525.Az

"Vətən müharibəsindən sonra daha ciddi və təmkinli olmuşam"


 

"Vətən müharibəsindən sonra daha ciddi və təmkinli olmuşam"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Vətən müharibəsində iştirak etmiş əməkdaşı Azər Həsənovdur. Qeyd edək ki, ADMİU-nun Kino-televiziya fakültəsi Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (Ədəbi iş) ixtisasının 2011-2015-ci illər bakalavr, 2016-2018-ci illər magistr məzunu Azər Tahir oğlu Həsənov universitetdə video mexanik vəzifəsində çalışır. Həqiqi hərbi xidmət zamanı Murovdağ ərazisində xidmət edən Azər 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində döyüşlərə qatılmaq üçün 2020-ci il sentyabrın 27-si müraciət edib, bir gün sonra könüllü cəbhəyə yollanıb. Çavuş rütbəsi daşıyan A.Həsənov manqa komandiri olaraq Füzuli, Cəbrayıl və Zəngilanda döyüş yolu keçib, Xocavənd rayonunun, Zəngilan-Qafan sərhədinin müdafiəsində xidmət edib. I Qarabağ müharibəsində iştirak edən mərhum atası Tahir Həsənovdan ilhamlanan Azər 2021-ci il yanvarın 4-ü tərxis olunub. Dövlətimiz tərəfindən "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medallarıyla təltif olunub. Müharibədən qayıdışının ikinci ildönümündə Azər Həsənovla o günləri xatırladıq:

 

- İki il öncənin bu günlərində müharibədən qayıtmışdınız. Necə xatırlayırsınız həmin anları?

- Çox qəribə hisslər idi. Biz həmin vaxtlar Zəngilanın ən sonuncu kəndində idik. Tez-tez xəbər çıxırdı ki, filan vaxt evə gedəcəksiniz, amma yubanırdı. Düzdür, elə də sıxılmırdım, çünki vətənin keşiyindəydik. Nə qədər lazım olsa, o qədər də qalardıq. Sadəcə hər dəfə xəbər gələndə adam istər-istəməz həyəcanlanır, fərqli duyğular yaşayır. Demək olar ki, hər gün batinkalarımı yuyub təmizləyirdim ki, qəfil evə getmək xəbəri gəlsə, təmiz olsun. Yadımdadır ki, həmin gün də təzəcə batinkalarımı yumuşdum, komandirimiz gəlib xəbər elədi ki, hazırlaşın, gedirsiniz. Oradan Füzuliyə gəldik, Füzulidən də evə. Gələrkən ailəmə tapşırmışdım ki, heç bir səs-küy, təmtəraq, xüsusi qarşılama lazım deyil. Çünki az qala hər evdən şəhid vardı. Mən şəhidi olan ailələrin gözünün qarşısında çal-çağırla gələ bilməzdim. Ona görə də elə səssizcə gəldim evimə.

- Müharibəyə könüllü qatılmışdınız. Buna ailənizin münasibəti necə oldu?

- Bəli, müharibəyə könüllü getmişdim, ailəmin xəbəri yox idi. Onlara yalandan dedim ki, çağırış gəlib. Düzü, inanmadılar. Çünki sentyabrın 21-dən müharibə haqqında söz-söhbət gedərkən, hərbçilər təlimə çağırılarkən deyirdim ki, müharibə başlasa, gedəcəyəm. Amma neyləsinlər, gördülər fikrimdən daşınan deyiləm, məcburən özlərini inanmış kimi göstərdilər. Sonradan bildilər ki, könüllü getmişəm.

- Ömrünüzü müharibədən öncə və sonra deyə ayırsaq, necə bir mənzərə çıxar ortaya?

- Məncə, müharibədən sonra daha sakit, daha ciddi və təmkinli olmuşam. Hər şeyə daha normal reaksiya verə bilirəm, adi yanaşıram.

- Bu 2 ildə unutmadığınız və heç zaman unuda bilməyəcəyiniz müharibə xatirəniz varmı?

- Orada bizə giliz verilməsini heç zaman unutmuram, yəqin ki, unutmayacam da. Döyüşlərə qatılmazdan öncə gödəkçənin və şalvarın sağ-sol ciblərinə qoymaq üçün hamımıza boş gilizlər vermişdilər. İçərisinə ad-soyadımız, ünvanımız və ailəmizdən əlaqə saxlanmalı bir nəfərin nömrəsini yazmalı idik. Bunu ona görə edirdilər ki, müharibədə bədənimiz parçalansa, ya da yansa, bir sözlə, tanınmaz hala düşsək, kimliyimizi tapmaq və ailəmizə xəbər vermək asan olsun. Orada nömrə yazmaq çox çətin idi. Çünki fikirləşirsən ki, sənin ölüm xəbərinin verilməsi üçün kimin nömrəsini yazasan? Sənin ölümün ən az kimə təsir edər? O anı və o hissləri heç bir halda unuda bilmirəm. 

