525.Az

"İranda proseslərin nəticəsindən asılı olmayaraq, Azərbaycanın milli hərəkatı yoluna davam edir"


 

"İranda proseslərin nəticəsindən asılı olmayaraq, Azərbaycanın milli hərəkatı yoluna davam edir"<b style="color:red"></b>

İranda etiraz aksiyaları dördüncü aya keçib ki, davam edir. Ötən müddət ərzində rejim etirazçıların hər hansı tələbini yerinə yetirməyib. Əksinə, son günlər aksiya iştirakçılarına qarşı daha amansız, sərt şəkildə davrandığına dair faktlar var. Beynəlxalq insan haqları təşkilatlarının yaydığı məlumatlar da bunu bir daha təsdiqləyir. Bəs proseslər necə davam edəcək, hansı gözləntilər var? Rejim xilas ola biləcəkmi? Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk "525"ə müsahibəsində bu və digər suallara aydınlıq gətirib:

 

- İran adlanan ölkədə etirazlar artıq 100-cü gününü arxada qoydu. Bu da o deməkdir ki, proseslər bir qızın baş örtüyünə görə əxlaq polisi tərəfindən öldürülməsinə etiraz olaraq başlasa da, qısa müddətli reaksiya xarakterli deyil, konkret hədəfi və hətta hədəfləri olan, öz hədəflərinə doğru irəliləyən bir hərəkatdır. Hərəkatın başlıca hədəfləri hansılardır? 43 illik İslam Respublikası dövrünün təcrübələrindən yetərincə nəticə çıxaran aksiya iştirakçıları rejimin hər hansı bir problemi həll etməkdə aciz olduğu qənaətinə gələrək birbaşa rejimin dəyişdirilməsi zərurətini ortaya qoydular.

Düşünürəm ki, bu, prosesin ən böyük uğuru hesab edilə bilər. Heç kimə sirr deyil ki, hakimiyyətdaxili maraq toqquşması zəminində meydana çıxan islahatçı mühafizəkar toqquşmaları 20-25 il müddətində həm daxildə, həm də xaricdə rejimə alternativ axtarması üçün şərait yaradıb. Bu müddətdə İran cəmiyyəti dəfələrlə islahatçıların xəyanətinə və yalanlarına şahid olduqdan sonra artıq "İlanın ağına da, qarasına da lənət deyib", birbaşa rejim dəyişikliyini hədəf olaraq seçməsi bu prosesin ən böyük qazancıdır. 100 gündən artıq müddətdə davam edən etirazların ən önəmli uğurlarından biri də rejim dəyişikliyi hədəfinin insan haqq və azadlıqları ideyası ətrafında bütövlüyünün təmin edilməsindən ibarətdir.

