525.Az

Fransanın fiaskosu, Azərbaycanın növbəti diplomatik qələbəsi 


 

ELÇİN MİRZƏBƏYLİ: "MAKRON BÜTÜN GÜCÜNÜ ORTAYA QOYARAQ, YENİ İL ÖNCƏSİ ERMƏNİSTANI MÜKAFATLANDIRMAQ, AZƏRBAYCANI "CƏZALANDIRMAQ" İSTƏYİRDİ"

Fransanın fiaskosu, Azərbaycanın növbəti diplomatik qələbəsi <b style="color:red"></b>

Fransanın 30 ilə yaxın davam edən torpaqlarımızın işğal zamanı Ermənistanın yanında olması, separatizmə dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımları, İkinci Qarabağ müharibəsi zamanı işğalçıya açıq şəkildə haqq qazandırması bu dövlətin Azərbaycana qarşı qərəzini göstərən faktlardır. Təəssüf ki, Paris müharibədən sonra da öz pozucu və riyakar siyasətini davam etdirərək Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına hər cür əngəl törətməyə çalışır. Bununla da regionda sülhə deyil, gərginliyə, yeni müharibəyə xidmət etdiyini göstərir. Amma ötən ilin sonunda Paris bütün cəhdlərinə rəğmən, beynəlxalq aləmdə Azərbaycan diplomatiyası qarşısında fiaskoya uğradı. Belə ki, dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Məlumat üçün bildirək ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə "Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Bu müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. Həmin vaxt buna nail olmadılar. 44 günlük müharibə zamanı da oxşar cəhdlər edildi. BMT TŞ-nın məlum 4 qətnaməsi olduğu halda 30 ilə yaxın dövr ərzində qurumda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bir dəfə də olsun toplantının keçirilməməsi haqsızlıq, ikili yanaşmanın göstəricisi idi. Buna imkan verməyən dövlətlərdən biri də məhz riyakar Fransa idi.

20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Sənədin mətni üzərində diplomatik mübarizə 10 gün davam edib. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı məkrli işlərin aparıldığına eyham vurub, bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan edib. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Amma sözün əsl mənasında Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri olan Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə hazırlanmış bəyanatdan "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu.

Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn BMT TŞ qaydalarına uyğun olaraq yenidən sükut proseduruna qoyulub. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir, irad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi. Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf ediblər.

Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycan növbəti və mühüm qələbə qazandı.

Mövzunu şərh edən siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zaman BMT Təhlükəsizlik Şurasının daimi üzvü və artıq "ömrünü başa vurmuş" ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa müxtəlif diplomatik vasitələrlə, ikili oyunlarla Şuranın Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələrinin icrasına mane olmağa çalışır, hər iki təsisatdakı mandatından sui-istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərinin əleyhinə çıxış edirdi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibənin ilk günlərindən başlayaraq Fransa özünün uğursuz lideri Emmanuel Makronun timsalında ölkəmizə qarşı qərəzli və aqressiv mövqeyini daha açıq müstəviyə keçirdi, həm BMT Təhlükəsizlik Şurasında, həm də digər beynəlxalq platformalarda ölkəmizin əleyhinə təzyiq xarakterli sənədlərin qəbul edilməsinə dəfələrlə cəhd göstərdi, lakin buna nail olmadı. O qeyd edib ki, Fransa daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasında növbəti dəfə rüsvayçı məğlubiyyətə uğramaqla yanaşı, Azərbaycanın növbəti parlaq qələbəsinə şahidlik etməklə kifayətlənməli oldu: "Makron bütün gücünü və imkanlarını ortaya qoyaraq, yeni il öncəsi Ermənistanı mükafatlandırmaq, Azərbaycanı isə "cəzalandırmaq" istəyirdi. Nəticədə isə BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa 10 gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçı məğlubiyyətə uğratdı. Azərbaycanın özünü qlobal miqyasda büruzə verən gücünün, qətiyyətli və prinsipial mövqeyinin və əldə etdiyi nəticəsinin sirri, şübhəsiz ki, Prezident İlham Əliyevin iti zəkasında, xarakterində, yüksəl diplomatik məharətində, dost qazanmaq bacarığındadır: "BMT Təhlükəsizlik Şurasında əldə olunan qələbə Prezident İlham Əliyevin öz xalqına növbəti hədiyyəsidir".

 

 





06.01.2023    çap et  çap et