Yazımın qəhrəmanının etiraf etdiyi kimi, tədqiqatçı haqqında məqalə yazmaq çox çətindir. Bəstəkar, yazıçı, şair və bu kimi sənət sahiblərinin yaradıcılığına müraciət etmək istərkən, araşdırmaya cəlb olunacaq kifayət qədər vəsait tapmaq olar. Qarşımıza qoyduğumuz vəzifənin çətinliyi isə onunla bağlıdır ki, portrerini yaratmaq istədiyin insanın peşəkar çevrəsi tədqiqat müstəvisindən əlavə, pedagoqika, KİV-in bütün sahələrində uzun illərin səmərəli fəaliyyəti, ümumən ölkənin mədəni həyatında yaxından iştiraki və s. ilə əhatələnir. Bütün bunları bir yerə cəmləməyə çalışaraq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, aydın ruhlu insan Zümrüd xanım Dadaşzadə barədə düşüncələrimi oxucularla bölüşmək istərdim.
Çağdaş dövrümüzdə müasir texnologiyaların tətbiqi ilə inkişaf edən televiziya və radio məkanının cəmiyyətin bütün sahələrini ehtiva edən fəaliyyətinin aktuallığı barədə çox deyilir və yazılır. Mətbuatla yanaşı televiziyanın insanların maariflənməsində müstəsnalığı da öz yerində. Amma bütün bunlara baxmayaraq, mövcud kanalların əksəriyyətində mədəniyyət və incəsənət barədə verilişlərin kasadlığı da günümüzün reallıqlarından biridir. Üstəlik ana dilimizin bir çox qrammatik normalarına qeyri-peşəkar yanaşmalarla. Yaradıcı təşkilatların mövcud problemlərə münasibətdə müşahidəçi mövqe tutması da narahatlıq doğurur.
Amma ötən əsrin 70-80-ci illərində yeganə telekanalımızda mövcud ideoloji çərçivələrə baxmayaraq, əvvəldə qaldırdığım problemə münasibət başqa idi. Belə ki, uşaqlar, yeniyetmələr, gənclərin dünyagörüşünün, təfəkkürünün, həyata baxışının formalaşmasına təsir göstərən proqramlara üstünlük verilirdi. O illərdə “müəllif proqramı” ifadəsi istifadə olunmasa da, mahiyyət etibarilə həmin layihələrin yaradıcıları mövcud sahə üzrə mütəxəssis-ekspert idilər. Yəqin bir çoxları mərhum musiqişünas Şəhla Mahmudovanın “Sehrli səslər evciyi”, bu günlərdə dünyasını dəyişmiş bəstəkar Oqtay Rəcəbovun “Məktəblilərin musiqi klubu”, Vaqif Səmədoğlunun “Caz aləmində”, yaxud Oqtay Zülfüqarovun “Tumurcuq”, hal-hazırda BMA-nın professoru, Xalq artisti Zəhra Quliyevanın “Zəriflik” və digər bu kimi verilişləri yaxşı xatırlayırlar.
Mən əbəs yerə yazımı bu mövzudan başlamadım. Çünki qəhrəmanımın ictimaiyyət ilə ilk tanışlığı bilavasitə aparıcısı olduğu “Xaqani, 27” verilişindən başlamışdı. Bəstəkarlar İttifaqının o dövrdə rəhbəri Aqşin Əlizadənin təşəbbüsü ilə ərsəyə gələn veriliş ayda bir dəfə sərgilənirdi. Zümrüd xanım xatırlayır: “ ...“Xaqani, 27” (İttifaqın ünvanıdır)... o dövrün televiziya panoramında özəl bir hadisə idi! Verilişlərin məhz Azərbaycan dilində efirə çıxmasının bir şərt kimi irəli sürülməsi də səciyyəvi idi... hər ay İttifaqın salonunda yeni musiqi və bəstəkarlarımızın yaradıcılığı, başqa aktual mövzular haqqında söhbət aparılırdı... Verilişin yaradıcı heyətinin üzvləri sırasında müəllif və aparıcılar Lalə Hüseynova, Nəzakət Qasımova və Həcər Babayeva, habelə televiziyanın Musiqi şöbəsinin redaktoru Salehə Əfəndiyeva da xatırlanmalıdır. ...“Xaqani, 27” mənim televiziya ilə uzunsürən - həyəcanlı duyğular, sevgi dolu, güman etmək istərdim ki, səmərəli əməkdaşlığımın təməli oldu. Burada yenə də xeyirxah sehrbaz – Aqşin Əlizadəni minnətdarlıqla yad etməliyəm...” (“525-ci qəzet”, 26.05.2022. “İstərdim Xəzərin sahillərində olum...”)