Rejimin hakimiyyəti dönəmində ictimai- siyasi ayaqlanmaları iki fərqli kateqoriyada nəzərdən keçirmək mümkündür. Birincisi, qeyri-fars millətlərin milli hərəkatları. Yəni farsların qoşulmadığı və lokal xarakter daşıyan hərəkatlar. Məsələn, Güney Azərbaycanda, Güney Türkmənistanda, İranın cənub-qərb bölgəsindəki Xozistan, Əl-Əhvaz, Bəlucistanda, kürdlərin yaşadığı ərazilərdə baş verən milli hərəkatlar lokal deyə biləcəyimiz hərəkatlardır. Bu hərəkatlara farslar qəti şəkildə qoşulmur. İkincisi, İran fars mərkəzçi qrupların qatıldığı və qeyri-fars millətlərin boykot etdiyi hərəkatlardır. İslahatçıların öncüllüyü ilə 2009-cu ildə baş verən Yaşıl hərəkatı bunun ən bariz nümunələrindən biridir. Ancaq mövcud proseslərə baxdıqda, qeyri-fars millətlər öz hədəflərindən və şüarlarından güzəştə getmədən proseslərdə iştirak edirlər. 43 illik İslam Respublikası dönəmində molla hakimiyyətinin ictimai-siyasi etirazların yatırılmasında qaba gücdən istifadə etməklə yanaşı, həm də cəmiyyətin din və milliyətçilik duyğularını geniş şəkildə öz hədəflərinə alət etdiyini görürük. Cəmiyyətin dini duyğularının qabardılmasında, xüsusilə İsrail və ABŞ faktorunu, milli duyğuların qabardılması üçün isə parçalanma təhlükəsini önə çəkərək, insanların bu duyğularından məharətlə istifadə etdiyinə şahid olmuşuq. Lakin mövcud proseslər göstərdi ki, artıq rejim öz ideoloji dayaqlarını tamamilə itirmiş durumdadır. Cəmiyyət nə bunun din dövləti olduğuna, nə dini təmsil etdiyinə inanır. Eyni zamanda farsların artıq milliyyətçilik duyğularını sadəcə öz rejimini, öz hakimiyyətini qorumaq məqsədilə istifadə etdiyini artıq anladığını görürük. Məsələn, İran-ABŞ futbol komandalarının oyununda ABŞ-ın qalib gəlməsinə sevinən İran cəmiyyətini gördük. Yaxud bu proseslərdə dəfələrlə ölkəni bütün nöqtələrində İran bayraqlarının yandırıldığını, paniranizmi təmsil edən simvolların yox edildiyini, Firdovsinin heykəllərinin yandırıldığını görürük. Bu da o deməkdir ki, artıq İslam Respublikası nə milli duyğulardan, nə də islam ideologiyasından öz hakimiyyətini uzatmaq üçün istifadə edə bilir. Bu proseslərin qazandığı ən böyük uğurlardan biri də budur ki, artıq bu ideologiyaların hakimiyyət tərəfindən istifadə edilməsinə cəmiyyət izn vermir və bu ideologiyaların əsirinə çevrilmir.

- Əgər etirazlar rejiminin getməsi ilə nəticələnsə, növbəti mərhələdə hansı addımlar atıla bilər?

- Bu proseslərdə görünən ən önəmli nöqsan rejim sonrası gələcəyin hələlik aydın və konkret cizgilərlə müəyyən olunmamasıdır. Yəni rejim sonrası necə olacaq? Rejim dəyişikliyi yetərli sayılacaqmı? Təbii ki, yox. Prosesləri incələyəndə başda Güney Azərbaycanda cərəyan edən milli hərəkat olmaqla qeyri-fars millətlərin rejim dəyişikliyindən sonra bu və ya digər şəkildə alternativlərinin, düşüncə və planlarının olduğunu görürük. Hətta bu, şüarlarımızda belə çox qəti və açıq şəkildə səslənməkdədir - "Azadlıq. Ədalət. Milli hökumət". Lakin farsların milli problemlər də daxil olmaqla bütün problemlərin həllinə yönəlik bir planının olduğunu görmürük. Hətta İran fars mərkəzi kimi müxalifətin və fars aydınlarının bu problemlərin səsləndirilməsinə belə qarşı çıxdıqlarını və buna ciddi müqavimət göstərdiklərinə şahid oluruq. Yəni rejim dəyişikliyi hədəfi nə dərəcədə birləşdiricidirsə, rejim dəyişikliyi mərhələsinin sonrasına baxışlar bir o dərəcədə fərqlidir. Bu isə İranın imperiya xarakterinin davam etməsində maraqlı olan fars aydınlarının və İran fars mərkəzçi müxalifətin milli, hüquq və azadlıqlar mövzusunda İran rejimi ilə eyni mövqedən çıxış etməsi və qeyri-fars millətlərin istək, iradə və tələblərinə sayğısız yanaşması prosesin vahid rəhbərlik və idarəetmə mexanizminin formalaşdırılmasında ən böyük əngəldir. Eyni zamanda geniş kütlənin, xüsusən qeyri-fars millətlərin bu prosesə qatlımasının qarşısını alan ciddi bir faktordur. Bununla belə, 100 gün bizə açıq şəkildə göstərdi ki, proseslər geridönməz xarakter qazanıb. Və hansısa bir mərhələdə rejim dəyişikliyi labüddür. İran cəmiyyəti 100 il əvvəlki deyil, artıq qorxu yoxdur, rejim bütün dayaqlarını itirib, sadəcə silah gücü ilə repressiv tədbirlərlə proseslərin qarşısını almağa çalışır. Rejim dəyişikliyi hədəfi hansı mərhələdə gerçəkləşməsinin müəyyənləşdirilməsi bir sıra faktorlardan asılıdır. Məsələn, sadaladığımız axsaq tərəflərinin həllinə yönəlik vahid qənaətin formalaşmasının həll edilməsi gərəkən ən vacib problemlərdən biridir. Qeyri-fars millətlərin varlığını, onların hərəkatlarının mövcudluğunu, istək və tələblərini hörmətlə qarşılayıb, müzakirələr nəticəsində vahid və ortaq hədəfə nail olunması rejim dəyişikliyi sonrası mərhələsində ən vacib şərtlərdən biridir. Bu, həll olunduqda vahid rəhbərlik və idarəetmə mexanizmi formalaşacaq. Rejim dəyişikliyi hədəfini təyin edən faktorlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq qurumların, dövlətlərin məsələyə nə dərəcədə ciddi şəkildə müdaxilə etməsidir. Görünən budur ki, yaxın zamanlarda dünyanın proseslərə daha təsirli addımlarla müdaxiləsinə şahid olacağıq. Qeyri-fars millətləri arasında İttifaq artıq gerçəkləşmiş durumdadır. Onlar rejim dəyişikliyitndən sonra konkret fikirlərini bəyanatlarla ortaya qoyurlar. Bu yaxınlarda toplantı keçirildi və orada da bir sənəd imzalandı.

