525.Az

Ünvansız məktublar - Nizaməddin Şəmsizadə (III məktub)


 

Ünvansız məktublar - <b style="color:red"> Nizaməddin Şəmsizadə (III məktub) </b>

"Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə

 

İnsan Tanrının şah əsəridir. Tanrı "Kitabi-Dədə Qorqud" eposumuzda belə zikr olunur: "Ucalardan ucasan, kimsə bilməz necəsən!" İnsanın İlahi vergisi olan istedad vasitəsi ilə Sənət yaranıb. Tanrının əsəri olan Təbiət rəngarəng çalarlardan, predmetlərdən, ahəngdar səslərdən (su səsi, külək səsi və s.) ibarətdir. Onun əsas obrazı isə "təbiətin tacı" (Nizami Gəncəvi) olan İnsandır. Bəşər elmi, bəşər övladı insanın sirrini hələlik öyrənə bilməyib. İnsanın gözəlliyi sehri də elə bundadır. O şey ki, sirdir - maraqlıdır.

İnsan haqqında bir çox dürlü kəlamlar söylənilib. Mən deyirəm ki, hər yer adamla doludur, mən insan axtarıram. Böyük yazıçı Maksim Qorki deyib: "İnsan - bu söz əzəmətlə səslənir". Belə də deyiblər: "İnsanın taleyini sevgi müəyyən edir" (U.Şekspir). Həm də belə deyiblər: "Qorxduğum yeganə heyvan insandır" (Bernard Şou). Dahilərdən biri də belə deyib: "İnsanı tanımaq üçün onu sevmək lazımdır" (Lüdviq Feyerbax). İnsanı bütün varlıqlardan yüksəkdə saxlayan iki şey var: ağıl və qəlb - idrak və eşq. Məncə, insanın ən qiymətli qazancı onun şəxsiyyətidir. Axtardığı hər şeyi özündə axtara bilən adam dahidir. İnam şəxsiyyətə məxsus ən ali keyfiyyətdir. Fəqət böyük şəxsiyyətlər - alimlər, mütəfəkkirlər, yazıçılar - sənətkarlar məhz inamlarının qurbanı olurlar. Mütəfəkkir şəxsiyyətlər öz bilik və istedadlarına güvəndiklərinə görə (sadə və sadəlövh!) uşaq kimi saf, səmimi olur, tez aldanırlar. Şəxsən mən inamsızlığı özüm üçün təhqir hesab edirəm. Əksər insanlar, xüsusən bizi əhatə edənlər bu inamdan sui-istifadə edirlər. Sokrat deyirdi: "İnsanı həyata bağlayan onun gözəl cəhətləridir". Belə gözəl cəhətlərdən başlıcası İnamdır. İnam olmasa, ünsiyyət ola bilməz. İnsan bəşəri vəzifəsini yerinə yetirə bilməz.

İnam və iman - insanda bir-birini tamamlayan, şəxsiyyətdə təməl rolu oynayan iki oxşar xüsusiyyətdir. İnsan Tanrıdan gəlir, din vasitəsi ilə həyata keçir. "Din Tanrının buyruqlarını həyata keçirmək üçün bir vasitədir" (İmmanuel Kant).

Peyğəmbərlər, xüsusilə dörd səma kitabının - Zəbur, Tovraq, İncil və Quranın sahibləri - Davud, Hz Musa, Hz İsa və Hz Mühəmməd bu vasitəyə əsaslanıb Tanrı buyruqlarını həyata keçiriblər. Bir qədər neqativ desək, bəşər övladını idarə etmək üçün onu bölüşdürüblər.

Mən 2015-ci ildə çap üzü görmüş "Müdriklər bunları deməyib" kitabçasında birinci kəlam kimi belə yazmışam: "Biz insanları bir-birindən ayıran adamları müqəddəsləşdirib adını Peyğəmbər qoymuşuq". Bu, mənim ömrümün 60-cı dönəmində gəldiyim qənaət idi...

