525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən cümə sayımızda)

 

 Sezarın belə davranışı heç kəsdə şübhə doğurmurdu. Əslində isə onun çox uzağa gedən planları var idi. O, çoxlarını məəttəl qoya bilirdi. Sullanın vətənin düşməni elan etdiyi Marinin arvadı olan xalasının dəfnində ilk dəfə Sezar Forumda çıxış etdi. O, təkcə böyük Roma sərkərdəsinin fəaliyyətinə yüksək qiymət verməyə cəsarət etmədi, həm də tabutun arxasınca Marini təsvir edən portretin aparılmasına göstəriş verdi. Bu, xalqa qəribə gəlirdi, çünki Sulla hakimiyyəti ələ keçirəndən sonra belə mənzərəni heç vaxt görməmişdi. Sullanın tərəfdarları olan kübarlar Sezarın bu hərəkətindən narazı qalmışdılar, lakin bu, xalqın xoşuna gəlmişdi. Həm də Romanın mərkəzində, Kapitoli təpəsində Marinin qızıl suyuna çəkilmiş heykəlini qoydurmaq üçün Sezarda ciddi həvəs yarandı. Heykəlin üzərindəki yazıda sərkərdənin ədalətsiz olaraq yaddan çıxmış qələbələri barədə məlumat verilirdi. Senat isə populyarların xalq partiyasının belə bərpasından ciddi qaydada narahat olmuşdu.

Sezarın Marinin xatirəsi ilə öyünməsi də əbəs deyildi, çünki son yüz ildə onun əcdadlarından heç kəs dövlətdə yüksək vəzifə tutmamışdı. Roma qanunlarına görə, vətəndaş konsul olmamışdan əvvəl ardıcıl olaraq bütün əvvəlki respublika vəzifələrini tutmalı idi, başqa sözlə, kvestor, edil, pretor olmalı idi. Hər bir vəzifənin icra müddəti başa çatdıqdan sonra, bir ildən az olmayaraq Romanın valisi və ya nümayəndəsi kimi əyalətdə işləməli idi. Az adama konsul olmaq xoşbəxtliyi qismət olurdu, bu seçkili vəzifələrin hər birini tutmaq üçün külli miqdarda pul xərcləmək lazım idi. Sezar respublikada fəxri vəzifələrə yiyələnməyə can atanda böyük məbləğdə vəsait xərcləməyi heç də əsirgəmirdi. Elə görünürdü ki, boş şöhrət üçün o, çox pul xərcləyir, əslində isə müqayisədə azacıq xərc hesabına böyük imkanlara malik olurdu.

İlk vəzifəni əldə etmək üçün Yuli Sezar ziyafətlərə və qonaqlıqlara böyük məbləğdə pul xərclədi, onlardan çoxunu borc almışdı. Bu dövrdə o, Spartak üsyanının qalibi sayılan varlı Krassa yaxınlaşmışdı. O, Pompeyi kənarlaşdırmaq üçün Sezara pulla köməklik göstərmişdi. Pompeylə isə o, birgə konsulluqları vaxtı rəqabətə girmişdi.

Kvestor seçilən Sezar İspaniyada xidmət etdi, Romaya qayıdıb, öz namizədliyini edilliyə verdi. Edilin səlahiyyətinə şəhərin bəzədilməsi, həmçinin, oyunların və tamaşaların təşkili daxil idi. Sezar Roma vətəndaşlarının yığıncaq keçirdiyi təkcə Forumu deyil, Kapitoli təpəsini də bəzədi. Həm də Romada ən yüksək kahin vəzifəsi olan böyük pontifik rütbəsinə nail olmağı da qərara aldı. Kahinləri də xalq yığıncaqları seçirdi, bircə fərq orasında idi ki, onlar hansısa müddətə deyil, ömürlük seçirlirdilər. Böyük pontifik vəzifəsi təkcə dini deyil, həm də siyasi əhəmiyyət daşıyırdı, çünki onlar təqvimlə, vəsiyyətlərlə, dövlət səlnaməsi ilə və vəzifəli şəxslərin siyahısını təşkil etməklə məşğul olurdular. O, ağır yarış xarakteri daşıyan seçkidə qalib gəldi, onun bu qələbəsi optimatları çox qəzəbləndirmişdi.

