525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 Sezar həm də alicənablığı ilə seçilirdi, ona müxalif olan respublika liderlərinin çoxunu himayə edirdi, onların Romaya qayıtmalarına da icazə verdi. O, həmçinin, Roma təqvimini Misirdəki Günəş ili qaydasında qəbul etdi. Bu, Yulian təqvimi adlanırdı. Sonralar, 1582-ci ildə həmin təqvimə bəzi düzəlişlər edilməklə, müasir təqvimin bünövrəsi qoyuldu. O, çoxlu tikinti layihələrini həyata keçirmək istəyirdi. Şərqə yürüş etməyi də arzu edirdi, bununla da  hətta Böyük Aleksandrın şöhrətini ötüb-keçmək istəyirdi.

B.e.ə. 44-cü ildə aparıcı senatorlar qrupu onun ağalığına nifrət etməklə, onu qətlə yetirdilər. Onlar əmin idilər ki, köhnə respublika sistemini geri qaytara biləcəklər. Reallıqda isə, onlar ancaq səhnəni digər vətəndaş müharibəsi üçün açdılar, həmin müharibə isə respublika quruluşuna ölümcül zərbə vurdu. Beləliklə, hakimiyyət uğrunda gedən mübarizə səngimək bilmirdi.

Sezarın varisi və götürülmüş oğlu, nəvəsi olan Oktavian, bu vaxt onun 19 yaşı var idi, Sezarın bəzi legionları üzərində komandanlığı ələ keçirdi. O, senatı məcbur etdi ki, onu konsul adlandırsınlar. Sezarın müttəfiqi Mark Antoni və Markus Lepidlə, bu adam Sezarın süvari komandiri olmuşdu, öz qüvvələrini birləşdirdi. Onlar İkinci Triumvirat yaratdılar və əslində, Romanı idarə etməyə başladılar. Onların ilk biabırçı aktı Sullanın proskripsiya siyahısını bərpa etmək oldu. Bir qədər sonra ittifaq düşmənçiliyə çevrildi. Sezarla Pompey kimi, Oktavianla (Oktavi Avqustla) Mark Antoni barışmaz düşmənə çevrildilər, bir-biri ilə vuruşdular.

Pompey kimi Antoni də məğlubiyyətə dözmədi, öz sələfindən fərqli olaraq Aleksandriyada özünü intihar etdi. Onun Kleopatra ilə eşq macərası seçdiyi siyasi liderliyin məhvinə apardı.

Qay Yuli Sezar çoxtərəfli istedada malik olan bir şəxsiyyət idi. O, mahir natiq idi, "Qalliya müharibəsi barədə qeydlər" əsərini yazmışdı. Yeddi kitabdan ibarət olan bu memuarında 7 il ərzində orada baş verən hadisələr təsvir olunurdu. Bu illər həm də onun ayrı-ayrı xalqlar üzərində çaldığı parlaq qələbələrlə əlamətdar idi.

Böyük alman tarixçisi Teodor Mommzen (1817-1903-cü illər) "Romanın tarixi" əsərində Sezarı dövlət xadimi kimi təqdim etməklə yanaşı, onun malik olduğu qeyri-adi qabiliyyətlərini də təsvir edir. O, Sezar haqqında yazırdı: "At çapmaqda və qılıncla döyüşdə özünün istənilən döyüşçüsü ilə mübahisə edə bilərdi. Üzmək qabiliyyəti onun həyatını Aleksandriya yaxınlığında xilas etmişdi. Onun fiziki xüsusiyyətləri necə idisə, ruhu da elə idi və o, eyni vaxtda bir neçə işi görmək bacarığı ilə də fərqlənirdi. O, heç vaxt öz tərəfdarlarından uzaqlaşmırdı, daim dostlarının tərəfini saxlayırdı. Sezar ehtiraslı adam idi; lakin ehtiras heç vaxt onu üstələyə bilmirdi...

Ədəbiyyat onu uzun müddət ərzində ciddi məşğul etmişdi... O, şeirlər yazırdı, lakin onlar zəif idi. Onu ancaq astronomiya və təbiət elmlərinə dair məsələlər maraqlandırırdı...