İnsanın taleyi – elə insanın özüdür. (B.Brext)
Əgər Zümrüd xanım musiqişünas peşəsini seçməsəydi, görkəmli ədəbiyyatşünas ola biləcəyi şəksiz idi. Onun gözləri qarşısında bu sahənin iki etalonu-babası, XX əsr milli ədəbiyyatşünaslığın sütunlarından biri, Cəfər Cabbarlı irsinin nüfuzlu araşdırıcısı akademik Məmməd Arif Dadaşzadə və atası, uzun illər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında fəaliyyət göstərərək: “Qoy mənim xalqımın da Ensiklopediyası olsun! Qoy mənim xalqım da bütün dünya haqqında öz dilində oxusun...” amalı üçün yorulmadan çalışan, XVIII əsr poeziyası, əsasən M.P.Vaqif yaradıcılığı üzrə görkəmli tədqiqatçı Araz Dadaşzadə kimi böyük şəxsiyyətlər var idi.
Amma həyat Zümrüd xanımı başqa sənət yoluna yönəltdi. Etiraf etmək lazımdır ki, onun musiqi sənətinə gəlişi təsadüfü deyildi. Z.Dadaşzadənin qeydlərindən: “...Atam yeddi il musiqi məktəbində təhsil alıb. O zaman - 40-cı illərdə ziyalılar öz övladlarını musiqi məktəbinə verirdilər. Bu, Üzeyir bəyin və onun məsləkdaşı - musiqi təhsilimizin təməl daşını qoyanlardan biri - Kövkəb xanım Səfərəliyevanın təşəbbüsü idi... Ədəbiyyat tarixçisi, tənqidçi Məmməd Arif və qadınlarımız arasında ilk pedaqoji elmlər namizədi Zümrüd Axundovanın ailəsində dünyaya göz açmış, ailənin yeganə övladı olan atamı - Araz Dadaşzadəni də Kövkəb xanımın tövsiyəsi ilə Konservatoriya nəzdində musiqi məktəbinə (hazırda Bülbül adına orta ixtisas musiqi məktəbi) verirlər. Atam sonra həyatını ədəbiyyatla bağlasa da, musiqiyə sevgisini sonacan qoruyub saxladı. Evimizdə daim üslubca müxtəlif musiqi səslənərdi, o cümlədən, atamın yaxın bəstəkar dostları Emin Sabitoğlu və Xəyyam Mirzəzadənin ən yeni əsərləri. Evimizdəki kitabxana ilə yanaşı, musiqi valları kolleksiyamız da daim yeni nümunələrlə zənginləşərdi...”(“525-ci qəzet”,11.04.2020. “Dəyərli elmi işlər sanki bulanıq sularda itib-batır...” müsahibəsindən)
Digər tərəfdən adını daşıdığı nənəsinin bacısı, Şərqin ilk xanım - opera bəstəkarı, Üzeyir Hacıbəylinin yetirməsi Şəfiqə Axundova idi. Zümrüd xanım Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pianoçu ixtiası üzrə sinifdə şagird həyatını yaşamağa başlasa da, sonralar təhsilini musiqi nəzəriyyəsi səmtində davam etdirir. Bəllidir ki, musiqişünasın təkcə öz sahəsi ilə deyil, ədəbiyyat, tənqid, ümumi tarix, dilşünaslıq və digər humanitar elm sahələrindən zəngin bilgiləri, mütaliəli olması vacib şərtdir. Boya-başa çatdığı ailəsində doğma ana dilinə, ədəbiyyatına, ümumən milli mənəviyyata nümayiş olunan yüksək sayğı onun formalaşmasında müstəsna rol oynamışdır.
