525.Az

Müharibə nə zaman bitəcək? - Xaqani Cəfərli yazır


 

Müharibə nə zaman bitəcək? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Ukrayna ilə sərhəddə ard-arda irimiqyaslı hərbi təlimlər keçirəndə və iki yüzminlik hərbi qüvvə cəmləşdirəndə bir çox dövlət başçıları, tanınmış siyasətçilər bunu bir blef sayır, həqiqətdə isə Rusiyanın hücum etmək niyyətində olmadığını bildirirdilər. Ancaq Rusiyanın blef etmədiyini düşünənlər də vardı. Hələ 2021-ci ilin payızında, müharibənin başlamasına təxminən beş ay qalmış Co Bayden administrasiyası Rusiyanın Ukraynaya hücum edəcəyinə tam əmin idi. Bu əminlik heç şübhəsiz ki, dəqiq kəşfiyyat məlumatlarına əsaslanırdı. Buna görə də rəsmi Vaşinqton Rusiyanın Ukraynaya hücuma hazırlaşdığına inanmayanları fikirlərindən daşındırmaq üçün qeyri-adi addım ataraq məxfi kəşfiyyat məlumatlarını açıqladı. Lakin Ağ evin bu addımı Avropada və Ukraynada ciddi fikir dəyişikliyinə səbəb olmadı. Rusiya isə ötən il fevralın 24-də səhərə yaxın Ukraynaya qarşı qəfil və irimiqyaslı müharibəyə başladı. Həmin gündən dünyanın əksər paytaxtlarında bir suala cavab tapmağa çalışırlar: Müharibə nə zaman bitəcək?

Əlbəttə, bu suala cavab olaraq dəqiq tarix göstərmək mümkün deyil. Lakin bütün müharibələr kimi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin də nə zamansa bitəcəyi və "yüzillik müharibə" kimi uzunmüddətli olmayacağı məlumdur. Çünki Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat miqyasına görə ağır müharibə hesab olunur. Gün ərzində 50 nəfərdən artıq hərbçinin həlak olduğu uzunmüddətli savaşlar ağır müharibələr hesab olunur. Rusiya-Ukrayna müharibəsində isə tərəflər hər gün yüzlərlə hərbçi itirirlər.

Avropa İttifaqının Hərbi Missiyasının komandiri, admiral Herve Blezhan Fransa parlamentinin Milli Müdafiə Komitəsinin noyabrın 16-da keçirilən iclasındakı çıxışı zamanı Rusiyanın fevralın 24-dən noyabrın birinci yarsına kimi olan müddət ərzində 250 min ölü və yaralı əsgər itirdiyini bəyan etmişdi. "Bizim nisbətən dəqiq hesablamamıza görə, ən azı 60 min rus əsgəri öldürülüb və bundan üç dəfə çox hərbçisi də yaralanıb. Bu o deməkdir ki, 250 minə yaxın rus əsgəri hazırda döyüşmək iqtidarında deyil". Blezhanın deputatlar qarşısında açıqladığı məlumata görə, Rusiya müharibənin təxminən 9 ayı ərzində döyüş tankları parkının 60, yerüstü hücum raketləri ehtiyatının 70, zirehli transportyorların 40 və artilleriyasının 20 faizindən artığını itirib. Rusiya ordusunun artilleriya mərmilərinin qıtlığı ilə üzləşdiyi isə artıq hər kəsə məlumdur. Buna görə Rusiya ordusu artilleriya mərmilərinin atışını ən azı üç dəfə azaldıb. Halbuki hərbi əməliyyatların şiddəti daha artıb və Rusiya ilhaq etdiyi əraziləri itirməmək üçün Ukrayna ordusunun əks-hücumunun qarşısını almaq məcburiyyəti ilə üzləşib. Rusiyanın bir hissəsi elan olunan ərazilərin itirilməsi Moskva üçün ölüm hökmünə bərabər olsa da, Ukrayna ordusunun əks-hücumunun qarşını almaq üçün artilleriya mərmilərindən daha əvvəlki kimi gen-bol istifadə edə bilmir. Əgər müharibənin ilk altı ayı ərzində Rusiya ordusu gün ərzində 60 min artelleriya mərmisi atırdısa, son zamanlar bu rəqəm 20 minədək azalıb. Hər kəsə aydındır ki, müharibə uzandıqca Rusiya silah-sursat çatışmazlığı ilə daha çox üzləşəcək. Bu vəziyyət isə hələ Rusiyanın üzləşdiyi fəlakətin tam təsviri deyil.

