525.Az

Batan gəmini tərk etmək istəyi


 

Batan gəmini tərk etmək istəyi<b style="color:red"></b>

Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluq özünü rus xalqının ən yaxın müttəfiqi kimi təqdim etmiş erməniləri düşünməyə vadar edir. Ermənistanın aparıcı media orqanlarında "Rus Titanik batır, Ermənistanı xilas etmək lazımdır", "Qətiyyətli hərəkət vaxtıdır: Ermənistan Ukraynanı dəstəkləməlidir", "Yeni il Ermənistana yeni müttəfiqlər gətirəcək, yoxsa köhnələrə qarışacağıq?" başlıqlı məqalələr fərqli müəlliflərin düşüncəsinin məhsulu olsa da, bu məqalələrin ümumi ruhu eynidir. Erməni təhlilçilər tarixi müttəfiqlərinin məğlub olacağını aydın görməyə başlayıblar və təcili sürətdə batan gəmini tərk etməyə çağırırlar.

Ukraynanın döyüş meydanında hər bir uğuru Rusiyanın məğlub ola biləcəyi ilə bağlı ermənilərin təlaşını daha da artırır. Erməni mətbuatının son bir illik monitorinqi həyata keçirilsə, erməni müəlliflərin mövqelərindəki kəskin dəyişiklik çox aydın görünəcək. Bir il öncə Ermənistan mətbuatında belə fikirlər mövcud idi ki, Rusiya Ukrayna üzərində qələbə qazandıqdan sonra üzünü Cənubi Qafqaza çevirəcək və Azərbaycanı cəzalandıracaq. Ermənilər hətta bununla bağlı çağırışlar da edirdilər.

Bir il öncə Azərbaycanı Rusiya ilə hədələməyə cəhd göstərənlər indi Moskva ilə müttəfiqliyə son qoymağa, səngər dəyişikliyi etməyə çağırırlar. Rusiyanın dağılacağı, türklərin bu coğrafiyada mövqeyinin güclənəcəyi ilə bağlı fikirlər isə Ermənistanda qorxu yaradır. Qərbin nüfuzlu "beyin mərkəzləri"nən biri, ABŞ Silahlı Qüvvələrinə yaxınlığı ilə tanınan Hudson İnstitutunun son hesabatı Ermənistanda zələzələ effekti yaradıb. Məlum olduğu kimi, Hudson İnstitutunun son hesabatında ABŞ hökuməti Rusiyanın dağılması ssenarisinə hazır olmağa çağırıb və bu məsələdə GUAM-la yanaşı, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq tövsiyə edilir. Hudson İnstitutunun bu tövsiyəsi isə erməniləri qorxutmağa başlayıb. Çünki Azərbaycan hər iki regional təşkilatın aparıcı üzvüdür. Ukrayna və Moldovanın da yer aldığı GUAM uzun illər Rusiyanın postsovet məkanındakı təsir və təzyiqlərinin qarşını almağa xidmət edən regional təşkilat hesab olunub. Azərbaycanın Ukrayna, Moldova və Gürcüstanla birlikdə bu təşkilatda təmsil olunması Ermənistanda ciddi narahatlıq yaradır. Ukraynanın dünyada, xüsusilə də bizim regionda mövqelərinin güclənməsi Azərbaycanın mövqelərinin güclənməsi kimi qəbul edilir.

Rusiya və İranın zəifləməsi, regionda təsir imkanlarını itirməsi bölgənin ən güclü ölkələrindən olan Türkiyənin rolunu daha da gücləndirir. Ermənistanda bütün bu prosesləri narahatlıq və qorxu ilə izləyirlər. Ona görə batan gəmini tərk etmək çağırışları güclənir. Lakin rəsmi İrəvan qətiyyətli addımlar ata bilmədiyi üçün Ermənistan Rusiyanın orbitində dolanmaqda davam edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilat və Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan batan gəmini necə və nə zaman tərk edəcəyini bilmir. Ermənistanda batan gəmini tərk etmək istəyi nə qədər güclənsə də, açıq dənizdə batmaq qorxusu da güclü olaraq qalır.

 

 

 

 





10.01.2023    çap et  çap et