525.Az

TV-lərin bayram filmləri - Sevda Sultanova yazır


 

TV-lərin bayram filmləri - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Sovetlər dönəmində tamaşaçını Yeni il bayramlarında televizor qarşısına çəkən konsert proqramlarından başqa, həm də nümayiş olunan filmlər idi. Yeni ildə göstərilən ekran əsərlərini tamaşaçı səbirsizliklə gözləyirdi. Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə", Tatyana Lioznovanın "Karnaval", sovet uşaqlarının sevimli nağıllarından olan, Aleksandr Rounun "Morozko", çex rejissoru Vatslav Vorliçekin "Zoluşka üçün üç fındıq" filmlərinə hər dəfə maraqla baxırdıq.

Bəs bizdə vəziyyət necədir? Tematik filmlər varmı, çəkilirmi? Novruz bayramlarında adətən mental və milli mədəniyyətimizə, musiqimizə xitab edən, artıq kinomuzun klassik nümunələrinə çevrilmiş bədii filmlər nümayiş olunur: "O olmasın, bu olsun", "Arşın mal alan", "Bəyin oğurlanması" və daha bir neçə ekran əsəri.

Ancaq məhz yeni il motivlərinin əks olunduğu, bu bayram fonunda maraqlı hekayənin nəql edildiyi, peşəkar səviyyədə çəkilmiş bir film var. Söhbət sovet dönəmində Anarın "Ötən ilin son gecəsi" əsəri əsasında Gülbəniz Əzimzadənin 1982-ci ildə çəkdiyi eyniadlı bədii filmindən gedir. Hadisələr ilin son günündə baş verir və "Ötən ilin son gecəsi" milli kinomuzda qadın qəhrəmanın mənəvi dünyasını, yaşantılarını uyğun kino dilinə çevirən, məhz qadını mərkəzə gətirən azsaylı ekran işlərindən biridir. Yeri gəlmişkən, bu bədii mətn əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi eyniadlı tamaşa da sevilən, uğurlu ekran işlərindəndir.

Söhbət yeni il mövzusunun təsvir həllindən gedirsə, bu zaman müəlliflər təbii ki, bayrama fokuslanmır, onu xüsusi vurğulamırlar. Əsas məsələ tamaşaçını ekran qarşısında saxlaya bilən bir insan hekayəsini nəql etmək bacarığındadır. Bayram isə kinohekayədə sadəcə fon olaraq qalır və müəyyən epizodlarda bayramın atmosferi, əhval-ruhiyyəsi duyulur. Əksi baş verəndə, yəni müəlliflər materiala səthi və yalnız əyləndirmək məqsədilə yanaşanda, həmin film populyarlaşa, yaddaşlarda qala bilmir. Hətta kütləvi baxış olsa belə, qısa müddətdə unudulur.

Digər məsələ odur ki, bayram motivlərinin yer aldığı filmin illah da komediya janrında çəkilməsi vacib deyil. Önəmli olan filmin  kinematoqrafik meyarlara cavab (güclü ssenari, tutumlu dialoqlar, təklif olunan vəziyyətlərin adekvat təsvir və musiqi həlli, dəqiq emosional atmosfer, doğru kastinq - yəni aktyor seçimi və s.) verməsidir.

Məsələn, "Qəribə təsadüf və ya həmişə təmizlikdə" tragikomediya ilə melodram janrlarının qarışığıdır. Uzun illərdir, tamaşaçının sevdiyi, təravətini itirməyən bu filmlər təsirli hekayələr üzərində qurulur, bayram əhval ruhiyyəsi də, fəlsəfi qat da, çətin insan münasibətləri də, rejissorların öz həyat təcrübəsi də materiala daxil edilir. Misalçün, "Karnaval" filminin qəhrəmanı kimi rejissor Lioznovanın özü də vaxtilə pul qazanmaqdan ötrü xadimə və kostyumçu işləyib.

Yuxarıda dediyim kimi, milli kinomuzda, "Ötən ilinson gecəsi" istisna olmaqla, kult statusu qazanan, populyarlaşan, hər dəfə maraqla baxacağın, yeni nəsə kəşf edəcəyin tematik filmlər demək olar ki, indiyədək çəkilməyib. Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdə, digər sahələrdə olduğu kimi, kinoda da infrastruktur dağıldı, illərlə qurulmuş əlaqələr kəsildi. 1980-ci illərin sonu 90-cı illərin ortalarınadək çəkilmiş filmlərdə rejissorlar, təbii olaraq daha çox dövrün vacib sosial-ictimai problemlərinə diqqət kəsilirdilər. Müstəqillik dönəminin sonrakı, artıq iqtisadi münasibətlərin bərpa olunduğu dövrdə isə dövlət büdcəsi hesabına əsasən müəllif, tarixi filmlər ekranlaşdırılırdı. Bu müddət ərzində, Yeni il motivləri fonunda tək bir film çəkildi: "Həddən artıq uyğunluq" (2016). Sözügedən filmə irəlidə qayıdacağam.