- Özünüz müharibədə könüllü iştirak etsəniz də, hər zaman müharibənin əleyhinə danışırsınız. Nədir müharibə?

- Mən hər zaman müharibənin əleyhinə olmuşam. Çünki istəmərəm bu torpaq şəhidlər versin, uşaqlarımız atasız, analarımız oğulsuz qalsın. Ötən il anım günündə cənab Ali Baş Komandanın öndərliyilə təşkil olunan, üç min şəhidimizin şəkilləri həkk olunmuş plakatla yürüyüşə baxanda insanı vahimə bürüyür. İnsan o görüntüyə baxanda fikirləşir ki, onların hərəsi bir evin başçısıdır, bir atadır, oğuldur, həyat yoldaşıdır, qardaşdır. Gör bir insanın şəhid olması ilə neçə insan taleyi dəyişib, neçə insan yaralanıb, neçə ocağa, neçə evə od düşüb. Bəli, məhz buna görə müharibələrin əleyhinəyəm. Amma Vətən müharibəmizdə ona görə könüllü iştirak etdim ki, bu, bizim haqq döyüşümüz, ədalət mübarizəmiz idi. Biz heç kimin torpağını işğal etmədik, kimsənin torpağına sahiblənmək istəmirdik. Biz uşaqlığımızdan bəri işğal günlərini əzbərlədiyimiz, anım günlərini keçirdiyimiz torpaqları nəhayət azadlığına qovuşdurmaq üçün getdik. Çünki körpəliyimizdən Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Şuşanın işğalı və sair kimi qanlı tarixlərimizi anmağa məhkum edilmişdik. Artıq bu gərdişə "dur!" deməyin zamanı çatmışdı, haqq-ədalət bərqərar olmalı idi. Bu, bizim haqq savaşımız, qisasımız idi. Əgər bu müharibəyə getməsəydim, özümü çox pis hiss edərdim. Mən həm də "Aprel döyüşləri"nin iştirakçısı olmuşam. Onda hərbi xidmətdə idim. "Aprel döyüşləri"ndən bizim yarımçıq qalan işimiz var idi. Biz Vətən müharibəmizdə həm də o işimizi tamamladıq. Bununla qürur duyuram.

- Evinizdə oğul övladı böyüdürsünüz, sizin atdığınız addımı o atsa, reaksiyanız necə olar?

- Normal qarşılayaram. Çünki bizim millətimiz heç zaman haqsız savaşa girməz, kiminsə torpağına, azadlığına təcavüz etməz. Əgər bizim millət savaşa qalxıbsa, demək ki, bu, onun haqq savaşıdır. Ona görə də mütləq bu savaşa getmək, torpağımızı, vətənimizi, millətimizi qorumaq lazımdır. Mənim atam da Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Atam veterandır, özüm veteranam, oğlum isə, istəmərəm ki, müharibə görsün. Çünki biz getdik ki, bizdən sonrakı nəsillər azad, firavan dünyada yaşasınlar. Amma əgər tale elə gətirsə ki, müharibə olsa, onda mənim oğlum da qurbandır bu vətənə.

- Müharibəyə getdiyiniz üçün peşmanlıq keçirdiyiniz olub?

- Yox, heç zaman peşman olmamışam. Bəli, zaman-zaman elə situasiyalar yaranır ki, adam nədənsə narazı qalır, amma heç bir halda peşmanlıq keçirməmişəm. Əksinə, sağ olsun xalqımız ki, hər zaman çox böyük hörmət qoyub, dəstək olub. Mən cəbhədəykən işlədiyim universitetin rəhbərliyi daim ailəmlə maraqlanıb, dost-tanışlarım hər zaman əlaqə saxlayıblar. Qayıdandan sonra da tez-tez vətənpərvərlik mövzulu tədbirlər keçirilir və biz də o tədbirlərə dəvət olunuruq. Diqqəti, qayğını həmişə hiss edirəm. Əlbəttə, bütün bunlar olmasaydı da belə, kimsə bir qram da diqqət göstərməsəydi, yenə peşman olmayacaqdım. Çünki biz ora gedərkən nəyinsə planını qurub, nəsə umub getməmişdik. Bilmirdik müharibə 44 gün davam edəcək, bilmirdik sonumuz necə olacaq, bilmirdik qayıda biləcəyik, ya yox. Yəni nəyə görəsə getməmişdik ki, peşman da olaq. Borcumuz idi, getməli idik. Getdik, şükür ki, sağ-salamat gəldik. Amma aramızdan qayıtmayanlar da oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şahanə MÜŞFİQ

 

 

 





06.01.2023    çap et  çap et