525.Az

Rusiyanın intiqam yalanı - Xaqani Cəfərli yazır


 

Rusiyanın intiqam yalanı - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məkana HIMARS reaktiv yaylım atəşi sistemlərindən zərbə endirməsi müharibə meydanından gələn xəbərləri yenə medianın əsas mövzusuna çevirdi. Bu da təsadüfi deyil. Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsinin məlumatına görə, endirilən zərbələr nəticəsində 400 nəfərə Rusiya hərbçisi həlak olub, 300 nəfər yaralanıb. Fevralın 24-dən ötən müddət ərzində Rusiya Müdafiə Nazirliyi ilk dəfə rəsmi olaraq bir gün ərzində böyük itki verdiklərini etiraf edərək aralarında alay komandirin müavini, polkovnik-leytenant Baçurinin də olduğu 89 nəfərin öldüyünü bildirdi. Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında bu hadisənin intiqamının alınacağı da əminliklə vurğulandı. Yanvarın 8-də Rusiya Müdafiə Nazirliyi "intiqam aksiyası" həyata keçirdiyini, Ukrayna Silahlı Qüvvələrinin məskunlaşadığı Kramatorskdakı yataqxanalara zərbə nəticəsində 600-dən çox ukraynalı hərbçinin həlak olduğunu rəsmən bəyan etdi.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bu iddiaları dərhal rədd edərək, məlumatı "informasiya əməliyyatı" adlandırdı. Qərb mediasının təmsilçiləri tərəfindən aparılan araşdırma da Rusiyanın "intiqam aksiyası"nın yalan olduğunu təsdiqlədi. Finlandiyanın "Yle" agentliyinin jurnalisti Antti Kuronen bir neçə mərmi kraterinin, eləcə də atəş nəticəsində zədələnmiş məktəb binasının fotoşəkillərini dərc edib. Bildirilib ki, qeyd edilən ərazidə çoxsaylı ölüm faktını təsdiqləyən heç bir hal müşahidə olunmayıb. Rusiyanın zərbə endirdiyi binaları araşdıran "Reuters" agentliyinin jurnalistləri də həmin məkanda əsgərlərin yaşadığına dair heç bir əlamətə, həmçinin, qan izləri və ölənlərin cəsədlərinin qalıqlarına rast gəlmədiklərini bildiriblər. ABŞ-ın ən nəhəng media qurumu CNN-in jurnalistləri də oxşar məlumat yayaraq Rusiyanın məlumatının yalan olduğunu təsdiq ediblər.

Çox maraqlıdır ki, Rusiyanın hərbiyönlü teleqram kanalları Müdafiə Nazirliyinin məlumatını şübhə altına alıblar. "Vaqner" Özəl Hərbi Şirkətinə yaxın olan "Grey Zone" kanalı da Müdafiə Nazirliyinin məlumatının həqiqəti əks etdirmədiyini təsdiqləyib.

Müdafiə Nazirliyinin "intiqam aksiyası"nın yalan olduğu tam aşkarlandıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyinin mövqeləri daha da zəifləyib. Rusiyanın Ukraynaya qarşı müharibəsini qızğın şəkildə dəstəkləyən "vətənpərvərlər" Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı tənqidləri daha da sərtləşdirərək müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını tələb edirlər. Yeni bir uğursuzluq və ya daha bir yalanın ifşası müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını qaçılmaz edəcək. Müharibədəki uğursuzluğun "günah keçisi" ilk öncə hərbçilər olurlar.

 





11.01.2023    çap et  çap et