Öncə deyim ki, hazırkı kommersiya kinosu da bu mənada tələblərlə cavab vermir. Hərçənd, rejissor Cəfər Axundzadə 2019-cu ildə "Qış nağılı" adlı iki hissəli film çəkmişdi. Filmi izləmək imkanım olmadığından bədii keyfiyyətləri haqda nəsə deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, Cəfər Axundzadə istedadlı rejissordur. Onun Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə aldığı, paralel hekayə üzərində qurduğu - müharibədən qaytımayan oğlunun yolunu illərlə evinə qapanaraq gözləyən anadan və görkəmcə yeniləşən Bakının problemlərindən danışan "Dmitrov küçəsindəki ev 86" qısametrajlı filmi, "Kəklikotu" komediyası rejissor səliqə-sahmanı ilə seçilir.

Yeni il gecəsi oteldə baş verən, bir neçə hekayədən ibarət "Qış nağılı" filminin isə ekran həyatı uğurlu olmadı. Rejissor "525"ə açıqlamasında bildirdi ki, filmin prokat həyatının uğurlu alınmaması pandemiya ilə bağlı idi: "Piar işlərini də yaxşı qurmadıq."Qış nağılı" iki hissəlidir. Birinci hissə "Qış nağılı": biri vardı, biri yox", digəri "Qış nağılı: göydən üç alma düşdü" (ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov) adlanır. Birincini izləmədən digərini anlamaq olmur. Amma tamaşaçılar kinoteatra gələndə məhz ikinci hissəyə bilet alırdılar. Burada bizim də səhvimiz vardı. Ötən il filmi yenidən montaj elədim, kinoteatra təkrar nümayiş üçün verdim. Kinoteatr şəbəkələrindən biri filmi qəbul etmədi ki, hazırda "Zəhər tuluğu"nu göstəririk, siz yaz fəslində nümayişə girərsiz. Yeni il filmini yazda necə göstərim? Filmi serial formatında telekanallara təklif elədim. Maraqlandılar, amma pul vermək istəmirlər. Gələn il filmi yeni il ərəfəsində xaricdə göstərmək fikrim var".

Ümumiyyətlə isə bayram filmlərinin çəkilməsində daha çox telekanallar maraqlı olmalıdır. Müasir dünyamızda əyləncə vasitələri çoxaldığından tamaşaçını televizor qarşısında saxlamaq çətinləşir. Üstəlik, internetlə rəqabətə dayanmaq üçün təbii ki, telekanallar baxımlı, orijinal layihələr düşünməyə məcburdur. Hərçənd, bizdə telekanalların film istehsalı yayğın tendensiya sayılmır. Digər ölkələrdə isə (sovet dönəmindədə bu təcrübə vardı) telekanalların sifarişi, dəstəyi ilə bədii filmlər və televiziya filmləri istehsal olunur. Aydınlıq üçün deyim ki, televiziya filmləri bədii filmlərdən fərqlənir. Yəni televiziya ekranının ölçüsü nəzərə alınaraq, telefilmlərdə ümumi planlar az, yaxın planlar çox olur, həmçinin, detallı təsvirlərə yer verilmir. Başqa cür desək, televiziya filmləri vizual baxımdan mümkün qədər tamaşaçı üçün sadə, asan qavranılan olmalıdır.

Hələ sovet dövründən Azərbaycan televiziyasında film istehsal edən qurum (indiki "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi) fəaliyyət göstərirdi. 1960-cı ildə Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poeması əsasında "Aygün" bədii televiziya filmini məhz burada çəkib. Və "Aygün"  Azərbaycanda ilk televiziya filmi sayılır.

Son dövrlərdə telekanalların istehsal etdiyi, bayramla bağlı azsaylı telefilmlərin isə ciddi dramaturgiya, maraqlı hekayə yoxluğu problemi var. Müğənnilərin peşəkar aktyorları əvəzləməsi, yumorun əhvalatın zəruri hissəsinə yox, dramaturji bitkinlikdən qoparaq funksiyasız epzioda çevrilməsi, üstəlik, zarafat səviyyəsinə endirilməsi ("Space" kanalının istehsalı olan "Qış nağlı" 2002, İTV-nin bazasında hazırlanan "Oxşarabad 1" 2019) telefilmlərin əsas qüsurlarıdır.

