525.Az

Bir ömürdə dörd fəsil - Ramiz Orsər yazır


 

Bir ömürdə dörd fəsil - <b style="color:red"> Ramiz Orsər yazır</b>

Ramiz ORSƏR

 

Əkin, biçin yeri

 

Nə əkib, bilmirəm, əkəni məlum,

Alnımız talenin əkin yeridi.

Yaxşının sədası qeyibdən gələr,

Ömür-gün qismətin biçin yeridi.

 

Demə bu təzədi, bu da ki köhnə,

Lap çoxdan görmüsən, guya tanışdı.

Dünyada əbədi olan nə var ki?!

Hər təzə gördüyün bir aldanışdı.

 

Əməl də böyüyər, istək də elə,

Böyüyər səninlə oyun, oyuncaq.

Hər şeyin təzəsi tapılar, dostum,

Vətənin təzəsi tapılmaz ancaq.

 

Görünməz tünlükdə kasıbın boyu,

Ümiddən o yana yolu yox onun.

Sağ əlin sol ələ ehtiyacı var,

Bu qoca dünyadan muğayət olun.

 

Uçardı göylərdə arzun, xəyalın,

İndi yağışla da ələ gəlirsən.              

Bir nağıl başlayıb nəvələrinə

Yuxunun dilini özün bilirsən.

 

Nə əkib, bilmirəm, əkəni məlum,

Alnımız talenin əkin yeridi.

Əcəlin zəng səsi yaxından gəlir,

Ömür-gün qəhərin biçin yeridi.

 

İki bərabərdi birə

 

Bir ömürdə dörd fəsil:

biri yaşıl, biri sarı,

biri müdrik, biri

deyingən qarı...

İki göz yan-yana

birində ümid yellənir gül budağında,

birində arzular üşüyür yana-yana.

Bir sinədə iki könül üz-üzə:

biri ömrün o başından üzülüb gəlir,

biri xatirələr bulağından

süzülüb gəlir.

İki ürəkdə bir sevda -

bir həqiqət - bir niyyət,

Məhəbbət, məhəbbət, məhəbbət...

 

Dilimin ucunda ərkim

 

Yalanın ocağı yenə gur yanır,

Yayın istisində çırthaçırtdadı.

Tüstünün haləsi, ahı, göz yaşı

Allahın yanına çathaçatdadı.

 

Uzaqda üçayaq bir qoca kişi,

Üçüncü ayağı tutub əlindən.

Ocağın naləsi-tüstüsü gömgöy

İlan kimi onu çalıb belindən.

 

Qalmayıb canının halı, lamanı

Tüstünün ovcunda bir bulud yaş var.

Dözümlə olumun səbri miləmil,

Ancaq gözlərində yorğun təlaş var.

 

Yalanın ocağı gurtlayır yenə,

Qazanda qovrulan həftəbecərdi.

Gözümün yanıyla baxdım qazana,

Dilimin ucunda ərkim cücərdi.

 

Unut yuxu kimi

 

Əllərin yuxulu, fikrin dağınıq,

Od ala bilmədin ürək odumdan.

Mənim də həsrətə başım qarışdı,

Səni xoşbəxt etmək çıxdı yadımdan.

 

Qar kımı alnıma dəyib əridin.

Yağışa büründün gözümdə lay-lay.

Dağlar dağım oldu, dərələr dərdim,

Yuxuma baş qoydu həsrətlə ah-vay.

 

İnadla yaşamaq ağlıma gəlməz,

Yudum keçmişimi, yudum yağışla.

Özünə yiyə dur, bir də ki məni

Unut yuxu kimi, ya da bağışla.

 





06.01.2023    çap et  çap et