525.Az

"Hamını razı salmaq mümkün deyil"


 

BAHAR MURADOVA: "BİR-BİRİMİZƏ ANLAYIŞLA YANAŞSAQ, BİR-BİRİMİZİN İMKANLARINI DÜZGÜN QİYMƏTLƏNDİRƏ BİLSƏK, HƏR ŞEY ÖZ YERİNDƏ OLAR"

"Hamını razı salmaq mümkün deyil"<b style="color:red"></b>

Beləcə, gəlib ilin sonuna çatdıq. Əsas işi yazmaq olan biz qələm əhli həmişə çalışırıq ki, oxucunun zövqünü oxşayan yazılarla onun qarşısına çıxaq, maraqlı müsahibələr təqdim edək. Və ümid edirəm ki, az-çox buna nail ola bilmişik. Elə bu ümidlə də istədik ki, ili sonunda oxucularımızı daha bir maraqlı müsahiblə görüşdürək. Əslində, daima gündəmdə olan bu xanımın təqdimata ehtiyacı yoxdur. Düzü, onun çıxışlarını dinləyəndə səlis və rəvan nitqi məni həmişə cəlb edib və dəfələrlə bu xanımla müsahibə istəyində olmuşam. Amma rəsmi vəzifəsi nədənsə məni bir qədər çəkindirib. Bu dəfə redaksiyadan aldığım tapşırıqla hərəkətə keçməli oldum və görüş üçün vaxt təyin ediləndə düşündüm ki, çox ciddi, rəsmi, ünsiyyətdə böyük məsafə saxlayan bir müsahiblə həmsöhbət olmaq gözləyir məni. Lakin heç demə, çox yanılırmışam. Rəsmi iş kabinetinə daxil olsam da, ilk andaca qarşılaşdığım hörmətdən azacıq düşünən kimi oldum. Söhbətə başlayanda isə çöhrəsindəki səmimilik, mehribanlıq, isti təbəssüm bir an da olsa onu tərk etmədi. Müsahibə ərəfəsində qayğıkeşliyi də hiss olundu. Və ən sonda bu xanıma: "Sizi bu qədər sadə təsəvvür etmirdim" deməkdən özümü saxlaya bilmədim. Cavadında, yenə də mülayim bir təbəssümlə: "Bu fikri bütün fəaliyyətim boyu eşitmişəm, siz ilk deyilsiz" dedi. Beləliklə, əziz oxucu, qəzetimizin ilin son buraxılışının qonağı Milli Məclis sədrinin sabiq müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır.

 

- Bahar xanım, narahat bir dünyada yaşayırıq...

- Dünyanın ən narahat nöqtələrindən biri də bu gün Azərbaycandır. Bir vətəndaş kimi, bu torpağın bir parçası kimi bu narahatlıqlar təbii ki, məndən də yan ötə bilməz. Onların insanlara gətirdiyi məhdudiyyətləri, çərçivələri görürəm, hiss edirəm, elə buna görə də narahat oluram. Fəaliyyət sahəmin xüsusiyyətlərindən asılı olaraq, bu narahatlıqlardan insanların daha az zərər çəkməsi üçün üzərimizdəki öhdəlikləri, cəmiyyətin tələblərini, ehtiyaclarını nəzərə alaraq, vəzifəmizi yerinə yetirməyə, narahatlıqları mümkün qədər dəf etməyə çalışıram.

- Lap əvvəldən başlamaq üçün xəyalən Füzuliyə gedək...

- Yəni 60 il əvvələ... Novruz bayramında anadan olduğumdan adımı Bahar qoyublar. Çoxuşaqlı bir ailədə böyümüşəm. Yaşım çatanda Füzuli rayon Xurşidbanu Natəvan adına 3 saylı məktəbə getmişəm. Orada natamam orta təhsili tərifnamə ilə bitirmişəm. Sonra Bakıya gəlib Yüngül Sənaye Texnikumuna daxil olub oranı da fərqlənmə diplomu ilə başa vurmuşam.

- Və təhsilinizi davam etmək üçün mütləq yaxşı oxumalı idiz...