Bununla belə, İTV-nin 2020-ci ildə istehsal etdiyi "Oxşarabad-2" (2020) filmində keyfiyyətə canatma cəhdləri var. Süjetə görə, telekanal rəhbərliyi prodüser Əzizə (Taleh Yüzbəyov) yeni il üçün konsert proqramını hazırlamaq tapşırığını verir və ona Azərbaycanın korifey sənətkarlarını tapmağı tapşırır. Film bugün telekanalların vacib problemlərindən birinə toxunur: necə etməli ki, tamaşaçı ekrandan ayrılmasın, yaxud pultun düyməsini dəyişib, başqa kanala keçirməsin, əlamətdar günlərlə bağlı verilişlərin keyfiyyətli hazırlanmasından ötrü nələr lazımdır, çətin rəqabətə dayanmağa telekanalların yaradıcı potensialı varmı və s. "Oxşarabad 2" (ssenari müəllifləri Fərid Rzayev, Qalib Nadir, Azər Baxşəliyev) bu mənada telekanalların ümumi vəziyyətinə, reytinq, tamaşaçı uğrunda mübarizəsinə baxışdır. Əziz işini itirməməkdən ötrü mümkün olmayanı mümkün etməyə çalışır. Hazırkı kinematorafiyada keyfiyyət faktorunun aşağı olmasını nəzərə alsaq, "Oxşarabad 2" indiki şərtlərdə normal film sayıla bilər.

Ümumiyyətlə, telekanallar arasında film istehsalına müqayisədə daha çox diqqət ayıran İTV-dir. Məlumat üçün deyim ki, İTV xarici festivallarda nümayiş olunan və uğur qazanan Teymur Hacıyevin "Axşama doğru", Asif Rüstəmovun "Mərmər soyuqluğu" filmlərinin istehsalatına dəstək verib. Ötən il isə kanal rəhbərliyi riskə gedərək, 2022-ci il üçün "Həmrəylik günü" adlı yeni il layihəsini sosial-psixoloji dram janrında çəkilən "Pərdə" trilogiyasının müəllifi Emil Quliyevə həvalə eləmişdi. Niyə bunu risk adlandırıram? Emil Quliyev əsasən müəllif filmləri çəkir, yəni sifariş əsasında işləmir. Bundan əvvəl rejissorun komediya təcrübəsi olsa da, alınmamışdı. Kommersiya məhsullarının istehsalçılardan biri  "İlk Media" şirkəti vaxtilə "Bir xalanın sirri" komediyasının rejissor postuna Emil Quliyevi dəvət eləmişdi. Prodüser rejissorun işindən narazı qaldı və əsas irad E.Quliyevin ssenarini komediyadan çox, "Pərdə" tərzində çəkməsinə idi. Ona görə rejissor filmi tamamlamadan təhvil verməli olmuşdu.

"Həmrəylik günü" də tamamən komediya janrı üzərində qurulmayıb, əhvalatda dram elementləri az deyil. Süjetə görə (ssenaristlər Emil Quliyev, Azər Aydəmir) yeni il axşamı yolda bir neçə maşın toqquşur. İmkanlı şəxsin avtomobilinin yaratdığı qəza nəticəsində digər maşınlar ciddi zədələnir. Əhvalat müəyyən mənada Xulio Kortasarın "Cənub şossesi" əsəri əsasında italyan rejissoru Luici Komençininin 1979-cu ildə ekranlaşdırdığı "Tıxac - inanılmaz əhvalat" filmini  xatırladır. "Həmrəylik günü" filmində də personajlar müxtəlif sosial təbəqələrin nümayəndələridir və burada da insan təbiəti müxtəlif tərəflərdən araşdırılır. Rejissor işi baxımından film nisbətən peşəkar səviyyədədir, aktyor ifaları təbii, orqanikdir. Sadəcə, Şaxtababa obrazının (Cavanşır Məhərrəmov) mətni lazım olduğundan çoxdur, üstəlik, bəzi məqamlarda KVN səviyyəsində zarafatlar, mübahisələrin uzanması əhvalatın dinamikasını bir qədət ləngidir. Görünür, bu səbəbdən rejissor ritmi, emosional gərginliyi gücləndirmək məqsədilə yerinə düşməyən montaj sıçrayışlarından istifadə edir. Halbuki emosional gərilmə, ritm ilk növbədə materialın daxili ovqatından, səhnənin necə qurulmasından, işlənməsindən asılıdır.

Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Azərbaycanfilm"də istehsal olunan "Həddən artıq uyğunluq" bədii filmində də (2017, rejissor Ülviyyə Könül, ssenari müəllifləri Ramiz Fətəliyev, Aleksandr Mardan) yeni il motivləri yer alır. Film iki gəncin sevgi hekayəsidir və böyük tamaşaçı auditoriyasını maraqlandıra bilərdi. Lakin hadisəsizlik, yemək masası epizodlarının çoxluğu və ard-arda verilməsi, xarakterlərin açılmasını təmin edən konflikt vəziyyətlərə zəmin yaradılmaması, əhvalatın, münasibətlərin səthi təsviri filmin zəif tərəfləridir...

Artıq qarşıdan 2023-cü il gəlir. Mən doğrudan da ümidliyəm ki, yaxın illərdə kino bazarımız dirçələcək və tamaşaçıya maraqlı, keyfiyyətli bayram motivli filmlər təqdim olunacaq.

 

 

 





30.12.2022    çap et  çap et