Psixologiya elmi tarix boyu tədricən inkişaf edib. İndi onun özünə aid böyük bir dünyası var. Əksəriyyətimiz psixologiya haqqında az-çox məlumatlı olsaq da, bəzən elə şeylər eşidirik ki, onun qarşısında təəccüblənməmək mümkün deyil. Psixologiya dünyasının öz kəşflərinə əlavə etdiyi bu maraqlı və bir o qədər də qəribə xəstəliklərə, təəssüf ki, tibbin hələ gücü çatmır. Onların adları kimi xüsusiyyətləri də qəribədir.
Məsələn, "Capgras hallüsinasiyası"nı götürək. Bu sıxıntıdan əziyyət çəkən insanlar inanırlar ki, onlara çox yaxın olan birinin yerinə bənzər bir fırıldaqçı gəlib. Bu tip hallüsinasiya daha çox şizofreniya xəstələrində olur. Demans, epilepsiya xəstələri və başından zərbə almış insanlarda da müşahidə oluna bilər.
"Freqoli sindromu" isə bunu əksidir. Bu sindroma tutulan şəxs insanların əslində görünüşlərini dəyişdirə və fərqli insnlar kimi davrana, hərəkət edə biləcəyinə inanır.
"Kotard hallüsinasiyası"nda insan öldüyü və ya var olmadığı inancı ilə yaşayır. Bu insanlar bədənlərinin çürümə dövründə olduğuna inanırlar və ya bütün qanlarının çəkildiyini, ya da daxili orqanlarının məhv olduğunu düşünürlər. Bu vəziyyət daha çox psixotik depressiya və ya şizofreniya xəstələrində rast gəlinir.
"Paramneziya" (təhrif edilmiş xatırlama) bir yerin nüsxəsi ilə xarakterizə olunur, yəni bundan əziyyət çəkənlər eyni vaxtda bir yerin iki kopyasının olduğuna inanırlar. Məsələn, paramneziya xəstəsi qaldığı xəstəxananın kopyalandığına və eyni zamanda başqa yerdə mövcud olduğuna inana bilər. Sanki paralel kainatlarda yaşayırlarmış kimi hiss edirlər.
"Yad əl sindromu"nda əziyyət çəkən insan əllərinin öz əlinin olmadığına və əlinin öz idarəsi olduğuna inanır. Belələri ruh, cin və ya buna bənzər bir şeyin onlara sahib olduğu qənaətindədir. Bu sindromun daşıyıcılarında beynin iki yarımkürəsini birləşdirən hissə zədələnib.
"Mikropsiya və ya makropsiya sindromu" "Alisa möcüzələr ölkəsində" sindromu olaraq da bilinir. Bu xəstəlik təsvirin, görüntünün, məkanın və zamanın qavranılmasının pozulduğu bir sinir vəziyyətidir. Bunun ən narahatedici təzahürlərindən biri bədənin dəyişik görülməsidir. Belə ki, bunlardan birini yaşayan şəxs bədən hissələrinin forması və ölçüsü ilə bağlı xeyli çaşqınlıq yaşayır. Bu, qeyri-adi qorxu və həyəcan vəziyyətinə gətirib çıxarır.
"Paris sindromu" Fransanın paytaxtı Parisə gələn Yaponiya vətəndaşlarında müşahidə edilir. Səyahətləri zamanı tez-tez əsəb böhranı keçirirlər, bu, dünyanın digər bölgələrinə gedən yapon turistlərində də müşahidə olunur. Bu vəziyyət mədəni şokun çox gərgin və ağır forması kimi görünür. O qədər şiddətlidir ki, narahatlığın fiziki və emosional əlamətləri yaranır, reallıq qavrayışı itir, insan hətta halüsinasiya görməyə başlaya bilər. Hər il Parisə gələn 6 milyon turistdən yalnız 20-si bu sindromdan əziyyət çəkir.
"Diogen sindromu" həddindən artıq diqqətsizlik, sosial təcrid, apatiya və zibil toplama kimi kompulsiv vəsvəsə ilə xarakterizə olunur. Adətən, yaşlı və ya demans xəstəliyinin inkişaf etməyə başladığı insanlarda görülür. Sinoplu Diogen minimalist yunan filosofu idi. Diogenin fəlsəfəsi həyatın mənasını fəzilətlərlə tapmaq, təbiətlə harmoniyada yaşamaq və bütün şərti ehtirasları (sərvət, güc, şöhrət) rədd etmək inancına əsaslanır. Onun Afina küçələrində şərab çəlləklərində yaşadığı deyilir və Makedoniyalı İskəndərlə təkəbbürlü söhbəti də əfsanələşib. Makedoniyalı İsgəndərin: "Məndən bir istəyin varmı?" xitabına Diogen: "Kölgə etmə, başqa xeyirini istəmirəm" - deyibmiş.
"Stendal sindromu" bir insanda sənət əsəri üzərində düşünərkən ortaya çıxan fiziki və emosional narahatlıq, analitik təcrübələr və hətta hallüsinasiyalar ilə gələn bir vəziyyətdir. Bu, adətən, insanlar bir yerə yönəlmiş xüsusilə gözəl və ekstravaqant bir sənət əsəri gördükdə baş verir. Onların vəziyyətini dünyanın fövqəladə təbii gözəlliyi ilə qarşılaşdıqda həddindən artıq reaksiya verən adamın vəziyyəti hesab etmək olar. Bu sindromu olan şəxslərin sayı çox azdır və onların minimal dəstəkdən başqa heç nəyə ehtiyacları yoxdur.
Hər bir insanın sağlam olmasını ürəkdən arzulasaq da, göründüyü kimi, reallıqdan qaçmaq mümkün deyil və belə qəribə pozuntulardan əziyyət çəkənlər də var. Təsəllimiz isə budur ki, onların sayı elə də çox deyil.