525.Az

Muzey həm keçmişdir, həm də gələcək


 

Muzey həm keçmişdir, həm də gələcək<b style="color:red"></b>

Hər şey bir kitabın axtarışı ilə başladı. Babamla bağlı məlumatların olduğu həmin kitabın izi ilə Nəriman Nərimanovun Mənzil-Muzeyinə üz tutdum. Ona görə ki, zamanında babam və N.Nərimanov yaxın silahdaş oublar. Xırdalıqlara varmaq istəmirəm. Etiraf edim ki, hər dəfə bu muzeyin qarşısından keçəndə, özümə mütləq bu məkanı ziyarət edəcəyimə dair söz versəm də, elə söz olaraq da qalırdı. Amma onu da deməliyəm ki, muzeylərə getməyi həmişə xoşlamışam. Və nəhayətdə mənə bəlli səbəb üzündən də olsa, söz verdiyim muzeyə üz tutdum. İlk olaraq səliqəli otaqları gəzib ekspozisiya ilə tanış oldum. Muzeyin çox gənc direktoru Ləman Hüseynova ilə tanış olanda isə söhbət əsnasında öyrəndim ki, ondan əvvəl 16 il bura anası Kamilə Hüseynova rəhbərlik edib və varis olaraq özündən sonra estafeti ona verib. Ən maraqlısı o oldu ki, heç demə, Kamilə xanımla nəinki eyni məktəbi bitirmişik, hətta eyni ilin məzunları olmuşuq. Muzeyə daxil olanda bu məkan haqqında yazı hazırlamaq kimi bir fikir artıq məndə yaranmışdı və bu təsadüf fikrimə bir qədər də təkan verdi. Kamilə xanımla ötən ilin sonlarına yaxın görüşsək də, söhbətimiz yeni ilin ilk günlərində işıq üzü gördü. Beləliklə, müsahibim N.Nərimanovun böyük qardaşı Salman Nərimanovun nəticəsi, muzeyin qurucusu Kamilə Hüseynovadır.

 

- Qocaman məbəd olan 190 saylı məktəbin yetirmələriyik və bu, özlüyündə çox şey deməkdir. Amma kifayət qədər yaxından tanımırıq bir-birimizi. Ona görə də söz səndə...

 - Əsrin yarıdan çoxunu yola salan mən, payız ətirli günlərin birində Bakıda anadan olmuşam. Çox şanslıyam ki, 190 saylı məktəbi bitirmişəm. Elə bitirdiyim 1973-cü ildə Bakı Əczaçılıq Texnikumuna daxil olmuşam. Təhsili başa vurduqdan sonra uzun müddət ixtisasım üzrə çalışmışam. Əvvəl Mərkəzi Əczaçılıq İdarəsində, daha sonra DİN-nin hospitalında əczaçı kimi fəaliyyət göstərmişəm. Tale elə gətirib ki, 1996-cı ildən bir müddət ailəmlə məşğul olmaq lazım gəlib. 1999-cu ildə isə aldığım bir xəbər yolumu bu muzeyə gətirib çıxardı.

- Və həmin xəbər fəaliyyət sahəni tamam dəyişdi...