Bununla əlaqədar Zümrüd xanımın həyatından bir epizodu öz dilindən açıqlamaq yerinə düşər: “...Hələ Bülbül adına məktəbdə oxuyarkən, bizim ailəni tanıyanlar mənim M.Arifin nəvəsi, Arazın qızı ola-ola niyə rus bölməsində deyil, Azərbaycan bölməsində təhsil aldığıma təəccüblənirdilər. Həmin zamanlarda özlərini ziyalı sayan şəxslər ana dillərinə biganə yanaşır, övladlarını rusdilli məktəblərdə oxutdurmağa üstünlük verirdilər. Səbəbini isə belə əsaslandırırdılar ki, rus bölməsində təhsil daha səviyyəlidir. Atamı bəzi həmkarlarının belə öz övladlarını rus şöbəsində oxutdurması ələlxüsus narahat edirdi. O deyirdi: “Biz, ədəbiyyat adamları da doğma dilimizə xor baxsaq, onda yazdıqlarımız kimə lazımdır?”
Daşıdığı soyadın məsuliyyəti
Zümrüd xanım baba və atasının elmi irsini özünün araşdırmalarında, irəli sürdüyü mülahizələrində istinad qismində daima tətbiq etməklə, nəsillərarası mənəvi bağlantı yaratmış olur. Burada Məmməd Arif Dadaşzadənin milli düşüncə tarixi üçün çox dəyərli olan bir məqaləsinə üz tutmaq istərdim.
Stalin amansız repressiya dalğasının axarında aydınları “gedər-gəlməzə” göndərildiyi zaman, Üzeyir bəy gec ya tez haqqında çıxan qiyabi hökmün əyani şəkilə keçəçəyini gözləyirdi. Azərbaycan Demokratik Respublikasının Dövlət Himninin həm müəllifi (Əhməd Cavadla birgə), ilk addımlarını atmağa başlayan dövləti öz beşiyində boğmaq üçün daxili və xarici qüvvələri mövcud imkanlarla dəstəkləyən bolşevik Rusiyasını tənqid edən məqalələr, Fransada məcburi mühacirət həyatı yaşayan qardaşı Ceyhunla məktublaşmalar... Bəli, bütün bu məqamların hər biri, Üzeyir bəyin həyatını məhv etmək üçün kifayət qədər “ciddi ittiham aktı” ola bilərdi.
Amma, böyük sənətkar qibtə olunacaq iradəsi ilə çağdaş yaşam zamanında qaragühurun təpkisindən qorxub çəkinməyərək, bütün daxili imkanlarını səfərbər etməklə yaradıcı yanğısını söndürəcək “Koroğlu” kimi monumental operanı tamamlaya bilir. 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın ilk tamaşasının yaratdığı canlanma təkcə müəllifin deyil, eləcə də cəmiyyətin böyük bir hissəsinin real durumun pərdəarxasını özündə əks etdirirdi.Yeri gəlmişkən analoji dramatik vəziyyət Üzeyir bəyin həmkarı, D.Şostakoviçin həyatında baş verirdi. O zaman bəstəkar 5 saylı simfoniyasını yazmaqla cağdaş zamanın amansız ruhuna öz mövqeyini sərgiləmişdi.
