525.Az

"Aqos"un müxbirinin yeni kəşfləri


 

"Aqos"un müxbirinin yeni kəşfləri<b style="color:red"></b>

Son zamanlar beynəlxalq aləmdə gedən mürəkkəb geosiyasi proseslərin fonunda rəsmi Bakı müstəqil və səmərəli xarici siyasəti ilə qlobal miqyasda diqqəti daha çox cəlb edir. Ölkənin sosial-iqtisadi, mədəni, energetik inkişafı davam edir. Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq modelləri peşəkar siyasi dairələrdə alqışlanır.

Bunların fonunda ölkəyə qara yaxmağa, onu uydurma məsələlərdə ittiham etməyə cəhd edənlər də tapılır. Təəssüf ki, onların sırasında "sapı özümüzdən olan baltalar" da vardır. Bu günlərdə həmin kateqoriyadan olan bir azərbaycanlı jurnalistin "Əl-Cəzirə" televiziyasının saytında məqaləsi yerləşdirilib. Azərbaycana qarşı növbəti "qara piar" kampaniyası aparıldığını nəzərə alaraq, böhtan dolu bu yazıya münasibət bildirmək qərarına gəldik.

Azərbaycanlını "Aqos"a aparan yol

Vətəndaş olmaq məsuliyyət tələb edir. İnsan mənsub olduğu xalqın marağını gözləməlidir. Ali təhsil alanların məsuliyyəti daha çoxdur. Çünki onlar intellektləri ilə ölkənin, xalqın, dövlətin maraqlarını dünyanın hər yerində qorumaq imkanına malikdirlər. Təəssüf ki, Arzu Qeybullayeva haqqında bunları demək çox çətindir.

Bu xanım hazırda Türkiyədə yaşayır. "Aqos" erməni qəzetində çalışır. "Əl-Cəzirə"də vətəndaşı olduğu ölkə haqqında yazısını dərc etdirib.

Məlumat üçün deyək ki, A.Qeybullayeva bir vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru olmuş Qeybulla Qeybullayevin qızıdır. Tutduğu vəzifədən çıxarıldıqdan sonra o, bir müddət Türkiyədə işləyib.

A.Qeybullayevanın məqaləsində Azərbaycanla bağlı yazdıqları bütünlüklə birtərəfli və qərəzli yanaşmanın məhsuludur. Hər şeydən əvvəl, unutmayaq ki, "Əl-Cəzirə" kimlərə xidmət edir. Bu media qurumunun sahibini A.Qeybullayeva, yəqin ki, yaxşı tanıyır. Təsadüfi deyil ki, bəzi müsəlman ölkələri "Əl-Cəzirə"nin fəaliyyətini dayandırıb. Onun Azərbaycanla bağlı yaydığı hər hansı informasiyanın obyektivliyinə inanmaq çox çətindir. A.Qeybullayevanın məqaləsi bunun əyani təsdiqidir.

Həmin yazıda müəllif Avropa İttifaqının genişlənməsinə məsul Ştefan Fülenin dediklərini əsas arqument kimi gətirir. Bu cənab 2011-ci ildə "Ərəb baharı" kontekstində deyibmiş ki, Qərb diktatorları deyil, demokratları dəstəkləməlidir. Aİ-nin məmuru kimi Ş.Füle siyasi məqsədlərə uyğun hərəkət edir. Həmin dövrdə onun belə danışması özünütənqiddən çox, Aİ-nin geosiyasi nüfuzunu qorumaq xatirinə deyilmişdi. Çünki, birincisi, Fülenin diktator adlandırdıqlarını başda ABŞ olmaqla Qərbin özü hakimiyyətə gətirmişdi; ikincisi, cənab Fülenin özü Misirdə demokratik yolla seçilən prezidenti yox, çevriliş yolu ilə hakimiyyətə gələn şəxsi dəstəklədi. Bu cür reveranslar fülelər və onlara qulluq edən arzu qeybullayevalar, leyla yunuslar və o dairədən olanların siyasi riyakarlıq, yaltaqlıq, ağalarına xoş gəlmək üçün dəridən-qabıqdan çıxmaqlarını təsdiq edir. Heyif, A.Qeybullayeva gəncliyini bu cür saxta işlərə qurban vermiş olur.

Qərəzli arqument əsasında 2011-ci ildəki ərəb hadisələrindən 2014-cü ildə Azərbaycanda baş verənlərə nəzər salmaq qərəzli və yanlış fikirlərə aparıb çıxarır. Burada ölkənin əldə etdiyi bütün nailiyyətlər düşmən marağı kontekstində təqdim edilir. Məsələn, Azərbaycanın AŞPA-nın Nazirlər Komitəsinə sədr seçilməsindən təşvişə düşən bir sıra dairələrin iradlarını A.Qeybullayeva dilə gətirir. Guya ölkədə insan haqları pozulur, "siyasi məhbuslar" var, vətəndaşlar haqsız məhkəmələrə çəkilirlər və s. Burada hansı məqsədin güdüldüyü gün kimi aydındır.

Yalan və riyakarlıq: Vətənin qəbul etmədiyi şeylər

Ermənilər və onlara havadar olan bəzi qeyri-ermənilər Azərbaycanın beynəlxalq miqyasda və daxili siyasətdə qazandığı uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Çünki Azərbaycan diplomatiyası Ermənistanı dünyada çox aciz vəziyyətə salıb. Prezident İlham Əliyevin AŞPA-nın son sessiyasındakı məntiqli, real arqumentlərlə zəngin və inamlı çıxışında səsləndirdiyi fikirlər bunu tam təsdiq edir.

