"Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasında(AŞPA) çıxışı çox maraqlı idi. Xüsusilə də dövlət başçısı Dağlıq Qarabağa dair məsələyə böyük önəm verdi və geniş danışdı". Bu barədə "525"ə açıqlamasında Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı bildirib. Hüquq müdafiəçisi dövlət başçısının bu çıxışını çox yüksək qiymətləndirdiyini vurğulayıb:"Çünki Avropa Şurasında bizim birinci və əsas məsələmiz Qarabağ problemi olmalıdır. Qarabağı geri qaytarmaq istəyiriksə, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda bu istiqamətdə çox mütəşşəkil işləməliyik. Prezident çıxışı zamanı Qarabağ məsələsinə böyük önəm verib onu irəli çəkməsi vacib idi".
S.Qocamanlı Fransada yaşayan və sığınacaq alan bəzi azərbaycanlıların sessiya zamanı aksiya keçirmələrinə də toxunub: "Mənim ürəyimi ağrıdan o oldu ki, həmin insanların qaldırdıqları ağ şüarın üzərində Dağlıq Qarabağa dair bir söz belə yox idi. Çox yaxşı olardı ki, həmin o insanlar şüarlarında zalda düşmənimiz olan ermənilərin oturduğunu unutmayaydılar və öz şüarlarında "Qarabağı qaytarın" yazardılar. Bizim işğal olunmuş ərazilərimizin, rayonlarımızın adlarını qeyd edəydilər. Təəssüf ki, bunu görmədik və bu bizi çox ağrıtdı. Ermənilər isə elə bir mötəbər tədbirdə özümüz-özümüzə qarşı çıxmağımıza əlbəttə ki, sevindilər".
S.Qocamanlı əlavə edib ki, orda xüsusi yer var ki, həmin yerdə piket keçrmək, şüarları qaldırmaq olardı, nə istəsələr deyə də bilərdilər: "Amma sessiyanın getdiyi zalda Prezident Qarabağ barədə danışır, ermənilər düşməncəsinə bizə baxırlar, özümüzünkülər isə əleyhimizə şüarlar qaldırırlar. Qoy bundan sonra mənim barəmdə nə istəyirlər danışsınlar, nə istəyirlər desinlər. Amma mənim ürəyimi ağrıdan mənim torpağımın işğalda olmasıdır. Gərək həmin insanlar zala buraxılmaqlarından istifadə edərək şüarlara Qarabağ yazıb qaldıraydılar. Hüquq müdafiəçisi hesab edir ki, bu özbaşına aparılan aksiya deyildi, burda Azərbaycanı sevməyən xarici qüvvələrin də əli olub: "Çünki zala girməyin özü də asan deyil. Ümumiyyətlə, bütün dünyada Azərbaycana qarşı yönələn əl var. Əgər belə olmasaydı biz Qarabağı çoxdan alardıq".
S.Qocamanlı erməni deputatların Azərbaycan Prezidentinə sual vermədiklərini, amma başqa ölkələrdən olan deputatların ünvanladığı sualların arxasındakı mənanı anladıqlarını vurğulayıb: "Hər halda Prezident İlham Əliyevin çıxışı böyük rezonans yaratdı. Amma biz onu da bilməliyik ki, xaricdən gələn pay bizə lazım deyil. Biz özümüz ölkəmiz daxilində problemlərimizi həll etməliyik. Sadəcə buna iradəmiz, istəyimiz olmalıdır. Bizim də imkanımız olub və indi də var ki, gedib hansısa Avropa ölkələrində yaşayaq. Amma getməmişik, çünki bu torpağa çox bağlıyıq və burdan gedəsi deyilik". O, AŞPA sessiyası çərçivəsində qurum rəhbərliyi ilə görüşlər keçirdiklərini də vurğulayıb. Əlavə edib ki, bir neçə il əvvəl hökumətlə birgə fəaliyyət göstərən insan haqları üzrə işçi qrupun yenidən bərpa olunması gözlənilir.
Pərvanə
çap et