525.Az

Ekofəalların aksiyasına həmrəylik nümayiş etdirmək hər birimizin borcudur - Rövşən Ağayev yazır


 

Ekofəalların aksiyasına həmrəylik nümayiş etdirmək hər birimizin borcudur - <b style="color:red"> Rövşən Ağayev yazır</b>

Ermənistanın ekoloji terroruna və Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı azərbaycanlı eko-fəalların və QHT nümayəndələrinin Xankəndi-Laçın yolunda etiraz aksiyası üçüncü həftədir davam edir. Əllərində Azərbaycan bayraqları ilə mitinqə toplaşanlar Ermənistanın ekoloji terroruna və qanunsuz əməllərinə qarşı şüarlar səsləndirir, etiraz səslərini ucaldırlar. Etiraz aksiyasına qatılanların sayı günbəgün artmaqdadır. Yüzlərlə insan Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan hissəni tərk etmir.

Dinc aksiyada iştirak edən ekofəallar, vətəndaş cəmiyyəti və QHT nümayəndələri, tələbələr qətiyyət və əzmkarlıq nümayiş etdirirlər. Onlar dinc aksiyalarını fasiləsiz olaraq gündüzlər və hətta gecələr də davam etdirirlər. Soyuq və şaxtalı havaya baxmayaraq, tonqallar yandırır və ətrafında isinməyə çalışırlar. Yolun hər iki tərəfində yerləşən aksiya iştirakçıları humanitar məqsədli hərəkətə mane olmadan Azərbaycan, rus və ingilis dillərində yazılı plakatlar asır, şüarlar səsləndirirlər.

Bəzi dövlətlərin problemin əsl mahiyyətini dərk etmədən Qarabağda ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə, təbii sərvətləri talamasına, Laçın yolundan hərbi təxribatlar üçün istifadə etməsinə, minaları daşımasına etiraz bildirmək əvəzinə, məsələyə qərəzli və birtərəfli yanaşması narahatlıq və şübhə doğurur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə qeyd etdiyi kimi:  "Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti antiazərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır..."

Burada haqlı olaraq onlardan soruşmaq yerinə düşər ki, 1988-ci ildə erməni vəhşiliyinin və vandalizmininin nəticəsi olaraq 250 minə yaxın azərbaycanlı Ermənistandakı doğma yurd-yuvalarını tərk edəndə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək dinc etnik azərbaycanlılara qarşı soyqırım törədəndə ermənilərin bu gün ədalətdən, insan haqlarından ağızdolusu danışan havadarlarının vicdanı harada qalmışdı?

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 17 min kv. km ən məhsuldar torpaqları işğal ediləndə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 69 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatları, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 2670 km avtomobil yolları, 160 körpü, 2300 km su kommunikasiyaları, 2000 km qaz kommunikasiyaları, 15 min km elektrik xətləri, 280 min ha meşə, 1 milyon ha kənd təsərrüfatı üçün yararlı torpaqlar və 1200 km irriqasiya sistemləri dağıdılıraq talan ediləndə həmin havadarlar, xüsusən Fransa bacısından olan yüksək ranqlı siyasətçilər niyə susmuşdular?

Ermənistanın hərbi təcavüzü nəticəsində 700 mindən artıq dinc əhalinin qaçqın düşməsi, 20 min nəfər azərbaycanlının həlak olması, 100 min nəfərin yaralanması, 50 min nəfərin müxtəlif dərəcəli xəsarət alaraq əlil olması, 4 min nəfərin itkin düşməsi haqdan, ədalətdən danışanların heç olmasa bircə dəfə vicdanını narahaq edibmi? Təəssüf ki, bu illər ərzində biz bunları müşahidə etməmişik. Buna görə də vicdanlarını ermənilərin çirkli pullarına dəyişmiş bəzi siyasətçilərə Azərbaycan ictimaiyyətin mənfi münasibətinin tam əsası vardır. 

Bəli, onlar ermənilərin hər cür vəhşi və barbar əməllərini görməməzliyə vurdular,  inadla susdular, Azərbaycan xalqının bu faciələrini törədənlərə qarşı etiraz səslərini ucaltmadılar. Ermənilərin saysız-hesabsız antiinsani əməllərini törədənləri qınamadılar, təsirli qərarlar qəbul etmədilər. Bu gün də həmin ssenari davam edir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dediyi kimi: "Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə bağlı həmişə olduğu kimi obyektivlikdən uzaq bəyanatlar səsləndirilir. 30 ildir ki, Qarabağ məsələsinin həlli missiyasında iştirak edən nə dövlətlərin, nə də beynəlxalq təşkilatların səsini eşidirik. Ona görə də indi bu cür fikirləri səsləndirənlərdən soruşuruq: bu vaxta qədər nə düşünürdünüz?"