Ona gəncliyində qadın məhəbbətinin gözəlliyi işıq saçmışdı, onun şüaları isə ruhunda qalmışdı. O, onu çox məyus edən sonrakı illərdə meydana gələn saçının tökülməsindən yaranan keçəlliyini ustalıqla dəfnə çələngi ilə örtürdü. O, çox müxtəlif işlərdən yapışanda, onların hamısı bir böyük məqsədə yönəlirdi, ona isə şəksiz sədaqətlə və ardıcıllıqla xidmət edirdi.

Hərbi monarxiyanın banisi olmaqla, o, (Napoleondan fərqli olaraq - müəllif) nə marşal iyerarxiyasının, nə də pretorianların idarəçiliyinin yaranmasına imkan vermədi. Tam harmoniya, bir dövlət xadimi kimi onun fəaliyyətinin əla xüsusiyyətindən ibarət idi.

Hələ sağlığında düşmənlərinin çoxu və hətta dostları da bu fikirdə idi ki, onun belə niyyəti var imiş ki, özünü Roma çarı elan etməyə məcbur etsin".

Qədim yuan tarixçisi və yazıçısı Plutarx (b.e. 45-127-ci illərində yaşamışdır) isə özünün çoxcildlik "Müqayisəli həyat təsvirləri" əsərində Sezarın ölüm səhnəsini qələmə almışdır:

 "Sezarın mübarizəsinin və öldürülməsinin baş verdiyi yer Pompey tərəfindən tikilmiş və onun teatrının yanında olan, gözəl bəzədilmiş binalardan biri idi. Bu binanın içərisində Pompeyin heykəli yerləşirdi. Burada Tulli iki əli ilə Sezarın toqasından tutub, onu boynundan çıxarmaq istədi, bu, hücuma başlamaq siqnalı idi. Kaska birinci olaraq, qılıncını onun peysərinə vurdu, lakin yara dərin və ölümcül deyildi. Görünür, Kaska özünün dəhşətli əməlinin həyasızlığından utanıbmış. Qəsddən xəbəri olmayan senatorlar qorxularından donub, nə qaça, nə Sezarı müdafiə edə, nə də qışqıra bilirdilər. Öldürməyə hazır olan bütün qəsdçilər qınından çıxarılmış qılıncları ilə Sezarı əhatə etdilər, o, dövrəyə alınmış vəhşi heyvan kimi baxışlarını hansı tərəfə dikirdisə, üzünə və gözünə istiqamətlənmiş qılınc zərbələri ilə qarşılaşırdı. Çünki qərara alınmışdı ki, bütün qəsdçilər qətldə iştirak etməlidir və elə bil ki, onların hər biri qurbanın qanını dadmalı idi. Ona görə də Brut (söhbət Mark Brutdan gedir - müəllif) Sezarın xayasına zərbə vurdu, bir sıra yazıçılar söyləyirlər ki, qəsdçilərdən qorunmaq istəyən Sezar ora-bura sıçrayır və qışqırırdı, lakin Brutu yalın qılıncla gördükdə toqqasını başına keçirib, özünü zərbə altına saldı.

Görünür, ya qəsdçilər Sezarın cəsədini Pompeyin heykəlinin oturacağına tərəf itələmişdilər, yaxud da ölənin bədəni təsadüfən ora düşmüşdü. Fikirləşmək olardı ki, Pompeyin özü əleyhdarından qisas almaq üçün gəlib çıxmışdır. Sezar yaralarla örtülmüş şəkildə onun ayaqlarının yanında sərilmişdi. Xəbər verildiyinə görə, ona 23 yara vurulmuşdu".

Bəziləri isə yazırdılar ki, oğlu kimi münasibət bəslədiyi Brutun ona zərbə vurduğunu gördükdə, Sezar dəhşətə gəlib demişdi: "Et tu, Brut?" - "Səndəmi, Brut?" Brutun ona xəyanət edəcəyini o, heç cür gözləmədiyindən, bu qısa ifadəni dilinə gətirmirdi.

