525.Az

Əhalinin banklardakı depozit gəlirlərinə yenidən vergi tətbiq edilə bilərmi?


 

Əhalinin banklardakı depozit gəlirlərinə yenidən vergi  tətbiq edilə bilərmi?<b style="color:red"></b>

Gələn aydan etibarən əhalinin banklardakı depozit gəlirlərindən vergi tutulacağı gözlənilir. Fiziki şəxslərin depozit gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi. Daha aydın desək, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən fiziki şəxslərə banklarda yerləşdirdikləri əmanətlərə görə ödənilən faiz gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə gəlir vergisindən azaddır. Buna səbəb isə 2015-ci ildə baş verən devalvasiyalar oldu. Devalvasiya bank sektoruna ciddi zərər vurduğuna görə belə bir addım atıldı.

Artıq gələn aydan bu güzəştin qüvvədən düşəcəyi və fiziki şəxslərin depozit gəlirlərindən vergi tutulacağı gözlənilir. Belə bir addımın atılması ölkə iqtisadiyyatına, xüsusən də bank sektoruna hansı təsirlər göstərmiş olar. Güman olunur ki, bu, ölkədə sahibkarlığın daha da inkişaf etməsi, iqtisadi aktivliyin artırılması məqsədilə həyata keçirilə bilər. Belə bir addımın atılması ona gətirib çıxarar ki, əhali banklarda olan gəlirlərini geri götürüb başqa sahələrə yönəltməyə üstünlük verər.

İqtisadçı-ekspert Eldəniz Əmirov "525"ə açıqlamasında bildirib ki, 2016-cı ildə fiziki şəxslərin depozit gəlirlərinin vergidən azad edilməsi alqışa layiq bir addım idi: "2015-ci ildə baş verən devalvasiya iqtisadiyyatın digər sahələrinə olduğu kimi, bank sektoruna, sahibkarlara, eləcə də fiziki şəxslərə mənfi təsir göstərdi. Ona görə də mənfi təsirlərin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri də fiziki şəxslərin depozitlərindən əldə olunmuş faiz gəlirlərinin vergiyə cəlb olunması məsələsinin aradan qaldırılması idi. Buna görə də 2016-cı il fevralın 1-dən başlayaraq 7 il müddətinə fiziki şəxslərin depozitlərindən əldə olunan gəlir vergidən azad olundu".

Ekspertin sözlərinə görə, depozitlərdən əldə olunan gəlirlərdən vergi tutulması depozit yatırmağa marağı azalda bilər: "İndi elə bir vəziyyət yaranıb ki, inflyasiyanın səviyyəsi bankların təklif etdiyi depozit faizlərini üstələyir. Təsəvvür edin ki, depozit faizi əgər inflyasiyanın səviyyəsindən aşağıdırsa və hələ bunun da qarşılığında vergi də tutulacaqsa, o zaman banklara depozit yatırımı əhali üçün maraqsız olacaq. Düşünürəm ki, bu, əsasən depozitlərin həcminə təsir göstərə bilər. Depozitlərin həcmlərinin azalması isə bank sektorunda müəyyən problemlər yaradacaq. Onsuz da Mərkəzi Bank tərəfindən bankların məcburi ehtiyat faizi artırılıb. Bankların məcburi ehtiyat faizinin artırılması isə avtomatik olaraq banklar tərəfindən təklif olunan kreditlərin də faizlərinin artırılmasına təkan verən faktordur. Bu amilləri nəzərə alaraq deyə bilərəm ki, indiki situasiyada fiziki şəxslərin depozitlərindən əldə edilmiş faizlərdən vergi tutulması məqsədəuyğun olmazdı".

 Fərid SANÇAR

 





12.01.2023    çap et  çap et