|
|
|
|
İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, NATO-ya üzvlük yolunda Türkiyənin şərt kimi irəli sürdüyü tələbləri yerinə yetirməyəcəklər. Baş nazir bu mövqeyini belə əsaslandırıb ki, İsveç ötən ilin iyun ayında Madriddə əldə olunan anlaşma ilə Türkiyəyə vəd etdiklərini yerinə yetirib. Stokholm Türkiyəyə hərbi texnikanın ixracına qoyulan qadağanı ləğv edib, terrorla mübarizə haqqında yeni qanun qəbul edib və Ankaranın istədiyi bəzi şəxsləri Türkiyəyə ekstradisiya edib. Ancaq ötən ayın əvvəlində İsveçin Baş prokuroru terror fəaliyyətində şübhəli bilinən iki şəxsin Türkiyəyə ekstradisiyasına dair Ankaranın müraciətinə rədd cavabı verib. Türkiyə Prokurorluğu həmin şəxsləri FETO terror təşkilatı ilə əlaqədə ittiham edir.
İsveç Baş Prokurorluğu rədd cavabını ekstradisiyası tələb olunan şəxslərin hərəkətlərində ölkənin qanunvericiliyinə əsasən cinayət tərkibi aşkarlanmaması ilə izah edib.
Ankaranın tələblərinin İsveçə aid olmasına baxmayaraq, Finlandiya NATO-ya üzvlük yolunu İsveçlə birlikdə başa vurmaq niyyətindədir.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bəyan edib ki, təmsil etdiyi hökumət ölkənin NATO-ya qoşulmasının ratifikasiyasını İsveçdən ayrıca başa çatdırmağa razı olmayacaq. “Biz NATO-ya üzv olmaq üçün birlikdə müraciət etdik və bu prosesi birlikdə başa vuracağıq. İsveç bizim ən yaxın dostumuz və tərəfdaşımızdır. İsveç olmadan Alyansa qoşulmaq bizim maraqlarımıza uyğun deyil”.
İsveç və Finlandiyanı NATO-ya tam hüquqlu üzvlükdən ayıran yeganə məqam Macarıstan və Türkiyə parlamentlərinin bu iki ölkənin Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya etməməsidir. Macarıstan və Türkiyə istisna olmaqla NATO-nun 28 üzvü İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını parlamentdə ratifikasiya edib. Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını 2023-cü ilin ilk iclasında müzakirə edəcək və dəstəkləyəcək. Bu isə o deməkdir ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə maneə olan ölkə durumuna düşəcək. İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlük qərarı verməsindən 8 ay keçməsinə, Vaşinqton və Brüsselin bütün cəhdlərinə baxmayaraq, prosesi yekunlaşdırmaq mümkün olmur.
İsveç və Finlandiyanın neytrallıqdan imtina edib NATO-ya üzv olması Şimali Atlantika Alyansı üçün böyük əhəmiyyət daşıyır. Bu iki Skandinaviya ölkəsinin Alyansa qoşulması ilə NATO-nun Rusiya ilə sərhədi 1340 kilometr artacaq. Bundan başqa, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Skandinaviyanın təhlüksizlik baxımından bütövləşməsi deməkdir. Çünki Skandinaviyanın iki ölkəsi - Danimarka və Norveç NATO-nun bir hissəsi olduğu halda, İsveç və Finlandiya Alyansın üzvü deyillər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü zərurətə çevrildi. Halbuki Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə bu iki ölkə neytrallığı ilə öyünürdü. İsveç və Finlandiya NATO-dan məsafə saxlamağa üstünlük verirdi. İsveçdə isə hətta NATO-nun təcavüzkar blok olması haqqında fikirlər çox geniş yayılmışdı. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə İsveç və Finlandiyada əhalinin yalnız 20-30 faizi NATO-ya üzvlüyün tərəfdarı idi. Fevralın 24-dən sonra əhval-ruhiyyə kəskin dəyişməyə başladı və NATO tərəfdarlarının sayı 85 faizə qədər yüksəldi. İsveç parlamentində təmsil olunan səkkiz partiyadan altısı NATO üzvlük ideyasını dəstəkləyir. Hətta Sosial Demokratlar neytrallığı dəstəkləmək kursundan imtina edərək NATO-ya üzvlüyü müdafiə etməyə başlayıblar.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyündə ən çox maraqlı olan ölkə isə ABŞ sayılır. Hətta İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ABŞ prezidenti Co Baydenin təşəbbüsü olduğu da hesab olunur. Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ABŞ Senatı demək olar ki, yekdilliklə ratifikasiya edib. Ötən ilin avqust ayının 3-də keçirilən səsvermədə 95 nəfər ratifikasiyanın lehinə səs verdiyi halda, cəmi bir nəfər əleyhinə olmuşdu. ABŞ Prezidenti Co Bayden Senatın qərarı ilə bağlı yaydığı açıqlamada hadisəni tarixi səsvermə adlandırmışdı.
İndi Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləyən tərəf kimi görünür. Bu vəziyyət isə Türkiyənin NATO-dakı müttəfiqləri, xüsusilə də ABŞ-la münasibətlərində gərginliyə səbəb olur. ABŞ-da bir çoxları Türkiyənin NATO-dakı üzvlüyünün əleyhinə çıxış etməyə başlayıblar. ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Türkiyənin NATO-dakı üzvlüyünü şübhə altına alanlardan biridir. Britaniyanın “Daily Telegraph” qəzetinin saytında dərc olunan məqaləsində Con Bolton yazır: “Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətamiz bir qərar verdilər. 2023-cü ildə NATO-ya üzvlüyü sual altına düşəcək Türkiyə də daxil olmaqla Rusiyanın ticarət tərəfdaşları hələ də ondan imtina etməyiblər”. Con Boltondan fərqli olaraq İsveç və Finlandiyanın NATO-ya qoşulmasına mane olduğuna görə Ankaranın mövqeyini sərt tənqid edərək, Türkiyənin NATO-dan kənarlaşdırılmasını tələb edənlər isə artmaqdadır. Türkiyənin prezident və parlament seçkiləri ərəfəsində olmasını nəzərə alanda rəsmi Ankaranın seçkiyə qədər İsveç və Finlandiyanın NATO-ya üzvlüyündə geri addım atacağı gözlənilmir. Bu isə Türkiyənin NATO müttəfiqləri, xüsusilə də ABŞ-la münasibətlərində gərginliyi artıra bilər.