525.Az

Əlizadə Nuri: "Şair ədəbiyyata və əbədiyyətə iddialı olmalıdır"


 

Əlizadə Nuri: "Şair ədəbiyyata və əbədiyyətə iddialı olmalıdır"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Əlizadə Nuridir.

Bu günlərdə 60 illik yubileyini qeyd edən şairlə həyat, ədəbiyyat, söz, sənət, şəxsi yaradıcılığı və başqa bu kimi mövzularda həmsöhbət olduq.

 

- Əlizadə bəy, geridə qoyduğumuz ilin son günlərində 60 yaşınızı qeyd etdiniz. Necə keçdi bu 60 il?

- Öncə mənə göstərdiyiniz bu diqqətə görə "525-ci qəzet"ə, əziz dostum Rəşad Məcidə və sizə öz təşəkkürümü bildirirəm. 60 ilin necə keçdiyini soruşursunuz. Heç mən də hiss etmədim ki, bu 60 haçan gəlib yaxamdan yapışdı. Hərçənd, mən onu hələ də qəbul edə bilmirəm. Lap keçib yuxarı başda otursa belə. Deyilənə görə, yaşımı göstərmirəm. Bəlkə də idman kömək edir. Bu yerdə siyasətçi olub ədəbiyyat üzrə "Nobel" mükafatı alan məşhur Çörçilin bu fikrimə qarşı çıxan, təbəssüm doğuran sözləri yadıma düşür: "Uzun ömür sürdüyümə görə idmana borcluyam. Çünki onunla heç vaxt məşğul olmadım".

Amma yaşımı yadıma salan nəsnələr də var. Emosional və həssasam. Bunlar da qocalmağa kömək edən faktorlardır. Həm də məşhur nəğmədə deyildiyi kimi, yaşın nə fərqi var ki?

- Şair ömrünüzdə nə çatışmır?

- Nə çatır ki? Sanki Tanrı şairlərə qismət yazanda xəsislik edir. Arzuların boynubükük qalır. Bax, əsasən bu çatmır. Arzularla imkanlar üst-üstə düşmür. Mən heç maddi mahiyyəti qabartmıram ki. Qlobal, mənəvi, psixoloji faktorlar da insan həyatında bir boşluq yaradır. Mən bütövlüyün tərəfindəyəm: bütöv şəxsiyyətin, bütöv mahiyyətin. Amma metamarfozalar, deqradasiyalar baş alıb gedir. Dik dura bilmir adamlar. Bilmirəm, bəlkə də adamlar ona görə yıxılırlar ki, ayaqlarını etibar etmirlər. Ancaq göy üzü çox hündürdür axı. Başı dik saxlayıb yerimək olar. Ömür qısaldıqca adamlar, elə şairlər də sanki bu çatışmazlıqların yerini doldurmaq üçün çox danışan, mahiyyətcə xırdaçı olublar. Söz bir az urvatdan düşüb sanki. Bu arada polyak şairi Letsin bir fikri yadıma düşür. O deyirdi: "Yığcam danış, yoxsa bir də görərsən ki, sözün ağzındaykən zaman dəyişdi". Bax, bu sadaladıqlarım insan ömründə nələrinsə, həm də elə kimlərinsə çatışmamasına gətirib çıxarır. Baxıb görürsən ki, şair demişkən, nəsə çatmır bu Yer üzündə.

- Yenəmi "pəncərənizdə yağış ağlayır?"

- O vaxt yağışa şeir yazandan sonra sanki bir az ovundu yağış. Sözümü yerə salmadı, pəncərəmdə çiçəkləyib qaldı. Amma indiki yağışlar sözə baxan deyil. Bir az dəcəldirlər sanki. Sənin çətirsiz olmağını da vecinə almırlar. Neynək, qoy olsun. Yağış mənim sevgili obrazımdır. Amma bir şeirimdə dediyim kimi, "məni yağışlar da yuya bilmədi. Məndə əzablardı, məndə kir deyil".

- Şairlik qismətdir, ya seçim?

- Fitrətən şairlər üçün qismətdir, yəqin. Şairlik iddiasına sonradan hansısa merkantil maraqlarına görə düşənlər üçünsə seçim də ola bilir. Nakam Müşfiqin məşhur misraları yada düşür. Fatalist nəzəriyyəyə görə, şairlik qismətdən başqa bir şey deyil. Şeir sözə sevdalanmaqdır, sözün nazını çəkməkdir. Şeir ruhun ehtiyacı olmalıdır, məşğuliyyət yox. Puşkin "şair gərək Allah qədər gözəl olsun bu dünyada" deyirdi. Allah yox, heç insan kateqoriyasına uyğun olmayanların şairlik iddiasına düşməsi mənə qəribə gəlir. Şair ədəbiyyata və əbədiyyətə iddialı olmalı, dünyanı qələminin ucunda hiss etməyi bacarmalıdır. Hüqo əbəs yerə demirdi ki, Fransa inqilabını Volterin əsərləri törədib. Əsl şairliyin mahiyyətini Moralisin bu fikri dəqiq ifadə edir: "Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsus olmalısan". Şairlikdə birinci şərt istedad olmalı, amma zəhmət də gərəkdir. Necə deyərlər, zəhmət istedadın lampasına neft tökür. Zəhmət deyəndə ilk növbədə mütaliə yada düşür. Mütaliə beynin gübrəsidir axı. Çin xalq sözü var: "Heç bir gəmi adamı kitab qədər uzağa apara bilməz". Bax, istedadı və mütaliəsi olmayanlar üçün şairlik seçim də ola bilir. Bir misra gözəl şeir oxuyub bütün günü həzz içində keçirmək olar. Şeir canişünun tapıntıdır. Aqutakava "heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz" deyəndə nə qədər haqlı imiş. Təəssüf ki, ədəbiyyat parazitləri o qədər çoxalıb ki, vızıltıdan qulaq tutulur.

