Rusiyanın Ulraynaya qarşı müharibəsi Asiyada da müharibə təhlükəsini artırıb. Artıq bir neçə aydır ki, Tayvan adası ətrafında gərginlik səngimək bilmir və zaman-zaman artır. Dekabrın 25-də Çin Tayvanın hava hücumundan müdafiə sisteminin tanınma zonasına onlarla təyyarə və gəmi göndərib. "Reuters" agentliyinin məlumatına görə, 71 təyyarə və yeddi gəmidən ibarət hərbi qüvvə Tayvan sərhədlərinə yaxınlaşıb. Müşahidəçilərin fikirincə, bu, Çinin Tayvan adası istiqamətinə bu günə kimi göndərdiyi ən böyük hərbi qrupdur. Çinin bu addımına cavab olaraq Tayvan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Çinin Tayvanın sərhədləri yaxılığında Çin ordusunun keçirdiyi hərbi təlim Pekinin Vaşinqtona cavabı kimi dəyərləndirilir. Pekini "əzələ nümayişi"nə vadar edən addımın isə Vaşinqtonun Tayvana hərbi yardım üçün 10 milyard dollar ayırması göstərilir. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Konqressi tərəfindən qəbul olunan 858 milyard dollarlıq hərbi büdcənin 10 milyard dollarını Tayvana hərbi yardım təşkil edir. Tayvanı vahid Çinin bir hissəsi hesab edən Pekin Vaşinqtonun bu addımından qıcıqlanır. Pekin Vaşinqtonu Tayvan separatçılığını dəstəkləməkdə və vahid Çin prinsipinə əməl etməməkdə ittiham edir. ABŞ Tayvanın müstəqilliyini tanımır və vahid Çin formulun qəbul edir. Lakin Pekinin zorakı yolla Tayvanı nəzarət altına almasına qarşıdır. Buna görə də Tayvana dəstək verir. Avqust ayında ABŞ Konqressinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərək Vaşinqtonun adaya dəstəyini nümayiş etdirmişdi.
Vaşinqtonda ehtiyat edirlər ki, Çin Rusiyanın Ukraynaya hücum ssenarisindən istifadə etmək niyyətinə düşə və Tayvana qarşı hərbi əməliyyata başlaya bilər. Çin rəsmiləri bu iddianı rədd edir.
Tayvan adası ətrafında olduğu kimi, Koreya yarmadası ətrafında da gərginlik artır. Şimali Koreyaya məxsus Pilotsuz Uçuş Aparatları Cənubi Koreyanın hava məkanını keçib. Cənubi Koreya ölkənin hava məkanına daxil olan PUA-lara qarşı xəbərdarlıq atəşi açıb.
Göründüyü kimi, Avropadakı müharibənin əks-sədası artıq Asiyada eşidilməkdədir. Rusiyanın Ukraynaya qarşı müharibəsi şiddətləndikcə Asiyada da vəziyyət gərginləşəcək. Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığı da prosesə mənfi təsir edəcək. Rusiya ilə əməkdaşlıqdan daha da cəsarətlənən Şimali Koreyanın daha təcavüzkar olacağı şübahəsizdir. ABŞ-ın bütün diqqətinin Ukraynaya yardıma və Rusiyanın təcüvüzünün qarşısının alınmasına yönəlməsi Çinin Asiyada "əl-qolu"nu açır. Aydın görürünür ki, Avropada müharibə şidətləndikcə Asiyada da müharibə ehtimalı artır.