525.Az

Şuşaya həsr olunmuş “270-ci səhifə” sənədli filmini artıq yutubda izləmək mümkündür


 

Şuşaya həsr olunmuş “270-ci səhifə” sənədli filmini artıq yutubda izləmək mümkündür<b style="color:red"></b>

Ötən il ictimaiyyətə təqdim edilən Şuşaya həsr olunmuş “270-ci səhifə” sənədli filmini artıq yutubda izləmək mümkündür.

525.az xəbər verir ki, film tam olaraq Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəsmi yutub səhifəsinə yerləşdirilib.

Qeyd edək ki, əsas məqsədi işğal dövründə Azərbaycanın dilbər güşəsi Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan “270-ci səhifə” sənədli filmdə şəhərdə işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır. Qarabağımızın mirvarisi Şuşa şəhəri 2022-ci ildə 270 yaşını qeyd etdiyinə görə film də rəmzi olaraq “270-ci səhifə“ adlanır.

Filmin yaradıcıları hesab edirlər ki, Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır və film boyu bu kitab 270-ci səhifəyə qədər vərəqlənir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.

Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı jurnalist), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olub. “270-ci səhifə“ sənədli filmi bu layihə çərçivəsində hazırlanıb.

 

 

 





05.01.2023    çap et  çap et