525.Az

Yıxılan bütlər, dirilən ümidlər - Təranə Arifqızı yazır


 

BİR UDUM AZADLIQ

Yıxılan bütlər, dirilən ümidlər - <b style="color:red"> Təranə Arifqızı yazır</b>

"Əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan".

Alber Kamyu

 

Biz nələri görmədik ki..?

Biz "Azadlıq verdi bizə Lenin - əziz babamız" - deyən, qırmızı qalstuku, pioner, oktyabr, komsomol nişanlarını ən əziz dəyərimiz kimi fəxarətlə sinəmizdə gəzdirən uşaqlar olmuşuq. Məktəbdən məcburi üzüm bağlarına məhsul yığımına aparılıb, vedrə sayına üzüm yığıb, onun puluna özümüzün hansısa bir ehtiyacını ödəyərək sevinən sovet dövrünün uşaqlarıyıq biz.

Gəncliyimiz, tələbəlik illərimiz isə çox qarmaqarışıq dövrə düşdü. İkinci Dünya müharibəsindən sonra ancaq "sülhə doğru gedirik biz" şüarları ilə azadlığımızın özümüz də bilmədən əlimizdən alındığına rəy verə-verə iyirminci əsrin sonuna yaxınlaşdıq. Və... birdən- birə sitayiş etdiyimiz sosializm bütü içimizdə qırılıb yerlə-yeksan oldu. İnanmaq istəməsək də... On doqquz-iyirmi yaşında içimizdə adını bilmədiyimiz, bizə sərbəstlik, inam, qürur gətirən cücərtilər göyərməyə başladı. Bir də ayılıb gördük ki, min doqquz yüz doxsanıncı illərdi. Biz də, təzəcə daddığımız bir udum azadlığın dadı damağımızdan getməmiş, onu bizə bəxş edən 20 yanvar şəhidlərinin qanı Bakının küçələrindən yuyulmamış, yurdun bir parçasının - Qarabağın işğal olunmasına qarşı "Qarabağa azadlıq" şüarı ilə "Azadlıq" meydanında yumruğumuzu göyə qaldırmışıq. Hadisələr çox sürətlə bir-birini əvəz edirdi. Torpaqlarımızın işğalı, ordusuz-əsgərsiz-silahsız xarici dövlətlər tərəfindən silahlandırılan ermənilərdən yurdumuzu azad etmək istəyi, yenə də azadlıq uğrunda ölən oğullar, yenicə azadlığını əldə edən Azərbaycanın hər sahədə tənəzzülü...

Doğulub böyüdüyüm Naxçıvan torpağı daha ağır vəziyyətdə idi. Hər tərəfdən blokadaya salınmışdı, əhali ən çətin günlərini yaşayırdı. "Haqq nazilər, amma üzülməz" - deyib atalarımız. Lazım olan bir vaxtda gəldi Ulu öndərimiz. O yurdun insanlarının yaşadığı çətinlikləri onlarla bərabər yaşadı. Qonşu dövlətlərlə əlaqələr yaratdı. İrana, Türkiyəyə işləməyə, alverə gedənimiz çox oldu. Gün-güzəran az da olsa yaxşılaşmağa başladı. Heydər Əliyev nəinki naxçıvanlıların, bütöv Azərbaycanın taleyini düşündü, səsimizi geniş ürəyi, siyasi iradəsi, tükənməz enerjisi, ən əsası vətən sevgisi ilə bütün dünyaya çatdırdı. Bəli, ən çətin zamanda gəldi, qurdu, yaratdı, sevdi, sevdirdi, yaşadı, yaşatdı... yaratdıqlarını xalqına, gördüyü və görə bilmədiyi yarımçıq işlərini siyasi davamçısına təhvil verib haqqın dərgahına qovuşdu.

Biz nələri görmədik ki..?

İki əsrin qovşağında yaşadıq, dünyada və ölkəmizdə gedən hadisələrin şahidi və iştirakçısı olduq. Bütün dünya Azərbaycan adlı bir dövlətin varlığından xəbərdar oldu. Sevənlərimiz də var, sevməyənlərimiz də. Sevməyənlərə inad daha da gücləndik. Otuz ildir yarım qalmış azadlıq arzumuza qovuşacağımız günün yetişdiyini bəyan etdi Ali Baş Komandanımız... "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" - dedi. Dedi və etdi. Cəmi qırx dörd günə, üç mindən artıq igidin qanı bahasına yenə bir udum azadlıq əldə etdik. Qısa bir zaman dönəmində əldə etdiyimiz qələbimizdə xalqımızın dar gündə birləşməsinin şahidi olduq. Nəfəsimiz genişləndi. İndi qan tökmədən, nəfəs-nəfəs irəliləyirik. Allah yolumuzu açıq eləsin.

Biz nələri görmədik ki..?

