525.Az

Marketinqlə məşğul olmaq üçün nə etməli?


 

EKSPERT SAMİR MEHDİYEV: "MARKETİNQLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN TƏKCƏ ALİ TƏHSİL  KİFAYƏT ELƏMİR"

Marketinqlə məşğul olmaq üçün nə etməli?<b style="color:red"></b>

Marketinqi niyə öyrənməliyik? Müasir dövrün reallıqları elədir ki, bu sual təkcə gəncləri deyil, öz peşəsini dəyişmək arzusunda olan yetkinləşmiş insanları da düşündürür. Son zamanlar belə bir tendensiya yaranıb ki, marketinq gələcək üçün iş həyatı baxımından ən vacib sahələrindən biridir. Bu fəaliyyət sahəsini öyrənmək üçün əsas məqamlar marketinqin nə olduğunu, haradan başlayıb harada bitdiyini öyrənməkdir. Marketinq təkcə hansısa məhsulun satışına yox, həm də marka dəyərinin artırılmasına xidmət edir. Burada önəmli olan marketinqə ayrılan büdcənin miqdarı yox, ondan düzgün və planlaşdırılmış şəkildə istifadə etməkdir. Bu sahədə fəaliyyətə başlayanda əvvəl-əvvəl səhvlər də etmək mümkündür, amma ən önəmlisi bu səhvlərdən dərs almaq, eyni səhvləri bir daha təkrarlamamaqdır.

Bu gün inkişaf etmiş ölkələrdə marketinqdən milyonlarla dollar vəsait əldə olunur. Əvvəlki illərlə müqayisədə internet məkanında reklam bazarının əhatə dairəsi də genişlənib. Burada ən vacib məsələlərdən biri də satış zamanı məhsulu, brendi yaxşı tanımaq və araşdırmaq bacarığıdır. Marketinq təkcə marketinq departamentindən ibarət deyil, şirkət daxilində hər kəs məhsul və ya xidməti təqdim etməyi bacarmalıdır.

Marketinq üzrə ekspert Samir Mehdiyev "525"ə açıqlamasında marketinqin hansısa bir şirkətin xidmət və ya malın alqı-satqısını təşviq etmək üçün həyata keçirdiyi fəaliyyətlərin məcmusu olduğunu bildirib: "Bir az daha açıq desək, marketinq yeni müştərilərin qazanılması, mövcud müştərilərin saxlanılması və itirilmiş müştərilərin geri qaytarılması üzrə həyata keçirilən biznes prosesidir. Marketinqdə ali təhsil vacibdir, lakin kifayət deyil. Çünki müvəffəqiyyət qazanmaq üçün sadəcə ali təhsil kifayət eləmir. Bunun bir neçə səbəbi var. Məsələn, universitetlərdə verilən biliklər hər zaman ən müasir biliklər olmaya bilir və universiteti bitirənə qədər köhnəlir. Nəzərə alsaq ki, dünyada biznes prosesləri çox sürətlə inkişaf edir və dəyişir, universitetdə öyrəndiklərimiz bir mərhələdən sonra köhnəlir. Buna görə də universitetdə öyrəndiyimiz uğurlu qlobal marketinq həmlələri tərs effekt verə bilər. Bu mənada təhsillə yanaşı, bazarı da bilmək, duymaq və anlamaq çox vacibdir. Ancaq bu, "universitetdə dərs oxumayın" kimi anlaşılmasın".

S.Mehdiyevin sözlərinə görə, Azərbaycanda marketinqin inkişafı müsbət yöndə inkişaf edir: "Şirkətlər daha uzun müddətli, effektiv marketinq planının vacibliyini anlayır. Mütəxəssislər də artıq standart bilgilərin yetərli olmadığını anlayıb öz üzərində çalışırlar. Xüsusilə pandemiyadan sonra şirkətlər standart yolların effektiv olmadığını anladılar. Sahibkarlarla görüşlərimdə bunun şəxsən şahid oluram. Əlbəttə ki, müəyyən çatışmamazlıqlar və neqativ hallar da var və fikrimcə, bu, normaldır. Bazar onsuz da həm şirkətləri, həm də mütəxəssisləri "mükafatlandırır" və ya "cəzalandırır". Gənclərin marketinqə, xüsusilə də rəqəmsal marketinqə marağı həddən artıq çoxdur. Sosial medianın da həyatımızdakı rolunun artması ilə bu sahəyə maraq artır. Bu sahədə çoxsaylı kursların açılması və mütəxəssis "istehsalı" da bunun əyani sübutudur".

Araşdırmalara görə, 2008-ci ildə Azərbaycanda reklama və marketinqə 100 milyon manat pul xərclənib. Bu, əvvəlki ildən 20-30 faiz artıqdır. Son vaxtlar isə marketinqlə məşğul olanların sayı  əhəmiyyəti dərəcədə sürətlə artmaqdadır. Mütəxəssislərin fikrincə, bu sahə ilə məşğul olanların sayının yaxın iki il ərzində kəskin şəkildə artması gözlənir.

Havar ŞƏFİYEVA

 





30.12.2022    çap et  çap et