Akademik M.A.Dadaşzadə 1938-ci il, 5 aprel tarixli “Ədəbiyyat” qəzetində “Koroğlu dastanı” adlı məqaləsində, xalq yaradıcılığı nümunəsinin timsalında soykökümüzün genetik yaddaşına hopan azadsevərlik, qorxmazlıq, cəsarət, ülvi məhəbbət kimi ali keyfiyyətlərin səciyyəsini xüsusi vurğulayır. Bunula görkəmli alim dastanın sətiraltı mənasında gözə çarpan əsl mahiyyətin bəstəkar tərəfindən eyniadlı operanın məzmunuda parlaq əks olunuduğuna bir daha toxunur:“...Koroğlu azadlığı sevir, köləliyə nifrət edir... Hər sətrində xalqın azadlıq həvəsini, zülmə qarşı nifrət və qəzəbini ifadə edən bu dastan olduqca dinamikdir...”
2020-ci il 17 sentyabr tarixində Milli Musiqi Günü, Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə beynəlxalq onlayn konfransda Türkiyə, Rusiya, Çin və ABŞ, həmçinin Azərbaycanı təmsil edən alim və mütəxəssislər iştirak edirdilər. Tədbirin iştirakçılarından biri olan Zümrüd xanım Üzeyir bəyin “Koroğlu” operasının yaranmasına gətirən səbəblərə müasir müstəvidən ətraflı baxış nümayiş etdirərək: “...Koroğlu” operası təkcə qəhramani xalq dastanının musiqi obrazı deyil, bütünlüklə türk dünyasının və onun ayrılmaz parçası- Azərbaycanın şərlə mübarizə simvolu kimi dəyərləndirilməlidir” fikri ilə çıxışını yekunlaşdırdı. Necə deyərlər “Ot kökü üstə bitər”.
Tədqiqatçı həyatının bəzi məqamları
Zümrüd Dadaşzadəni bir tədqiqatçı kimi XX əsrin ikinci yarısının, daha dəqiq desək 60-80-ci illərin – “nəhəng simfonik eksperiment” dönəminin Azərbaycan simfonizminin problemləri maraqlandırır. Bu önəmli mövzuya dair alimin iki kitabı – “Simfoniyanın fəzası” (1999), “Azərbaycan simfoniyası (1960-1980-ci illər)” (2012) – işıq üzü görüb. Alimin Azərbaycan Musiqi Tarixi beşcildliyi üçün hazırladığı oçerklər də öz yüksək elmi səviyyəsi ilə seçilir. Zümrüd xanım bir sıra nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı ləyaqətlə təmsil etmiş, milli musiqimizin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. Bunlardan bir necəsini qeyd etmək yerinə düşər: 2015-ci ildə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində beynəlxalq konfrans, 2016-cı ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində “Cəmiyyətin humanist əsaslarının bərpası məqsədilə təhsildə ənənəvi sənətlərin rekonstruksiyası və tətbiqi” adlı konrans, 2020-ci il Sankt-Peterburq Rusiya İncəsənət Tarixi İnstitutunda “Simfonizm məkanda və zamanda” adlı beynəlxalq konfrans, ICTM -Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın Türkdilli Dünya Musiqisi üzrə Araşdırma Qrupunun VII (2021) və VIII (2022) simpoziumları və s. Yeri gəlmişkən, Zümrüd xanım ICTM kimi nüfuzlu təşkilatda Bakı Musiqi Akademiyasını təmsil edən yeganə musiqişünas olmuşdur. Z.Dadaşzadə Almaniyanın MGG (Die Musik in Geschichte und Genenwart) kimi sanballı ensiklopediyası üçün Azərbaycan sənətkarları Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazı, Məmmədsaleh İsmayılov, Emin Sabitoğlu və b. haqda məqalələrin müəllifidir
Digər tərəfdən Zümrüd xanım yaradıcılıq diapazonunun miqyasından asılı olmayaraq milli musiqi tariximizin müxtəlif – sima özgünlüyü ilə seçilən nümayəndələrini də diqqətsiz qoymamışdır. Onun elmi intuisiyası hissə qapılmadan, pafos və mənasız tərifdən uzaq olan, əksinə soyuqqanlı məntiqə söykənən mövqeyini şərtləndirir. Məmməd Quliyev (“Musiqinin sadiq cəngavəri”), Ədilə Hüseynzadə (“Zaman gözəllik qarşısında açizdir...”), Cavanşir Quliyev (“Cavanşir Quliyev: total musiqi axtarışlarında”), Rəhilə Həsənova (“Musiqidə-mavi səmanın bir parçası”), bilavasitə elmi rəhbəri, akademik Zemfira Səfərova (“Zemfira Səfərovanın xoşbəxtlik formulu”) və digər sənətçilər haqqında məqalələrində elmi qənaətlərin dəqiqliyi və orijinallığı məxsusi bədii üslubla vəhdətdə çıxış edir. Onun alim mövqeyi bu və ya digər sənət xadiminin yaradıcılığına yeni elmi baxış rakursunun formalaşmasına təsir göstərir.