Ukrayna Rusiya cəmiyyətinin təsəvvür etmədiyi hərbi əməliyyatlarla fəlakətin miqyasını inanılmaz dərəcədə böyüdür. Ukrayna ordusunun Rusiya hərbçilərinin Makiyevkadakı kazarmasına artilleriya zərbəsi endirməsi fəlakətin miqyasını böyüdən hərbi əməliyyatdır. Rusiya Müdafiə Nazirliyi rəsmi olaraq 89 nəfər hərbçisini itirdiyini etiraf edib. Halbuki müharibə başlayandan bu günə kimi Rusiya bir gündə 89 hərbçisini itirdiyini etiraf etməmişdi. Ukrayna hərbçiləri Makiyevkadakı kazarmaya zərbə endirilməsi nəticəsində 400 nəfər Rusiya hərbçisinin öldüyünü, 300 nəfərin isə yaralandığını bildirir. Müstəqil mənbələr isə Rusiya ordusunun 200-ə yaxın hərbçisinin həlak olduğunu, 150-yə yaxın hərbçinin yaralandığını bildirirlər. Makiyevkada baş verən hadisənin siyasi-mənəvi təsiri hərbi nəticəsindən də böyükdür. Rusiya cəmiyyətinin "hərbi-vətənpərvər" təbəqəsinin liderləri hesab olunan şəxslər hərbi və siyasi rəhbərliyi sərt tənqid edirlər. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə fəallığı ilə məşhurlaşmış, Federal Təhlükəsizlik Xidmətinin polkovniki İqor Qirkin (Strelkov) Ukrayna ordusunun Makiyevkada yüzlərlə rus hərbçisini məhv etməsindən sonra sərt açıqlama ilə çıxış edərək müdafiə naziri Sergey Şoyqunu oğru, Baş Qərargah rəisi Valeri Gerasimovu kütbeyin, Kreml rəsmilərini isə axmaq adlandırıb. Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ-ın casusu olduqlarını, buna görə də Rusiya ordusunu məhv etdiklərini bəyan edənlər də var.

"Hərbi-vətənpərvər" qüvvələrin liderləri Ukrayna ordusunun cəbhə xəttindən bir neçə yüz kilometr aralıda, Rusiyanın Saratov vilayətindəki Engels adına hərbi hava limanına bir ay ərzində üç dəfə zərbə endirməsini, bir neçə strateji bombardmançı təyyarəni məhv etməsini Rusiya ordusundakı xəyanətlə izah edirlər. Bütün bu ittihamlar Rusiyanın hərbi-siyasi elitasına qarşı etimadsızlığı gücləndirir. Ukrayna ordusu bir neçə dəfə də belə uğurlu əməliyyatlar həyata keçirsə, Rusiya ictimaiyyətinin əhval-ruhiyyəsi kəskin dəyişəcək. Rusiya cəmiyyəti nə qədər dözümlü olsa da, məğlub liderə qarşı bir o qədər dözümsüzdür.

Rusiya müharibənin on birinci ayında belə bir fəlakətli vəziyyətlə üz-üzədir. Bir neçə aydan sonra Rusiya müharibəni davam etdirmək imkanında olmayacaq. Çox böyük ehtimalla, avqust-sentyabr ayları müharibənin son ayları olacaq. Lakin Rusiya cəmiyyətinin bundan öncə hərbi-siyasi elitaya qarşı ayağa qalxacağı da istisna deyil. Ona görə də artıq nüfuzlu araşdırma mərkəzləri Rusiyanın gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə başlayıblar.

 

 





09.01.2023    çap et  çap et