525.Az

Qəbul imtahanlarının məzmununda önəmli yeniliklər


 

VƏTƏN MÜHARİBƏSİ VƏ AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏKİ BƏRPA-QURUCULUQ PROSESİ İLƏ BAĞLI MÖVZULARA TAPŞIRIQLARDA XÜSUSİ YER VERİLƏCƏK

Qəbul imtahanlarının məzmununda önəmli yeniliklər<b style="color:red"></b>

Bir müddət öncə Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək buraxılış və qəbul imtahanların tarixlərini açıqlayıb.

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin, sınaq imtahanlarının tarixləri də elan olunub.

2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin, qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib.

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsi, iqtisadi rayonların yeni bölgüsü və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na aid materialları təqdim edib.

DİM-dən bildirilib ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair bilgilər almayıblar.

Qeyd olunub ki, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar bu material əsasında tərtib ediləcək:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Oтечественная война за Гарабаг (Вторая Гарабагская война) и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”,  Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Şirvan-Salyan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Gəncə-Daşkəsən.

Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar respublikanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı istifadədə olan dərsliklərdən bilgilər almadıqlarından, onlara dair II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında coğrafiya fənnindən istifadəsi nəzərdə tutulan tapşırıqlar bu material əsasında tərtib ediləcək:

Azərbaycan Respublikasının iqtisadi rayonları və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Экономические районы Азербайджанской Республики и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”.

Materiallar həm də 2023-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dediyinə görə, imtahanların məzmun və məqsədində müəyyən dəyişikliklərlə bağlı çox ciddi addımlar atıldığı üçün imtahanın tədris ili başa çatmamış keçirilməsində heç bir problem yoxdur: "2017-ci ildən başlayaraq IX, 2019-cu ildən isə XI sinfi yeni kurikulumla bitirənlər imtahan vaxtına çatıb. Məqsədimiz şagirdlərin nə qədər bilik topladıqlarını yox, eyni zamanda, hansı bacarıqlara sahib olduqlarını öyrənməkdir. Belə hallarda bunu yoxlamaq üçün tədris ilinin başa çatmağını gözləmək lazım deyil. Bizim yoxladığımız bacarıqlar IX sinfə qədər formalaşmalıdır. Təbii ki, biliyin yoxlanılması da var. Amma orda imtahan nə vaxt keçirilirsə, mövzular da həmin dövrə qədərki hissələrdən salınır. İlin sonundakı mövzuları isə qəbul imtahanlarında yoxlayırıq. Bizə hökumət tərəfindən qoyulan tapşırıq yeni kurikulumun şagirdlərdə bacarıqları hansı səviyyəsə formalaşdırdığını müəyyənləşdirməkdir. Oxuyub anlamaq, öz fikrini bildirmək, öz fikrini yazmaq bacarıqları XI sinfin mart ayına qədər şagirddə formalaşmayıbsa, iyuna qədər də formalaşmayacaq".

DİM sədri vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin sayı artırıla bilər: “Məlumat üçün bildirim ki, yoxlamalar onlayn aparılır. Hər bir marker evlərində sualı yoxlayıb, cavabı göndərir. Öz işinə, biliyinə güvənən insanlar marker kimi bizə qoşula bilərlər. Təbii ki, hər adamı da marker kimi işə qəbul etmirik. İş prosesində belə biz onları yoxlayırıq. Məsələn, 50 sualı yoxlayan marker ola bilər ki, 51-ci suala düzgün cavab verməsə, onun yoxladığı digər sualları yenidən başqa markerə yönləndiririk. Bu, kütləvi prosesdir. Milyonlarla sual dəqiq yoxlanılır. Heç kim deyə bilməz ki, sualı düzgün yoxlanılmayıb. Bu prosesi şəffaf apararaq hamıya cavab verməliyik. Ya da tam qapalı olaraq 10 gün ərzində yoxlayıb cavab verməli və müraciətləri də cavabsız qoymalıyıq. Axı biz bu yolu seçməmişik. İstər-istəməz də yoxlamalara vaxt gedir. Keyfiyyət kifayət qədər vaxt və büdcə tələb edir. Allaha şükür indi tariflər dəyişib. Bu, bizim markerlərimizə verilən məvaciblərin də artırılmasına gətirib çıxaracaq. Bizim indi daha çox insanı işə cəlb etmək imkanımız yaranıb. Ola bilsin bir ildən sonra markerlərimizin sayı 10 min oldu".