- Ailənin səkkiz uşağı eyni məktəbi bitirib, bir qardaşım istisna olaraq rus dilində təhsil alıb. Ailəmizi məktəbdə yaxşı tanıyırdılar. Hər yeni uşaq məktəbə gəldikcə, maraqla qarşılanırdıq. Müəllimlərin ilk dediyi bu olurdu ki, sənin bacı-qardaşın əla qiymətlərlə oxuyub, deməli, sən də onun yolunu davam edəcəksən. Bu sözlərdən sonra yaxşı oxumamaq mümkün deyildi, çünki ilk gündən artıq üzərimə bir məsuliyyət qoyulmuşdu və övladları yaxşı oxuyan ailənin imicini qorumalı idim. Eyni zamanda ailədə də üzərimizə qoyulan öhdəliklərdən biri yaxşı oxumaq idi. Anamdan daha çox atam qızların təhsil almasına diqqət yetirirdi. Anam biz qızları ev işlərinə cəlb etsə də, atamın yalnız bir tövsiyəsi vardı - uşaqlar oxumalıdır. O dövr üçün belə təfəkkürə malik valideynlərimizin olması bizim şansımız idi.

- Onda doqquz uşaq ərsəyə yetirən ata-anadan danışaq...          

- Çox sadə və zəhmətkeş bir ailənin doqquz övladının səkkizinçisiyəm. Bütün yaşadıqları dönəmdə ata-anamı bir-birinə dərin hörmətlə yanaşan, ehtiram göstərən, dəyərləndirən şəxsiyyətlər kimi nümunə olaraq görmüşəm. Ən çətin məqamlarda belə, onlar bir-birinə dayaq olmağı bacarıb. Bu xarakterdən doğan münasibətlər təbii ki, biz uşaqlara da göstərilib. Bizim böyüdümüz 60-70-ci illər Azərbaycan üçün intibah dövrü olsa da, insanların iqtisadi və sosial durumu çətin idi. Qarabağ bölgəsinin öz gözəlliyi, özəlliyi olsa da, yaşamaq üçün mühit ağır idi. Yəni bir ailənin üzləşdiyi çətinliklər baxımından orada vəziyyət qənaətbəxş deyildi. Bütün bunlara rəğmən,  çox mehriban, səmimi, evdəki öhdəlikləri övladları arasında yaşına və gücünə görə düzgün bölüşdürməyi bacaran bir ailədə böyümək, çox sonralar anladım ki, böyük xoşbəxtlik imiş.

- Bir məqama qayıtmaq istəyirəm - yaxşı oxuyan şagird, natamam orta təhsil və texnikum...

- Bu, seçim deyil, təsadüf idi. Çətin mühitdə yaşayırdıq. Söhbət ailə mühitinin çətinliyindən getmir. Həmin dövrdə çətinliklər rayondakı mövcud imkanlardan, ümumi inkişaf səviyyəsindən, bir çox məsələlərə insanların münasibətlərindən qaynaqlanırdı. Kiçik yaşlarından mənim ətrafa, gördüklərimə tənqidi yanaşmam olub. Məktəbimizin vəziyyəti həmişə məni narahat edərdi. Şüşəsi qırıq pəncərələr, soyuq siniflər, küçələrin vəziyyəti - bir sözlə, hər yerdə gözəllik, səliqə-səhman, insanlara daha çox zövq verən məqamlar axtarırdım. Mən böyük mütaliə həvəskarı olmuşam. Oxuduğum kitablarla gördüyüm həyatı müqayisə edərkən, aradakı uyğunsuzluğu tuta bilirdim və dərk edirdim ki, Bakı inkişaf üçün ən uyğun məkandır. Və bu məkana daha tez çatmağa can atırdım. Bu nöqteyi-nəzərdən planlı şəkildə 8-ci sinifdən sonra orta ixtisas məktəbinə daxil olmaq, oranı uğurla bitirmək, daha sonra həm işləyib, həm ali təhsil almaq niyyəti ilə Bakıya gəldim. Niyyətim hara idisə, mənzilim də ora oldu.

- İctimai fəaliyyətdən də geri qalmamısız heç...