Orada cənab Prezidentin iclas zalına gətirilmiş "sapı özümüzdən olan baltalara" çox təmkinli reaksiya verməsi, üstəlik qıcıqlandırıcı, qərəzli sualları müdrikcəsinə cavablandırması bəzi dairələri pis vəziyyətə saldı. A.Qeybullayevanın məhz "Əl-Cəzirə"də məkrlə dolu məqalə ilə çıxış etməsi bu kontekstdə heç də təsadüfi görünmür.

Yeri gəlmişkən, müəllifin seçilməsi də təsadüfi görünmür. A.Qeybullayeva yeganə azərbaycanlıdır ki, "Aqos"da çalışır. Özü etiraf edir ki, "kollektiv mehribandır", "ona qarşı heç kim sərt davranmır" (bax: Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: "Burda mehriban komanda var" / "Modern.az", 27 mart 2014). Niyə davransınlar ki? Azərbaycan vətəndaşı öz ölkəsi əleyhinə fikirlər yazırsa, "həpimiz Hrant Dinkiq", "həpimiz erməniyik" deyənlərlə bir sırada durursa, ona qarşı çox mülayim olacaqlar! Sədaqətli qullara hər yerdə diqqət olur. Ancaq satılmışları heç kim sonadək müdafiə etmir – onlardan bir müddət istifadə edib sonda bayıra atırlar. Vətən isə belələrini heç zaman bağışlamır.

A.Qeybullayeva məqaləsində Avropa Şurasından da çox yazır. Lakin bu təşkilat Azərbaycana qarşı heç də həmişə obyektiv mövqe tutmur. Məsələn, Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması ilə bağlı mövqe nümayiş etdirməyib. Amma bu il aprelin 9-da qəbul etdiyi qətnamədə Rusiyaya "işğalçı" dedi və onun qarşısında Ukrayna ərazisindən çıxmaq tələbini qoydu, eyni zamanda, Rusiyanın AŞPA-da nümayəndə heyətinə sanksiya tətbiq etdi.

Bəs nəyə görə Ermənistana qarşı bu cür qətiyyətli mövqe tutulmur? Azərbaycanın haqlı tələblərinə niyə diqqət yetirilmir? Bu sualların cavabını bilirik və A.Qeybullayeva yazdığı cızma-qara ilə özünü mütəxəssis kimi yox, düşmən düşərgəsində məskunlaşmış qul kimi təqdim edir. Onun müdafiə etməyə çalışdığı Leyla Yunus da özü kimi kölə və quldur. Hər ikisinin sahibi bəllidir və hansı məqsədlərə xidmət etdikləri də məlumdur.

Əslində, A.Qeybullayeva kimilərinin yazılarına məhəl qoymamaq da olardı. Lakin hazırda Azərbaycana qarşı bəzi dairələrin diş qıcaması, ölkənin daxili işlərinə qarışmağa cəhd etməsi fonunda belə məqalələrin haradan sifariş edildiyini bəzən insanlara anlatmağa ehtiyac duyulur. Amma bilsinlər ki, sifarişli formada dərc etdirilən bu kimi məqalələr bu gün dünyada nüfuzu günü-gündən artan Azərbaycanın fonunda demək olar ki, görünmür.

Azərbaycan BMT TŞ-yə sədrlik edəndə, "Avroviziya" beynəlxalq mahnı müsabiqəsini keçirəndə, ilk Avropa olimpiya oyunlarına ev sahibliyi etmək haqqını qazananda da eyni reaksiyanı gördük. İndi Bakı AŞPA-da sədrlik edir. Postsovet məkanı ölkələrinin böyük əksəriyyəti geosiyasi ziddiyyətlərdə çapaladığı, iqtisadi tənəzzül yaşadığı bir mərhələdə Azərbaycanı qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısı kimi qəbul edir, onun sosial-iqtisadi inkişafını etiraf edir, daxili sabitliyi saxlamasını yüksək qiymətləndirirlər. Bəs Arzu Qeybullayevaya nə düşüb? Görünür, "Aqos"da işləməyin müəyyən şərtləri mövcuddur.

Nəhayət, A.Qeybullayeva Qərbin enerji təhlükəsizliyinə insan haqlarını qurban verdiyini məqalədə tez-tez təkrarlayır. Əvvəla, eyni fikri Qərbin siyasi dairələri və jurnalistlər tez-tez Yaxın Şərqlə bağlı söyləyirlər. Özü də bu, həmin regionda iğtişaşların vüsət aldığı bir ərəfədə müşahidə edilib. Bəlkə, A.Qeybullayeva nəsə eşidib? Ancaq hamı bilməlidir – Azərbaycanda xalqla hakimiyyət birliyi möhkəmdir, sarsılmazdır və bu cəmiyyət öz liderini həmişə müdafiə edəcək!

Sonra, enerji təhlükəsizliyinin təmini insan haqlarını qorumağın ən güclü vasitəsidir. Çünki Azərbaycan bu sahəyə öz töhfəsini verirsə, deməli, Qərbdə yaşayan yüz milyonlarla insanın yaşamaq haqqına qəsd edənlərin qarşısını alır, dünyada sülh, barış, inkişaf, iqtisadi tərəqqi və faydalı əməkdaşlığın bərqərar olmasında mühüm rol oynayır.

Ruh aləminə müraciət edərək fikir söyləmək A.Qeybullayeva üçün belə vacib hesab edilirsə, yaxşı olardı ki, bir zəhmət çəkib rəhmətlik atasının ruhuna hörmət əlaməti olaraq, onun Azərbaycanda keçdiyi həyat yoluna nəzər salaydı, onun nitqlərindən, çıxışlarından sitatlar gətirəydi. "Aqos"da işləyəndən sonra dinini də dəyişməyib ki... Amma o bunu etmir, ya edə bilmir. Deyəsən, artıq onun özünün ruhu şikəst olub.

Newtimes.az

 





02.07.2014    çap et  çap et