Məleykə Abbaszadə buraxılış imtahanlarının erkən keçirilməsinə görə şagirdlərin davamiyyətinin aşağı düşməsi məsələsinə münasibət bildirib. O deyib ki, şagirdlər dərs ilinin sonuna qədər məktəbə getməlidir:

“Çünki mövzular var və tədris davam edir. Həmin mövzular da qəbul imtahanlarında istifadə edilir. Buna görə də şagird o mövzuları mənimsəməlidir. Digər tərəfdən, hər imtahandan sonra yazı işlərinin yoxlanılması bir ay, ay yarım vaxt tələb edir. İmtahanlarda yeni format olduğu üçün apellyasiya prosesini uzatmışıq. Bilirsiniz ki, hər şey tam şəffafdır. İştirakçı nə yazıbsa, həmin dəqiqə DİM-in saytına da yerləşdiririk. Məsələ bundadır ki, abituriyent nə yazdığını oxumadan apellyasiyaya müraciət edir. Onların sayı 70 faiz təşkil edir. Biz isə bütün müraciətlərə yenidən baxmağa məcburuq. Çünki abituriyent müraciət edəndə onun işi avtomatik olaraq koddan çıxır və araşdırılır. Təsəvvür edirsinizmi bunun üçün nə qədər vaxt tələb olunur?! Bəzən elə olur ki, abituriyentin vərəqi boşdur və bir söz belə yazmayıb. Amma müraciət edir ki, bunu yenidən yoxlayın. Cavab verməyəndə də deyirlər ki, bizə cavab verilmədi. Biz də bilmirik həmin vərəqdə nə var. Məsələn, min dənə boş vərəq var, lakin müraciət edən şəxsin vərəqinin onların arasında olub-olmadığını müəyyənləşdirmək üçün məcbur olub yenidən baxırıq. Biz ona görə prosesi bu şəkildə aparırıq ki, yeni imtahanlara inam yaradaq. Apellyasiyanın şərtlərini daha da sərtləşdirib, vərəqi boş olan abituriyentlə əlaqə saxlayıb bu barədə onlara məlumat verməsək, vaxta qənaət etmiş olarıq”.

Məleykə Abbaszadənin sözlərinə əsasən, rəsmi nəticənin təsdiqlənməsi o zaman mümkündür ki, bütün apellyasiyaların cavabları araşdırılsın: “Burada bir məsələ də var. Bizim hazırda 5000-dən çox markerimiz var. Onların sayı nə qədər çox olsa, onda ola bilsin ki, bu vaxt da azala bilər”.

O əlavə edib ki, müşahidələr göstərir ki, ixtisas seçimi çox erkən yaşda aparılanda, uşaqlar kimlərinsə təsiri altına düşür. Çox zaman valideynlərin təzyiqi altında sevmədikləri ixtisası seçir və yaxşı karyera qura bilmirlər: “DİM Son 3 ildə bu istiqamətdə xüsusi bir metodika hazırlayıb. Bu metodika erkən yaşda şəxsin hansı istiqamətdə təhsil alarsa, uğurlu karyera quracağını müəyyənləşdirməyə imkan verir. Bunun üçün sorğular toplanıb və bir neçə nazirliklə 15-17 yaşlı uşaqlar arasında bu metodikanın tətbiqinə başlanılıb. Biz təbii ki, bu üsulla sadəcə məsləhət verə bilərik. Lakin bununla uşaqlara gələcək karyeralarını yaxşı qurmaları üçün düzgün istiqamət vermək olar".

Sevinc QARAYEVA
 

 





04.01.2023    çap et  çap et