- Çünki elə birinci sinifdən məktəbin ictimai həyatında qaynamışam, daha sonra rayon səviyyəsində və həmin vaxtdan bu, mənim həyat tərzimə çevrilib. Hansı mühitə düşmüsəmsə, bir də görmüşəm ki, ictimai fəaliyyətin içindəyəm. İstehsalatdan başlayan əmək fəaliyyətim mənim üçün həyat məktəbi olub. İstər mənəvi, istər iqtisadi, istər məsuliyyət baxımından, dünyagörüşümün formalaşmasında, insanlarla ünsiyyət yaratmaqda, çevrəndə olanlarla düzgün münasibət qurmaqda bunun böyük əhəmiyyəti olub. Bir insan, şəxsiyyət kimi formalaşmağımda bu təcrübənin köməyi danılmazdır. Yaxşı-pis, ağır-yüngül çətinliklər, onların öhdəsindən gəlmək heç də asan başa gəlməyib. Amma bacardım.

- İki ixtisas sahibisiz - filoloq və hüquqşünas...

- Ədəbiyyata sonsuz marağım olsa da, heç vaxt filoloq olmaq istəməmişəm. Hüquqşünaslıq ən böyük arzum olub. Texnikumu bitirəndən sonra dörd il ardıcıl Hüquq fakültəsinə sənəd versəm də, keçə bilmirdim, çünki 25 nəfərlik yerə müxtəlif güzəştləri olanlara daha üstünlük verilirdi. Artıq məni orda tanıyırdılar və fakültənin dekanı mənə tövsiyə etdi ki, sənədlərimi filologiyaya verim, çünki hər hansı bir üstünlüyüm olmadığı üçün hüquqa daxil ola biləcəyimə güman az idi. Mən məsləhətə qulaq asdım və ilk cəhddən filologiyaya daxil oldum. Amma bu o demək deyildi ki, mən arzumu yarımçıq qoydum. İkinci ali təhsilim hüquq oldu.

- Keçək siyasətə gələn yolun başlanğıcına...

- İctimai fəaliyyətə başladığım an, sən demə, məni siyasətə doğru aparırmış, sadəcə mən bunu bilməmişəm. Mənə həmişə elə gəlirdi ki, insanların əksər hissəsini əhatə edən proseslərin içində olmalıyam. Bu istək məndə kiçik yaşlarından olub və sonda bu nöqtəyə gəlib çatdığımı gördüm. Heç zaman istər ətrafımda, istər ölkədə baş verən, milli maraqlarımıza təsir göstərən proseslərə biganə qala bilməmişəm və qala da bilmərəm. Mən millət vəkili olmaq qərarını belə, özüm verməmişəm. 80-ci illərin sonunda meydan hərəkatı başlayanda çalışdığım 1 saylı tikiş fabrikində komsomol, daha sonra partiya təşkilatında fəaliyyətimə baxmayaraq, bu hadisələrə qəti biganə qalmadım, hadisələrin içində oldum. Lakin o dövrün siyasi partiya kimi ortaya çıxan cərəyanları ən əvvəl lidersizliyinə görə, sonra isə davranış və məzmununa görə məni cəlb etmədi. 90-cı ilin əvvəlindən Qarabağ məsələsi daha kəskin şəkil aldı. Bütün qarabağlılar kimi, mənim də ailəm ata-baba yurdundan didərgin düşdü. Və artıq hiss edirdim ki, bir fərd olaraq qarşıma çıxan istiqamətləri seçməyə, siyasi proseslərə daha çox qatılmağa, mövqeyini ifadə edən insan toplusunun içərisində olmağa, cəsarətlə hansısa bir vəzifəni üzərinə götürməyə, söz demək ehtiyacım yarandığı zaman onu söyləməyə borcluyam.  Nə zaman ki, Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsü irəli sürüldü, anladım ki, mən orada olmalıyam. Yaranan gündən də bu partiyanın sıralarındayam. İndi deyə bilərəm ki, həmin andan siyasi proseslərə qatıldım, çünki yaranan sistemli təşkilatın başında Heydər Əliyev kimi dahi bir şəxsiyyət dayanmışdır. Etiraf edim ki, bu şəxsiyyətə qarşı maraq məndə xeyli qabaq yaranmışdır. Ona qarşı yönələn hücumların qarşısını almaq üçün Heydər Əliyevin hüquqlarının Müdafiə Komitəsi yaradılması təşəbbüsü ilə çıxış etmişdim. O zaman Oktyabr rayon Partiya Komitəsinin iki məsul işçisi və mən olmaqla bu komitəni yaratdıq. Sonra bundan xəbər tutanlar maneələr törətdi və meydanda tək qaldım. Lakin sürətlə dəyişən hadisələr hər şeyi yoluna qoydu.

