525.Az

Millətinin fədaisi - Vilayət Quliyev yazır


 

Millətinin fədaisi - <b style="color:red"> Vilayət Quliyev yazır</b>

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən milli mətbuatımızın görkəmli nümayəndəsi, tanınmış yazıçı-publisist və ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyi ilə bağlı  ölkəmizdə silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

Şübhəsiz, hər diqqətəlayiq ildönümünün, yubileyin ən yaddaqalan və faydalı bəhrəsi çap edilən kitablar, ucaldılan abidələrdir. Ömər Faiqin zəngin ədəbi-publisist irsinin tam şəkildə toplanıb nəşr edildiyini söyləmək çətindir. Axtarışlar, xüsusən də dövrü mətbuatın yenidən nəzərdən keçirilməsi, yaradıcılığına yeni gözlə baxılması müəllifin yeni əsərlərinin tapılmasını və çapını zəruri prosesə çevirir.

Əlamətdar haldır ki, ölkəmizdə bir sıra ədəbi-mədəni və ictimai tədbirlərə sponsorluq, yaxud ev sahibliyi edən, mühüm layihələrin icrasına böyük həvəslə dəstək verən ADA universiteti Ömər Faiqin yubileyinə, xüsusən də ədibin həyat və yaradıcılıq yolunun az öyrənilmiş mərhələlərinə də laqeyd qalmamışdır.

ADA universitetinin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görən "Ömər Faiq Nemanzadə. "Azərbaycan" yazıları" kitabı da bu qəbildəndir.

Adı çəkilən kitabı universitetin həyata keçirdiyi böyük layihənin kiçik bir hissəsi də saymaq olar. "Böyük layihə" dedikdə Azərbaycanın XX yüzillikdəki ictimai-siyasi fikir və dövlətçilik tarixinə işıq salan "Azərbaycan" qəzetinin 20 cildlik transliterasiya edilmiş nəşrini nəzərdə tuturam. Bu nəhəng işi Türkiyə ali məktəblərindən məzun olan iki gənc azərbaycanlı alim - Mehdi Gəncəli (Mərmərə universiteti) və Azad Ağaoğlu (İstanbul universiteti) görürlər. Onların yorulmaz əməyi və böyük entuziazmı sayəsində tarixi nəşrin beş cildi artıq çapdan çıxmışdır.

Qəzetin nəşr olunduğu 1918-1920-ci illəri Ömər Faiq daha çox doğma Axalsıq qəzasında və menşevik Gürcüstanın həbsxanalarında keçirsə də, "Azərbaycan"ın fəal müəllifləri sırasında yer almışdı. Eyni zamanda qəzet redaksiyası və "Azərbaycan" ətrafında toplanan ədəbi qüvvələr də Ömər Faiq əfəndinin taleyinə, üzləşdiyi çətinlik və məşəqqətlərə laqeyd qalmamışdı. Onun müdafiəsinə qalxmış, şəxsiyyəti və millət naminə fədakarlıqları barəsində təsirli məqalələr yazmışdılar.

Əksəriyyəti indiyə qədər naməlum qalan qiymətli məxəzlər Mehdi Gəncəli ilə Azad Ağaoğlunun diqqətindən yayınmayıb. Onları ümumi mətndən ayırıb ayrıca kitab şəklinə salmaqla qiymətli yubiley ərməğanı hazırlayıblar. ADA universiteti isə həmin kitabı oxuculara çatdırmaqla təkcə Ömər Faiqin xatirəsinə ehtiramını ifadə etməyib,  həm də milli ədəbi-ictimai fikrə mühüm töhfə verib.