- İran rejiminin etirazçılara qarşı çox sərt tədbirlər görməsinə şahidik. Bu məqam aksiyaların gedişinə nə dərəcədə təsir edə bilər?

- Rejimin aqressiv, sərt, insanlığa sığmayan repressiv tədbirləri nəticəsində proseslərin səngiməsinə dair fikirlərə qismən qatılsam da, tamamilə bu fikirləri dəstəkləmək mümkün deyil. Bu, davam edən bir prosesdir. Millətin iradəsini repressiv tədbirlər qıra bilmir. Millət yenə də küçələrdədir, öz tələblərini irəli sürür. Bütün hərəkatlarda olduğu kimi, bu hərəkatın da inkişaf etməsinə şahid oluruq. Bu proseslərin İslam inqilabını qələbəyə götürən proseslərdən daha ciddi, daha kütləvi şəkildə başladığını və səngimədən, dayanmadan davam etdiyini görürük. Rejimin repressiv tədbirlərinin nəticə verməsindən daha çox prosesin yetişməsi, təkmilləşməsi, kamilləşməsi, eyni zamanda bir sıra nəzəri çalışmaların davam etdiyi mərhələsinin başladığını görürük. Güney Azərbaycandakı milli hərəkat və onun taleyi, hədəfləri məsələsinə gəldikdə, Azərbaycan milli hərəkatı bu proseslərdən çox daha əvvəl başlayıb, böyük ölçüdə kütləvilik qazanmış prosesdir. Dördüncü ayında olduğumuz bu proseslər tamamilə müstəqil şəkildə öz inkişaf yolunu davam etdirməkdədir. Yəni İranda proseslərin hansı nəticə verməsindən asılı olmayaraq Azərbaycan milli hərəkatı yolunu davam etdirir, öz hədəfləri mövcuddur. İstər bu proseslərin tərkibində öz fəaliyyətini yürüdərək, istərsə də bu proseslərdən müstəqil və mücərrəd bir şəkildə öz fəaliyyətini apararaq, şüarları, tələbləri, istəkləri ilə İran adlanan cəmiyyətin danılmaz bir gerçəkliyidir və bu gerçəkliyi gec-tez hamı qəbul etmək məcburiyyətindədir.

 

 





30.12.2022    çap et  çap et