525.Az

Universitetdə Psixoloji Xidmət Mərkəzi: UNEC-in daha bir faydalı təşəbbüsü


 

Universitetdə Psixoloji Xidmət Mərkəzi: UNEC-in daha bir faydalı təşəbbüsü<b style="color:red"></b>

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın qərarı ilə bu ilin sentyabrından Psixoloji Xidmət Mərkəzi yaradılıb. UNEC-də belə bir mərkəzin yaradılmasında əsas məqsəd təhsilalanların akademik nailiyyətlərinin artırılması, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, əməkdaş və tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsidir. Əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, yarana biləcək emosional və psixi böhranların, imtahanqabağı stresin qarşısının alınması da Mərkəzin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Eyni zamanda, Mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər də həyata keçiriləcək. Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılır.

Mərkəzin direktoru Şəfahət Abdullayevanın sözlərinə görə, dünyada gedən proseslər intensiv və sürətlə dəyişir və dəyişməkdədir. Bu dəyişikliklərə adaptasiya olmaq böyük psixoloji güc, düzgün analiz tələb edir. Gündən-günə artan informasiya seli və müxtəlifliyində müasir insan özünü itirir və belə halda müəyyən dəstəyə, psixoloji köməyə ehtiyac duyur. Psixoloji biliklər, onların praktik tətbiqi bacarığı, psixoloji mədəniyyət, stresə davamlılıq bu gün bəlkə də heç vaxt olmadığı qədər aktualdır. Bütün insanlar, xüsusilə də hələ formalaşmaqda olan gənclər vaxtında psixoloji dəstək almalı və bununla da psixoloji sağlamlıqlarını qorumağı bacarmalıdırlar. Psixoloji xidmət insanların sosial-psixoloji səriştəsini artırmaq məqsədilə həm fərdi, həm də qruplara psixoloji yardım göstərməyə yönəlmiş psixologiyanın praktiki tətbiq sahəsidir.  Bu, şəxsiyyətlərarası münasibətlərdə çətinliklərlə əlaqəli müxtəlif növ psixoloji problemlərin, eləcə də dərin şəxsi problemlərin həllinə yönəlmiş insanlarla birbaşa işdir: "Dünyanın bir çox aparıcı universitetlərində tələbələr və işçilər üçün psixoloji yardım mərkəzləri vardır. Onlar tələbələrin təhsil mühitinə uyğunlaşmalarını daha rahat və əlverişli edirlər. Belə mərkəzlərə ona görə ehtiyas var ki, tələbələr universitetin divarları arasında ödənişsiz psixoloji xidmət ala bilsinlər, bu dəstəyi başqa yerdə axtarmasınlar. Psixoloji xidmətin hər kəsə əlçatan olmadığını nəzərə alaraq, universitet daxilində təhsilalanlara və əməkdaşlara ödənişsiz xidmət göstərən belə bir Mərkəzin yaradılması son dərəcə təqdirəlayiqdir. Mərkəzin yaradılmasının məqsədi də UNEC-də təhlükəsiz və sağlam mühitin yaradılmasına, əməkdaş və tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsinə, yarana biləcək emosional və psixi böhranların, imtahanqabağı streslərin qarşısının alınmasına xidmət etməkdir. Düşünürəm ki, Mərkəzimizin bu istiqamətdə fəaliyyəti uğurlu olacaq, peşəkar psixoloqlarımızla gənclərimizin akademik nailiyyətlərinin artırılmasına, universitetdə daha sağlam mühitin yaradılmasına dəstək olacağıq".