lll

XX əsrin əvvəllindəki milli oyanışı -azərbaycanlıların "islam ümmətindən türk millətinə çevrilməsi" prosesini nəzəri və əməli cəhətdən hazırlayıb həyata keçirənlər sırasında Ömər Faiq Nemanzadə də mühüm yer tuturdu. O, İstanbulda "Darüş-şəfəq" məktəbini bitirib (1891) Qalata poçt və teleqraf idarəsində fəaliyyətə başladığı zaman maarif və mətbuatın - xüsusi ilə də istibdad rejimlərinin hər vasitə ilə yayılmasını əngəllədiyi mütərəqqi mətbu sözün xalqın həyatında oynadığı müstəsna rola diqqət yetirmişdi. Ona görə də Vətənə dönəndən sonra var gücü ilə hər iki mühüm sahədə çalışmağı qarşısına məqsəd qoymuşdu. Şəki, Gəncə, Bakı və Şamaxıda tədrisin yeni üsulla aparıldığı məktəblərdə səkkiz ilə yaxın davam edən pedaqoji fəaliyyətdən sonra Ömər Faiq 1902-ci ildə Qafqazın siyasi-inzibati mərkəzi Tiflisə köçmüşdü.

Növbəti ildə isə XX əsrin ilk anadilli mətbu orqanı olan "Şərqi-rus" qəzetinin aydın əqidəli, açıq fikirli müəllifləri sırasında yer almışdı. Amma bu, mətbuatla ilk təması deyildi. Hələ Şəkidə çalışdığı dövrdə "Tərcüman" (Krım) qəzetində "Müəllim Nemanzadə" imzası ilə məqalə və korrespondensiyaları çap olunurdu. 1905-ci il Birinci rus inqilabından sonra Cəlil Məmmədquluzadə və Məşədi Ələsgər Bağırovla birlikdə Tiflisdə "Qeyrət" mətbəəsini qurmuş, bütün türk-islam aləmini silkələyən məşhur "Molla Nəsrəddin" məcmuəsini çapına başlamışdılar.

Yeri gəlmişkən Qafqazdakı rus administrasiyası İstanbulda təhsil almış Ömər Faiqlə müqayisədə Qori seminariyasının məzunu C.Məmmədquluzadəyə daha çox güvənirdi. Birincinin "pantürkizmi" fonunda ikincinin "milliyyətçiliyi" o qədər də təhlükəli görünmürdü. Məhz bu səbəbdən jurnalın nəşri ilə bağlı məsələlərdə Ömər Faiq əfəndi bir növ pərdə arxasından, lakin çox fəal şəkildə iştirak etmişdi. Rusların gözündə fərqli görünsələr də, əslində, onlar eyni yolun yolçuları, eyni əqidənin daşıyıcıları idilər. Bu həqiqət Mirzə Cəlilin məktublarında da öz əksini tapmışdı. Amma təəssüf ki, sovet dövrü tədqiqatçılarının "Molla Nəsrəddin" və mollanəsrəddinçilərlə bağlı araşdırmalarında yanlış yanaşma nəticəsində Ömər Faiqin rol və xidmətlərinin arxa plana keçirilməsi tendensiyası özünü daha bariz şəkildə göstərmişdi. Çox güman ki, repressiya aktı da burada öz mənhus rolunu oynamışdı.

1906-1918-ci illərdə Ömər Faiq Nemanzadə "Molla Nəsrəddin" jurnalının rəhbərlərindən və əsas müəlliflərindən biri olmaqla yanaşı, "Həyat", "İrşad", "Tərəqqi", "Açıq söz", "Azərbaycan", sonralar isə "Kommunist", "Qırmızı bayraq" kimi müxtəlif istiqamətli qəzet və məcmuələrdə sayı 40-a çatan gizli imza və təxəllüslər altında onlarla aktual mövzu, milli mündəricəli məqalə və publisist yazılar çap etdirmişdi.