- Kökündən dəyişdi. Fəaliyyətə başladığı vaxtdan, yəni 1977-ci ildən muzeyə rəhbərlik edən Loğman Hacıyev 1999-cu ildə dünyasını dəyişdi. Nərimanovlar nəsli ilə bağlılığı olmayan rəhmətlik Loğman müəllim sovet dövrünə uyğun muzeyi inkişaf və təbliğ edib, qoruyub. O rəhmətə gedəndən sonra mənə xəbər gəldi ki, muzey baxımsız haldadı, sənin gəlməyin mütləqdi. Qohumların xahişi, ziyalıların məsləhəti, o zamankı mədəniyyət naziri P.Bülbüloğlunun dəstəyi ilə mən muzeyə gəldim. Tamam başqa ixtisas sahibi, muzey təcrübəsi olmayan bir adam kimi mənə yad olan bir mühitə düşməli oldum. Təbii ki, məni dərhal muzey direktoru təyin edə bilməzdilər və 1999-cu ilin qışından burada elmi işçi kimi fəaliyyətə başladım. Bizim ailədə hamı tarixə bağlı idi və bu sahə həmişə mənim də  maraq dairəmdə olub. Vəziyyətin belə olduğunu görüb mən artıq yeni sahəmə uyğun bilik və məlumatları genişləndirmək üçün qiyabi olaraq tarix fakültəsinə daxil oldum. 2005-ci ilə qədər zamanında muzeyin əməkdaşı olmuş Qurban Məmmədov bura rəhbərlik etdi. Həmin ildən isə N.Nərimanovun Mənzil-Muzeyi varislərin idarəçiliyinə verildi. 2021-ci ilin noyabr ayına qədər həm bir direktor, həm  nəslin nümayəndəsi kimi, həm Salman Nərimanovun nəticəsi olaraq muzeyin inkişafı, fondun zənginləşməsi istiqamətində güc və bacarığımı əsirgəməmişəm. Bəlli bir yaş həddi çatdığından bu gün muzeyin rəhbəri N.Nərimanovun qardaşının kötükcəsi Ləman Hüseynovadır. Buna baxmayaraq, bir əlim hələ də muzeyin üzərindədir.

- Başlayaq 90-cı illərin əvvəllərindən...

- Həmin illərdə N.Nərimanov şəxsiyyətinə qarşı bir "hücum" dalğası gəldi. Yersiz ittihamlar, böhtanlar səslənməyə başladı. Muzeyin bağlanması, heykəlinin götürülməsi kimi tələblər qoyuldu. Həmin ərəfədə təsadüfən özəl kanalların birində muzeylə bağlı süjet gördüm. Jurnalist süjeti muzeyin qapısı ağzında çəkmişdi. Deyirdi ki, Nərimanov unudulub, muzeyə gələn yoxdur, baxımsız vəziyyətdədi və bu kimi iradlar. Süjetdən o qədər təsirləndim ki, ağlamaqdan özümü saxlaya bilmədim. Biz hər il aprelin 14-ü Nərimanovun doğum günündə mütləq muzeyə gəlirdik və son vaxtlar görürdük ki, muzey həqiqətən baxımsızdır. Nənəm İltifat xanım sağlığında hər həftənin bazar günü mütləq muzeyə gələrdi və deyərdi ki, evimizə gəlmişəm, çünki onun uşaqlığı burda keçib. İltifat xanım dünyasını dəyişəndən sonra muzeyin baxımsız günləri başladı. Televiziyada gördüyüm süjet də məhz həmin ərəfədə çəkilmişdi və məni də o süjetdən sonra muzeyə sahib çıxmağa dəvət etdilər. Sağ olsun ki, Qurban Məmmədov mənim təyinatıma qədər muzeyin rəhbərliyini öz üzərinə götürdü və mən var gücümlə böyük bir yükün altına girdim. Hissə-hissə otaqların təmiri başlandı, müvəqqəti ekspozisiya quruldu. Yalnız 2005-ci ildə muzey əsaslı təmir edildi. Tam ekspozisiya isə 2013-cü ildə quruldu. Və beləcə tədbirlər, görüşlər keçirməyə, təqdimatlar etməyə başladıq ki Nərimanovu olduğu kimi tanıda bilək. Bundan başqa, 90-cı illərin senzurası bütün tədqiqatçılarn əl-qolunu bağlamışdı, arxivlərə giriş qadağasını aşmaq mümkün deyildi.

- Yəni zaman öz işini görməkdə idi...