İnam saflıq və səmimiyyət tələb edir. İnamda belədir: iman möminlərin başlıca xüsusiyyətidir. Dinə inanmaq inamlı adam üçün başlıca şərtdir. İnam təkcə dini bilmək, onun şərtlərinə əməl etmək deyil, əsas odur ki, insan daxilən gözəl olsun. Daxili, mənəvi gözəllik, əxlaqi saflıq, mərhəmət, xeyirxahlıq mənəvi kamillik ifadəsi olan İmanın başlıca əlamətləridir. Qədim türklər imana insan gözəlliyinin təsdiqi kimi baxır, heç bir işi imansız və inamsız görmürdülər. Lakin islamın qəbul edildiyi dövrdən - X əsrdən başlayaraq bu iki müqəddəs duyğudan istifadə edənlər - türkün və islamın düşmənləri müqəddəs dinimizdə - "Quran"ımızda deyilənləri öz bildikləri kimi təhrif və təftiş edərək məzhəb ayrılığı saldılar. Böyük sərkərdə Nadir Şah bu ziddiyyəti aradan qaldırmaq üçün xüsusi islahatlar apardı, müsəlmançılığın düşmənlərinə xüsusən Hilal və Xaç arasındakı tarixi təfriqəyə rəvac verən Avropanın xristian dünyası bu gün də bu ayrılığı bəsləyib cücərtməkdədirlər. Müasir dünyada yaşayan böyük türk oğlu Murad Ayqu özünün XX əsrin 80-ci illərində Moskvada çap olunmuş  "Polınğ Poloveükoqo polə" ("Qıpçaq çölünün yavşanı") kitabında sübut etdi ki, Slavyan dünyasına xaçı və ikonanı qədim türklər gətirmişlər. Qədim türk inanclarına görə fırlanan xaç Günəşin simvolu idi.

1064-cü ildə Sultan Toğrulun ölümündən sonra 36 yaşında taxta çıxan Alp Arslan 1071-ci ilin avqustunda tarixi Malazgird döyüşündə 54 min türklə Bizans İmperatoru Roman Dioenin 200 minlik ordusunu məğlub edib özünü əsir aldı. Qızıl Xaçın əvəzinə Anadoluya türk bayrağı sancdı, xaçı isə islam dünyasının baş qərargahına - Bağdada Xəlifəyə göndərdi. Odu-budu öz xaçımız özümüzə düşmənçilik rəmzinə çevrilib.

İnsanın böyüklüyü, "yaranmışların əşrəfi" (Nizami Gəncəvi) olması ondadır ki, böyük şəxsiyyətlər həmişə öz yanında onun Ruhunu idarə edən fövqəl qüvvəni görə bilir. Bu baxımdan böyük türk sufi şairi və mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin (1207-1273) görüşləri xüsusilə maraq doğurur. İnsanın varlığı yaradanın ruhu ilə qidalanır. İnsanda Allahın varlığından bir qərrə var, Nəsimi demişkən, o bir dünyada yaşasa da, onda iki dünya yaşayır.

Mövhumat, xurafat, fanatizm! Son zamanlar xüsusilə dəbə keçmiş, fəallaş-mış bu anlayışların İslam dininə, ümumiyyətlə, dinə dəxli yoxdur. Bu, süni, fəqət cazibədar anlayışlar maarifdən uzaq, savadsız adamları yetərincə qidalandırır.

Bu məfhumlar Zaman, Məkan və İnsan tanımır, həmişə gərəkli anlayışlar kimi zahiri formasından asılı olmayaraq nadanlığı qidalandırır. Mövhumat, Xurafat, Fanatizm eyni sindromun tərkib hissələridir, məzmunu dini şəxsiyyətləri, xüsusilə şiə imamlarını şişirtməkdən ibarətdir. Avam kütləyə hiyləgər və bisavad din xadimləri tərəfindən müxtəlif (fantastik!) hədislər, qissələr şəklində çatdırılır, cazibədar olduğu üçün inandırıcı təsir bağışlayır. Necə deyərlər, yalan ayaq tutur və yeriyir. Bütün bu proseslər Azərbaycanda da hələlik mövcud olmaqdadır.