Həmin ildə Katilina qəsdinin üstü açıldı. Katilinanın özü Etruriyaya qaçdı, tərəfdarları isə Romada qallarla xəyanət əlaqəsinə girdiklərini etiraf etdilər. Onların taleyi senatda həll olunurdu. İstintaq vaxtı məlum oldu ki, Krass və Sezar iki il ərzində Katilina ilə əlaqə saxlayırmışlar ki, onun köməyi ilə respublikada qeyri-məhdud hakimiyyətə yiyələnsinlər. Lakin varlı Krass Katilinanın cəsarətli planlarından qorxurdu, çünki o, öz tərəfdarlarına borcların ləğv edilməsini və varlıların əmlakının bölüşdürülməsini vəd etmişdi. Ona görə də Krass qəsdçilərdən uzaqlaşmışdı və onları ifşa edən sənədləri konsul Siserona verdi.

Xalqın öz müdafiəçisi hesab etdiyi Sezar ali pontifik kimi hesab etdiyi vəzifəni tutduğuna görə çox populyar idi. Buna görə də təkzib olunmayan dəlillərin varlığına baxmayaraq, onu qəsddə iştirak etməkdə ittiham edə bilmədilər. Konsul əmin idi ki, Sezar öz təhlükəsizliyi naminə qəsdçilərin taleyi həll olunanda işə qarışmayacaqdır. Həm də Sezarın da ağlı yaxşı işləyirdi və cəsarəti çatırdı ki, senatorlar onun keçmiş yoldaşları olan qəsdçiləri ölümə məhkum edəndə, sakit qalsın, danışmasın. Xalq isə bunu ona bağışlamazdı ki, o, varlılara və aristokratlara qarşı mübarizəyə qalxmış adamları müdafiə etməsin.

Sezar senatda çox məharətli bir çıxış etdi. O, özünü elə göstərdi ki, guya qəsdçilər barədə heç də narahat olmur, daha çox senatorlar barədə narahat olur ki, onlar olduqca sərt tədbirlər həyata keçirməklə xalqın hiddətinin qalxmasına səbəb ola bilərlər. O, əslində, senatorları qorxutmaq istəyirdi, çalışırdı onları qəsdçilərin həyatını qoruyub saxlamağa inandırsın. O deyirdi ki, qanuna görə, qəsdçilərin xalq yığıncağına müraciət etmək hüquqları vardır. Senatorlardan isə heç kəs istəmirdi ki, bu məsələ Romanın küçələrində və meydançalarında yoxsul kütlə tərəfindən həll edilsin. Sezar qəsdçilərin əmlakını müsadirə etmək və onların İtaliyanın müxtəlif şəhərlərində dustaq olmaları ilə kifayətlənməyi təklif edirdi. Lakin senat Sezarın xəbərdarlığına baxmayaraq, nəhayət, Katilina tərəfdarları olan qəsdçiləri ölüm hökmünə məhkum etdi.

Senatdan çıxanda, gənc aristokratlar kütləsi yalın qılıncla Sezarın üstünə cumdu, çox çətinliklə ona xilas olmaq müyəssər oldu. Lakin o, özü üçün vacib olan bir şeyi - sadə xalqın etibarını qoruyub saxladı.

Sonrakı ili Sezar Romada pretor - ali hakim vəzifəsini tutdu, bu vəzifə əhəmiyyətinə görə konsuldan sonra ikinci hesab olunurdu. Aristokrat partiyasının rəhbərlərini məhkəməyə cəlb etməklə, Sezar senatorları o qədər qəzəbləndirdi ki, onu vəzifəsindən kənarlaşdırdılar. Lakin bu, xalqın həyəcanına səbəb olduğundan, Senat öz qərarını ləğv etməyə məcbur oldu.

