525.Az

Amerikanın 21 günlük kəşfi - Könül Bünyadzadə (1-ci yazı)


 

Amerikanın 21 günlük kəşfi - <b style="color:red"> Könül Bünyadzadə (1-ci yazı)</b>

Amerika Birləşmiş Ştatları hər zaman diqqət mərkəzindədir. Fərqi yoxdur, düşünülmüş şəkildə, yaxud işin gedişi bunu tələb edir, əsas odur ki, bu ölkə hər zaman aktual olmağı bacarır. Buna görə də, onun kəşfi deyəndə müəyyən mənada rişxənd yarada bilər: "Görünən dağa nə bələdçi?" Ancaq məsələ burasındadır ki, bu dağ görünmür, okeanın o tayındadır və kəşf üçün bələdçi tələb olunur. Yoxsa elə Xristofor Kolumb kimi, "Qərbi Hindistan" (Vest İndia), yaxud "Yeni Dünya" adı ilə kifayətlənərdik. Düzdür, bu gün o uzaqları yaxın edən faktlar, hallar çoxdur - uşaqlarımız orada tələbədir, kiminsə doğmaları orada yaşayır, kimsə tətilini orada keçirməyə üstünlük verir. Bu mənada, bəlkə də mənim "kəşfim" sonuncu yerlərdən birində durardı. Ancaq məqaləmin məqsədi başqadır - hamının bildiyi həqiqətlərə bir az fərqli bucaqdan işıq salmaq.

Birləşmiş Ştatlar həmişə getmək istədiyim ən sonuncu ölkə olub. Həm uzaqlığına, həm də məni ora bağlayan hər hansı bir mənəvi xətt görmədiyimə görə. İllər əvvəl baş vermiş kiçik bir hadisə isə ümumiyyətlə məndə ora olan həvəsi öldürmüşdü. Mənim Azərbaycan fəlsəfəsi ilə bağlı layihəm Georgetovn Universitetinin bir fəlsəfə professoru tərəfindən qəbul edilmişdi. Donor təşkilat müsahibə üçün görüş məkanı Tiflisi seçmişdi. Görüşdə salamlamadan sonra ilk sual təxminən belə oldu: "Azərbaycanda fəlsəfə var ki, onun da bir layihəsi ola?!" Cavabım o qədər də onların ürəyincə olmadı: "Qarşınızda oturmuşamsa, deməli, var. Nə qədər ki, bizim araşdırmaçılar başqa millətin nümayəndələrinin diktəsi və yardımı altında hərəkət edəcək, təbii ki, olmayacaq. Məhz öz kökünü tapıb onun fəlsəfəsini inkişaf etdirmək lazımdır ki, belə suallarla qarşılaşmayasan. Layihədə məqsədim də budur". Sualın məqsədli verildiyi gün kimi aydın idi. Həmin dövr üçün bəlkə də haqlı sual idi. Layihəni qazanmaq üçün daha diplomatik, daha siyasi cavab verə bilərdim, amma vermədim. Sualdakı rişxəndə dözmək istəmədim və təbii ki, qrantı da qazanmadım. Cavabımdakı rəyim isə hələ də qüvvədədir: öz milli-mənəvi dəyərlərinin fəlsəfəsini bilməyən millət başqa maraqların yeminə, quluna çevrilməyə məhkumdur.

İllər sonra Bakı Amerika Mərkəzi ilə uğurlu bir əməkdaşlığa başladıq. Ardınca Amerikanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə İVLP (Beynəlxalq Ziyarətçi Lider Proqramı) çərçivəsində ora səfər etmək imkanı yarandı və 21 günlük okeanın o tayının qonağı oldum. İlk dəfə idi ki, içimdə neqativ hisslərlə hara isə səfərə gedirdim. Bəlkə də bu, işin xeyrinə oldu - hər şeyə obyektiv, emosiyasız, soyuq düşüncə ilə, hətta tənqidi baxa bilirdim. Mən düşünürdüm ki, heç nə yazmaram, çünki ruhumu dindirəcək şeylərin olmasından əmin deyildim. Ancaq bu dəfə ruhum yox, ağlım danışmaq ehtiyacı duydu. Zatən Birləşmiş Ştatlar duyğuların deyil, düşüncələrin ölkəsidir.

