525.Az

Tarixi abidələri necə qoruyuruq?


 

MEMAR ELÇİN ƏLİYEV: "ÖLKƏMİZDƏ OLAN MEMARLIQ ABİDƏLƏRİ, TARİXİ BİNALAR LAZIMİ SƏVİYYƏDƏ QORUNMUR"              

Tarixi abidələri necə qoruyuruq?<b style="color:red"></b>

Tarixi abidələrin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal edib 30 ilə yaxın əsarətdə saxlayan Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Hər bir tarixi binanın öz hekayəsi var. Qədim tikililəri qorumaqla və bərpa etməklə mədəniyyətimizin xatirəsini qoruyub saxlamış oluruq. 

Memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev "525"ə açıqlamasında tarixi binaların əhəmiyyətindən söz açıb: "Bir neçə il bundan əvvəl şəhərin mərkəzində olan binaların üzərinə estetik olmayan reklam qurğuları vurulurdu. Bir Bakı sakini kimi deyə bilərəm ki, son vaxtlar bu sahədə əsaslı dəyişikliklər baş verir və şəhərin bir çox yerlərində yeni, estetik reklam qurğuları quraşdırılır. Əminliklə deyə bilərik ki, artıq Bakı öz xarici görünüşünə görə inkişaf edən şəhərlər sırasına daxil olur. Vaxtilə Ramana və Balaxanıda həyat şəraiti çox pis idi. Amma son illər dövlət tərəfindən bu kəndlərdə əsaslı təmir işləri aparıldı. İndi oralara gedərkən bir mənzərə məni çox sevindirir: bir qoca kişi öz hasarına çilçıraq vururdu. Bu nə deməkdir? Deməli, bu gözəllik insanlara ətrafını daha səliqəyə salmağa sövq edir. Bakı şəhərində son vaxtlar aparılan işlər arasında bir çox binaların fasadlarının, girişlərinin əsaslı təmir edilməsini qeyd etmək lazımdır. 2021-ci ildən bu işlər daha da sürətlənib. Məsələn, Nizami və Rəsul Rza küçələrini nümunə göstərə bilərik. Bunların hamısı insanların daha rahat mühitdə, daha səliqəli yaşaması üçündür.

Onu da qeyd etmək istəyirəm ki, son illər tarixi əhəmiyyət daşıyan heç bir bina faktiki olaraq sökülmür, amma 5-10 il bundan qabaqla müqayisə etsək, bir çox binaları itirirdik. Amma mən hesab edirəm ki, bu böyük işlərə baxmayaraq, biz öz tarixi binalarımız üçün bundan da çox iş görə bilərdik. Təəssüf ki, qanunlara riayət edilmir, tarixi əhəmiyyət daşıyan memarlıq abidələrinin birinci mərtəbələrində fasadlara müdaxilə edilərək restoranlar, ofislər açırlar. Məsələn, Mərdanov qardaşları küçəsində tarixi binanın birinci mərtəbəsində yerləşən pəncərələri sökərək, yerində restoran üçün böyük vitrinlər edilib. Nəyə görə bunları məsul şəxslər görmür və  dövlət orqanları tərəfindən qorunan memarlıq abidəsini icazə olmadan  sökürlər? Belə hallar çox olur. Çox vaxt biz görürük ki, şəhərin mərkəzində  19-cu əsrə aid möhtəşəm binalar var. Onlar Bakının mərkəzi mühitini təşkil edirlər. Mağazalar tərəfindən fasadları korlanır, sütunlar rənglənir".

Elçin Əliyev ölkəmizdə olan memarlıq abidələrinin, tarixi binaların Mədəniyyət Nazirliyi tərəfindən lazımi səviyyədə qorunmadığını qeyd edib: "Şəhərin mərkəzində olan binalar, memarlıq abidələri  Mədəniyyət Nazirliyi tərəfindən qorunmalıdır, amma qorunmur. Dəfələrlə şahidi oluruq ki, mobil operatorlar memarlıq abidələrinin divarlarına antennalar vururlar və ya bir çox insanlar eyvanlarını böyüdürlər. Dəfələrlə mən özüm də Mədəniyyət Nazirliyinə müraciət edəndə onlar heç bir reaksiya bildirmədi. Belə halların qarşısını almaq üçün insanların mədəniyyət səviyyəsini qaldırmalı və dövlət proqramı həyata keçirilməli, sonra da qanunlar işləməlidir".

Artıq beş ildir, dövlət başçısının müvafiq fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

"Tarixi binalar dövlətin, xalqın və  coğrafiyanın bir salnaməsidir". Bu sözləri isə "525"ə açıqlamasında tarixçi Firdovsiyyə Əhmədova deyib: "Binalar özü özlüyündə tarixi yaşadan ən qiymətli eksponatlardır, öz zamanının arxeakturasını, cəmiyyətin zövqünü əks etdirən sənət əsərləridir. Ona görə tarixin qorunması tarixi yaddaşın diri tutulması deməkdir. Təsadüfi deyil ki, şəhərdə bələdçilər vasitəsilə məlumat verilərkən məhz həmin binaların nümunəsində xalqın tarixi təqdim olunur. Bu baxımdan onların qorunması strateji əhəmiyyətə malikdir. Amma təəssüf ki, tarixi binaların layiqincə qorunmasına çox zaman əməl olunmur. Hətta dövlət  səviyyəsində qoruq elan olunmasına  baxmayaraq, bəzən tarixi binaların söküldüyünü, başqa məqsədlər üçün istifadə olunduğunu görürük".

Havar ŞƏFİYEVA

 





06.01.2023    çap et  çap et