Bu hadisələrdən sonra Sezar İspaniyaya vali təyin olundu, burada o, varlanmaqla, öz borclarını ödəməyə qadir olacağına ümid edirdi. Lakin düşmənləri onu İspaniyaya buraxmamaq qərarına gəldilər. Onların öyrətməsi ilə borclu olduğu adamlar Sezarı əhatə edib, onu borclarını ödəməyənə qədər, Romadan buraxmayacaqları ilə hədələdilər. Yuli Sezar yenə kömək üçün Krassa müraciət etməli oldu, axırıncı lazım olan məbləği ona verdiyindən, Sezar əyalətə getmək imkanı əldə etdi.

Danışırlar ki, xoşagəlməz hadisələrdən cana yığılan Sezar öz nökərləri ilə Qalliyadakı bir kasıb şəhərə gəldi. Sezar ona ünvanlanan bir qəribə suala cavab verdi ki, o, Romada ikinci olmaqdansa, burada birinci olmağı seçərdi. Çünki adamlar belə şəhərdə də hakimiyyət uğrunda intriqa getməsinə inanmaq istəmirdilər.

İspaniyada Sezar ilk əvvəl başa düşdü ki, onun can atdığı qeyri-məhdud hakimiyyəti yalnız sədaqətli qoşuna arxalanmaqla əldə etmək olar, bu məsələdə onun güvəndiyi şəhər yoxsulları elə bir fayda verə bilməz. Ona görə də əyalətdə əsas vəzifəsini varlanmaqda və özünə sədaqətli ordu yaratmaqda gördü. İspaniyada artıq ixtiyarında olan 20 koqortadan əlavə, o, 10 koqorta da yığdı, beləliklə, öz ordusunun tərkibini üç legiona çatdırdı. Sonra o, İspaniyanın qərb vilayətlərini okeana qədər işğal etməyə başladı. Orada yaşayan luzitanlar öz müstəqilliklərini saxlayırdılar. Bir sıra şəhərlər Sezara qapılarını könüllü açırdılar, onu isə daha çox pul əldə etmək maraqlandırırdı. Ona görə də o, qarət əmrini verdi. İspaniyada olduğu bir il ərzində Sezar özünə yaxşı var-dövlət topladı. Bu pullardan o, seçkilərdə istifadə edəcəkdi. Respublika epoxasında əsgərlər imperatoru, böyük qələbənin ona çatacaq bir haqqı kimi seçirdilər. Bu titula yiyələnən sərkərdə Romaya qayıdanda triumf, başqa sözlə, paytaxta təntənəli girməyi əldə etmək hüququnu qazanırdı.

Lakin Sezar triumfdan imtina etməyə məcbur oldu. O, Romaya tələsirdi ki, öz namizədliyinin sonrakı il üçün konsulluğa irəli sürsün. Triumf almağı arzu edən isə şəhər hüdudlarından kənarda gözləməli idi. Sezar təntənədən imtina etməyi qərara aldı ki, konsul vəzifəsinə nail olmaq hüququnu itirməsin.

Senat partiyasının müqavimətinə baxmayaraq, Sezar konsul seçildi. İkinci konsul isə barışmaz aristokrat olan Mark Bibul oldu. Varlı adamlar Sezarın qələbəsinin əhəmiyyətini azaltmaq istədilər. Senat qərar qəbul etdi ki, bu ilin konsulları əyalətə vali təyin edilməsinlər, konsul vəzifəsini bitirəndən sonra onlara əvəzində əhəmiyyətsiz və faydası olmayan vəzifələr veriləcəkdi.

Sezar anladı ki, təklikdə o, Senatın ona zidd olan hərəkəti ilə bacara bilməyəcəkdir. Krassla dostluğunu bərpa edib, onların ittifaqına Sezar görkəmli sərkərdə Pompeyi də cəlb etdi. Baxmayaraq ki, Krass və Pompey on il idi ki, rəqib olmaqla, bir-birlərini sevmirdilər. Sezar onları barışdıra bildi və inandırdı ki, təklikdə gücsüz olan qüvvələrini birləşdirdikdə, öz iradələrini Senata və xalq yığıncağına diqtə edə bilərlər. Pompey ümid edirdi ki, Krass və Sezarla ittifaq onunla birgə Şərqdə vuruşmuş veteran əsgərlərinin mükafatlandırılmasının əldə edilməsinə köməklik göstərəcəkdir. Ona görə də o, həvəslə Sezarla ittifaqa girdi və onun qızı Yuliyaya evlənməklə onunla qohum oldu.