Daha bir cəhət. Zümrüd Dadaşzadə peşəkar kimi püxtələşməsində, çətin sınaqların öhdəsindən gəlməsində dəstək, qayğı gördüyü müəllimlərinə, həmkarlarına minnətdarlıq sərgiləməyi bacaran şəxslərdəndir. Onlardan biri, ilk qadın bəstəkarlarımızdan olan Ədilə Hüseynzadə ilə bağlı musiqişünasın xatirəsini burada bölüşmək yerinə düşər: “...Mənə (yəni Zümrüd xanıma – qeyd mənimdir) Ədilə xanım – pedaqoqla ünsiyyətdə olmaq səadəti nəsib olmuşdur. Axı Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzəriyyə şöbəsinin şagirdlərinə “kompozisiya” dərslərini məhz o, keçmişdir. Etiraf edim ki, əvvəlcə biz bu dərslərin bütün əhəmiyyətini dərk etmir, hətta onları nəzəriyyəçilər üçün qeyri – məcburi sayırdıq. Lakin müəllimimizin həssas rəhbərliyi altında tədricən “kompozisiya”ya münasibətimizi dəyişdik. Bizdə musiqi bəstələməyə həvəs oyandı. İndi mənə tamamilə aydındır ki, musiqi haqda səriştəli fikir söyləmək üçün tədqiqatçıya əsər yazmağın daxili mexanizmini bilmək və duymaq nə qədər vacibdir... ”. 2019-cu ildə Zümrüd xanım sevimli müəlliminin xatirəsinə həsr olunmuş “Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam.” adlı kitabı nəşr etdirmişdir.
Zümrüd Dadaşzadənin 2022-ci - yubiley ili həyatında xüsusən zəngin olmuş, bir sıra hadisələrlə əlamətdar olmuşdur. Bunlardan ən əsası Üzeyir Hacıbəyli XIV Beynəlxalq musiqi festivalı ilə bağlıdır: festivalın bir neçə konsertinin konsepsiyasının hazırlanmasında, “Türk yurdunun musiqi aləmi” sərlövhəsi altında keçən, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan bəstəkarlarının əsərlərindən ibarət musiqi çələngini təqdim edən festivalın final konsertinin təntənəsində Z.Dadaşzadənin də rolu önəmlidir.
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! (Hüseyn Cavid)
Zümrüd xanım haqqında danışarkən, onun həyat yoldaşı, təcrübəli diplomat, fövqəladə səlahiyyətli səfir Cavanşir Axundovun Rusiya Federaisiyasında (2003-2007), İran İslam Respublikasında (2009-2916) və Latviyada (2016-2021) uğurlu fəaliyyətini məxsusi vurğulamaq lazımdır. Azərbaycanla bağlı mövqelərində bir qədər qeyri-sabit olan hər üç dövlətlə müxtəlif səpkili əlaqələrin, münasibətlərin qurulmasında təcrübəli səfirin fəaliyyət kontekstində mədəniyyət sahəsinin öz yeri vardır. Bu baxımdan Z.Dadaşzadənin, səfirliyin qeyri- rəsmi mədəniyyət attaşesi vəzifəsində vətəninin zəngin mədəni irsinin mövcud ölkələrdə tanınmasında apardığı fəaliyyətindən bir necə epizoda diqqəti yönətlmək istərdim.
