525.Az

Şuşa haqqı - Şahnaz Şahindən poetik nümunələr


 

Şuşa haqqı - <b style="color:red"> Şahnaz Şahindən poetik nümunələr</b>

Şuşa haqqı

 

(Poemadan parça)

 

...Dilimdə söz çiçəkləyir,

Boynumda Şuşa haqqı var.

Ana haqqı, bacı haqqı,

Yurd haqqı, yurddaş haqqı var.

 

Bayrağımın kölgəsində,

Çiçəklərin açmaq haqqı...

Quşların uçmaq haqqı var!

Otların cücərmək haqqı,

Göylərin ovutmaq haqqı,

Yerin ovunmaq haqqı var!..

 

Ay yerində bərqərardı,

Gün yerində bərqərardı.

Duman yerə yaraşıqdı,

Çən yerində bərqərardı...

 

Zülmün dağılmaq haqqı var,

Yolların sevinmək haqqı.

Arzuların, ümidlərin

Bir də doğulmaq haqqı var!..

lll

Adı çəkiləndə ürəyim əsir,

Hüsnünə sözlərdən çələng hörürəm.

Yollara çıxıram güllü-çiçəkli,

Baxıb hər tərəfi Şuşa görürəm.

Arabir gecələr yuxuma gəlir,

Keçən günlərini sərir önümə.

Uzaqdan əl edir dağlar, yamaclar,

İndi hər tərəfi Şuşa görürəm.

 

Əlində səhəngi gözəllərə bax,

Suda güzgülənir, şəkillənirəm.

Heç vaxt görmədiyim yerlərə gedib,

İndi hər tərəfi Şuşa görürəm.

Bu da bir yazıdı, qəza-qədərdi,

Çox arzum toxunur daşa görürəm.

İrəvan, Ərdəbil, Təbriz, Zəngəzur,

Xankəndi, Xocalı gözü yol çəkir...

Mən indi hər yeri Şuşa görürəm!

 

Hər yerdə bir şəhər salıb keçirəm,

Xəyal yelkənimi açıb keçirəm...

Nə ürək dincəlir, nə gözüm doyur,

Yollar qucaq açır, ellər "gəl" deyir...

 

Qələbə ətrini yayır küləklər,

Qanımda dolanır, ruhumdan keçir.

Şəhid qardaşımın son vəsiyyəti,

Könlümdən od alır, ahımdan keçir...

Mən indi hər yeri Şuşa görürəm...

lll

...Ətrini gətirir külək,

Uzaqdan Xarıbülbülün,

Şuşanın yarı bülbülün,

Yarı gül, yarı bülbülün...

Nə olsun ki, payızdı...

 

Hələ mən,

çiçəkləyən əsgər çəkmələrini

demirəm.

Hələ mən,

xəzəllərin sinxron rəqsindən

danışmıram.

Hələ mən,

çılpaq ağacların gövdəsində

yem axtaran qarışqalardan

söz açmıram...

 

Bu gecə

ürəyimin aritmik döyüntüləri də

qarışıq ahənglə

Şuşa qışqırır...

 

Bülbülün, Üzeyirin, Natəvanın

yaralarından axan qan da

Şuşa deyir...

 

Bu saat

dünyanın düz mərkəzində bir

Şuşa doğulur...

 

Və ilin dörd fəsli də Şuşadır...

Yağış tökür,

qar yağır,

külək əsir,

Günəş doğur, Şuşa!..

 





29.12.2022    çap et  çap et