Mərkəzdən uzaqda, əyalətdə yaşamağın yaxşı və pis tərəflərini gördük. Yaşadığım bölgənin - Naxçıvanın gözəlləyi, sakitçiliyi, təmizliyi ilə hər zaman fəxr etmişəm, indi də edirəm. O təmizliyi qoruyanlara minnətdarlığımı "Küçəsüpürənlər" və yaxud "Təmizlikçilər" adlı yazımda bildirmişəm. Göz oxşayan binaları qurub yaradan əllərə hər zaman borcluyuq. Başda ölkə Prezidenti İlham Əliyev olmaqla, qədim Naxçıvanımızı müasirləyə qovuşduran hər kəsin haqqı var bu torpaqla öyünməyə. Bu yaxşıdır.

Bir haşiyə çıxım. Sovet dovrünün yaşlı nəslinin əksəriyyəti öz dövrlərinə sadiqdirlər. On faizi istisna olmaqla. Bəzi ziyalılarımız dövrlə ayaqlaşmağa çalışırlar və bu, çox vacibdir. Gənc nəsil müasirliyin son həddindədir. Yaxşı mənada belə də olmalıdır. Gələcək nəsil hələ bələkdə ikən zamanla bir addımlayır. Gələcəyimiz də parlaq görünür. Bəs bizim nəsil? Biz köhnəliklə yeniliyi birləşdirib, həm özümüzə, həm ətrafımıza tətbiq etməklə fərqli bir dünya yaratmağa çalışırıq. Bizim uşaqlığımız, yeniyetməliyimiz sovet dövrünün güdazına gəlib. Qeyd etdiyim kimi, biz azadlıq toxumunu ilk göyərdənlər olmuşuq. Xalq, millət olaraq azad olmuşuqmu? Olmuşuq... Ulu öndər deyirdi ki, "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, mill ruhun canlanması lazımdır". Bu oyanışın zaman-zaman iştirakçısı, şahidi olmuşuq. Düşmənə qarşı, yetmiş il bizi əsarətdə saxlayan rejimə qarşı üsyan etmişik. Amma bizə doğma olan Naxçıvanımızın yad övladı olmuşuq. Özümüzünkülərə, haqqımızı əlimizdən alanlara qarşı səsimiz çıxmayıb. Çıxanda da çoxlu çətinliklərlə, maneələrlə üzləşmişik. Nə yaxşı ki dünya yaxşı insanlardan, haqqın tərəfində duran, yeri gələndə öz əməkdaşını qara qüvvələrdən müdafiə edən insanlardan xali deyil. Çox zaman sözümüzü kəsiblər. Fikirlərimizi zəncirə vurublar. Bir mətn yazanda, görəsən, bunu yazsam, üzümə söz gəlməz ki - deyə düşünmüşük. Əksəriyyətimiz tənqidə layiq olanları tərifləyib göylərə qaldırmışıq. Kimlərəsə xoş gəlsin deyə. Kimlərinsə iç üzü açılmasın deyə. Məcburən özümüz özümüzü qula, köləyə çevirmişik. İçimizin səsini dinləyib düşdüyümüz çərçivələrə üsyankar misralar yazanda, onu özümüzə, ailəmizə qarşı silah kimi çevirəcəklərindən qorxmuşuq. Amma yenə də yazmışıq...

 

Mən çərçivələri heç sevmədim ki,

Uşaq vaxtı... kiçik bir pəncərədən 

günəşə boylanmışdım...

çərçivədə əsir olmusdu varlığım...

o vaxtdan ürəyim darlıqdan sıxılır...

Göyərən ümidlər çərçivələrdən yıxılır...

İllər keçib... indi pəncərə çərçivələri böyüyüb,

Böyüdükcə içindəki qaranlıq işıqlar da çoxalıb......

bir həlqənin ortasında vurnuxuram...

çıxa bilmirəm, nəfəsimi tıncıxdıran,

ürəyimi zəncirə vuran çərçivədəki, bu sonsuzluqdan...

Sonunda... sevdiklərimiz də qara çərçivədən baxır...

cismən ölüm deməkdi bu...

Dünyanın harasındasa

çərçivədən çərçivəyə köçən insanlar...

insanlıq deyil, köləlikdi bu...

onların qara çərçivəsini, elə onlar qədər sevməməkdi bu...

məni öldürməyin... nə olar...

Dünya bir pəncərədir, demişlər..

gəlmişlər... baxmışlar... getmişlər...

dünya bir çərçivəyə sığacaq pəncərə deyil amma...

dünya pəncərədən o tərəfə...

çərçivədən uzaq qalanların dünyasıdı,

içindəki zəncirdən qurtara bilməyənlərə yasaq həyatdı...

O həyat... bizə azadlıq carçılarından bir amanatdı...

Məni öldürməyin...! nə olar...

çıxmaq istəyirəm dar, geniş, qara,

ya ağ - bütün çərçivələrdən...

dərmək istəyirəm ürəyim istəyən meyvələrdən,

yemək istəyirəm acı, şirin - nə varsa...

Ağzımın dadını,

ruhumu, ağlımı, düşüncəmi rəngli çərçivələrin

içinə gömməyin...

o çərçivələrdə həyat yoxdu...yoxdu..!