Bütün qeyd olunanların kontekstində Azərbaycan ərazisində Ermənistanın qanunsuz fəaliyyəti ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin gücləndirilməsinə ehtiyac var. Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistanın ekoloji terroruna və Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı azərbaycanlı fəalların etiraz aksiyasının məqsəd və mahiyyəti ilə bağlı diplomatik sahədə mühüm iş görməsinə baxmayaraq, bu istiqamətdə fəaliyyət daha intensiv aparılmalıdır.

Şübhəsiz, ölkəmiz haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə bu işə xarici ölkələrdəki diaspor təşkilatlarımız cəlb olunmalı, xaricdə yaşayan və işləyən azərbaycanlar, xüsusən tələbələr bu məsələdə daha aktiv olmalıdırlar, eyni zamanda xarici ölkələrin media vasitələri ilə sıx əlaqələrin quruması çox vacibdir.

Etirazçılar tərəfindən haqlı olaraq cari ekoloji vəziyyətin ədalətli şəkildə - Azərbaycanın ekoloji qanunvericiliyinin normalarına müvafiq olaraq qiymətləndirilməsinin tələb edilməsi barədə xarici dillərdə məqalələr, məlumatlar yaylmalı, ümumiyyətlə, Laçın yolu haqqında rus, ingilis və digər dillərdə ətraflı məlumat, qısa sənədli filmlər, videoroliklər çəkilməlidir. Bütün bu materiallar xaricdə fəaliyyət göstərən səfirlərliklərimizə və beynəlxalq təşkilatlara, həmçinin, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin mərkəzi ofislərinə, Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq edən xarici universitetlərə, elmi tədqiqat mərkəzlərinə göndərmək lazımdır.

Bu istiqamətdə görülən işlərlə bağlı gündəlik məlumatların toplanaraq təhlil edilməsi də diqqətəlayiqdir.

Yekun olaraq qeyd etmək istəyirik ki, bu yaxınlarda yazıçı-publisist Hüseynbala Mirələmovun "525-ci qəzet"də çap olunan yuxarıda söhbət açdığımız mövzuya həsr olunmuş məqaləsi çox diqqətəlayiqdir. Məqalədə Azərbaycan ərazilərindəki təbii sərvətlərin - Qızılbulaq qızıl yatağının və Dəmirli mis - molibden yatağının bir ovuc dələduz erməni tərəfindən qanunsuz olaraq istismarına qarşı Şuşa-Laçın yolunda kəskin etiraz səslərini ucaldan azərbaycanlı ekoloqların, QHT nümayəndələrinin, jurnalistlər və könüllülərin etiraz səslərinə dəstək nümayiş etdirilir, onların haqlı tələblərinin mahiyyəti geniş işıqlandırılır. Müəllifin ürək yanğısı ilə qələmə aldığı bu məqalədə qoyulan məsələlər aktual olduğu qədər də həyatidir, vacibdir.

Xüsusən məqalədə qeyd edildiyi kimi: "Söz çox qüdrətli silahdır. Xüsusilə də belə bir milli həmrəylik zamanlarında xalqımızın kəsərli yazıçı sözünə, birləşdirici ziyalı mövqeyinə ehtiyacı var. Düşünürəm ki, qəlbində vətəndaşlıq yanğısı olan hər kəs bu aksiyalarda iştirak edənlərlə həmrəy olduqlarını nümayiş etdirməlidir". Düşünürük ki, müəllifin bu fikirlərinin şərh və təhlil edilməsinə ehtiyac yoxdur. Dəqiq və düzgün, ən əsası isə vaxtında və yerində deyilmiş fikirlərdir.

Ölkəmizin hər bir vətəndaşı - müəllimlər, həkimlər, mədəniyyət xadimləri, ictimai fəallar, çoxmillətli ziyalılarımız aksiya iştirakçılarına dəstək və həmrəylik istiqamətində fəallıq göstərməlidirlər. Bu, xüsusilə dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ərəfəsində çox vacibdir.

Bu gün gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük ehtiyac duyulduğu çətin bir məqamda ziyalıların belə yazılarının geniş ictimaiyyətə təqdim olunması, onların KİV-də çıxışları çox vacib və lazımlı hesab edirik. Eyni zamanda, Ermənistanın ekoloji terrorunun və Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarının mahiyyətini obyektiv şəkildə əks etdirərək, yaradıcı ziyalılarımızın, alimlərimizin baxışları və sözləri xarici həmkarlarına da ünvanlanmalıdır. Bir sözlə, ermənilərin ekoterrorunu və qanunsuz fəaliyyətini dayandırmaq məqsədinə çatmaq üçün hər cür səy göstərmək, bütün resurslardan və vasitələrdən istifadə etmək lazımdır.

 





30.12.2022    çap et  çap et