525.Az

Təbriz duyğuları - Barat Vüsaldan poetik nümunələr


 

Təbriz duyğuları - <b style="color:red"> Barat Vüsaldan poetik nümunələr</b>

ZİYARƏTGAH

 

Sizə baş əyirəm, ərən kişilər,

Şair olmusunuz,

Şah olmusunuz,

Aydan arı, sudan saf olmusunuz,

"Azərbaycan!" - deyib ölən kişilər,

Bilirəm, siz harda dəfn olmusunuz.

 

Günah saysalar da, əfv etsələr də,

Təbrizdi Məkkəmiz,

Kəbə evimiz.

Özümüzü harda dəfn etsələr də,

Təbrizdə dəfn olur ürəklərimiz.

 

Qurd-quşlar da yeyir cəsədimizi,

Amma ürəyimiz hökmən dəfn olur.

Mələklər qaldırır çiyinlərinə,

Mələklər əliylə qəbrə qoyulur.

 

Qılnca dönəndə düşmən ayağı,

Təbrizin qisməti kef yox, nəf olar.

Səncə, harda olar ürəyin qəbri?!

Pas atmış tüfənglər, toplar sayağı,

Partlamış ürəklər harda dəfn olar?!

 

Təbrizi ürəklər qoyub bu günə...

Özünə ürəyi yağı saxlayır,

Əsl Azərbaycan kişilərinin,

Təbriz ürəyini bağrına basır,

Təbriz ürəyini yığıb saxlayır!

 

Gedib baş çəkərsən yolun düşəndə,

Alınmış canımın orda canı var.

Şəhriyar qəbrinin beş addımında,

Dəfn olmuş ürəklər qəbristanı var!

 

QARAQAN

 

Salam, axşamlara qarışan kişi,

Salam, gecə kimi qaralan adam!

Mən kişi görəndə, adam görəndə,

Təzədən anadan oluram, atam,

Salam, gecə kimi qaralan adam!

 

Taleyin nəfəsi üstümdə imiş,

Başımın üstündən yaradan baxır.

Dünyanın nə xoşbəxt adamıyammış,

Mənim ürəyimdən qara qan axır!

 

Mənim ürəyimdən qara qan axır,

Nəsimi ordadı, Füzuli orda.

Allahın izniylə kişi alnını,

Təzədən mən özüm yazıram orda!

 

Döyüşdə çıxmalı kişinin canı,

Kişi döyüşlərdə yer almalıdır.

Heç vaxt durulanmaz kişinin qanı,

Daim kişi qanı qaralmalıdır!

 

Baxtımı ağaran bənzimdə gör,

Necə baş-başlayam Təbrizimlə, gör!

Əgər kor deyilsə, gəl gözünlə gör,

Qanım milyon illik yaradan axır,

Məni ürəyimdən qara qan axır.

 

Ay bazar içində bazarı açan,

Donmayıb, donmaz da damarımda qan.

Nəsimi, Füzuli məzarınacan,

Dərbəndə, Hələbə, Xoyacan axır,

Mənim ürəyimdən qara qan axır.

 

Namərdin, nakəsin işi bitəcək,

Daş üstə qalmayıb daşı, itəcək.

Kişi göyərəcək, kişi bitəcək,

Mənim ürəyimdən hara qan axır...

Mənim ürəyimdən qara qan axır!

 

 

 

 

 





06.01.2023    çap et  çap et