525.Az

"Qərbi azərbaycanlıların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar"


 

"Qərbi azərbaycanlıların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar"<b style="color:red"></b>

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə tarixi və siyasi müstəvidə bir sıra mühüm məqamları açıqladı. Dövlət başçısının çıxışı Qərbi Azərbaycana qayıdışın yol xəritəsini təşkil edir. Prezident soydaşlarımızın tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına əminliyini ifadə edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mövzu ilə bağlı bildirib ki, dövlət başçısı Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə Azərbaycanla bağlı bir çox strateji prioritetləri qeyd etdi: "Prezident İlham Əliyev 19 illik rəhbərlik dövründə Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi ilə yanaşı, Qərbi Azərbaycanın məsələsini də gündəmdə saxlayıb. Ən müxtəlif platformalarda, görüşlərdə Qərbi Azərbaycan mövzusunu səsləndirib. Ulu öndər Heydər Əliyev 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı qeyd etmişdir ki, "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik".

Prezident İlham Əliyev isə bu ədlətsizliyin təkcə Azərbaycan və azərbaycanlılara deyil, həm də bütövlükdə türk dünyasına vurulan zərbə kimi qiymətləndirir. 2015-ci ildə Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində dövlət başçısı bildirib ki, "Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər".

Deputat deyib ki, artıq reallıq dəyişib: "İki il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı, Şərqi Zəngəzuru erməni işğalından azad etməklə bölgədə, Cənubi Qafqazda yeni vəziyyət yaratdı. Görüş zamanı, Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıran ölkə başçımız bir daha vurğuladı ki, "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, bu sahədə təbliğat və təşviqat işləri aparılmalı, müxtəlif müstəvilərdə görüşlər, forumlar keçirilməli, soyqırım faktları dünya ictimaiyyətinə çatdırılmalıdır". 

H.Hüseynova əlavə edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəlaiyyət istiqamətlərini də göstərdi: " Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik".

Həmçinin, rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalı, Azərbaycan xalqının tarixi irsinin necə dağıdıldığı beynəlxalq arenaya çıxarılmalıdır. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Ölkə başçısı bir daha qeyd etdi ki, Vətən müharibəsindən sonra baş verən hərbi əməliyyatlar, xüsusi ilə, sonuncu sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaqdır: "Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər".

Bir daha qeyd etmək lazımdır ki, dövlətimizin əldə etdiyi həm hərbi, həm siyasi uğurları gələcək üçün zəmin yaradır. Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər bilməlidirlər ki, bizi heç kim və heç nə dayandıra bilməz.

Ölkə başçısı qeyd etdi ki, "Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik".

Bəli, o gün uzaqda deyil! Biz inanırıq ki, hər birimizin bu arzusu da reallığa çevriləcək".

Milli Məclisin deputatı Kamilə Əliyeva isə deyib ki, çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan torpaqları olan Naxçıvana, İrəvana, Qarabağa, Zəngəzura köçürülməsindən 200 ildən çox vaxt keçir. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparıblar. O bildirib ki, bugünkü Ermənistan dövlətinin ərazisi qədim Azərbaycan torpaqları olub. Ermənilər bu ərazilərə köçürüldükdən sonra toponimlərin adlarını dəyişdirib, azərbaycanlılara məxsus tarixi, dini abidələrimizi dağıdıblar, xalqımızın tarixi irsini silməyə çalışıblar. Tarixi sənədlər, ötən əsrin əvvəllərinə təsadüf edilən xəritələr və bu xəritələrdə qeyd olunan yurd adları bir daha sübut edir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və bu yurd yerlərində qədimdən azərbaycanlılar yaşayıb. Azərbaycan xalqı öz torpağına, yurd yerlərinə bağlı bir xalqdır. Xalqımız öz torpaqları, hüquqları uğrunda hər zaman mübarizə aparıb, fədakarlıq göstərib. Lakin tarixin müxtəlif vaxtlarında xalqımız öz torpaqlarından qovulub, məhdudiyyətlərə düçar olub.

Deputat əlavə edib ki, müsəlman aləmində ilk demokratik dövlət olan AXC öz fəaliyyətində bir sıra mühüm qərarlar qəbul etməsinə baxmayaraq, böyük tarixi səhvlərə də yol verib: "1918-ci ildə azərbaycanlıların tarixi şəhəri olan İrəvan Ermənistana bağışlanılıb və ermənilər bizim torpaqlarımızda özlərinə dövlət qurublar. Azərbaycan torpaqlarının Ermənistana verilməsi prosesi Sovet hakimiyyəti dövründə də davam etmişdir. 1920-ci ildə Zəngəzur zorla Azərbaycandan qoparılaraq Ermənistana verilib. Məqsəd Azərbaycanı coğrafi cəhətdən Naxçıvandan və eyni dilə, soy-kökə malik Türkiyədən ayırmaq olub. 1948-1953-cü illərdə Azərbaycan xalqına qarşı daha bir cinayət törədildi. Bu illərdə 150 mindən çox soydaşımız Ermənistandakı öz tarixi torpaqlarından deportasiya olunaraq Azərbaycana yerləşdirilib. 1980-ci illərdə Ermənistan rəhbərliyi və Qarabağdakı erməni millətçiləri bu torpaqları Ermənistana birləşdirmək üçün böyük planlar həyata keçirməyə başladılar. Lakin Ulu öndər Heydər Əliyev hər zaman onların bu istəklərinin qarşısını almışdı. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ermənistanda və Qarabağda ermənilər azərbaycanlılara qarşı zorakılığa başladılar. 1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Qarabağ və Şərqi Zəngəzur Ermənistan ordusu tərəfindən işğal edildi. Digər tərəfdən 1988-ci ildə daha 300 min azərbaycanlı Ermənistandakı öz doğma torpaqlarından didərgin salındı. Həyata keçirilən bu deportasiya zamanı çox sayda soydaşımız həlak olmuş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur. Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırıma ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib".

K.Əliyeva söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, mahir diplomatik bacarığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Azərbaycan erməni işğalına son qoydu, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Artıq bu torpaqlarımıza "Böyük Qayıdış" prosesi başlanıb: "Bu gün Azərbaycan güclü bir dövlətdir və bu ölkənin İlham Əliyev kimi lideri, dövlət başçısı var. Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da öz doğma torpaqlarına qayıdacaqlar. Prezident İlham Əliyev Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşdə söylədiyi fikirlər, irəli sürdüyü təkliflər bu istiqamətdə görüləcək işlər üçün bir yol xəritəsi olacaq. Qərbi Azərbaycanın Azərbaycan torpaqları olması barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü işlər aparılacaq. Bunun üçün beynəlxalq hüquqşünaslar bu məsələnin həllinə cəlb olunacaq. Qarabağ və Şərqi Zəngəzurdan olan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz ata ocaqlarına dönəcəklər".

 

 





30.12.2022    çap et  çap et