525.Az

Maskalar - Əlisəfdər Hüseynov yazır


 

YAXUD "MƏN" OLMAĞIN SİRRİ

Maskalar - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

(Sosioloji və filoloji fantaziyalar)

 

Mənim fikrimcə, aktyorlar 3 cür olur - yaradacaqları obrazları öz ardınca aparanlar; təklif olunan obrazların ardınca gedənlər; səhnədə (ekranda) sadəcə butaforiya rolunda çıxış edənlər.

Birincilər təklif olunan obrazların ruhunu öz vücudlarına proyeksiya edir, necə deyərlər, bədənlərini həmin ruhların qabına, qabığına çevirib onları özününküləşdirirlər. Biz belə obrazlarla qarşılaşanda aktyoru dərhal tanıyırıq, onun jest və mimikaları, danışıq tərzi, hətta hərəkətləri yaddaşımızdakı kodlara tam uyğun gəlir (Əliağa Ağayev, Eldəniz Zeynalov, Hüseynağa Sadıqov bu tip aktyorlardan idilər).

İkincilər isə, əksinə, təklif olunan obrazların içində əriyib yox olmağa, hegemonluğu bütünlüklə onlara verməyə, öz ruhi-psixoloji durumlarını obrazın xarakterindən irəli gələn qəliblərə salmağa meyilli olurlar. Bunu obrazlı şəkildə "aktyorun rolda ölümü" kimi də ifadə etmək olar - aktyor "ölür" ki, sonra obrazın şəxsində tamam yeni qiyafədə "dirilsin".

Və nahəyət, rejissorların əlində sadəcə alət, vasitə olan, səhnədəki, yaxud filmdəki hansısa əşya ilə eyniləşən aktyorlar da var. Onlar səhnədə, ekranda yaradıcı subyekt, şəxsiyyət kimi yox, bir növ dekorasiyanın davamı kimi görünürlər. Adını dünya kinosu tarixinə yazdıran M.Antonioni məhz belə aktyorları xoşlayırdı. O, hətta bir az irəli gedib, öz rejissor konsepsiyasından, fəlsəfəsindən çıxış edərək aktyorun çox da ağıllı, dərindən düşünən adam olmamaması zərurətini irəli sürürdü.

...Qoy bura qədər yazdıqlarım olsun bu yazının son dərəcə vacib bir girişi və keçək əsas mətləbə.

Məlumdur ki, hər bir insanın xislətində bir aktyorluq missiyası var. Uşaq artıq ətraf aləmi tanımağa və dərk etməyə başladığı andan dönüb akyor olur, yəni kiməsə xoş gəlmək, yerini şirin salmaq üçün gülür, hansısa hərəkəti edir, yaxud məqsədinə çatmaq üçün yalandan ağlayır, küsür. Və insan yaşa dolduqca onun istəklərinin, umacaqlarının miqyası ilə yanaşı, bu umacaqları təmin etmək naminə ehtiyatda saxladığı jest və mimikaların kəmiyyət və keyfiyyəti də dəyişir - süni gülüş, heyranlıq, təbəssüm daha təsirli və mükəmməl formalar alır və beləliklə, bədən, üz, sima dili zənginləşir.

Kim deyirsə ki, mən ömrümdə aktyorluq eləməmişəm, bilin ki, düz danışmır. Hamının arsenalında bu və ya digər çeşidlərdə aktyorluq maskaları var. Amma bir məqamı nəzərə almaq lazımdır. O da bundan ibarətdir ki, xislətdən gələn aktyorluqla, sonradan qazanılan aktyorluğu eyniləşdirmək olmaz. Məsələn, xislətən paxılın, namərdin, yaltağın paxıllığı, namərdliyi, yaltaqlığı bir elə qorxulu deyil, nəinki kimlərinsə namərd, yaltaq, paxıl ola-ola mərd, məğrur, genişürəkli insan rolları oynamaları. Birincilərin pis də olsa, öz simaları olur, bilirsən hansı yuvanın quşudurlar. İkincilərin isə yox. Onlar  vəziyyətdən asılı olaraq zəruri hesab etdikləri rolları oynayanlardır və buna görə də çox təhlükəlidirlər, çünki sənin boynunu qucaqlayıb, üzündən öpüb, ömrü boyu sənə sədaqətli olacağına and içib qapının arxasında yox olan kimi haqqında ən pis sözləri söyləyə, çox asanlıqla sənə xəyanət edə bilərlər.

Sual olunur: bir halda ki, insanın bütün həyatı boyu oynamalı olduğu əsas rol - Allahın yazdığı insanlıq roludur, bəs bu qədər çeşid-çeşid rollar və onları oynamaq istəyi hardandır? Nə üçün ən normal insan da bu və ya digər dərəcədə rol oynamağa məhkumdur?