Səfərimiz ciddi bir məntiqi ardıcıllıqla təşkil olunmuşdu və bir-birini tamamlayırdı. Təxminən altı Ştata getdik. Təşkilatçılar maksimum dərəcədə Amerikanın ümumi portretini yaradacaq görüşlər təşkil etməyi bacarmışdılar. Hər görüşün bir məqsədi var idi. Hətta ən maraqsızının da bir missiyası var idi. Buna əminəm və həqiqətini dərk edirəm. Sanki beyinləri hazırlayıb sağlam toxumlar səpdilər və cücərəcəyini səbirlə gözləyəcəklər.

 

Rəsmi Birləşmiş Ştatlar, yaxud ...üçayaqlı kətil

 

İlk məkanımız ölkənin paytaxtı Vaşinqton oldu və müvafiq olaraq burada dövlətin rəsmi siyasəti, idarəçiliyi haqqında məlumatlar verməyə çalışırdılar. Dövlət Departamentində ölkəmizdə dini durum, Ermənistanla münaqişədə qeyri-obyektiv qiymətləndirmələrin, hesabatların kökünü öyrənəndə və rəsmi şəxsə bütün həqiqətlərimizi söyləyəndə özümüzü qəhrəman hiss elədik, Meyson Universitetinin professorunun bizim Konstitusiyanı öyrənməyinə baxmayaraq, LGBT-nin rəsmi qəbul etmədiyimə təəccüblənməsinə təəccübləndik, bizi qəbul edən təşkilatların rəhbərlərinin, nümayəndələrinin Azərbaycana gəlməyinə sevindik. Bir sözlə, yalnız adını eşitdiyimiz şeylərə bilavasitə şahid olmağımızın bütün emosiyalarını yaşadıq. Məni həqiqətən heyrətə gətirən isə Birləşmiş Ştatların dövlət (federal) siyasəti oldu. Sən demə, 233 il bundan qabaq cəmi 7 bənddən ibarət Konstitusiyanı qəbul edən və onu heç vaxt dəyişməyən Dövlətin cəmi 3 prinsipi varmış: müdafiə, xarici siyasət və pul (dollar). Öz qanunları, prinsipləri ilə yaşayan, öz demokratiyası-korrupsiyası, ədaləti-ədalətsizliyi ilə var olan 51 Ştatı bu 3 prinsip birləşdirirmiş. Mürəkkəbliyi ehtiva edən sadəlik. Bir masanın möhkəm dayanması üçün dörd ayağa ehtiyac olduğuna o qədər inanırıq ki, bunun üç olduğunu görəndə istər-istəməz heyrətlənirik. Eşitdiklərim və oxuduqlarım arasında uyğunsuzluq yarandı, beynimdə suallar aşıb-daşdı. Dövlət siyasətini, idarəçilik prinsiplərini bizə izah edən Əkrəm Eliasa - beynəlxalq əlaqələr üzrə 40 ilə yaxşın təcrübəsi olan ekspert və "Capital Communications Group"un Prezidentinə yanız bu sualı verə buildim: "Birləşmiş Ştatların İraqa, Vyetnama, Əfqanıstana daxil olması hansı prinsipə aiddir?" Cavab: "Müdafiə! Biz artıq etitaf etmişik ki, İraqa müdaxilə Amerika Dövlətinin səhvi idi". Yalnız bumu?! Sən demə, hansısa Şərq ölkəsində qadınların hüquqlarının müdafiəsi üçün küllü miqdarda pul ayıran ölkənin əksər (bəlkə də bütün) Ştatlarında qadınların maaşı kişilərə nisbətdə aşağı imiş; bir Şərq ölkəsində jurnalistin hüquqlarının pozulmasını qloballaşdıran, dini hüquqların pozulması haqqında hesabatlar yazan məmurların öz ölkəsinin hansı isə Ştatında qaraların ağlarla eyni məktəbə getməməsi üçün dövlət məktəblərinin sayı az imiş, ağ və qaralar fərqli kilsələrə gedirmiş. Yaxşı ki, bu suallar ilk günlər yarandı, çünki sonralar cavablar tədricən öz-özünə yaranırdı. Vaşinqtondan başlayıb Nyu Yorkda bitən səfər müddətində dinlədiyim mühazirələr, iştirak etdiyim polemikalar, getdiyim qonaqlıqlar, hətta küçə gəzintiləri nəticəsində anlaya bildim ki, Birləşmiş Ştatlar daxildə bütünlüklə əhalinin öz ixtiyarına buraxılmış bir ölkədir - "necə xoşdur, elə də var olun", yetər ki, bir-birinizə zərər verməyin. Xaricdə isə o, ... "bizə necə xoşdur, elə var olun" prinsipi işləyir. İlk baxışda bir ədalətsizliyin olduğunu düşünürsən, sonra görürsən ki, kifayət qədər uğur qazanmış bir ölkə başqalarının da eyni yolla getməyini istəyir. Birləşmiş Ştatları nisbətən daha yaxından tanıdıqca, orda nə qədər fərqli millətin əmin-aman şəkildə yanaşı yaşadığının şahidi olduqca, belə qənaətə gəldim ki, Amerika Dövləti bütün dünyaya elə öz Ştatları kimi baxır, onları da elə eyni prinsiplərlə birləşdirmək istəyir.