- Haqqınız çoxmu yeyilib?

- Yeyilib və hələ də yeyilir. Amma bizim də haqqımız kal armuddur ha. Mən üç ali təhsil almışam, amma kollec bitirənlər çox vaxt məndən daha böyük postlar tutub. Məşhur frazada deyildiyi kimi, cəmiyyət də, mən də bu ədalətsizliyə elə qəşəng dözmüşük ki. Şöhrət azarına heç vaxt tutulmadım, şikayət etməyi də sevmirəm. Amma hər halda ədalət prinsipi də pozulmamalıdır. İştirak etdiyim bütün gizli keçirilən müsabiqələrin qalibi olmuşam. "Dəfnə yarpağı", "Hüseyn Cavid", "Məmməd Araz" mükafatlarına layiq görülmüşəm. Təbii ki, xeyirxahlarım da olub, İsmayıl Şıxlı, Məmməd Araz, Anar kimi. Şəxsən hörmətli Anar müəllimin təşəbbüsü, mərhum Heydər Əliyevin sərəncamı ilə ilk Prezident təqaüdü alan 10 nəfərdən biri olmuşam. Nə yaxşı ki, haqqı üzülməyə qoymayan belə şəxsiyyətlər olub. Atalar sözündə deyildiyi kimi, sən işığa doğru get, kölgə arxanca gəlsə də, gəlməsə də.

- Özünüzə nəyi bağışlamırsınız?

- Belə bir beytim var: "Mən sənə min dəfə bağışla dedim, Sən elə bildin ki, min günahım var". Min günahım olmasa da, hər halda səhvlərim olub. Çox gözəl deyimdir, sözün keçməyən yerdə sözünü deyil, yerini dəyiş. Amma mən də bəzən sözünü dəyişməyə məhkum olanlardan olmuşam. Bax, bunu özümə bağışlaya bilmirəm. Ən yaxşı qisas unutmaqdır deyirlər. Başqalarının mənə etdiyi pislikləri unuda, bağışlaya bilirəm, özümə gəldikdə isə tam əksinə.

- Bir müsahibənizdə "şeir zamanı" ifadəsini işlədirsiniz. Şeirin zamanı olur?

- Olur, əlbəttə, olur. Həm də bir neçə kontekstdə. Birincisi, elə o müsahibədə dediyim kimi, şeir zamanı deyil sanki. Bambılı bir müğənnicik istedadlı şairdən yaxşı yaşayır. Təbii ki, maddi, sosial baxımdan. Belə bir təzadlı cəmiyyətdə şeir zamanı olmayan vaxtda sən zəmanənin şeirini yaratmaq istəyirsən, nə qədər məşəqqətlər, əzablar hesabına başa gəlsə də. Şeirin zamanı həm də ona görə olur ki, əsl şeir hər vaxt yaranmır.

- Sosial şəbəkədən aktiv istifadə edirsiniz. Ora haqqında fikirləriniz, təəssüratlarınız necədir? Lazımdırmı sosial şəbəkə?

- Aktiv deyəndə ki, mən yalnız feysbukdan istifadə edirəm. Mətbuata əlim çatmayanda sosial şəbəkə köməyə çatır. Şeirlərimi, bədii-fəlsəfi düşüncələrimi paylaşıram. Öyrəndiklərim də olur. Təsadüfi adamlara, primitiv yazılara da rast gəlirsən. Hərdən qaçmaq istəyirsən və sanki bir əl tutub səni saxlayır. Hə, bir də darıxanda da feysbuk bir az köməyə çatır. Sosial şəbəkə, necə deyərlər, bir az nəbz yoxlamaq üçün də işə yarayır. Ədəbiyyatımızın bugünkü mənzərəsini görmək mənasında. Heyhat ki, çox vaxt sarsılıb çıxırsan.

- Kimləri oxuyursunuz?

- Mütaliə haqqında əvvəlki sualınızda bəhs etmişdik. Əlimin altındakı müəlliflər əsasən bunlardır: Bulqakov, Bunin, Markes, Kafka, Folkner. Azərbaycan ədəbiyyatından Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən. Çexovu da bəyənirəm. "Altı nömrəli palata"sı mükəmməldir. Hüqonun, Dostoyevskinin üslubu ağırdır. Renar "aydın üslub ədəbiyyatın nəzakətidir" deyirdi axı.

- İndi nə yazırsınız? Yaradıcılığınızdakı son vəziyyət necədir?

- Pafoslu çıxmasın, yazmaya bilməyəndə yazıram. Əvvəlki kimi məhsuldar deyiləm. Çox yazmaq sənətin şərti deyilmiş. Deyəsən, Markes deyib: "Əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır". Hərçənd, bu fikir də ehkam deyil. Hər halda, az yazanda daha yaxşı yaza bilirsən. Axı Şeyx Nizami demişkən, sözün də su kimi lətafəti var.

Şahanə MÜŞFİQ

 





12.01.2023    çap et  çap et