- Millət vəkili və vitse-spiker olmuş Bahar Muradova...

- Millət vəkili milli mənafeyi, milli təəssübkeşliyi, milli maraqları hər şeydən üstün tutan, yerində və məqamında millətin sözünü deyən bir şəxsdir. Lakin bəzi hallarda seçici millət vəkili ilə icra orqanlarının rəhbərlərinin səlahiyyətlərini bir-birindən ayırmağa cəhd göstərmir, yəni sanki hər ikisindən tələbləri eyni olur. Millət vəkili ona səs verən seçicinin maraqlarını ilk növbədə qanun yaradıcılığı prosesində qorumalıdır. Bəzən seçici millət vəkilindən hansısa sosial məsələnin konkret olaraq onun tərəfindən təmin olunmasını tələb edir. Seçici istəyir ki, müraciəti anındaca öz həllini tapsın. Bu olmayanda narazılıq yaranır. Olur ki, millət vəkili seçiciləri ilə sistemli olaraq görüşə bilmir, ya imkanı olmur və bu da narazılığın yaranmasına gətirib çıxarır. Bu, əvvəllər bir qədər sistemsiz şəkildə olub. İnsanların həm icra məmurlarına, həm seçilmiş şəxslərə münasibətləri adekvat olmadığı kimi, bəzən millət vəkillərinin də münasibətlərində bu və ya digər çatımazlıq ola bilir. Bir nəfərdən minlərlə insanın hansısa ehtiyaclarının təmin olunmasını və dərhal həllini tələb etməsi, təbii ki, tərəflər arasında narahatlıq yarada bilir. Hər zaman bu işdə dəstək göstərməyə, əməl etməyə və digərlərini də buna təşviq etməyə çalışmışam. Hər kəsdən onun səlahiyyətləri, imkanları və öhdəlikləri  çərçivəsində tələblər olmalıdır və hər kəs də məhz bu konteksdə işini qurmalı, onu icra etməlidir. Amma etiraf etmək lazımdır ki, istənilən halda hamını əhatə edib razı salmaq mümkün deyil. Cəmiyyət inkişafda olduğu kimi, insanlar da arzu və istəklərinin çərçivəsini genişləndirir. Bu baxımdan bir-birimizə anlayışla yanaşsaq, bir-birimizin imkanlarını düzgün qiymətləndirə bilsək, hər şey öz yerində olar.

- Azərbaycanın illərlə sürən Qarabağ problemi və dünya...