Bəli, ilk tanışlıq zamanı məhz üçayaqlı kətil təsəvvürü yaranmışdı. Daha sonra diqqətli müşahidə göstərdi ki, kətilin dördüncü ayağı onun üzərində oturan hər amerikalının öz ayağıdır. Hər şəxs həm öz hüquqlarını, həm də öhdəliklərini bilir, işindən, vəzifəsindən asılı olmadan ölkənin həyatında özünün haqlı olaraq əhəmiyyətli rol oynadığını düşünür, qanunlara riayət etməyi özünün yüksək yaşayışının təminatı bilir. Bir sözlə, hər şəxs özünü oturduğu kətilin "dördüncü ayağı" olduğunun məsuliyyətini dərk edir.

 

Sonsuz azadlıq və ...maskasız üzlər

 

Amerika deyəndə ilk növbədə yada demokratiya, azadlıq düşür. Ən yüksək azadlıq heykəli təsadüfən Nyu Yorkda deyilmi?! Həmin heykəli görməsəm də, azadlığın iki üzünü görə bildim.

Avropada təqribən 12-13-cü əsrlərdə qəbul edilmiş və sonradan insan hüquqları deklarasiyasında da əksini tapmış aksiomlara görə "sənin azadlığın başqasının azadlığının başladığı yerdə bitir" və "sən başqasına zərər vurmadan hər şey (!) edə bilərsən". Dəqiqləşdirim: söhbət fiziki zərərdən gedir. Birləşmiş Ştatlarda bunun real təcəssümünü gördüm. Bu azadlığın verdiyi imkandır ki, Şükran bayramında (elə başqa günlərdə də) Ağ evin qarşısında bir evsiz, yaxud bir təşkilat rahat-rahat, hətta musiqi sədaları altında Prezidenti söyür, şüarlar səsləndirir, keşiş kilsənin tribunasından istədiyi çağırışları edir, ürəyi istəyən, imkanı çatan kilsə, məbəd açır, 2-3 günə biznes qurur. Bütün bunlarla bərabər, sabit bir prinsip hakimdir: hər kəs şəxsi "sərhədlərini" yaxşı tanıyır və hətta baxışlarla da bu sərhədin pozulmamasına diqqət edir. Buna görə də, göz-gözə gələndə, bir az artıq tamaşa edəndə gülümsəmək, salam vermək, üzr istəmək, öz xoş niyyətini bildirmək yazılmamış qanunlar silsiləsinə aiddir. Burada incə, amma çox vacib bir məqam var: öz sərhədini bilməyən, tanımayan, qorumayan şəxsin "ərazisi", təbii ki, işğal olunur və bunda kimi isə günahlandırmaq olmaz. Düşünürəm bu, məişətdə yox, elə siyasətdə də belədir.  

Öz sərhədinin varlığı ikinci azadlıq hissini də "açıb buraxır". Birləşmiş Ştatlarda kimsə kiminsə gözündən pərdə asmaq, cəmiyyətə ağıllı, yaxşı, ideal təsir bağışlamaq yükü daşımır. Buna görə də, ətrafında sözün hərfi mənasında hər cür insan görmək mümkündür. Bu azadlıqdır ki, adi vətəndaş özünü Prezidentdən daha şanslı hesab edir: çünki maskasız gəzmək, özü olmaq şansı var! Maneəsiz olaraq içi tamamilə üzdə olan insanların zahirinin bir əhəmiyyəti qalmır. Əlbəttə, kiçik cəmiyyətlərdə, müəyyən maraqların hökm sürdüyü şəraitdə lazımi maskalar, vacib təbəssümlər taxılır. İlk baxışda düşünmək olar ki, emosiyalar düşüncələrdən daha azaddır, ancaq deyil, çünki hər emosiya bir fikrin üz qabığıdır. Amerikalıların coşqun emosiyaları, mimikaları, enerjili hərəkətləri məhz həmin maraqların "reklam" hissəsidir. Təkrar edim: amerikalılar duyğu insanı deyil. Bir satıcı qız səndən hal-əhval tutursa, ona cavab verməyə həvəslənmək lazım deyil: onu sənin həyatında yox, pul qabında olanlar maraqlandırır - o, biznes siyasətinə uyğun olaraq müştəri ilə dil tapıb ona mal satmaq istəyir. Ancaq bir şeyə çox təəccüb elədim: heç bir yerdə Avropada tez-tez eşitdiyim "sənə necə kömək edə bilərəm?" sualını eşitmədim. Bəlkə arxasında dura bilməyəcəkləri sualı vermək istəmirlər?!

