525.Az

Müharibəyə davam: ya hər şey, ya heç nə - Xaqani Cəfərli yazır


 

Müharibəyə davam: ya hər şey, ya heç nə - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Müasir tarixin hələlik ən ağır ili hesab olunan 2022-ci il başa çatmaqdadır.  Rusiyanın Ukraynaya hərbi təcavüzü daha çox bu iki ölkənin əhalisinə faciələr yaşatsa da, bütövlükdə bütün bəşəriyyətin həyatına bu və ya digər dərəcədə təsir göstərib. Ukraynanın rəsmi məlumatına görə, Rusiya ordusu fevralın 24-dən bəri 100 mindən artıq canlı qüvvəsini itirib. Qərb ölkələrinin rəsmi qurumları kəşfiyyat məlumatlarına istinad edərək Rusiya ordusunun itkiləri ilə bağlı Ukraynanın rəsmi qurumlarının yaydığı məlumatın həqiqət payının 80 faizə yaxın olduğunu bildirirlər. Müstəqil mənbələr də Rusiya ordusunu ağır itkilər verdiyini təsdiqləyir. Hətta Rusiya rəsmilərinin dilindən də itkilərin ağır olduğunu ifadə edən sözlər qaçır. Məsələn, hələ müharibənin üçüncü ayında Rusiya prezidentinin köməkçisi Dmitri Peskov etiraf etmişdi ki, Rusiya Ukraynada xeyli itki verib.

Ukrayna isə Rusiyanın qeyri-bərabər və qəfil hücumu ilə üzləşdiyi üçün çox böyük itkilərlər verir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın sonuna kimi Ukrayna ordusunun 100 minə yaxın əsgər və zabitini itirdiyini bildirmişdi. Sonradan bu məlumat təkzib edilməsinə baxmayaraq, bir çoxları bu məlumatın həqiqətə yaxın olduğunu düşünür. Sentyabrın sonuda Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, hərbi əməliyyatlar başlayanadan Ukrayna ordusu 61207 ölü və 49368 yaralı olmaqla 100 mindən çox insan itirib.

Müstəqil müşahidəçilər hər iki tərəfin itkilərinin yüksək olması haqqında fikirlərin həqiqətdən uzaq olmadığını bildirirlər. Ukraynanın itkilərinin çox olmasını Rusiya ordusunun gün ərzində ən azı 20 min, əksər hallarda 35-40 min artelleriya mərmisi atması ilə izah edirlər. Statistikaya görə, Ukraynada bütün yaralıların 70 faizə qədərini qəlpə yarası alanlar təşkil edir.

Rusiya ordusu ilə müqayisədə Ukrayna ordusu gün ərzində bir neçə dəfə az, 5-6 min artilleriya mərmisi atır. Lakin Ukrayna ordusunun bir üstünlüyü var. Ukraynanın Qərb ölkələrindən aldığı dəqiq silahları daha çox effekt verir. Xüsusilə də HİMARS Zenit Raket Sistemi Rusiya ordusunun kabusuna çevrilib.

Hər iki tərəf böyük itkilər verməsinə baxmayaraq, müharibənin sonu görünmür. Əksinə, Rusiyanın yeni hücuma hazırlaşdığı və bunun üçün 300 minlik zərbə qüvvəsi hazırladığı haqqında məlumatlar yayılır. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı hesab edir ki, Rusiya fevraldan gec olmayaraq hücuma başlayacaq. Ukraynanın isə yanvarın ortalarında, bəzi məlumatlara görə isə hətta yeni ilin ilk ayının əvvəlində əks-hücuma keçəcəyi gözlənilir. Rusiya öz ordusunun sayını 1 milyon 150 min nəfərdən 1,5 milyona çatdırmaqla bağlı qərar verib. Digər tərəfdən, Rusiyanın İran və Şimali Koreya ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, Ukrayna və müttəfiqlərinin də yeni mərhələyə ciddi hazırlaşması müharibənin ağır mərhələsinin qarşıda olduğundan xəbər verir. 