Şəfahət Abdullayeva bildirib ki, Mərkəzdə psixoloji müayinə çərçivəsində tələbələrin fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər də həyata keçirilir: "Məlumat üçün bildirim ki, universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılır. Stresə davamlılığı yüksəltmək, qarşılıqlı münasibətlərdə psixoloji mədəniyyəti yüksəltmək, kollektivdə qarşılıqlı anlama və hörmət, konfliktlərin aradan qaldırılması və əlverişli mikromühit yaratmaq, tələbələrdə yarana biləcək psixoloji böhranın əvvəlcədən qarşısının alınması, hər hansı dəyişikliyə zamanında adaptasiya olunmasına yardım göstərmək də Mərkəzimizin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan Dövlət İqtisad Universitetində  təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, Universitetdə təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər. Mərkəzimiz UNEC-in əsas tədris binasında 327-ci otaqda fəaliyyət göstərir. Hələlik məsləhət saatlarına mənim mobil nömrəmə zəng edərək yazılmaq mümkündür. Qısa zamanda isə unec.edu.az saytı üzərindən qeydiyyat bölməsi yaradılacaq. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir".

Mərkəz direktorunun dediyinə görə, mərkəzdən seanslar fərdi və qrup şəklində təşkil olunur: "Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir. İlk görüşdə psixodiaqnostik testlər və proyektiv metodika vasitəsilə söhbətdə şəxsin psixoloji problemi müəyyənləşdirilir. Bəzən bir neçə görüşdən sonra psixoloji problemi müəyyənləşdirmək mümkün olur. İlkin psixoloji müayinədən sonra əldə edilən nəticələrə uyğun olaraq, müraciət edən şəxsə psixoloji məsləhət  proqramı təklif olunur.  Proqramlar da fərdi və qrup formasında təşkil edilir. Müraciət edən şəxsə təklif olunan psixoloji məsləhət proqramı bitdikdən sonra təkrar müayinələr keçirilir və nəticələri dəyərləndirilir. Bəli, müraciət edənlər var, hətta deyərdim ki, seanslarımız doludur. Gənclərin problemləri əsasən, ünsiyyət çətinlikləri, valideynləri ilə münasibətlərindəki anlaşılmazlıq, özgüvənsizlik, keçmişdə yaşadıqları travmalar, panik ataklardır. Daha yaşlı insanlarda, xüsusən, müəllim və əməkdaşlarda ailə zəminində olan problemlər, sabahkı günə inamsızlıq və digər səbəblərlə bağlıdır. Yüksək həyəcan, təşviş, aşağı özünüqiymətləndirmə, özgüvənsizlik, ətrafdakılarla münasibət qurulmasında çətinlik, ailədə, valideynlərlə, dostlarla problemlər yarandıqda, eləcə də daxili psixoloji gərgin hallar yaşadıqda tərəddüd etmədən Mərkəzimizə müraciət edə bilərlər. Mərkəzimizdə məxfilik prinsiplərinə ciddi əməl olunur. Mərkəzə müraciət edən hər kəsin kimliyi məxfi saxlanılır. O baxımdan müraciət edənlər rahatlıqla bizə güvənə və sərbəst şəkildə mərkəzimizə müraciət edə bilərlər".

Əməkdar elm xadimi professor Şahlar Əsgərov bildirib ki, universitetin əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, mənəvi-psixoloji sağlamlığın dəstəklənməsi məqsədilə UNEC-də Psixoloji xidmət mərkəzinin yaradılması mühüm məsələdir: "Hesab edirəm ki, gənc nəslə həm mənəvi, həm də ruhdan düşməmək üçün psixoloji dəstəyin verilməsi vacibdir. Mərkəz həmçinin,  tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək göstərəcək. Bu da çox vacib işdir. Eyni zamanda Mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər də həyata keçiriləcək. Hesab edirəm ki, belə tədbirlərin həyata keçirilməsi zəruridir.  Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlərin aparılması təqdirəlayiqdir. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin yüksək səviyyəli təhsil alması üçün hər bir şərait yaradılıb. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC-də mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik və bu, qürurvericidir. Tələbələrə isə yalnız oxumaq, öyrənmək, axtarmaq, yeni bilik və bacarıqlara yiyələnmək lazımdır".

 Sevinc QARAYEVA

 

 





29.12.2022    çap et  çap et