İranda Azərbaycan türkcəsində nəşr olunan və mərhum Cavad Heyətin baş redaktor olduğu “Varlıq” jurnalında Azərbaycan musiqisinin görkəmli simaları haqqında Z.Dadaşzadənin dərc etdirdiyi məqalələr böyük diqqətə səbəb olmuşdur.
2016-cı ildə Tehranın Niyavəran mədəniyyət mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimində, İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad Nazirliyinin rəsmilərinin də qatıldığı tədbirdə çıxış edən Zümrüd Dadaşzadə mədəni əlaqələrin inkişafında aşıq sənətinin mühüm rol oynadığını, bu sənətin ənənələrinin həmişəyaşarlığını xüsusi vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli də aşıq sənətinə olan sevgisini ifadə edərək, "Koroğlu" operasını aşıq musiqisi əsasında yaratmışdır. Sonra Təbriz, Ərdəbil, Zəncan və başqa şəhərlərdən gəlmiş aşıqlarla yanaşı, Azərbaycan aşıqlarının da çıxışı olmuşdur.
2020-ci ildə Baltikyani ölkələrin “Açıq şəhər” adlı populyar jurnalında, nəşrin baş redaktoru tanınmış jurnalist, yazar, sənədli filmlər müəllifi Tatyana Fastın çeşidli suallarını cavablandıran:“...Z.Dadaşzadə əvvəlcə Latviya-Azərbaycan mədəni və ədəbi əlaqələrinə toxunur. Bu əlaqələrin özəlliklərindən söz açaraq, Z.Dadaşzadə, latış musiqisinin klassiki Yazep Medinşin hələ XX əsrin əvvəlində –1916-1922-ci illərdə Bakı opera teatrının dirijoru kimi fəaliyyət göstərdiyini nəzər-diqqətə çatdırır. Eyni zamanda musiqişünas bəstəkar Ədilə Hüseynzadə haqqında kitab üzərində çalışarkən 40-cı illərin sonu – 50-ci illərdə Bakıda Latviyanın Əməkdar incəsənət xadimi xormeyster Yakov Abramisin də işləməsi faktı ilə rastlaşdığını qeyd edir. Ədəbiyyatşünas Vaqif Arzumanovun Azərbaycan və Baltikyanı ölkələrin ədəbi əlaqələrinə dair doktorluq dissertasiyasında Latviya ilə bağlı hissənin böyük maraq kəsb etdiyini söyləyən musiqişünas Azərbaycan ədəbiyyatının dostu, şair, mütərcim Uldis Berzinşin xidmətlərini xüsusi vurğulayır. Latış oxucusu məhz onun tərcüməsində “Kitabi-Dədə Qorqud” eposunu , habelə bir sıra şairlərin (M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz və s.) əsərlərini oxumaq imkanı əldə edib. Z.Dadaşzadə Latviyanın mədəniyyəti, zəngin musiqisi ilə bağlı təəssüratlarına dönərək, Milli Opera Teatrında azərbaycanlı vokalçılar – Dinara Əliyeva və Əvəz Abdullanın dəvət olunmuş solist qismində uğurla çıxış etdiyinə diqqət yetirir, Latviya Milli Simfonik Orkestrinin gənc azərbaycanlı dirijor Fuad İbrahimovla əməkdaşlığını təqdirəlayiq bir hadisə kimi qiymətləndirir. Latviyanın ən tanınmış siması əfsanəvi Raymond Paulsla – musiqiçi və geniş təfəkkürə malik insanla ünsiyyətin bəxş etdiyi emosiyalar da söhbətdə yer alıb...” (“525-ci qəzet”,13.11.2020. Riqanın “Açıq şəhər” jurnalı Azərbaycan mədəniyyətindən yazdı”)
Zümrüd xanımın Latviyada yaşadığı dövrdə mənim elmi fəaliyyətimə göstərdiyi dəstək əvəzolunmaz idi. Məsələ burasındadır ki, bəstəkar Qara Qarayevin 1973-cü ildə Riqada yaradıcılıq gecəsi ilə bağlı müəyyən sənədlərin Latviya Milli Arxivindən əldə olunması zərurəti yaranmışdı. Buna görə mən dəyərli Zümrüd xanıma kömək üçün müraciət etdim. Nəticədə qısa müddət ərzində Latviyadakı səfirliyimizin vasitəçiliyi ilə gərəkli arxiv sənədləri əldə olundu.