 

Bu şeiri son kitablarımdan birinin ("İçimdəki səs") gözdən-könüldən uzaq bir küncünə salanda tərəddüd eləmişdim. Amma əyalətdən kənardakıların məni dəstəkləməsi məni cəsarətləndirdi. Maraqlıdır ki, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusfili yaradıcılığımı təhlil edərkən, müraciət etdiyi şeirlərdən biri məhz bu idi. Yəqin ki, əyalətdəki çərçivələrdən xəbərdar olan biri olaraq mənim cəsarətim ona qəribə gəlmişdi.

Həyatımı on ildir Naxçıvan teleradiosuna bağlamışam. Özümü burada tapmışam. Yaradıcılığımın işıqlandırılmasında ölkə mətbuatı ilə yanaşı, doğma "Nuhçıxan" İnformasiya Agentliyi də böyük rol oynayıb. Gəldiyim gündən nəyə şahid olmuşam? Yaradıcı insanlara, gənc kadrlara açıq qapı olub bu gözəl məkan. Gələn gəlib, özünü sınayıb, bacarığı, istedadı varsa, işini davam etdirib.

Sözsüz ki, hər kəsin gözünün önündə olanlar daha çox yadında qalır. Kütləvi informasiya vasitələri xalqın, dövlətin güzgüsüdür və belə də olmalıdır. Naxçıvan teleradiosu dünən yaranmayıb. Bir əsrə yaxın yaradıcı yol keçib. Hər dönəmdə kimlərisə təbliğ edib. Sözsüz ki, əksər saatlarda sadə insanlara xidmət edib. Kənarda radio, televiziya işi bəlkə də asan görünə bilər. Nə qədər məsuliyyətli iş olmasını onun içində olanlar daha yaxşı bilir. Son illərdə teleradio özünün demək olar ki, intibah dövrünü yaşayırdı. Niyə keçmiş zamanı vurğuladım? Çünki Naxçıvanda son zamanlar at oynadan qara burulğan teleradionu da cənginə aldı. Bir çox mənada qol-qanadını qırdılar. Görülən işlərə qara xətt çəkdilər. Nə baş verdi burada? 2021-ci ilin aprel ayında teleradio Qapalı Səhmdar Cəmiyyət adı aldı. Təbii ki, normal qarşılandı. Amma gənc və istedadlı, günümüzlə ayaqlaşan kadrların sayəsində iyirmi saata qaldırılımış efir vaxtı on altı saata endirildi. Çəkilişlər üçün ayrılmış altı avtomobilin dördü istismardan çıxarılıb, teleradiodan alındı. Televiziyanın nəzdində yaradılan "Nuhçıxan" ansamblı ləğv edildi. Hansı ki hər bir televiziyanın özünün ansamblı olması vacibdir. Adını da nə qoysalar yaxşıdır - BÜDCƏYƏ QƏNAƏT. Kaş ki bu "qənaət"i bəzi adamlar nəfsləri üzərində sınasaydılar... Bu qənaət məcburi olaraq otuz nəfər əməkdaşın işinə xitam verilməsi ilə nəticələndi. Sözsüz ki, bu da onların haqlı narazılığına səbəb oldu. Sadə insanları dövlətdən narazı salan əməllərə sahib olanlar yəqin ki, bu gün vicdan əzabı çəkir... Əgər o da varsa...

Ümid edək ki, Azərbaycan Prezidentinin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndəsinin müsbət yöndə gördüyü işlərdən Naxçıvan teleradiosuna da pay düşəcək.

Ehh, biz nələri görmədik ki..?

Gördük ki, bəzən, insan özünün qoyduğu qaydaların quluna, sonda isə qurbanına çevrilir. Biz dəfələrlə bəzilərimiz könüllü, bəzilərimiz məcburən sitayiş etdiyimiz bütlərin qırılmasına, içindəki saxtalıqların ortalığa tökülməsinə şahidlik etmiş insanlarıq.

İndi daxilimizdə kök salmış xofu, qorxunu yavaş-yavaş yıxırıq, yıxmağa çalışırıq. Bizə mənəvi azadlığı bəxş edənlərə minnətdarıq. Azadlıq gözəldir. Amma hər şeyin artığı ziyan olduğu kimi, azadlıq da ifrat dərəcəyə çatanda özbaşınalığa çevrilir. Bunu yadımızdan çıxarmayaq.

P.S. Biz naxçıvanlılar yaxşısı-pisi ilə bir dönəm yaşadıq və bitdi. Ürəyimdən keçən, yazılası, deyiləsi çox nüanslar var. Amma hələ ki, nöqtəni qoyuram. Çünki ölkə başçısı bu barədə öz sözünü qətiyyətlə dedi. İnanıram ki, yeni idarəçilik sistemi Naxçıvanı hər cəhətdən daha da irəli aparacaq. Əminəm  ki, bu gün vəzifə başında oturan, məsul vəzifələrini davam etdirənlər son hadisələrdən nəticə çıxaracaq, şəxsi maraqlarından çıxış edib, "burda mənəm, Bağdada kor xəlifə" misalı ilə işləməyəcəklər.

 





12.01.2023    çap et  çap et