin "əl-İsra" surəsinin 53-cü ayəsində Həzrət Məhəmmədə (s) xitab edərək buyurmuşdur ki, "bəndələrimə de, gözəl sözlər söyləsinlər, yoxsa şeytan onların arasına fitnə-fəsad salar".

Anlaşıldığı kimi, milli-dini həmrəylik dövlətlərin varlığını qoruyub-saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum dövlətlərdə isə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altında olar. Cəmiyyətdə birlik və həmrəyliyi qoruyub saxlamaq üçün hər kəsin üzərinə müəyyən vəzifələr düşür. Bunların ən mühümü insanların şəxsi maraqlarını kənara qoyub, millətin mənafeyini üstün tutmasıdır. Əgər hər kəs öz üzərinə düşənləri ümumi mənafe naminə yerinə yetirərsə, cəmiyyətdə əmin-amanlıq hökm sürər. Əks təqdirdə, dinclik pozular, bölücülük cəmiyyəti parçalayaraq məhvə sürükləyər.

Şübhəsiz ki, millətimizin tarix boyu əldə etdiyi zəfərlərinin təməlində dini və milli birlik dayanmaqdadır.

Milli müxtəlifliyə gəlincə, bəşər övladının müxtəlif qəbilə və xalqlara ayrılması bir gerçəklikdir. Məsələnin hikmətini isə Allah-Təala Qurani-Kərimdə belə açıqlamışdır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" (Hucurat surəsi 13).

Anlaşıldığı kimi, insanlar bir-birini tanısınlar deyə müxtəlif millət və qövümlərə ayrılmış və hər xalqın da öz ünsiyyət vasitəsi, mənsubiyyəti, mədəniyyəti və digər dəyərləri vardır. İrqlərin və millətlərin olması, həmçinin, onlar arasında fərqlilik ixtilafa gətirib çıxarmalıdır. Bu müxtəliflikdəki hədəf Uca Yaradanın da buyurduğu kimi ancaq tanışlıqdır. Həzrət Məhəmmədin (s) səhabələrinə nəzər yetirdikdə onların içərisində müxtəlif millət və irqlərin nümayəndələrinin olduğunu görərik. Məsələn, fars mənşəli Salman əl-Farsi, yunan mənşəli Süheyb, efiyopiyalı mənşəli - qara dərili Bilal Həbəşi. Həzrət Peyğəmbər (s) həmin şəxslərə olduqca böyük hörmət və ehtiramla yanaşmış,  onları yüksək dəyərləndirmiş, ərəb mənşəli səhabələrdən heç fərqləndirməmişdir.

İslama görə insanları bir-birindən fərqləndirən meyar zahiri görkəmləri deyil, mənəvi zənginlikləri və təqvadır. Allah Elçisi (s) hədislərinin birində bu cəhətə belə diqqət çəkmişdir: "Ərəbin əcəm üzərində, ağın isə qara üzərində heç bir üstünlüyü yoxdur, üstünlük ancaq təqvaya görədir".

İslam qardaşlıq dinidir. Birlik və vəhdətə əsaslanan bu qardaşlıq münasibətlərində isə hətta ümu-küsüyə və ən kiçik ədavətə belə yer olmamalıdır: Allah-Təala Qurani-Kərimin Hucurat surəsinin onuncu ayəsində bu xüsusa belə diqqət çəkmişdir: "Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun".

Əsrlərcə xalqımıza hakim olan və əcdadlarımızdan bizə miras qalmış bu qardaşlıq gücümüzə güc qatmış və vətənin hər şeydən üstün tutulmasına səbəb olmuşdur.

Elə 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən bir də məhz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək dəmir yumruq olmağımızdır.

Təəssüf ki, bu gün də birliyimizi pozmağa və müqəddəs dəyərlərimizi sarsıtmağa çalışanlar vardır. Bunlar çirkin məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, hər cildə girir, hətta dindən də sui-istifadə edirlər. Lakin onların bu siyasəti sağlam fikirli millətimizin sarsılmaz iradəsi qarşısında mütləq iflasa uğrayacaqdır.

Bildiyimiz kimi, Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olmuşdur. Eyni zamanda, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr vermişdir. Buna paralel olaraq, dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olmuşdur. Başqa sözlə, Azərbaycan Qərbə münasibətdə İslam dünyası üçün, Şərqə münasibətdə isə Qərb üçün bir nümunədir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini abidələr təmir edilib. İslam dünyasında ilk dəfə olaraq vəhdət namazları qılınıb. Vəhdət namazı ilk dəfə Heydər məscidindən başlanılıb. Bu qardaşlıq nümunəsi dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir.

Unutmayaq ki, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasının əsas şərti milli-dini birlik və həmrəyliyimizdir.

Dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ulu öndərimiz Heydər Əliyev, 1991-ci ilin 16 dekabrında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Elə həmin ildən başlayaraq 31 Dekabr bütün azərbaycanlıların əziz bayramına çevrilmişdir.

1992-ci ildən başlayaraq isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Əziz soydaşlarımız, fürsətdən istifadə edərək sizi qarşıdan gələn Həmrəylik bayramı münasibəti ilə təbrik edir, Uca Yaradandan ölkəmiz və millətimiz üçün birlik və həmrəylik arzulayırıq.

 

 

 

 





29.12.2022    çap et  çap et