Sezarın yaxın silahdaşı Mark Antoni Forumda (bəzilərinə görə, Mars çölündə) ölənin cəsədi yandırıldıqda əlində tutduğu mulyajda bu yaraların sayına uyğun gələn deşikləri xalqa göstərmişdi. Həm də sui-qəsdçilərə olan qəzəbi qızışdırmaq üçün elan etmişdi ki, Sezar, özünün miras qalmış vəsaitinin yarısının xalqa paylanmasını vəsiyyət etmişdir. Bu qəfləti maddi qazancdan cuşa gələn plebeylər qəsdçilərdən qisas alınmasını tələb etmişdilər.

B.e.ə. 43-cü ildə isə Makedoniyadakı Filippidə gedən döyüşdə triumvirlər Mark Antoni və Oktavi, Sezarın qatilləri üzərində qələbə çaldılar. Qətlin əsas təşkilatçıları olan Qay Kaska və Mark Brut məğlubiyyətə görə intihar etdilər. Ümumiyyətlə, Sezarın qətlinin bütün iştirakçıları - sui-qəsdçilər çox keçməmiş həyatı tərk etdilər və onlardan heç biri sağ qalmadı.

Sezarın əleyhdarları olan Kiçik Katon və böyük natiq Siseron da b.e.ə. 43-cü ildə öldülər. Katon Şimali Afrikada, Utika şəhəri yaxınlığında düşmənə təslim olmamaq üçün özünü öldürdü, Siseron isə Mark Antoninin göndərdiyi qulun qılınc zərbəsi ilə həyatla vidalaşdı.

lll

Qay Yuli Sezar öz mənşəyini ilahiləşdirməyə də cəhd etmişdi. O, həqiqətən də, tanınmış patritsi nəslindən idi, bu nəsil Yulilər adlanırdı. Guya bu nəslin əcdadı ilahə Veneranın nəvəsi Eneyin oğlu Yuli idi. Sezarın siyasi və hərbi uğurları çoxaldıqca, onun ilahi mənşəyinə olan şübhə müvafiq olaraq azalırdı.

Yuli Sezar b.e.ə. 100-cü ildə anadan olmuşdu. Həmin il romalılar Marinin komandanlığı altında tevtonların və kimvrlərin basqınını dəf etmişdilər.

Qay Yulinin xalası Yuliya həmin sərkərdənin arvadı idi. Qayın 16 yaşı olanda onu Marinin silahdaşı olan Korneli Tsinnanın qızına evləndirdilər. Mari və onun yaxını ilə qohumluq gənc oğlana parlaq gələcək vəd edirdi. Lakin Sezarın bəxti gətirmədi, diktator Sullanın hakimiyyətə gəlməsi ilə onun nüfuzlu havadarlarının qüdrətinə son qoyuldu.

Sulla vaxtilə Afrikada, Numudiya çarı Yuqurtaya qarşı müharibədə öz komandanı olmuş Mariyə nifrətlə yanaşırdı. Sulla vaxtilə gənc Pompeyin öz şərəfinə triumf təşkil edilməsi tələbinə də istehza ilə yanaşdıqda, Pompey ona kəskin "Qədimdən insanlar batan günəşə deyil, çıxan günəşə sitayiş edirdilər" cavabını vermiş, Sullanı batan, özünü isə çıxan günəşə bənzətmişdi.

Mariyə qarşı isə onun əvvəlki zabiti olan Sulla amansız düşmənə çevrilmişdi. Ona görə də Sezardan tələb etdi ki, arvadının atasının Mariylə yaxınlığına görə onu boşasın. Sezar bu tələbi rədd etdikdə, Sulla onun əlindən arvadının cehizlərini aldı və onu ata irsindən məhrum etdi. Sezarın həyatı da təhlükədə idi. Diktator Sullanın icad etdiyi "proskripsiya siyahısına" düşənlər məhv edilirdi. Sezar da diktatorun qəzəbindən xilas ola bilməzdi. Ona görə də gizlənməyə məcbur oldu, hər gecə öz sığınacağını dəyişirdi. XX əsrin ikinci yarısında Fələstin azadlıq hərəkatının lideri Yasir Ərəfat da İsrailin "Mossad"ının qəsdindən qorunmaq üçün hər gün ayrı-ayrı yerlərdə gecələyirdi.

