525.Az

Böyük Qayıdış üçün vacib şərt: azad edilmiş ərazilərdə ekoloji problemlərin həlli


 

Böyük Qayıdış üçün vacib şərt: azad edilmiş ərazilərdə ekoloji problemlərin həlli<b style="color:red"></b>

"İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış" prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq ötən ilin noyabrında təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri bu ərazilərdə məhz ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır. Hər iki sənəddə "işğaldan azad olunmuş ərazilərə böyük qayıdış", "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetləri arasında tam sinerji təmin edilib. Strateji sənədlərdə su ehtiyatlarının və tullantıların idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemlərinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin qorunması, meşə və yaşıllıq ərazilərinin mühafizəsi və genişləndirilməsi, torpaq ehtiyatlarının bərpası, mineral xammal bazasından səmərəli istifadə, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və yaşıl texnologiyalardan istifadənin dəstəklənməsi və s. məsələlər əsas prioritetlər kimi göstərilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyir ki, 2023-cu ilin əsas prioritet sahələrindən biri işğaldan azad olunan bölgələrdəki faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir. Onun sözlərinə görə, ikin mərhələdə işğaldan azad edilən ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur: "Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlərdə qaldığı yerdən davam etdiriləcək. Bu sahədə hesabatlığın təmin edilməsi, yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün intensiv olaraq işlər davam etdiriləcək".

Dövlət Ekoloji Ekspertiza Agentliyi Layihələrin və ekoloji normativ sənədlərin ekspertizası şöbəsinin müdiri Mübariz Əliyevin sözlərinə görə, ötən dövr ərzində azad edilmiş ərazilərlə bağlı müraciətlərə 230 rəy verilib. Bu il atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə 72 icazə verilib. Eyni zamanda, ötən dövrdə təbii su mənbələrindən istifadə ilə əlaqədar 879 müraciət qeydə alınıb.

O əlavə edib ki, yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək. Hazırlanan platforma vasitəsi ilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər:

"Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsi ilə onlayn formada göndərilməsi təmin ediləcək. Platforma daxilində vahid məlumat bazası yaradılacaq. Agentlik tərəfindən qəbul edilmiş 5 GK hesabatları və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri (DMAA) barədə vahid məlumat bazasına mövcud məlumatların inteqrasiyası da təmin ediləcək. Platformada hər biri ayrı bölmədə yataqlar haqqında məlumat, onların isifadəsinə dair hesabatlar, hərraca çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri haqqında məlumatlar və tərtib olunan aktlar əks olunacaq. Bundan əlavə, sayt vasitəsi ilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedurlar və əməliyyatlar haqqında Agentliyin mütəxəssislərinə müraciət ünavanlaya biləcəklər.

Bu platformanı yaratmaqda əsas məqsəd operativıiyi, şəffaflığı və sahibkarların işində rahatlığı təmin etməkdir".

"Dostluq - Gənclərin Əlaqələndirmə Mərkəzi" İctimai Birliyinin sədri ekoloq Cavidan Ağazadə bildirib ki, dünyada qəbul edilən üç konsepsiya - ekoloji tamlıq, ekoeffektivlik və ekoədalətlilik ölkəmizin sərhədləri daxilində yerləşən müxtəlif növ yataqlara da şamil olunmalıdır. Otuz ilə yaxın bir dövrdə ölkəmizin strateji əhəmiyyətli mineral yataqları, o cümlədən, qızıl yataqları Ermənistan və onun havadarları olan xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvətləri talan edilib. 44 günlük Vətən müharibəsi torpaqların işğaldan azad edilməsi ilə yanaşı, həmin milli sərvətlərimizin də qorunmasına zəmin yaratdı.

Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, onun təbii sərvətlərinə də ziyan vurub. Bunun bariz nümunəsi Azərbaycanın qızıl yataqlarının qanunsuz işlənməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətdir. İşğal dövründə həmin ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti ətraf mühitə çox ciddi ziyan vurub. Qızıl və digər yeraltı, yerüstü yataqlar talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub. Uzun illər Azərbaycan bu fəaliyyətə qarşı dövlət səviyyəsində etirazını bildirib. Eyni zamanda, ölkənin ictimai təşkilatları da bu istiqamətdə öz narahatlıqlarını dəfələrlə müxtəlif platformalarda ifadə ediblər. Ermənilərin belə azğınlaşmasının əsas səbəbi beynəlxalq təşkilatlar səviyyəsində onların işğalçılıq siyasətinin pislənməməsi, Azərbaycanın ərazilərinin zəbt edilməsi, eləcə də həmin ərazilərdə silahlı dəstələrin mövcudluğu olub.

Ekspert bildirib ki, bütün dünya üçün, o cümlədən, BMT qəbul etdiyi minilliyin məqsədlərində iki əsas amil yer almaqdadır: insan potensialının inkişafı və ətraf mühitin problemlərinə lazımi diqqətin göstərilməsi. Ölkəmizin zəngin insan və təbii ehtiyatları hələ sovet dövründən amansız istismarının şahidi olmuşuq. Lakin müasir çağırışlar və gələcəyə yönəlik inkişaf onu deməyə əsas verir ki, təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar və monitorinqlər mütəmadi təhlil edilməlidir. İnsanların adi tələbatlarını ödəmək və hamının gələcəkdə yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-mümkündür. Ekoloji və digər dəyişikliklərin yaranmasının başlıca səbəblərindən biri məhz bu yanaşmanın tətbiq edilməməsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları çox zəngin mineral xammal ehtiyatlarına malikdir. Həmin ərazilərin filiz və qeyri-filiz yataqları otuz ilə yaxın işğalçı rejim tərəfindən qanunsuz olaraq istismar edilib. Acınacaqlısı budur ki, istismarda xarici şirkətlər, xüsusilə də erməni mənşəli biznesmenlərin yaratdığı şirkətlər yaxından iştirak edərək Beynəlxalq konvensiyalar və Azərbaycan qanunlarını ciddi şəkildə pozublar. Ə.Əliyevin sözlərinə əsasən, hələ 1991-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 167 faydalı qazıntı yatağı kəşf edilib, ehtiyatları dövlət və sahə balanslarında qeydə alınmışdı. İşğalaqədərki dövrdə yataqlardan bir qismi istismara cəlb edilmişdi: "Otuz illik qanunsuz fəaliyyət nəticəsində işğalçı rejim həmin yataqların bir çoxunda, xüsusilə iri filiz yataqlarında istismarla məşğul olub. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra azad edilmiş torpaqlarda yataqların monitorinqi və yenidən qiymətləndirilməsi işlərinə başlanılıb. Yenidən qiymətləndirmə işləri əsasən Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindəki bütün yataqlar üzrə icra edilsə də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yataqlara giriş imkanları olmadığından məsələ açıq qalıb".

Agentlik sədri vurğulayıb ki, otuz illik işğal dövründə təkcə "Dəmirli" mis-molibden və "Qızılbulaq" qızıl yataqlarında deyil, eyni zamanda, "Vejnəli" və "Söyüdlü" iri qızıl yataqlarında da ciddi istismar işləri aparılıb. Burada 30-a yaxın şirkət çalışıb ki, onlar da əsasən Kanada, İsveçrə, ABŞ, Avstraliya, Hindistan, İngiltərə və Rusiyada qurulan şirkətlərdir: "Həmin şirkətlər üçüncü bir ölkənin ərazisində - işğal edilmiş ərazilərdə qanunsuz olaraq fəaliyyət göstəriblər. Əslində bunların hamısı beynəlxalq qanunların, konvensiyaların pozulmasıdır. Həmin dövlətlərin hər biri fəaliyyətlərinin cavabdehi olmalı, qanunsuz istismarda iştirak etmiş şirkətlərə qarşı hüquqi tədbirlər icra edilməlidir. Qanunsuz şəkildə Azərbaycanın on minlərlə ton mineral xammal ehtiyatlarını talan edən rejim əldə edilən pulları regionda separatizmi dəstəkləyən qüvvələrin saxlanılmasına sərf edib".

Sevinc QARAYEVA

 





06.01.2023    çap et  çap et