- ATƏT-in Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi səsimizi hər zaman çatdırmışıq, lakin dünya eşitmək istəməyib. Eşitmək istəməsə də, bütün ölkələrin rəsmiləri, bütün beynəlxalq təşkilatlar, orada təmsil olunan şəxslər dünyanın hansı regionunda hansı problem varsa, onların səbəbini çox gözəl bilir. Sadəcə olaraq hər kəs bu məsələyə öz marağına uyğun şəkildə münasibət bildirir, ya da susur. Digər tərəfdən də beynəlxalq parlament təşkilatlarının tərkibi çevik dəyişəndir. Yeni millət vəkilləri seçilir, tərkib tamam yenilənir və ona görə də bu kimi təşkilatlarda dayanmadan, fasiləsiz iş aparmaq, hər kəsi bildiyi bir məsələ ətrafında dönə-dönə məlumatlandırmaq, həqiqətləri çatdırmaq lazımdır. Zamanında nə Ulu öndər, ondan sonra nə ölkə Prezidenti, nə də Birinci vitse-prezident  Qarabağ məsələsinin dünya gündəmindən düşməyinə heç zaman imkan verməyib. Biz də bütün beynəlxalq təşkilatlarda daima bu məsələni gündəmdə saxladıq, bütün çıxışlarımızda bu münaqişə öndə oldu.  Azərbaycanda ATƏT-dən narazılıq həmişə olub, elə bu gün də var və haqlı narazılıqdı da. 15 il Parlament Assambleyasında nümayəndə heyətinə rəhbərlik etdiyim zamanda hamımız istər assambleya üzvlərini, istər rəhbərliyi həm məlumatlandırmağa, maarifləndirməyə, həm də fikirlərin doğru istiqamətə yönəlməsinə çalışmışıq. Bir də çalışmışıq ki, Azərbaycanın maraqlarına zidd hər hansı bir sənəd qəbul olunmasın. Və buna nail ola bilmişik. Bu iş indiki nümayəndə heyəti tərəfindən də çox gözəl davam etdirilir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın mövqeləri Parlament Assambleyası çərçivəsində həmişə möhkəm olub. Bizim nümayəndələrimiz orada vitse-prezident səviyyəsinə qədər yüksəlib, komitə sədrləri olub, qətnamə layihələri ilə çıxış ediblər. Bizim təşəbbüsümüzlə münaqişələrlə bağlı çox qiymətli qətnamələr qəbul olunub. Hamıya məlumdur ki, beynəlxalq təşkilatlarda fəaliyyətimizin bünövrəsi ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır. Onun Avropa Şurasında başladığı iş eyni ilə digər beynəlxalq təşkilatlarda bu gün də davam etdirilir. Əgər dünənə qədər biz bu prosesdə Qarabağ problemi ilə bağlı həqiqətləri çatdırmaq, əleyhimizə olan sənədlərin qəbul olunmamasına nail olmaq, baxışların münaqişənin həllinə yönəldilməsi məqsədini güdürdüksə, bu gün Zəfərdən sonrakı nəticələri dünyanın qəbul etməsi üçün çalışmaq kimi bir vəzifəmiz var. Bu, artıq kimliyindən asılı olmayaraq hamımızın qarşısındakı vəzifədir, çünki bu ədalətli Zəfəri dünya qəbul etməlidir, düşmən tərəfə hələ də göstərilən haqsız dəstəklərin qarşısı alınmalıdır. Ona görə də hələ ki, rahat oturmaq olmaz. Hazırda gündəmə Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması məsələsi gəlib və ölkə başçısı bunun sülh məqsədli bir niyyət olduğunu öz çıxışında vurğuladı, çünki hər kəsin öz əzəli yurdunda yaşamaq hüququ var.

- Hər birimizin yaşadığı 44 gün...       

- Zaman sübut etməkdə idi ki, bu məsələ yalnız hərbi-siyasi yolla həllini tapa bilər. Bu illər ərzində proseslərin içində olduğum üçün "ATƏT-in  Dağlıq Qarabağ məsələsinin həllində rolu" mövzusunda namizədlik işi üzərində çalışdım. Elmi nöqteyi nəzərdən təhlillərdən gəldiyim qənaət o oldu ki, biz yalnız həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən güclənərək torpaqlarımızı işğaldan azad edə bilərik. Çünki dünyanın, beynəlxalq təşkilatların, erməni havadarlarının, bu regionda məhz belə bir münaqişəli vəziyyətin qalması ilə öz maraqlarını daha yaxşı qoruya biləcəklərinə inananların və buna uyğun planlar quranların məsələnin olduğu kimi qalması daha əlverişli idi və bu, getdikcə daha aydın şəkil alırdı. Hər vəchlə bizi bundan çəkindirməyə, baş vermiş bu faktla barışmağa, status-kvonu qəbul etməyə, etmədiyimiz halda münaqişənin ömrünü uzatmağa çağırışlar eşidirdik. Dəridən-qabıqdan çıxaraq bizə təlqin etməyə çalışırdılar ki, bu məsələnin digər həll yolu yoxdur. Lakin bu zəfər göstərdi ki, biz zahirən danışıqlar prosesinin iştirakçısı olmuşuq, Azərbaycan heç kəsi duyuq salmamaq üçün illərlə böyük bir hazırlıq yolunda olub. Göstərdiyi bütün səylərə baxmayaraq, ciddi-cəhdlə qan tökülməsini istəməyən Azərbaycan dövləti sülh naminə mümkün olan nə vardısa, o addımı atdı. Əgər müharibə dönəmində düşmən 3 rayonu qansız-qadasız qaytardısa, deməli, bunu zamanında da edə bilərdi. Amma nə etdi, nə də etmək istədi? Bunu onların əvəzinə Azərbaycan etdi və dünyaya göstərdi ki, beynəlxalq birliyin üzvü olmaq, ondan tamamilə asılı olmaq demək deyil. Hər ölkənin suveren hüquqları və vətəndaşları qarşısında öhdəlikləri var. Bu öhdəlikləri də yerinə yetirmək üçün ölkənin BMT-nin sənədlərində əksini tapan müstəsna hüquqları var. Məqamı çatanda Azərbaycan həmin hüquqlarıdan istifadə etdi və ədalət bərqərar oldu. Təbii ki, oğullarımızın qanı və canı bahasına. Füzulinin azad olunduğunu eşidəndə, daha sonra ora səfər edəndə keçirdiyim hisslərin adını hələ də tapa bilmirəm. O qədər qarışıq hisslərdi ki... İçində kədər də var, qəm də var. Bu hissləri ancaq yaşamaq lazımdır. Tək onu deyə bilərəm ki, ata ocağını nişan verəcək bir nişanə tapmayan insanın keçirdiyi hisslərin adı yoxdur...