Müharibənin ilk ili hər iki ölkənin iqtisadiyyatını da məhv etməkdədir. Bir ölkəyə qarşı tətbiq olunan sanksiyaların sayına görə Rusiya dünyada ilk yerdədir. Bu sanksiyalar nəticəsində Rusiya beynəlxalq valyuta ehtiyatlarının yarısını itirib, qlobal iqtisadiyyatdan qopması dərinləşib və Qərb bazarlarından təcrid edilib. Ukrayna iqtisadiyyatı da ağır itkilərlə üzləşib. Baş nazir Denis Şmiqalın açıqlamasına görə, bu il Ukrayna iqtisadiyyatının azalması 35-40 faiz səviyyəsində proqnozlaşdırılır. Ancaq bu, son hədd də deyil. Ukraynanın itkisi Ümum Daxili Məhsulunun 50 faizini təşkil edə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsi isə çox böyük itkilərə baxmayaraq, müharibənin 2023-cü ildə davam edəcəyinin təsdiqidir. Lavrov bildirib ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi Rusiyanı döyüş meydanında məğlub etməkdir. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, münaqişədən əsas faydalanan ABŞ-dır.

Müharibənin dayandırılması ehtimalı ilə bağlı Lavrov deyib ki, demilitarizasiya və denazifikasiya ilə bağlı təkliflərimiz düşmənə məlumdur, onları yerinə yetirmək lazımdır, əks halda məsələni rus ordusu həll edəcək. 

Ukrayna isə heç bir halda Rusiyanın şərtlərini qəbul etməyəcək. Üstəlik, Ukraynanın öz şərtləri var. Prezident Volodimir Zelenskinin Ali Radaya müraciətində yer alan ifadələr də onu göstərir ki, Kiyev Moskvanın şərtlərini qəbul etmədiyi kimi, öz təkliflərinin qəbul olunmasına nail olmağa da çalışacaq. Həmin şərtlərdən biri də Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması və təzminat ödəməyə vadar edilməsidir. Göründüyü kimi, Rusiyanın şərtləri Ukrayna, Kiyevin şərtləri isə Moskva üçün qəbuledilməzdir. Belə qənaət yaranır ki, müharibə "ya hər şey, ya heç nə" şərti ilə davam edəcək. 

Bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin şiddətlənəcəyi, hətta savaşın çox böyük bir coğrafiyaya yayılacağı ehtimalını artır. Bütün dünya boyu ölkələrin silahlanması müşahidə olunur. Yaponiya ABŞ-dan 1600 km məsafəni vura bilən ən azı 400 ədəd, mümkün olacağı halda isə 500 ədəd "Tomahavk" qanadlı raketləri almaq üçün Vaşinqtonla danışıqlara başlayıb. Polşa hərbi xərclərini Ümum Daxili Məhsulun 5 faizi qədər artırmaq niyyətindədir. Halbuki bu günə qədər Varşava hərbi xərclər üçün ÜDM-in 2 faizini xərcləyirdi. Gələn il üçün 858 milyard dollarlıq hərb büdcə qəbul edən ABŞ yeni nəsil B-21 strateji bombardmançı təyyarələrin istehsalı ilə bağlı proqramı tam maliyyələşdirmək, gələn il daha 36 ədəd F-35 qırıcısı və yeni gəmilər almaq niyyətindədir.

Gördüyünüz kimi, ABŞ-dan Yaponiyaya kimi bütün dünyada hərbi xərclərin kəskin artması və ölkələrin silahlanması müşahidə olunur. Bu tendensiya heç şübhəsiz, Ukraynadakı müharibəyə də təsir göstərəcək. Ukraynada müharibənin şiddətlənməsi isə postsovet məkanındakı proseslərə təsir edəcək. 

 

 





30.12.2022    çap et  çap et