Üç nəfərin ittifaqı - Triumvrat - əvvəldən gizli saxlanırdı. Lakin senat Sezarın bütün təkliflərinə əks çıxmaqda davam edəndə, təkliflər isə pulsuz çörək paylamaq, koloniyalar yaratmaq və sairədən ibarət idi, o, Krass və Pompeylə birlikdə Foruma çıxıb, dostlarından xahiş etdi ki, xalqa faydalı olan qanunların keçməsinə mane olanların öhdəsindən əllərindəki silahla gəlsinlər. Hər ikisi özlərinin köməyini vəd etdi.

Bundan bir qədər sonra Pompey silahlı adamlarla Forumu tutdu və beləliklə, özünə və Sezara xeyirli olan qanunların təsdiq edilməsinə nail oldu. Şərqə yürüş vaxtı onun imzaladığı sərəncamlar da təsdiq edildi, veteranlar vəd edilən torpağı aldılar. Sezara isə, əvvəlki qərar dəyişdirilərək, konsulluğundan sonra Qalliya əyaləti və oradakı 4 legiona komandanlıq veriləcəkdi. İkinci konsul Mark Bibul çalışdı ki, yeni qanunların qəbul edilməsini pozsun, lakin veteranlar zorla onu Forumdan qovdular. Sonrakı günü Bibul senatda protest elan etdi, lakin triumvurların qorxusundan heç kəsin onu müdafiə etməyə cəsarəti çatmadı. Bibul elə ümidsizliyə qapıldı ki, konsulluğun sonuna qədər evindən çölə çıxmadı. Sezar bundan sui-istifadə edərək, bütün işləri özünün istədiyi kimi həll edirdi. Ona görə də həmin ilin konsulluğu Sezar və Bibulunku deyil, "Yulinin və Sezarın konsulluğu" adlanırdı.

Çox sayda senatorlar üçün qorxulu olan bu konsulluq başa çatanda, Sezar ona ayrılmış Qalliyaya yollandı. Bu ölkənin varlı imkanları ona gələcək triumflarının rəhni kimi görünürdü. Xalq yığıncağı ona Po çayının hər iki sahilindəki Ön Alp Qalliyasını idarə etmək hüququ verdi. Bu əyalət Romaya çox yaxın idi, Sezar əvvəlki tək oradan paytaxtdakı hadisələrin gedişinə təsir göstərə bilərdi. Pompeyin təklifi ilə Sezara, həmçinin, Narbon Qalliyasını idarə etmək də tapşırıldı. Bu əyalət Aralıq dənizinin sahilindəki zolaq olmaqla, İtaliyadan İspaniyaya qədər olan ərazini tuturdu. Bu ərazidə çox sayda tayfalar yaşayırdı və onlar bir-birlərinə qarşı düşmənçilik edirdilər. Yaxın qonşuları isə Roma tacirləri ilə ticarət aparırdılar. Burada xalq borc qulu olmağın ləğv edilməsinə çalışırdı.

Sezar b.e.ə. 58-ci ilin yazında Narbon Qalliyasına gəlib çıxanda onun yanına yerli əhalinin nümayəndələri gəldi. Onlar Qalliyaya hərbi müdaxilənin baş verməsi üçün yaxşı bəhanə rolunu oynayırdılar. Sezar bu əlverişli andan istifadə etməyə çalışdı ki, germanların qüdrətli tayfa başçısı olan öz rəqibini məhv etsin. Gelvetlər üzərində qələbə çaldıqdan sonra Sezarın yanına Şərqi Qalliyanın bütün xalqlarından nümayəndələr gəldi, onlar xahiş etdilər ki, germanların basqınlarının qarşısını almağa kömək göstərilsin.

German tayfasının başçısı Arovistlə müharibə etmək üçün artıq bəhanə var idi və Sezar müharibəyə hazırlıq gördü. Hər şeydən əvvəl ordunun təchizatını təmin etmək lazım idi. Arovist Romadan gələn təchizat yolunu kəsmişdi. Sezarın düşərgəsində ruh düşkünlüyü yaranmışdı.

(Ardı var)

 





09.01.2023    çap et  çap et