(Əvvəli ötən sayımızda)
- Tahir müəllim, son vaxtlar toy mərasimlərimizə son illər xarici müğənnilərin dəvət olunması da dəbə düşüb.
- Elədir ki, var. Həmin əcnəbi müğənnilər-rus, türk, ingilis ifaçıları bir çox hallarda toylarımızdan yüzminlərlə manat pul qazanırlar. Ancaq çoxları onları ifasını düzgün başa düşmür, nə oxuduqlarını anlamırlar. Bu yaxınlarda tanıdığım bir nəfər mənə elə bir əhvalat danışdı. Dedi ki, vəzifəli bir nəfərin oğlan toyunda respublikanın tanınmış 25-30 nəfər sənət adamı iştirak edib, toya şən əhval-ruhiyyə gətirməyə çalışsalar da, ancaq axırda bu qız evini qane etməyib. Onlar xarici müğənnilərin toya dəvət olunmamasını, gəlin-qızlarına hörmətsizlik kimi qiymətləndiriblər. Bu əsnada münasibətlər korlandığına görə gəlin 20 gündən sonra bəy evini tərk edib və boşanmağa qərar verib.
Bax, bu, əsl nadanlıqdır! Kənddə, rayonda yaşayıb, ancaq öz el-obamızda toy etməyi, qonşunu, kasıb qohumunu əziz məclisinə çağırmağı özü üçün əskiklik bilən, ayıb sayan və toy etmək üçün borca düşüb Bakının bahalı şadlıq evlərinə üz tutan insanları necə nadan adlandırmayım? Ancaq övladlarımızın xoşbəxtliyi, gənclərin səadəti dəbdəbəli toylarla, təmtəraqlı şadlıq evləri, xarici ifaçılarla, çalıb-oxuyanların çoxluğu, yeməklərin bolluğu, iştirakçıların vəzifəsi ilə deyil, qarşılıqlı səmimiyyətlə, məhəbbətlə, sədaqətlə, ailə quranların bir-birini sevmələri və qiymətləndirmələri ilə ölçülür. Bahalı, təmtəraqlı toy məclisləri, bəy və gəlini müşayiət edən çox qiymətli maşın karvanları, atəşfəşanlıq, qurama dekorasiyalar, geyimlər, oyunlar, ifalar xoşbəxtliyin meyarı yox, əcaiblikdir. İnsanın özünün, öz malının, pulunun dəyərini və qədrini bilməməsidir. Yüngül şan-şöhrət yolunu tutmasıdır, başqaları ilə bəhsə girməsidir, özünü ucaltmaq yox, əslində özünü alçaltmasıdır. Mən dəbdəbəli toy edib borca düşən, müflisləşən, aldığı pulu illərlə geri qaytara bilməyib xəcalət çəkən, ürəkağrısı keçirən, hətta ev-eşiyini girov qoyan insanlar tanıyıram...
- Banklardan kredit götürüb təmtəraqlı toy edənlər də az deyil...
-Çox təəssüfləndirici bir haldır. Axı, bankdan aldığı pulu sonra necə ödəyəcəyini fikirləşməyən bəzi insanlar bir neçə saatlıq quru şöhrət xatirinə sonrakı bütün həyatlarını zəhərləyirlər?! Əlbəttə ki, belə hallar ailə quran gənclərimizin də həyatından yan keçmir və nəticədə bir çox gənc ailələr dağılır. Hamımız yaxşı görürük ki, milli dəyərlərimizə yad olan hallar, meşşan həyat, ruhumuzu oxşamayan məclislər, saxta məhəbbətlər üzərində qurulmuş ailələr, qurama nigahlar və sair bizi xərçəng kimi içərimizdən yeyib parçalayır. Adımıza, mənliyimizə xələl gətirir, səhhətimizə, həyatımıza, büdcəmizə ziyan vurur. Ancaq buna son qoymağa çalışmırıq...
- Bunlar az imiş kimi, toylarımız qədər yas mərasimlərimizi də ucuzlaşdırırıq...