- Elə bir zaman idi ki, Azərbaycan üçün, xalqı üçün çox çətinlikləri gözə alan bu insan milliyətçi və xalq düşməni kimi tanınırdı. Bu damğalara görə ailəmizin başı az müsibətlər çəkməyib. Anam Tibb İnstitutuna qəbul olsa da, onu tibb məktəbinə keçirirlər. Xarici Dillər İnstitutuna qəbul olan böyük xalamın Nərimanovun qardaşı nəvəsi olduğu üzə çıxanda institutdan xaric edilir, kiçik xalama isə ali məktəbə qəbul olmağa belə, imkan vermirlər. Kommunist Partiyasının tüğyan edən vaxtları idi və dövrün tələbləri vardı. Nənəm dəfələrlə partiya sıralarına daxil olmaq üçün ərizə versə də, onu qəbul etmirdilər. Yalnız Nərimanovun bəraətindən sonra nənəmi dönə-dönə dəvət etsələr də, bu dəfə o, kommunist olmaqdan imtina edib. İş tək bununla bitməyib. Sürgünə gedənlərin, repressiya qurbanlarının üstündə yalnız bir ad olub - Nərimanovun qohumu. Ona görə də N.Nərimanovun tədqiqatı 50-ci illərin sonunda üzə çıxıb. İlk araşdırmanı o zaman aspirant olan Vəli Məmmədov N.Nərimanovun yaradıcılığı mövzusunda aparmağa başlayıb. Hətta o zaman onu qorumaq üçün deyirlər ki, bu iş onun karyerasına zərər verə bilər. Lakin Vəli Axundov fikrindən daşınmır, Nərimanovun qohumlarını, nənəmi, bizləri taparaq işi başa çatdırır. Böyük senzura ilə üzləşsə də, xalq N.Nərimanovu həmin kitab sayəsində tanımağa başlayıb. Nərimanov daha yaxından müstəqillik dövründə tanınmağa başladı.

- Üç nəfərdən ibarət kiçik Nərimanovlar ailəsi...

- Nərimanov gec ailə qurub - 44 yaşında. Gülsüm xanımla olan bu izdivacdan onun bir oğlu dünyaya gəlib və ona atasının adını verib - Nəcəf. Atasını itirəndə Nəcəfin 6 yaşı olub. Nərimanovdan sonra onlar elə Moskvada da qalıb. Nərimanovun dəfnində iştirak edən qohumlar Gülsüm xanımı və Nəcəfi Bakıya gətirmək istəsələr də, Kalinin babam Qəzənfər Nərimanova bunu məsləhət görməyib və ailənin Bakıda məhv ediləcəyini söyləyib. Bundan ehtiyat edən qohumlar fikrindən daşınır. Lakin bir müddətdən sonra Nəcəfin Bakını görmək  arzusundan keçə biməyən Gülsüm xanım onunla birlikdə Vətənə gəlir və günlərin birində dəvət olunduqları qonaqlıqdan qayıdanda, evlərinin qapısının sınıq və hər yerin dağıdıldığını görüblər. Nəcəfə görə çox qorxduğundan Gülsüm xanım gecə ilə Moskvaya qayıdıb və bir daha Bakıya dönməyib. Moskvada da onlara təzyiqlər olub. Gülsüm xanımı iş adı ilə Sibirə, biçinlə bağlı Orta Asiyaya göndəriblər. Həmin müddətdə balaca Nəcəf dayə himayəsində qalıb. Bütün bu ağırlıqlara, çətinliklərə baxmayaraq, Gülsüm xanım Nəcəfi atasına layiq bir övlad kimi böyütməyə nail olub. Nəcəf indiki Sankt-Peterburqda hərbi məktəbi bitirib, altı dil bilib. İkinci Dünya müharibəsi başlayanda cəbhəyə gedir, 1943-cü ildə 24 yaşında Ukraynanın Volnovaxa şəhərində həlak olub, elə orada da dəfn edilib. Oğlunun ölümündən sonra Gülsüm xanım yalnız xeyirxah işlərlə məşğul olmaqla özünə təsəlli verir və Nəcəfdən on il sonra dünyasını dəyişir. Hazırda onun məzarı Moskvanın Vaqankovskoye qəbiristanlığındadı. Kiçik ailənin sonu belə bitib.

