525.Az

“Deyirdi ki, əgər şəhid olsam, oğlum adımı daşısın”


 

“Deyirdi ki, əgər şəhid olsam, oğlum adımı daşısın”<b style="color:red"></b>

Pərvin Həmidov 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-cı ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb. 2019-cu ilin dekabr ayında Tərtər rayonun “N” saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb.
 
Şəhidin həyat yoldaşı Həmidova Günay xanım deyir ki, onlar Pərvinlə təsadüfdən tanış olublar:  “Bir neçə ay nişanlı qaldıq, daha sonra toyumuz oldu. İki övladımız var. Oğlumuz Pərvin və qızımız Nilay. Böyük arzusu idi ki, qızı həkim olsun. Həmişə deyirdi oğlumuz polis olacaq, Vətənə xidmət edəcək.
 
O daha çox məlumatlı idi, hərbiyə girdiyi ilk gündən dilindən çıxan kəlmə, “Mən şəhid olacağam!” idi. Deyirdi ki, əgər şəhid olsam, oğlum adımı daşısın. Bu, onun vəsiyyəti idi. Mütamadi təlimlərə qatılırdı, heç vaxt təlim keçdiyi yerləri bizə demirdi. Həmişə mənə deyirdi ki, narahat olma, mən araxadayam, sən demə ən qabaqada bu imiş... Həmişə deyirdi ki, torpaqlar alınacaq, sizi oralara aparacağam.
 
Müharibədə minamyot atıblar yıxılıb, qolu qırılmışdı. Xəstəxanda olub, amma evə deməyib. Ordan qayıdıb yenidən hərbi xidmətə. O, Vətəninə, millətinə çox bağlı idi.
 
Müharibə başlamamışdan qabaq Tərtərdə ev tutmuşduq, kirayədə qalırdıq. Təqribən 2 ay qaldıq. Həmin vaxt Pərvin Tərtər şəhəri “N” saylı hərbi hissədə qulluq edirdi. 26 sentyabrda mənə dedi ki, atanı çağır gəlib sizi aparsın. Bizi artıq Vətən çağırır, getməliyik. 26-sı günü axşam üstü saat 6-7 olardı, atam gəlib bizi apardı Mingəçevir şəhərinə. Ondan çox narahat idim..
 
Pərvin şəhid olduğu günə kimi əlaqəmiz vardı. O, həmişə deyirdi ki, vəziyyət çox yaxşıdır, narahat olmayın! Mənə tapşırdı ki, uşaqları qoru,
onlardan muğayat ol. Deyirdi, birdən mən şəhid olsam, oğlum adımı daşısın, sən də ağlama, başını dik tut!
 
Hərbçi yoldaşları maşının vurulma anın danışırdılar. Deyirlər ki, üç maşın gedirmişlər, Pərvin Uralın arxa qapısını açanda minamyotla bu maşını vurublar. Boynundan qəlpə yarası alaraq şəhid olub yoldaşım... (Red.. ağlayır)
 
Pərvin işə düzələn gün böyük bir şəklini çıxartmışdılar. Anam dedi ki, bu şəkil nə üçündür, bala? Dedi, bibi, vaxtı gələndə lazım olacaq, bu şəkli də vuracaqlar. Bu yolda ya qazi, ya şəhid olmaq var. Ancaq mən şəhid olacağam!
 
Biz bir oktyabra kimi danışmışıq. Şəhid olmamışdan 1 saat qabaq son dəfə danışdıq. Dedilər ki, narahat olma qolundan yaralıdı, gətirirlər. Hardasa, 2 gün qayınatamgildə qaldım. Gördüm camaat çoxalır. Hamı deyirdi ki, qazidir ona görə gəlirlər. 1- 2 oktyabrda bütün xəstəxanlara zəng etdim. Mənə dedilər ki, ola bilsin, itkin düşüb. Bərdədən dedilər ki, Mingəçevirlə əlaqə saxlayın. Gördüm birdən siqnal səsi gəldi, camaat qışqırışdı. Özümdən getdim, ayılanda gördüm ki, tabutu qapıdadır.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərmizə cansağlığı versin. Mən onunla həmişə fəxr etmişəm, sağlığında da, şəhid olandan sonra da!
 
Pərvin Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış Suqovuşan döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 2 oktyabr 2020-ci ildə Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Pərvin Həmidov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
 
Şəhidin adına iki bulaq kompleksi var. Biri  Yevlaxın Beydili kəndində, digəri Mingəçevirdə.
 
Ruhun şad olsun, şəhid qardaşım!


 
 

 





15.12.2022    çap et  çap et