525.Az

Həmrəylik Günü ərəfəsində möhtəşəm həmrəylik nümunəsi - Şahanə Müşfiq yazır


 

Həmrəylik Günü ərəfəsində möhtəşəm həmrəylik nümunəsi - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bir gün sonra ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd ediləcək. Bu tarixi düşünərkən xalqımızın hələ 1989-cu ildən başlayan, sonra isə zaman-zaman davam edən, müxtəlif dövrlərdə özünün ən yüksək həddinə çatan birlik nümayişləri göz önümüzə gəlir. Bəlkə də bütün dövrlərin ən parlaq, ən möhtəşəm birlik, həmrəylik nümayişimiz isə 2020-ci il Vətən müharibəmiz və ondan sonrakı hadisələrdə özünü göstərdi.

Dekabrın 12-dən başlayan və 20-ci günü Həmrəylik Günümüzə təsadüf edən Laçın yolundakı aksiya da bu birliyin ən gözəl nümunəsidir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir. Müxtəlif şüarlar səsləndirən aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayırlar. Həmrəylik Günü ərəfəsində həmin aksiyada iştirak edən, xalqımızın haqq səsinə səs verən ziyalılarımızın da təəssüratlarını öyrədik:

Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan: "Hələ müstəqillik savaşımızın başlanğıcında - 1989-cu ilin soyuq dekabrında Sovet İttifaqı ilə İran sərhədinin dağıdılmasını eşidəndə qəlbimizi ilıq bahar günəşi nurlandırmışdı. Vaxtilə yadellilərin fərmanı ilə bir-birinə həsrət qoyulmuş iki qardaş arasında hönkürə-hönkürə sızlayan Arazımızın sevincdən çağlayıb ağlamasını da elə onda görmüşdük. Azərbaycan türklərinin öz imzasını tarixə yenidən həkk etdirmək qüdrətində olduğunu, iki nəhəng imperiyaya qarşı bütövləşmək uğrunda duruş gətirməyi bacardığını dünyaya nümayiş etdirmişdik... Ona görə də 31 dekabr xalqımızın taleyinə birlik, bərabərlik, həmrəylik arzusunun, istəyinin, əzminin rəmzi günü kimi yazıldı...

Bu doğmalaşma, bütövləşmə, birləşmə duyğularını sonrakı illərdə də yaşadıq... Sevincli çağlarımızda da, kədərli günlərimizdə də...

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı özünün unikal birliyini bütün dünyaya bir daha sübut etməyə nail oldu. İşğalçı Ermənistanın və onların mənfur havadarlarının darmadağın edilməsinin şanlı salnaməsini gələcək nəsillər vüqarla vərəqləyəndə Prezident-Xalq-Ordu birliyinin qüdrəti ilə mütləq öyünəcək... Çünki İkinci Qarabağ müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirərək müqəddəs Vətənin müdafiəsinə qalxmağı, düşmənə qarşı "Biz birlikdə güclüyük!" devizi ətrafında birləşməyi, bir olmağı - pir  olmağı bacardı!..

Bir neçə gün öncə Şuşa-Xankəndi yolunda sazaqlı, şaxtalı havada gecəli-gündüzlü ayaq üstə dayanıb təbii sərvətlərimizin düşmən tərəfindən talan edilməsinə etirazlarını əzmlə bildirən fəal ekoloqların, QHT nümayəndələrinin sırasına qoşulanda özümü güclülərin güclüsü sandım. Sağımızdakı və solumuzdakı Rusiya sülhməramlılarının məramını onlara açıq-aydın başa salan bu davamlı aksiyanı əslində illər öncə başlayan birliyimizin davamı, mübarizliyimizin göstəricisi kimi qavradım.

...Səhər günəşinin şəfəqləri ürəklərimizi isitməyə başlayanda nədənsə qeyri-ixtiyari həmrəylik günümüzü xatırladım... Elə bu dəmdə Azərbaycanımızın möhtəşəm Dövlət Himnini Günəşlə bir yerdə qürurla oxuduq. İnamımız, ümidimiz dağlara səs saldı..."

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva: "Azərbaycan xalqı hər zaman həmrəyliyə üstünlük verir, taleyüklü məsələlərdə birləşməyi, bir olmağı bacarır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında bir dəmir yumruq altında birləşən xalqımız bu gün də öz maddi-mənəvi sərvətinə sahib çıxmaq üçün Şuşa-Xankəndi yolunda birləşdi. Biz Şuşadakı bu aksiyaya qoşulmaqla xalqımızın həmrəy, sülhpərvər, tolerant, humanist və eyni zamanda, öz dəyərlərinə sahib çıxmağı bacaran bir xalq olduğunu sübut etdik. Biz bizim olanın geri qaytarılmasını tələb edirik. 30 ildir ki, düşmən xalqımızın maddi-mənəvi irsini talamaqda davam edir. Buna "dur!" deməyin zamanı idi. Bu aksiya da həmin "dur!" çağırışımız oldu. Heç bir güc tətbiq etmədən, silaha əl atmadan, ixtişaş yaratmadan tələblərimizi irəli sürürük. Biz əli silahlı əsgərlər qarşısında əliyalın, mərd-mərdanə dayandıq, heç yerə tərpənmədik və bütün dünyaya necə cəsarətli xalq olduğumuzu sübut etdik.