Bəli, amerikalılar həm öz şəxsi sərhədini, həm də Amerikanın sərhədlərini yaxşı bilirlər. Ancaq bu, özünü bütün dünyanın vətəndaşı (bəlkə də sahibi) hiss etməyə mane olmur. O, çox gözəl anlayır ki, dünyada əksəriyyətin arzusu, xəyalı olduğu ölkədə yaşayır və bunu bütün halı ilə bəlli edir. Vaşinqtonun küçələrindəki evsizlərin belə simasında həmin mimikanı gördüm. Hiss edirsən ki, onun vəziyyətinə kömək edə biləcək biri ilə rastlaşanda bu üz ifadəsi başqa ola bilər. Səninlə - onun bu vəziyyətinə heç bir şəkildə aidiyyəti olmayan bir vətəndaşla isə tam bərabərhüquqlu, hətta yuxarıdan aşağı baxmağı bacarır. Məsələn, San Marinoda bizə xəbərdarlıq elədilər ki, qətiyyən evsizlərə yemək vermək həvəsinə düşməyək, çünki onlar sənin yemədiyini yeməz və səni təhqir edə bilər.

Amerikadakı azadlığı bənzərini yalnız okeanın sahilinə gedəndə anladım. Böyük ərazisi, əhalisini müxtəlif millətlərdən olması, ştatlarında fərqli qanunların işləməsi, bütün dünyanın bura ilə hesablaşması ilə Birləşmiş Ştatlar Sakit okeanı xatırlatdı mənə. Sanki məkan özü azaddır, sonsuzdur. Bir amerikalının həvəslə dediyi kimi, hələ 200 milyon adam da gəlsə, burda hamıya yer çatar. Bəlkə ona görə hamı bura - genişliyə can atır? Ancaq bu böyük çöllərə, nəhəng meşələrə, insanlardan qorxmadan qaçan sincablara, ceyranlara baxdım və hiss elədim ki, burada əhali ilə məkanın ruhu fərqlidir. Bəli, burada süni, ancaq sabit bir amerikalı ruhu var, ancaq o, təbiətin ruhu ilə doğma deyil. Təbiətlə eyni ruhu daşıyan insanları görmədim deyə, düşüncələrimi dəqiqləşdirə bilmədim. Duyduqlarım irrasional səviyyədə ilişdi qaldı.

 

"Sənin dinin səndə, mənim dinim məndə" (Quran 109/6)

 

Bir dəfə Vatikan Universitetinin professoru mənimlə söhbət zamanı demişdi ki, "Siz müsəlman olsanız da, İslam prinsiplərini biz sizdən çox tətbiq edirik". Birləşmiş Ştatlarda həmin cümlə təkrar yadıma düşdü və anladım ki, buradakı dini icmalar bilavasitə Quran surəsinə istinad etməsələr də, ilahi ədaləti qəbul edirlər. Bunu car çəkməyə ehtiyac yoxdur, bir-birlərinə olan münasibətə, başqasının dininə olan tolerantlığa baxmaq kifayət edir.