- Hazırda Mənzil-Muzeyi olan bu ev və Nərimanov...

- Nənəmin söhbətlərindən bu ev haqqında çox şey bilirəm, çünki İltifat xanım demək olar ki, bu evdə böyüyüb. Bu evdə Nərimanovla Gülsüm xanımın toyu olub. Həmin məclisdə dövrün görkəmli, tanınmış ziyalıları - Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli, həkim Əbülfəz Qarayev, daha bir həkim dostu Bəhram Axundov, Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Mənsur, Ərəblinski, Cahangir Zeynaov kimi şəxsiyyətlər iştirak edib. Ondan sonra bu evdə belə bir ənənə yaranıb. Hər həftənin cümə günü bu insanlar çay süfrəsinə yığışarmış. Gülsüm xanımın masaya sərdiyi ağ süfrənin üstünü mürəbbə, müxtəlif şirniyyatlarla bəzəyərmiş və maraqlı axşam keçirərlərmiş. Nənəmin 1918-ci illə bağlı bir xatirəsini heç unuda bilmirəm. Mart qırğınları ərəfəsi olub. Bir neçə nəfər Nərimanovla görüşməyə gəlib. Onlar iş otağına keçib. Bir xeyli söhbətdən sonra Nərimanov otaqdan çox əsəbi və gərgin halda çıxıb. Bir neçə gündən sonra isə nahar vaxtı Şaumyan Nərimanova zəng vurub. Nənəm danışırdı ki, əmim çox əsəbi halda: - bu, milli qırğındır, qarşısını almaq lazımdır deyə, qışqırırdı. Ondan sonra Nərimanov evdən çıxıb. O gedəndən sonra bir dəstə əli silahlı evə gəlib axtarış aparacaqlarını bildirib. O zaman Nərimanovdan böyük qardaşı Rizvan onların qarşısına çıxaraq axtarışa imkan verməyib. Amma sakitləşmək istəməyən silahlılar belə olan halda Nərimanovu aparacaqlarını bildirib. Silahlıların erməni olduğu artıq bəlli idi və qardaşı özünü Nərimanov kimi qələmə verərək onlarla gedir. Yalnız bir neçə gündən sonra hər iki qardaşdan xəbər çıxır. Bütün bu olanları İltifat xanım öz xatirələrində yazıb, ondan eşitdiklərim də yaddaşımda möhkəm yer tutub.

- Bir az da muzeydən danışaq...

- Muzey həm keçmiş, həm də gələcəkdir. Bu Mənil-Muzeyindən danışarkən Ulu öndərin zəhmətini vurğulamamaq mümkün deyil. O dahi şəxsiyyət N.Nərimanovun adının qaytarılması üçün çox mübarizə aparıb. 1970-ci ildə onun 100 illik yubileyinin keçirilməsi üçün Moskvaya müraciət edəndə H.Əliyevə cavab verirlər ki, bir millətçi üçünmü yubiley keçirmək istəyirsiz? Ulu öndər iki il bu yubileyin keçirilməsi uğrunda çalışıb və sonda 1972-ci ildə həm yubileyin, həm də heykəlinin açılışına nail olub. Və sonda 1977-ci ildə N.Nərimanovun Mənzil-Muzeyinin açılışı ilə isə xalqına, millətinə xidmət edən bir dövlət xadiminə layiq olduğu qiyməti verə bilib. Biz də bu muzeyi layiqincə yaşatmağa və gələcək nəsillərə çatdırmağa borcluyuq.

Tamilla M-zadə

 





09.01.2023    çap et  çap et