525.Az

Azad edilmiş ərazilərdə ekoloji durum: montorinqlərin nəticələri və görülən tədbirlər


 

Azad edilmiş ərazilərdə  ekoloji durum: montorinqlərin nəticələri və görülən tədbirlər<b style="color:red"></b>

Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bu günlərdə növbəti iclası keçirilib. İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklərinin üzvləri iştirak ediblər.

İştirakçılara ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib, müzakirələr aparılıb. İclasda qrup üzvlərinə həmçinin, Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında məlumat verilib.

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılan monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub. Çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən, Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.

Oxçuçayın Qərbi Zəngəzur ərazisindən davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilib. Həmçinin, Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki "Qacaran mis molibden" kombinatının səhmdarı olan Almaniyanın "Cronimet" Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib və çayın çirklənməsi bu gün də davam edir.

Məsələnin ciddiliyini nəzərə alaraq, mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

Qeyd edək ki, İşçi Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirir.

Ermənistanın Oxçuçayın suyunun çirkləndirilməsi ilə bağlı sübutedici sənədlər Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

İşçi Qrupunun iclasında qeyd olunub ki, Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna təqdim olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, hazırda Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır: "Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq, Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb".

M.Babayev qeyd edib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub: "Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrup tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır".

Nazirin dediyinə görə, əminik ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaqdır: "Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir. Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük". M.Babayev bildirib ki, işğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb.

Ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini vurğulayan nazir bunları əlavə edib: "Şaxtalı havaya baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır".

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, növbəti illərdə də Azərbaycanın iqtisadi inkişafı ekoloji amillərlə təsbit olunmuş siyasətə əsaslanacaq. Onun sözlərinə görə, son dövrlərdə ölkədə qəbul olunmuş strateji sənədlərdə ekoloji aspektlər ön sıradadır və bu, ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq: "Azərbaycan təbiəti zəngin biomüxtəlifliyə və qiymətli təbii sərvətlərə malikdir. Bu sərvətlərin qorunması və effektiv idarə olunması ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifələr qarşıya qoyulub".

R.Səttarzadə qeyd edib ki, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetinə əsasən hazırlanan və bu ilin iyulunda təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadəni nəzərdə tutan fəaliyyətlər qeyd olunur: "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq cari ilin noyabrında təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın da əsas istiqamətlərindən biri bu ərazilərdə məhz ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır".

Nazirlik rəsmisi deyib ki, hər iki sənəddə "işğaldan azad olunmuş ərazilərə böyük qayıdış", "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetləri arasında tam sinerji təmin edilib: "Strateji sənədlərdə su ehtiyatlarının və tullantıların idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemlərinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin qorunması, meşə və yaşıllıq ərazilərinin mühafizəsi və genişləndirilməsi, torpaq ehtiyatlarının bərpası, mineral xammal bazasından səmərəli istifadə, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və yaşıl texnologiyalardan istifadənin dəstəklənməsi və sair məsələlər əsas prioritetlər kimi göstərilib".

Sevinc QARAYEVA

 





30.12.2022    çap et  çap et