Ən sonda...
Mən Üzeyir Hacıbəyli adına BMA-nın II kursunda oxuyarkən Zümrüd xanım “Azərbaycan musiqi tarixi” fənnindən bizə dərs deyirdi. Bu ərəfədə Bakıya uzunsürən fasilədən sonra dirijor Vladimir Fedoseyevin rəhbərliyi ilə Moskvanın P.İ.Çaykovski adına simfonik orkestri qastrola gəlmişdi. Konsertlər indiki Heydər Əliyev adına respublika sarayında keçirilirdi. Onların birini dinləmək mənə və tələbə yoldaşlarıma nəsib olmuşdur.
Konsertin proqramına Çaykovskinin 4 saylı simfoniyası və Niyazinin “Rast” simfonik muğamı salınmışdı. Təbii, Niyazinin “Rast”ının necə səslənəcəyi bizi daha çox maraqlandırırdı. Qeyd etmək istərdim ki, vaxtilə maestro Niyazi həmin kollektivlə dəfələrlə konsertlər vermişdi. Bu faktı konsert öncəsi səhnəyə çıxan və tamaşaçıları salamlayan dirijor Fedoseyev də qeyd etdi.
Amma... “Rast”ın əvvəldən sona qədər ifası hamıda çaşqınlıq hissi yaratdı. Məsələ burasındadır ki, əsər ixtisarlarla səsləndiyindən nəticədə forma bitkinliyi dağılmışdı. Dirijor muğam fəlsəfəsi ilə bağlı parçaları çıxardaraq, təsnif bölmələrini saxlamışdı. Yüksək sənətkarlığı ilə seçilən orkestrin bizim milli incəlikləri olduğu kimi duyaraq təfsir edə bilməyəcəklərindən ehtiyatlanaraq belə addım atıldığını təxmin etsək də, müəllif mətninə müdaxilə təəssüf hissi doğurmuşdu.
Ertəsi gün ilk dərs məhz Zümrüd xanımın idi. O, ilk növbədə məni kitabxanaya yollayıb “Rast”ın partiturasını gətirməyi tapşırdı. Sonra isə biz birlikdə bu əsərə Niyazinin öz təfsirində, partituranı izləyərək, qulaq asdıq. Sonda isə Zümrüd xanım bizə müraciət edərək dedi: “Dünən konsertdə “Rast”ın məlum təfsirindən sonra sizlərdə həmin əsər barədə yanlış təsəvvürün oyana biləcəyindən bərk ehtiyat edirdim. Ona görə bugünkü dərsi məhz belə tərzdə başlamağa qərar verdim.” Bu hərəkət öz milli kimliyini sevən, gələcək nəsli mənəvi dəyərlərinə yanlış mövqedən çəkindirməyi özünə borc bilən, vətəndaş, müəllim, səxsiyyətin atdığı addım idi.
Dəyərli Zümrüd xanım, sonda fürsətdən istifadə edib, mətbuat vasitəsi ilə, Sizi bir daha yubileyiniz, üstəlik qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik və Yeni 2023-ci il münasibəti ilə təbrik edir, bundan sonra da bir musiqiçi, tədqiqatçı kimi mənəvi dünyanızın daima belə saf olmasını diləyir, qarşınıza qoyduğunuz ülvi məqsədlərin reallaşdırılması yolunda yorulmaz əzmkarlıq arzulayıram.
Yavər NEYMƏTLİ
Azərbaycan Milli Kitabaxanasının əməkdaşı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru











çap et