Bu gün Azərbaycan cəmiyyətinin güclü maarifçilik işinə ehtiyacı var. Bu vacib iş uşaq bağçalarında, orta məktəblərdə, ali məktəb - universitet və akademiyalarda sistemli şəkildə aparılmalı, bunun üçün gecikmədən Dövlət proqramı hazırlanmalıdır. Bununla yanaşı, cəmiyyətimizə həqiqi ziyalı sözünün çəkisi artırılmalı, ziyalılar kasıbçılıq həddindən xilas edilməlidir. Yazıçılar Birliyində, Rəssamlar İttifaqında, Bəstəkarlar İttifaqında, Milli Elmlər Akademiyasında istedadlı müəlliflərə, bədii-fəlsəfi cəhətdən dəyərli əsərlərə qonorar təyin etmək imkanı olan Elm və Yaradıcılıq fondları yaradılmalı, bədii-fəlsəfi və elmi-nəzəri cəhətdən qiymətli əsərlər Dövlət hesabına nəşr olunmalıdır. Bütün bu işlər Türkçülük və Azərbaycançılığın vəhdətinə əsaslanan, sivil dünya dəyərlərinin ehtiva edən vahid milli ideologiyaya uyğun görülməlidir. Müəllim sinfində Vətən, Zəfər, Millət, Dövlət, Xalq haqqında istədiyi kimi danışmamalı, gənclərə Bütöv Azərbaycanın tarixi və taleyi haqqında obyektiv bilgilər verilməli, Azərbaycanın tarixi sərhədləri haqqında Əbu Cəfər Təbərinin Dərbənddən, Borçalıdan, Göyçədən Zəncana, Həmədana qədər ərazini əhatə edən xəritəsi təqdim olunmalıdır. Biz bu xəritəni "Azərbaycançılıq" (2006) kitabında vermişik. Yalnız bu zaman gənc nəsildə Azərbaycan haqqında tam təsəvvür yarada bilərik. Dediyimiz ərazilərdə Azərbaycanda yerin altı qiymətli sərvətlərlə doludur, yerin üstündə isə ən qiymətli sərvətimiz insanlardır. Hər ikisinin zamanında qədrini bilməliyik.

Mənim doğulduğum Quba rayonunun qədim türk obası İspik (yəqin ki, İskim!) çoxlu Pirlərlə əhatə olunub. Fikrimcə, onların bir çoxu qədim türk inancları ilə, bəziləri də Səfəvi zamanı ilə bağlıdır. Qızılbaşlar "şahım", "hökmdarım" demirdi, "mürşüdüm", "pirim" deyirdi. Pir - müdrik qoca mənasındadır, mənsub olduğu əhalinin içərisində nüfuz və hörmətə malik düşüncəli adamları vəfat edəndə onun məzarı müqəddəsləşdirilib ziyarətgaha çevrilirdi. Bu gün də bizim kənddə müəyyən günlərdə Hacı Mahmud ziyarətgahına, Bayrambək babaya, Kolaq dağa (rəvayətə görə, burada 66 övliya dəfn olunub!), Dücəl pirinə, Nəlbəki pirinə ziyarətə gedirlər. Bununla yanaşı, qədim Alban-türk dövlətindən qalan dağ kəndlərinin - Buduqun, Zeydin, Hamutun, Cekin, Əlinin, Xınalığın öz pirləri - ocaqları var. Mənim nəslim övliyə nəslidir, ulu babam Pirəqələmin məzarı İspik kəndində, Hacı Mahmud pirinin ərazisində yerləşir, ziyarətgah yeridir. Hələ orta məktəbdə oxuyanda yaşlı kənd arvadlarının dilindən bir deyim eşitmişdim: "Qürtümüşkə". Bu ifadəni bir fikrə inam yaratmaq üçün, doğruluğunu təsdiq üçün and kimi işlədirdilər. Sən demə, bu söz "Türk demişkən" ifadəsinin ləhcəvi deyim tərzidir. Deməli, türk demişcə haqdır, həqiqətdir. Bir neçə il öncə böyük alimimiz akademik Nizami Cəfərovla Ankarada hotelin qarşısında dayanmışdıq. Lap yaxınlıqda iki türk söhbət edirdi, onların danışığının doğmalığı diqqətimi çəkdi, hətta bir az kövrəldim: bu türklər eyzən İspik ləhcəsində danışırdılar. Kövrəlməyimin səbəbini soruşanda bunu Nizamiyə dedim...

Sonra məqalələrimdə belə yazdım: Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Harada türkcə danışıq eşidirəm, dönüb ora salavat çəkirəm, türkün səsi gələn tərəf mənim kəbəmdir.

Bu gün dünyada 40 adla yaşayan türk milləti idealdan həqiqətə - Turana doğru hərəkət edir.

 

 

 

 

 





10.01.2023    çap et  çap et