- İki il öncə fəaliyyətinizin ünvavı dəyişərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oldu. Başlayaq qadından...

- Qadın həyatın başlanğıcıdır. Özü yaradılmış olsa da, yaratmağı bacaran bir qüvvədir. Qadına zəif məxluq deyirlər, lakin mən ona daha çox zərif adını yaraşdırıram. Amma bəzən onun zahirən zəif görünən tərəfi qadının gücünün göstəricisidir. Qadının yeri hər zaman mərkəzdədir. Cəmiyyətdə birləşdirici rolu olan qadın ən əvvəl bir qız övladıdır, daha sonra gələcəyə ümidlə baxan bir yeniyetmədir, bir ailənin gələcəyidir, həyat yoldaşıdır. Çox gözəl deyimdir, bu ifadə və yalnız bizlərə məxsusdur. Qadın anadır və bu adın əzəməti hər şeyin fövqündə dayanır. Bununla belə, şərəfli və böyük çətinliyi də var ana adının. Deyərdim ki, bunların hər ikisi bir-birınə tən gəlir.

- Zərif adlandırdığınız qadın bu gün aqressiya da görür...

- Aqressiyanı görən təkcə qadındımı? Hamı bu halla üzləşə bilər. Əgər cəmiyyətdə aqressiya baş verirsə, bu, təkcə yönəldiyi hədəfə, şəxsə ziyan vermir, mühitə də, cəmiyyətə də, oradakı münasibətlərə də ziyan verir. Zorakılıq olan cəmiyyətdə hər kəs özünü xoşbəxt hesab edə bilməz. Ona görə çalışmalıyıq ki, zorakılıq olmayan, təhlükəsiz bir mühit yarada bilək ki, hər kəs özünü azad və rahat hiss etsin, arzularını, xəyallarını gerçəkləşdirə bilsin.

- Azərbaycan qadınının cəmiyyətdə yeri...

- Bu bölgünü aparmaq cinslər arasında seçim etmək deməkdir. Hər kəsi öz imkanlarına, öz istək və arzularına, potensialına, cəmiyyətə verdiyi faydalara görə dəyərləndirmək lazımdır. Cəmiyyət iki fərd üzərində inkişaf edir - kişi və qadın. Onların təbii missiyalarından əlavə, sosial vəzifələri də var. Bunları düzgün bölüb və dəyərləndirmək sağlam ailənin bünövrəsi deməkdir. Bu iki fərdin peşəkarlığına, qabiliyyətinə, özü üçün seçdiyi istiqamətdə xalqına, millətinə, dövlətinə verdiyi xidmətlərin dəyərinə üstünlük vermək lazımdır.

- Erkən nikahların hələ də baş verdiyi cəmiyyətimiz var...