Millət, vətən, dil sevgisi, imzalar içində millətinin imzasını görmək istəyi bu yazıların başlıca leytmotivi idi. Azərbaycanda türkçülük şüurunun yayılmasında Ömər Faiqin xidməti Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi mogikanların xidmətləri ilə müqayisə oluna bilər. Onun rus istibdadına, Cənubi Qafqazda planlı şəkildə etnik soyqırım həyata keçirən erməni şovinistlərinə və Gürcüstanı türklərdən təmizləməyi qarşısına məqsəd qoyan gürcü menşeviklərinə qarşı illər boyu davam edən ideoloji mübarizəsi fəaliyyətinə və yaradıcılığına aydın ifadə olunmuş siyasi çalar verirdi. Üç dəfə həbsə düşməyinin əsas səbəbi də bu idi.

Gürcü hökuməti Ömər Faiqi susdurmaq üçün növbəti dəfə həbsə atanda M.Ə.Rəsulzadə "Azərbaycan" qəzetinin 27 yanvar 1919-cu il tarixli sayında çap etdirdiyi son dərəcə təsirli "Vicdan sızlayır" adlı məqaləsində yazırdı:

"Ömər Faiq əfəndini kim bilməyir? O həssas, o atəşli mühərriri kim tanımayır? Qarsda dağılan xanimanların, Ərdəhanda hətk olunan (tapdanan) namusların, Batumda kəsilən qurbanların o yanıqlı mərsiyənəvisini (mərsiyə deyənini), "bir parça ətmək" (çörək) - deyə qəlbləri yaxan o həmiyyət məşəlini hansı azərbaycanlı unuda bilər?

Vaxt var idi Faiq Əfəndi Cəlil Məmmədquluzadə ilə bərabər nəşr eylədiyi "Molla Nəsrəddin" məcmuəsi vasitəsi ilə cəhalət pərdəsi ilə örtülü olan qara qəlbləri yaxıcı qələmi ilə yaxırdı. O, binəzir bir cəsarətlə müqəddəs zənn olunan hər namüqəddəsə var qüvvəsi ilə çarpır, bütün vicdanı ilə hər növ vicdansızlıqlara qarşı protesto edirdi".

1918-ci il bir çox Azərbaycan ziyalıları kimi, Ömər Faiqin də həyatında seçim anı oldu. O, əsla tərəddüd etmədən Cümhuriyyət amallarına xidmət yolunu seçdi, türk dünyasındakı ilk Cümhuriyyətin inanclı və səmimi ideoloqlarından birinə çevrildi.

Ömər Faiqin 1919-cu ilin iyununda, Azərbaycanın müstəqilliyinə qarşı çevrilmiş Denikin təhlükəsinin hər an reallaşacağı günlərdə "Hazır ol!" adlı çağırış ruhlu məqaləsindəki aşağıdakı sətirlər bu fikrin həqiqiliyinə ən yaxşı zəmanətdir:

"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcı ayılardan daha yırtıcıdır! Vəhşilərdən daha vəhşidir! Ən qəhhar xunrizlərdən (qan tökənlərdən) daha xunrizdir.

Ey azərbaycanlı, ey türk! İyi bil ki, sən zəif olunca hər yandan üstünə hücum mühəqqəqdir (qaçılmazdır).

Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən birə "ürəyinin üstünə çökməyə", hərarəti-həyatiyyəni söndürməyə qəsd edərlər.

Ey azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını bir az yuxarı qaldır. Ticarət məşğuliyyətini bir az yüngülləşdir, həmiyyət və qeyrətini göstər!

Ey cavan türk! Vətənini, onunla bərabər ananı, bacını, balalarını qurtarmaq üçün sakın, kimsədən imdad gözləmə, kimsəyə əl uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən! Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!"

