525.Az

Kişilik - Şirin Bünyadova yazır


 

Kişilik - <b style="color:red"> Şirin Bünyadova yazır</b>

Şirin BÜNYADOVA

 

Kişilik

 

Sahib çıxar dostuna, yoldaşına,

Dolanar gələndə qonaq başına.

Haram qatmaz çörəyinə, aşına,

Halallıqla yaşamaqdır kişilik.

 

Mərd kimi atılar hərbdə meydana,

Sadiq olar ədalətə, imana.

Sözü bütöv olar, uymaz yalana,

Öz əhdinə düz olmaqdır kişilik.

 

Ara vurub söz gəzdirən olmaya,

Pəl qatıb da, can bezdirən olmaya.

Çətin gündə heç əzdirən olmaya,

Ləyaqətin saxlamaqdır kişilik.

 

Ağsaqqal hörmətin uca saxlaya,

Düşmən sinəsini çarpaz dağlaya.

Ana duasına bir bel bağlaya,

Böyüyündən halallıqdır kişilik.

 

Rüşvət ilə baş qaldırıb öyünməz,

Başqa insanlara heç tənə etməz.

Beləsinin ocağında nur sönməz,

Namusuyla ucalmaqdır kişilik.

 

Nəfsə əyilməyə, hər bir yaşında,

Dürüst ola olduğu iş başında.

Etmə-bulma dünyası var qarşında

Allahına inanmaqdır kişilik.

 

Əxi kimi əli, dili, belini

Bağlaya, ucalda fəzilətini.

Yüksəldə Vətənin şan-şöhrətini,

Darda dosta əl tutmaqdır kişilik.

 

Yararlı olmaqdır doğma elinə,

Qanad gərə bilmək öz ailəsinə.

Doğma Vətəninin hər bir kəsinə,

Bizdə adil davranmaqdır kişilik.

 

Hər yaşı ötmüşdən umma kişilik,

Aslanda olmayır erkək, dişilik.

Toplaya elini yarada birlik,

Böyüklüyü bacarmaqdır kişilik.

 





06.01.2023    çap et  çap et