- Bu, təkcə bizdə baş vermir ki... Erkən nigahlar bütün dünyada, bütün ölkələrdə var. Bu, yalnız bizim bəlamız deyil. Erkən nigahlar ailə adət-ənənəsindən, məhəlli yanaşmalardan, regional həyat tərzindən, mentalitetlə, insanın şəxsi təsəvvürü ilə bağlı bir məsələdir. Buna qarşı hamı bacardığı qədər etirazını bildirməlidir, müxtəlif yollarla mübarizəsini davab etdirməlidir. Lakin təəssüflə etiraf etmək lazımdır ki, bu halın kökündən həll edilə biləcəyinə ümidim yoxdur. Təkcə bizim ölkəyə mənsub bir hal olsaydı, mən bunu mentalitetə, kəndlərdə ciddi riayət olunan adət-ənənələrə aid edə bilərdim. Bir halda ki bu, bir problem olaraq dünyada hələ də mövcuddur, biz yalnız qabaqlayıcı tədbirlər görməklə bu faktları minimuma endirməyə çalışmalıyıq. Və bunun üçün ilk növbədə də qanunun tələblərinə söykənməliyik.

- Atılmış uşaqlar...

- İlk baxışdan insanlıq adına, dəyərlərinə sığmayan bir faktdır atılmışlar. Amma nəticədə onların bu adı daşımasına səbəb olan, bunu törədən insandır. Bütün əlaqədar qurumlarla, təşkilatlarla birlikdə bu sahədə çox çalışırıq ki, belə hallar olmasın. Amma hadisə baş verir, biz faktla üz-üzə qalırıq və nəticədə uşaqların maraqları hər şeydən üstün tutulur, müvafiq addımlar atılır.

- Məşhur bir deyim: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir". Amma bədbəxt ailələr də var...

- Təbii ki, var və onlar da bir-birinə bənzəyir. Hər birində peşmançılıq var, həyəcan var, qəzəb var, təəssüf var, göz yaşı var. Amma səbəb nə olur-olsun, insan bu hissləri keçirir. Xoşbəxtliyin bir üzü var, amma bədbəxtliyin gətirdiyi ağrı-acı çoxdur. Əgər ailə problemindən söhbət gedirsə, bu, bir qurumun həll edə biləcəyi məsələ deyil. Həyat varsa, həmişə problem də olacaq. Onları kökündən həll etmək qeyri-mümkündür. Cəmiyyət o vaxt rahat olur ki, ailə hüzur, əmin-amanlıq içində yaşayır. Əvvəllər indiki qədər informasiya bolluğu olmadığından, problemlər də üzdə olmurdu. İndi istənilən problem anındaca ictimailəşə bilir, yerbəyerdən müxtəlif münasibətlər, rəylər gəlir, hadisənin təsiri həddən artıq böyüyür və cəmiyyət buna təpki göstərməyə bilmir. Və bir çoxlarına elə gəlir ki, problemlər durmadan artır. Əslində dövlət qurumları tərəfindən görülən tədbirlər bir sıra problemlərin qarşısını zamanında alır. Amma cəmiyyət bunu həmişə görmür. 2021-ci ildə 10600 baş verə biləcək ailə münaqişəsinin qarşısı alınıb. Bir rəqəm kimi səslənsə də, o qədər böyük effekt doğurmur. Amma deyəndə ki, il ərzində fərz edək ki, 250 zorakılıq hadisəsi olub, bax, o zaman cəmiyyətdə təlatüm yaranır. Əslində, belə də olmalıdır. Mən bunu müsbət hal kimi qarşılayıram, çünki insan kimliyindən asılı olmayaraq, heç kim tərəfindən zorakılıq görməməlidir.

- Dahi Cavidin təbirincə desək, qadın gülərsə...

- Bu deyimin dərin fəlsəfi mənası var. Dünyada pisliyə doğru nə baş verirsə, onun ilk izləri qadın və uşaqların üzərində görünür. İtki varsa, ilk qadın təsirlənir. Qurban varsa, ilk qadının sinəsinə dağ çəkilir. Sosial çətinlik varsa, onu ilk qadın hiss edir. Bütün bunları yaşayan qadının üzündə təbii ki, təbəssüm ola bilməz. Amma bəşəriyyət və insanlıq əl-ələ verərsə, qadının üzündəki təbəssümlə dünya gülər.

Tamilla M-zadə

 





30.12.2022    çap et  çap et