Bu vətənpərvər ruh, çağırış və səfərbərlik nidaları Ömər Faiqin "Azərbaycan"ın səhifələrində "Ümidvar" təxəllüsü ilə çap etdirdiyi məqalələrin əksəriyyəti üçün səciyyəvidir. Onun Vətənin taleyi, millətin bu günü və gələcəyi ilə bağlı yazdığı hər sətirdə ürək yanğısı, qəlb həyəcanı seçilir. Uğurlara sevindiyi kimi, böyük problemlərin həllində də soydaşlarına dözüm və mətanət, iradə və qətiyyət arzulayır. Bu əhval ruhiyyə çox vaxt məqalələrin başlığından da görünür. Məsələn, "Möhkəm idarə möhkəm işlər istər", "Ümidsizlik zə`f (zəiflik) nişanəsidir", "Aldanmayınız", "Hazır ol!" və s. Ömər Faiqin 1918-ci ildə qələmə alınan və təqdim etdiyimiz kitabda toplanan yazılarının çoxu sözdən kəsərli silah kimi istifadə nümunəsi sayıla bilər.

Dostu Mirzə Cəlilin sözləri ilə desək, o, "qan iyi gələn mətləblərə" toxunmaqdan qorxub-çəkinmirdi. Çətin məqamda Naxçıvanın imdadına yetmək əvəzinə düşmən Ermənistanla sərfəli əlaqələr qurmağa çalışan bəzi nadürüst işbazları ("Xanıstan-Ermənistan") cəsarətlə damğalayır, erməni başkəsənlərin Zəngəzurda törətdikləri cinayətlərin görümlü mənzərəsini ("Sağ ayağımız da kəsildi") yaradırdı.

Bəs Ömər Faiqin ürəyin dərinliklərindən gələn yanıqlı fəryadları cəmiyyətdə əks-səda doğururdumu? Milli istiqbal və istiqlal yolunda qatlaşdığı müsibətlər soydaşlarının diqqətini çəkirdimi? Azərbaycan cəmiyyəti  bu alovlu millət və vətən fədaisinin kim olduğunun, nə istədiyinin fərqində idimi?

Kitabın "Əlavələr" bölməsində, "Azərbaycan" qəzetində Ömər Faiq Nemanzadə haqqında yazılanlar" başlığı altında toplanan materiallar yuxarıdakı suallara birmənalı müsbət cavab verməyə imkan yaradır. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Muxtar Əfəndizadə və b. siyasət və söz adamlarının çətinliklər qarşısında sınmayan, haqq yolundan çəkinməyən Ömər Faiq haqda yazdıqları onun hələ gənc adlandırılacaq yaşda böyük xalq məhəbbəti və Azərbaycan  adından danışmaq səlahiyyəti qazandığını deməyə əsas verir.

Mehdi ilə Anarın ərəb əlifbasından transliterasiya baxımından son dərəcə diqqətli işini ayrıca qeyd etmək istərdim. Mətndə çətin anlaşılan ərəb-fars sözlərinin izahı verilib. "İzah və şərhlər" bölməsində qısa şəkildə hər məqalənin məqsəd və niyyəti, toxunduğu əsas mətləblər barədə bilgilər əks edilib. Adı çəkilən tarixi şəxslər və tarixi hadisələr barəsində müxtəsər məlumatlar əlavə olunub. Nəşrə elmilik və akademizm verən bu faydalı müdaxiələr dövrün ruhunu və atmosferini duymağa zamanda Ömər Faiqin toxunduğu mətləbləri dərindən anlamağa kömək edir.

lll

Təbii ki, dövlət başçısının XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kimi tanınan Ömər Faiqin anadan olmasının 150 illiyi ilə bağlı sərəncamı təqvimi xarakter daşımır, sadəcə görüləcək işlərin ilin sonun qədər tamamlanmasını nəzərdə tutmur. Əksinə, sərəncam bu sahədə aparılacan tədqiqatlara yaşıl işıq yandırır, alimlərin və naşirlərin qarşısında yeni vəzifələr qoyur. İnanmaq istərdim ki, bu baxımdan Mehdi Gəncəli ilə Anar Ağaoğlunun təmənnasız zəhməti, ADA universitetinin nəcib təşəbbüsü istiqamətləndirici və ruhlandırıcı rol oynayacaq.

Sarayevo, 30 noyabr 2022-ci il

 





30.12.2022    çap et  çap et