Amerikada fərqli şəhərlədə müxtəlif dini icmalarda olduq: mormonların, baptistlərin, katoliklərin kilsələrində, hind məbədində, islam və yəhudi icmalarında. Hər biri bu dünyaya baxışımıza bir rəng qatdı, hər biri öz inancını əminliklə bizə təbliğ elədi, kitablarını hədiyyə etdi, müqəddəs dəyərlərini anlatdı, suallarımıza cavab verdi. Baptistlərin çoşqulu, musiqili, az qala tavana yüksələn emosiyalarla dolu ibadətlərindən sonra hind məbədi sakit, dünyanın boş gurultusundan uzaq bir hücrə təsiri bağışladı; mormonlar bizə öz peyğəmbərlərinə gələn vəhylərdən danışıb bu dinin bəşəriyyət üçün yeganə çıxış yolu olduğunu izah elədikləri halda, yəhudi icmalarında dinlərinin mahiyyətini şərh eləməyə ehtiyac duymadan öz dəyərləri ilə cəmiyyət üçün necə xeyir verdiklərini rəqəmlərlə göstərirdilər. Bütün bunların fövqündə isə bir həqiqət durur - insanın həqiqi inanc sahibi olmağı onun cəmiyyətə, xüsusilə evsiz, kimsəsizlərə etdiyi xidməti - verdiyi ianələri ilə ölçülür. Doğrusu, burada mənim anlamadığım, daha dəqiq desəm, dolaşıb qaldığım bir məqam yarandı. Rəqəmləri dəqiqləşdirmədən bildirim ki, əldə etdiyi gəlirdən xeyriyyə fondlarına, ianələrə müəyyən məbləğ ayıran şəxslər vergidən azad olunurmuş. Belə olan halda, verilən ianələr inancın, yoxsa qazancın, bəlkə də qazanca inancın göstəricisidir? Sonra, "əhəmiyyətli olan bir evsizin qarnının doymasıdır", - deyib iqtisadiyyata baş qoşmadım.

Amerikada kimsə səndən hansı inanc sahibi olmağın haqqında sual verməz, çünki qeyri-etik sayılır. Ancaq öz dini inancını da rahat-rahat söyləyə bilərsən, məbədini yarada bilərsən, kimsə səni qınamaz. Bizi maraqlandıran, təbii ki, İslama münasibət oldu. Məlumata görə, 1935-ci ildə qanunun və asayişin bərqərar edilməsində rol oynamış 18 ən böyük tarixi liderinin Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin binasının içindəki mərmər üzərində verilən təsvirləri arasında Məhəmməd peyğəmbərin də rəsmi varmış. Yaxud Los Ancelesdə Ulduzlar Xiyabanında məşhur boksçu Məhəmməd Əlinin ulduzunu yerləşdirmək istəyəndə o, İslam peyğəmbərinin adının ayaqlar altında olmasına etiraz etmiş və istisna olaraq onun ulduzunu divara yerləşdirmişlər. İstənilən şəhərdə Meksika, Yaponiya, Tailand və daha haranın isə mətbəxi ilə yanaşı, üstündə "Halal" yazılmış bir kafe də görmək mümkündür və bu, kimi isə təəccübləndirmir. Gördüklərimizlə öyrəndiklərimiz bir az fərqləndi. Vaşinqton şəhərində dini icmalarla, qaçqınlarla işləyən bir QHT sədri öz təşkilatının uğurlarını sadalayanda mənim: "Bəs müsəlman qaçqınlarla necə, çalışırsınızmı?" sualımdan çaşdı, sonra: "Xeyr, onlar digərləri kimi deyil", - cavabını verdi. Orange şəhərində "Bəyan" İslam İnstitutunun qurucusu və prezidenti Cihad Türklə görüşəndə ona bu sual-cavabımızı danışdım və səbəbini soruşdum. Cavab təqribən belə oldu: "Biz müsəlmanlar heç öz aramızda birlik yarada bilmirik. Burada da cəmiyyətdə ən çətin inteqrasiya olunan toplu məhz müsəlmanlardır". Həmin İnstitutda öyrəndiyim daha bir fakt isə məni ümumiyyətlə təəssüfləndirdi. Dövlət məktəblərində 7-ci sinifin "Dinlər haqqında məlumat" kitabında hər din haqqında qısa məlumat verilir və onu təmsil edən bir görkəmli şəxsiyyətin rəsmi verilir. 1991-ci ildə İslam haqqında məlumat olan səhifədə yalnız dəvə rəsmi var imiş. Müsəlman İcmalarının 8 illik mübarizəsindən sonra İslam aləmini təmsil edən heyvan rəsmi mücərrəd islam aliminin rəsmi ilə əvəz edilib. Ürəkağrıdan məlumatdır. Bu qarşılıqlı barışmazlığın səbəbi nədir? Müsəlmanın üçayaqlı kətilin dördüncü ayağı olmaq istəməməsi nədən qaynaqlanır? Yaşamaq üçün seçdiyi ölkənin həyatından uzaq qalmasının alt qatında nələr var? Bildiyi müsbət şeyləri paylaşmaq, olduğu cəmiyyətin xeyirli təcrübələrini mənimsəməkdə zərərli nə ola bilər? Prinsipləri tolerantlıq, barış üzərində olan bir dinin nümayəndələri cəmiyyətdə niyə bu qədər təcrid olunur?

 





10.01.2023    çap et  çap et