Sezar öz tanışları hesabına məhv olmaqdan xilas ola bildi. Onlardan bəziləri Sullaya yaxın olduğundan, diktatoru dilə tutdular ki, onu ölümə məhkum etməsin. Çünki Sulla heç kəsə mərhəmət göstərmirdi, çox sayda senatoru da məhv etmişdi. Öz hərəkətinə haqq qazandırmaq üçün senatda eybəcər bir misal da çəkmişdi. Əkinçi sahəsini şumlayanda, birə onu dişləməyə başladı. O, işini dayandırıb, paltarını soyunub, çırpdı. Birə yenə öz işini görməkdə davam etdiyindən, o, yenidən paltarını soyunub, birədən qorunmaq üçün çırpıb, təkrarən geyindi. Lakin birə onu dişləməkdə davam edirdi. Onda hirslənən əkinçi paltarını çıxarıb, ocaqda yandırdı. Misala əsaslanaraq dedi ki, mən də düşmənlərimi beləcə məhv edəcəyəm.

Sulla Sezar barədə xahiş edənlərin səfehliyinə gülüb demişdi ki, onlar başa düşmürlər ki, "bu oğlan uşağında yüzlərlə Mari gizlənir". Lakin Sezarı ağır cəzalandırmadı, ona aman verməyi qərara aldı. Lakin Sullanın onun barəsində dediyi sözlər ona çatdırılanda, Sezar İtaliyanı tərk etməyə məcbur oldu.

Kiçik Asiyada, Vifiniyada Sezar bir müddət Roma ordusunda xidmət etdi. Orada guya onun ölkənin hökmdarı Nikomedlə intim yaxınlığı barədə dolaşan şayiə ömrü boyu onu müşayiət etmiş, əxlaqının qüsurlarını təsdiq edən bir amilə çevrilmişdi. Sonralar onun əleyhdarlar deyirdilər ki, Sezar bütün arvadların əri, bütün kişilərin arvadı olmuşdur.

O, xeyli macəraları da yaşamalı olmuşdu. Bir dəfə dəniz quldurları onu əsir götürmüş, yalnız girov pulu hesabına xilas ola bilmişdi. Azad olandan sonra o, dəniz quldurlarından qisas almaq üçün bir neçə hərbi gəmi təşkil edib, onların arxasına düşdü. Onları tutub, verdiyi pulları geri aldı. Sonra o, heç bir məhkəmə hökmü olmadan quldurları çarmıxa çəkdi.

Sezar Romaya qayıdanda Sulla artıq sağ deyildi. İki ilə qədər diktatorluq edən Sulla könüllü olaraq vəzifəsindən getmiş və istirahət vaxtı ölmüşdü. Lakin ondan qorxu hələ qaldığından, Sezar Romaya qayıtmağa cəsarət etmirdi. Ona görə də yunanların Rodos adasına getdi ki, orada natiqlik sənətinə yiyələnsin. Həmin dövrün Romasında siyasi fəaliyyətdə uğur qazanmaq üçün bəlağətli çıxış etmək mühüm vasitə hesab olunurdu. Böyük natiq Siseron da güclü nitq qabiliyyətinə yiyələnməyə Yunanıstanda nail olmuşdu. Sezar həmin adada Siserona müəllimlik etmiş Apolloniya Molondan dərs almışdı. Gərgin əmək öz nəticəsini verdi, onun bəlağətli çıxışlarına müasirləri heyran qalırdılar. Onu o qədər də sevməyən Siseron da Sezarın qabiliyyəti barədə laqeyd qala bilməyib, onun iti, yığcam və ifadəli nitqə malik olduğunu etiraf edirdi.

Sullanın ölümündən sonra onun əleyhdarı Romada diktatura rejiminə qarşı üsyan qaldırdılar. Bundan Sezar özünün vətənə qayıtması şansı kimi istifadə etdi. Lakin anasının məsləhəti ilə üsyanda iştirak etmədi və əvvəldən gözlənilən kimi, üsyan məğlubiyyətlə nəticələndi.

Sezar cəsarətlə aristokrat partiyasının rəhbərliyini məhkəməyə cəlb etməklə, xalqın məhəbbətini qazandı. Populyarlığa can atdığına görə o, hamı ilə mehriban davranırdı, zəngin qonaqlıqlar təşkil edir, o qədər də çox olmayan pulunu bu məqsəd üçün xərcləməkdən çəkinmirdi.

(Ardı var)

 





30.12.2022    çap et  çap et