Təbii ki, sosial-iqtisadi-maddi münasibətlər çevrəsində yaşadığına və bundan irəli gələn umacaqlarına görə. Robinzon Kruzonu xatırlayırsınızmı? 18 il kimsəsiz adada tənha yaşaması onun aktyorluq istedadını tamamilə söndürmüşdü, çünki aktyorluğu stimullaşdıran, ona impuls verən motivlər yox idi. Elə ki, Cümə peyda olur, Robinzonun təsərrüfatındakı istehlak münasibətlərində dəyişikliklər yaranır, elə həmin anda da onun aktyorluq improvizasiyaları başlayır.

Ən ağır, çətin məqamlarda belə ləyaqəti qorumaq zərurətindən çox danışsaq da,  bunu ac, evsiz-eşiksiz, işsiz adamlara şamil etmək çətindir. Ayaq üstə dayanmaq üçün yeməyi, rahat fikirləşmək üçün başının üstündə damı, ailəsinin, övladlarının ehtiyaclarını təmin etmək üçün işi yoxdursa, insan necə ləyaqət təəssübü çəkə bilər? Lap bütün imkanlarını səfərbər edib buna çalışsa da, ləyaqətsizlər tərəfindən ləyaqətinin alçaldılması riski onu daim izləməyəcəkmi?

Yazıçı Anar "Dantenin yubileyi" və "Macal" povestlərində bu paradoksal, hardasa dolaşıq məsələlərin bəzi məqamlarını bədii araşdırma müstəvisində kifayət qədər dərindən çözə bilib və çox təəssüf ki, ədəbiyyatşünaslar məsələnin bu tərəfinə lazımınca diqqət yetirməyiblər.

Feyzulla Kəbirlinski istedadsız aktyor olsa da, ona qətiyyən neqativ, pis adam kimi baxmaq olmaz. Başını aşağı salıb yaşayır, heç kimə pisliyi dəymir, yubileyinin keçirilməsindən başqa heç bir umacağı da yoxdur. Bəs əvəzində nə görür - ləyaqətinə qarşı yönəlmiş rişxənd, təhqir dolu sözlər. Bu mənada Feyzullanın sənətdəki aktyorluğu ilə həyatdakı aktyorluğu arasında qəribə bir uyğunluq var. Səhnədəən epizodik rolları belə oynaya bilməyən Feyzulla həyatda da heç bir rolu fərli-başlı oynaya bilmir və ona görə də başqalarının, özlərinə gün ağlaya bilənlərin ələ saldıqları.

Addımbaşı aldatdıqları personaja çevrilir.

"Macal" povestinin qəhrəmanı Fuad isə  umacaqlarını maksimum reallaşdırmaq, təmin etmək, yaxşı vəzifə, komfort həyat naminə onu sevən qadına, öz həyat yoldaşına və müəlliminə xəyanət edən, ölümə sürüklənən insanı xilas etmək şansına arxa çevirib gizlənən, hətta valideynlərini belə unudan bir praqmatikdir. Onun hər şeyi var - bircə vicdandan başqa. Vicdanı yoxdursa, deməli, Allahı da yoxdur. "Öz xalqına xəyanət edən sabah bizə də xəyanət edəcək" məntiqi ilə düşünən Çingiz xan mühasirədə saxladığı qalanı ona təslim edənləri dərhal qılıncdan keçirmək əmri verirdi. Bilirdi ki, onlara qətiyyən etibar etmək olmaz. Fuad da hələ uşaq ikən atasına xəyanət edən və ömrü boyu bunun əzabını çəkən birisidir. Düzdür, onun qılıncdan keçirilmə təhlükəsi yoxdur, amma ruhu daim ağrıyır, vaxtilə karyera xətrinə şüurlu şəkildə elədiyi yaramazlıqlar ona daim əzab verir. Anar onun da, onun antipodu olan Kəbirlinskinin də mənəvi böhranını sosial mühitin insanın ruhuna təcavüzündən irəli gələn anormallıq kimi nəzərdən keçirir, fərd və ətraf aləm arasındakı münasibətlərin qaranlıq tərəflərini araşdırır, "özünə" sədaqətin heç də asan şey olmadını, onun paradokslarını göstərir.

Onun digər əsərlərində də biz belə obrazlarla qarşılaşırıq. "Gürcü familiyası" hekayəsində Əsmər məhz "İmkanlı, amma sevmədiyin adama ərə getmək, imkansız, amma sevdiyin adama ərə getməkdən daha sərfəlidir" düşüncə streotipinin təsiri altında sevmədiyi Camala ərə gedir və puç bir ömür yaşayır. "Beşmətəbəli evin 6-cı mərtəbəsi" romanının qəhrəmanı Zaur isə ailəsini elin qınağından xilas etmək naminə sevdiyi Təhminəni ölümün ağuşuna atır...