- Bu, lap dəhşətdir. Qurana, şəriət qanunlarına əsaslansaq da, ancaq çox vaxt müqəddəs kitabımızda yazılanlara, məsləhətlərə əməl etmirik. Yas mərasimlərimizi təmtəraqlı keçirməyi özümüzə şərəf sayırıq. Yaslarımıza mərsiyəxanlar, ölü oxuyanlar dəvət edirik. Ölüağlayanlar dəvət edirik. Başqaları bizim ölümüzə göz yaşı axıdır, ağlayır, özümüz isə söhbətə girişirik. Əgər mən özüm əzizimin itkisinə göz yaşı töküb ağlaya bilmirəmsə, özgənin pulla yalandan mənim ölümə ağlaması hansı əxlaqa, insanlığa uyğundur? Bu, gülüş doğuran haldır. Yas mərasimlərinin bu qədər təmtəraqlı keçirilməsi, süfrənin bol-bol yeməklərlə, şirniyyatlarla, meyvələrlə, mineral sularla bəzədilməsi, yasda bir deyil, bir neçə mollanın iştirakı israfçılıq və quru şöhrətpərəstlik əlamətindən başqa bir şey deyil. Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf edən ölkələrindən biri olsa da, hər birimiz iqtisadiyyatımızın, varımızın, dövlətimizin qədrini bilməliyik. Qənaətcil olmalı, israfçılığa yol verməməliyik.
Ancaq toy və yas mərasimlərində biz bunun tam əksini görürük. Süfrəyə gətirilən yeməklərin, ərzaq məhsullarının, içkilərin, suların, demək olar ki, 60-70 faizi istifadə olunmur, tullantıya çevrilir. Digər tərəfdən, məclislərdəki hay-küy, şit hərəkətlər, ifalar, açıq-saçıq geyimlər, tərifli nitqlər, təkəbbürlü ifadələr mənəviyyatımızın korlanmasına, aşağılanmasına xidmət edir.
Bayramlarda, yas və toy mərasimlərində, ad günlərində yol verilən israfçılığa görə mən deyərdim ki, dünyada bizə bərabər heç bir xalq ola bilməz. Xarici qonaqlarımız da bu fikri səsləndirirlər. Məgər biz bu qədər israfçılığa yol verməklə səxavətli, əliaçıq,var-dövlətli olduğumuzu sübut etmək istəyirikmi? Yox, belə deyil! Bu gün şəhər, qəsəbə və kəndlərimizdə keçirilən toy və yas mərasimlərində israfçılıq nəticəsində tullantıya çevrilən 10 tonlarla ət, toyuq, balıq, meyvə, çörək, tərəvəz və sair məhsullar və onlara çəkilən xərclər bu dövlətin var-dövlətidir, nemətidir. Bu var-dövlətə belə laqeyd münasibət təkcə məclis sahibinin öz cibinə, puluna düşmənçiliyi kimi yox, dövlətin iqtisadiyyatına, maddi nemətlərinə düşmənçilik kimi də qiymətləndirilməlidir.
İsrafçılıq nəticəsində çölə atılan yüz tonlarla ərzaq məhsullarının yüz min manatlarla hesablanan pulunu bir məktəbin, körpələr evinin, uşaq bağçasının tikintisinə, kimsəsizlərin, əlillərin imtiyazlarının, maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəltsək, daha yaxşı olar. Bu insanpərvərliyi, uzaqgörənliyi, alicənablığı görənlər, əlbəttə, bizi israfçı, malının-pulunun düşməni olan xalq deyil, müdrik, varlı-dövlətli xalq adlandırar.
Toy və yas mərasimlərini qanunla tənzimləmək də çətindir, bu sahədə müəyyən qadağalar tətbiq etmək də. Çünki bu, insanların öz seçimidir, arzusunun, istəklərinin ifadəsidir. Müxtəlif dünyagörüşə, fərqli adət-ənənələrə malik insanları qanun çərçivəsinə salmaq, hamıya eyni qaydaları tətbiq etmək demokratik cəmiyyətdə yolverilməzdir. Bu qaydalar haqqında insanlığın özü düşünməlidir. Nəyin faydalı, nəyin gərəksiz olduğunu o, özü müəyyənləşdirməli, ailəsi, səhhəti, büdcəsi, eləcə də, cəmiyyət üçün daha gərəkli olanı seçib götürməlidir. Ağıllı insan sözsüz ki, fərdiçiliyə deyil, ümumi faydalı meyarlara, bəşəri meyllərə, dəyərlərə daha çox istinad etməlidir. Yalnız belə olan halda-ümumxalq istəyi sayəsində toy və yas mərasimləri cəmiyyətdə öz hörmətini ucaldar və hamı tərəfindən layiqincə dəyərləndirilə bilər.
Kamil HƏMZƏOĞLU
çap et