Biz Qarabağımızın azadlığını, bu möhtəşəm qələbəni şəhidlərimizə borcluyuq. Şəhidlərimizin qanı bahasına geri qaytardığımız bu torpaqları bir daha kimsəyə verən deyilik. Bu aksiya da bizim bu amalımızın göstəricisi idi. Aksiyaya nə qədər adam lazım olsa, o qədər də toplanacaqdı. Hər yerdən gənc, yaşlı, qadın, kişi, uşaq axın-axın eko-aktivistlərin başladığı bu aksiyaya qoşulmağa gəlir. Çünki bu, bizim haqq işimizdir. Mən oraya gedəndə bilmirdim 10 gün qalacam. Amma haqqın bərpası, xalqımızın, vətənimizin birliyi üçün canımı da fəda etməyə hazıram. Necə ki, 1990-cı illərdə meydana axışıb Azərbaycana azadlıq tələb edirdik, bu gün də oraya öz insanlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə getdik. Mən orada bir daha xalqımızın birliyini, həmrəyliyini, bir-birini tanımayan insanların bir amal uğrunda doğmalaşmasını gördüm.

Bizim həmrəyliyimiz insani keyfiyyətlər üzərində qurulub deyə, gec-tez ədalətimiz bərpa olunur, olunacaq da. Biz bu gün də Həmrəylik Gününün təkcə təqvimdəki adi bayram deyil, millətimizin amalı olduğunu sübut edirik. Azərbaycan xalqı dünyaya həmrəylik nümunəsi olmağı bacardı. Bu həmrəyliyin bir üzvü olmaqdan qürur duyuram".

Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı: "1989-cu ildə xalqımızın milli rəmzlərindən olan Araz çayının hər iki sahilindən başlayan və geniş vüsət alan sərhəd hərəkatı xalqımızın milli həmrəyliyinin, sarsılmaz birliyimizin möhtəşəm bir nümunəsidir. Bu birlik, həmrəylik sayəsində xalqımız 1991-ci ildə müstəqilliyini bərpa etdi. 1993-cü ildə qədirbilən xalqımız həmrəylik nümayiş etdirərək Ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə gətirdi. 2020-ci ildə isə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə həmrəy, həmfikir olan xalqımız tarixi Zəfərə imza atdı. Xalqımızın həmrəylik hərəkatı bu gün də davam edir. Şərqi Zəngəzur məsələsində, Qərbi Azərbaycana qayıdış yolunda, eyni zamanda artıq 20 günə yaxındır davam edən və xalqımızın həmrəyliyini bir daha ifadə edən Xankəndi-Şuşa yolunda. Hesab edirəm ki, bir neçə həftədir davam edən və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində daha da coşqu ilə keçirilən ekoloqlarımızın başladığı dinc aksiya bu gün həmrəyliyimizin daha bir bariz və parlaq nümunəsidir. Xalqımızın şər qüvvələrə qarşı dirənişinin növbəti mərhələsidir. Mən də bu günlərdə ekoloqlarımızın başladığı dinc aksiyaya qatıldım. Əsrlər boyu xalqımıza qarşı hər cür terror, vəhşilik həyata keçirən vandal ermənilərin ekoloji terroruna, mina terroruna etirazımı bildirdim. Əminəm ki, apardığımız bütün haqlı mübarizələrimiz kimi bu aksiya da öz məqsədinə çatacaq. Rəzil, məğlub erməni dövləti və xalqı qalib Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Var olsun sarsılmaz, müzəffər, qalib və həmrəy xalqımız".

Şair, publisist Gülşən Behbud: "Dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətlər çox vaxt qarşılıqlı dialoqlar vasitəsilə tənzimlənir. Bu zaman dövlət cəmiyyətin ölkə maraqlarına söykənən düşüncələrinə tam əmin olur və bunu dövlətçilik işinin bir davamı kimi qiymətləndirir. Açığı, son dövrlər, xüsusən də Vətən müharibəsindən sonra dövlətlə cəmiyyət arasında qarşılıqlı fikir mübadilələri, ölkəmizin inkişafına zəmin yaradan bütün istiqamətlər üzrə islahatçı təyinatlar aparılır.

Elə bir neçə gün bundan qabaq Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiya da ölkədə vətəndaş cəmiyyəti və dövlət arasında dialoqun güclənməsinə əsaslı zəmin yaratdı, nəticədə dövlət-xalq birliyi yenə də öz ampluasında göründü. Bu, müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin hər zaman dövlətin yanında olması anlamına gəlir".

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar: "Şuşa-Xankəndi yolunda ekofəalları, ictimaiyyət nümayəndələrinin təşkil etdiyi aksiya artıq günlərdir davam edir. Azərbaycan insanı orada öz haqlı tələbləriylə çıxış edir. Hava şəraitinin necəliyindən asılı olmayaraq, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarımız aksiya yerinə gedərək orada birlik, bərabərlik içərisində öz şüarlarını səsləndirməyə davam edirlər. Mən də aksiyada iştirak etdim və oradakı ruh yüksəkliyini, birliyi, coşğunu gördüm. İnanıram ki, xalqımız bu həmrəylik sayəsində öz haqlı istəklərinə nail olacaq, ədaləti bərpa edəcək".

 





30.12.2022    çap et  çap et