Rus yazıçısı V.Bıkovun "Sotnikov" povestində iki partizan - pəhləvan cüssəli Rıbak və xəsfə, çəlimsiz Sotnikov faşistlərin əlinə keçir. Dindirmədən əvvəl  təcridxanada Rıbak dostuna deyir ki, mən sağ qalıb mübarizəmi davam etdirmək naminə faşistlərlə işbirliyinə razılıq verəcəm (??). Elə də edir və səhəri gün bütün kənd camaatının gözləri qarşısında dostu, silahdaşı Sotnikovun edam mərasimində qara işlər görən nökər funksiyasını yerinə yetirir. Görün bunu xırda xəyanət kimi qiymətləndirən Rıbakı hansı aqibət gözləyir. Qocalardan tutmuş uşaqlara qədər bütün kənd camaatının baxışlarından güllə kimi yağan "satqın", "xain" ittihamlarının zərbəsindən Rıbak tədricən ayılmağa başlayır, anlayır ki, xəyanətin böyüyü, kiçiyi olmur. Axşam faşistlər əylənmək, yeyib-içmək məclisinə gedəndə evin qapısını Rıbakın üzünə bağlayıb onu itlər ulaşan həyətdə saxlayırlar - yəni sənin yerin buradır. Bilirlər ki, onun artıq getməyə yolu yoxdur. Elə də olur. Rıbak kəmərini çıxarıb özünü ayaqyolunda asmaq istəyir. Amma Vətənin quru bir ağac parçası da ortadan qırılıb şərəfsiz bir ölümü ona çox görür.

Həmin povest əsasında çəkilmiş film çox təsirli və ibrətamiz sonluqla bitir: Rıbak son şans kimi faşistlərin hətta onun qaça biləcəyindən ehtiyat etməyib açıq qoyduqları darvazaya yaxınlaşır. Açıq qapıdan o tərəfdə faşist tapdağı altında olan ucsuz-bucaqsız Vətən çölləri görünür. Amma Rıbak cəsarət edib qapıdan o tərəfə keçə bilmir. Çünki o, artıq düşmən zonasında ən yaxşı halda it yerinə qoyulan miskin bir varlıqdır və ucsuz-bucaqsız çöllərdə ayağımı qoya biləcəyi bircə qarış da yer yoxdur!

Xəyanət üstündə qurulan "xilaskarlıq" missiyasının, rolunun cəzası budur!

Mən yazılarımın birinə "Həyat - Allahın yaratdığı filmdir" başlığı seçmişdim. Doğrudan da, insanların hər bir hərəkəti, başlarına gələnlər sanki ssenarisi əvvəlcədən yazmış sonu görünməyən bir oyunun, filmin ayrı-ayrı epizodlarıdır. Çox təəssüflər olsun ki, bu səhnədə roldan rola girmək şansı o qədər böyükdür ki, öz aktyorluq məharətinə aludə olub sonda heç kimə, yəni nakəsə çevrilə bilərsən. Vaqif Mustafayev "Nakəs" filmində məhz belə bir antiqəhrəmanın aqibətini göstətir. Belə ki, filmin qəhrəmanı guya ehtiyacı olanlara kömək etmək naminə müxtəlif situasiyaların diktəsi altında müxtəlif rollara girir, çeşid-çeşid yaxşı adam rollarını oynayır, onların içində əriyir. Zahirən hər şey qaydasındadır, məntiqə uyğundur. Amma unutmaq olmaz ki, "yaxşı"  anlayışı konkret umacaqlarla, təmənna ilə bağlı olduğundan mütləq yox, nisbi xarakter daşıyır, yəni biri üçün yaxşı olan, digəri üçün pis, bir başqası üçün lap pis ola bilər. Başqa sözlə, yaxşı adam səlis yox, qeyri-səlis çoxluqların elementidir. Onun dəqiq sərhədləri olmadığından filmin qəhrəmanı da bu çoxluqlar müstəvisində diyirlənə-diyirlənə hamının rolunu oynayır, nəticədə isə özünü, öz simasını itirib heç kim - nakəs olur.

Hər gün qarşılaşdığımız buqələmunlar - səhnəyə çıxıb müxtəlif maskalarla janqlyorluq edənlər də əslincə nakəslərdir.

Yaxşı, bəs bütün bu deyilənlərdən sonra nakəs yox, özün olmağın yolu nədir? Ümumiyyətlə, sona qədər özün olmaq mümkündürmü? Necə etməliyik ki, həyat adlı filmin uğursuz aktyorları olmayaq?

Bu suallara yazının əvvəlində aktyorlarla bağlı apardığım bölgü kontekstində cavab verəcəm. Məncə, çıxış yolu təklif olunan rollara təslim olub onların içində ərimək, yaxud Antonioninin dediyi "ağılsız" aktyor olmaq yox, bu rolları  özününküləşdirib, özünə təslim edib qalib aktyor olmaqdır.

Öz simanı itirmədən "mən" olmağın yeganə yolu budur!

 

 

 

 





06.01.2023    çap et  çap et