525.Az

Prezidentdən mühüm mesajlar


 

FİKRƏT SADIQOV: "DÖVLƏT BAŞÇISININ MÜSAHİBƏSİ BİR DAHA TƏSDİQ ETDİ Kİ, SİYASİ KURSUMUZ KİFAYƏT QƏDƏR PRİNSİPİAL, QƏTİ VƏ ŞƏFFAFDIR"

Prezidentdən mühüm mesajlar<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm məqamlara toxundu, prinsipial əhəmiyyət kəsb edən məsələlərdə dövlətimizin qəti və dəyişməz mövqeyini ortaya qoydu. Eyni zamanda, İlham Əliyev Ermənistana və onun havadarlarına növbəti dəfə ciddi xəbərdarlıq etdi. Azərbaycanın bu gün bütün səyləri regionda sülhün, əmin-amanlığın bərpa olunmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlib. Təəssüf ki, Ermənistan və Fransa başda olmaqla onu dəstəkləyən bir sıra güclər sülhün, əməkdaşlığın qurulmasına əngəl olmaqda davam edirlər. Lakin həm 44 günlük müharibə, həm də ondan sonrakı müddətdə atılan addımlar göstərdi ki, Azərbaycan özünə qarşı istənilən təhlükəni dəf etmək gücündədir. Azərbaycan qalib dövlətdir, amma buna baxmayaraq, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan tərəfinə göndərdiyi siqnallar ondan ibarət idi ki, mövcud vəziyyətlə barışmalı, qarşıdurma başa çatmalı və sülh müqaviləsinin imzalanması üçün konkret işlərə başlanmalıdır. Ancaq Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından, təxribatlarından əl çəkmədi, nəticəsi də bəllidir. Azərbaycan son bir il ərzində - mart ayından bəri 3 dəfə göstərdi ki, hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Dövlət başçısı Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını deyib, əlavə edib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: "Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək".

Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdırlar. Prezident vurğulayıb ki, Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaq. Xüsusi fəallıq göstərilməyəcək. Delimitasiyanı istəmirlərlərsə, sərhəd Azərbaycanın lazım bildiyi yerdən keçəcək. Bu il Ermənistan üçün sonuncu şans olacaq. Ona görə ki, 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır.

Qeyd olunduğu kimi, sülhə hər cür əngəl yaradan və bununla regionda yeni gərginlik ocağı yaratmağa çalışan ölkələrdən birincisi Fransadır. Bu ölkə 44 günlük müharibə zamanı əleyhimizə iş aparır, hər vəchlə çalışırdı ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməsin. Həmçinin, BMT-də Azərbaycana qarşı təşəbbüsə əl atdı. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qarşısını aldılar. Prezidentin qeyd etdiyimi kimi, Fransa tərəfi buna görə hələ də üzr istəməyib.

Sitat: "Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm".

Fransa həm də uğurlu sayılan Brüssel formatının da işini pozdu. Belə ki, sonuncu Praqa görüşündə iştirak edən Makronun əsl məqsəd və məramının nə olduğu yaxşı məlumdur. Fransa tərəfinin addımlarından sonra isə Azərbaycan bu ölkəni Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar formatda görmür.

Praqa görüşünü xatırladan dövlətimizin başçısı deyib: "Bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa prezidenti iştirak etmişdi. Amma ondan bir həftə sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası antiazərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər".

Mövzunu "525"ə şərh edən politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi yenidən təsdiq etdi ki, bizim siyasi kursumuz kifayət qədər prinsipialdır, qətidir, eyni zamanda şəffafdır. Biz öz torpaqlarımızı azad etmişik və artıq bu regionda sülh və əmin-amanlığın yaranmasının tərəfdarıyıq.

Politoloq xatırladıb ki, Azərbaycan Ermənistana iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi təqdim edib və onlar hazırda masa üzərindədir: "Bu prinsiplər sülhə gətirən prinsiplərdir, təkliflərdir. Biz Ermənistandan hələ normal, konkret cavab almamışıq. Eyni zamanda, Ermənistanın özünü belə aparması, razılaşmalara əməl etməməsinin bir səbəbi də bəzi dövlətlərin, xüsusilə Fransanın onun başını sığallaması ilə bağlıdır. Fransa parlamentində Azərbaycanın əleyhinə qətnamə qəbul olunur, Ermənistanın xeyrinə müxtəlif bəyanatlar səslənir. Digər tərəfdən, burada daxili amilin də rolu var. Görünür, Ermənistanda bir sıra müxalif partiyaların addımları, hücum siyasəti Paşinyanı qorxudur, hansısa bir normal addım atmaqdan çəkindirir. Çünki biz bilirik ki, bir sıra siyasi qüvvələr ona qarşı çıxış edir və hakimiyyətdən getməsini tələb edirlər".

F.Sadıqov əlavə edib ki, Prezident İlham Əliyev bütün məsələlərlə bağlı çox açıq və konkret şəkildə öz mövqeyini bildirdi: "Belə bir fikir də səsləndirildi ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər. Yəni bu, onların seçimidir və bizə heç bir mənfi təsiri ola bilməz. Əgər Ermənistan ağlını başına yığsa, Azərbaycanın təkliflərini qəbul etsə, əlbəttə, biz buna razılıqla cavab verərik, bununla da regionda sülh və stabillik yaranacaq. Budur bizim əsas istəyimiz".

Politoloq Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarını da indiyə qədər yerinə yetirmədiyini söyləyib: "Zəngəzur dəhlizi açılmayıb, kommunikasiyalar hələlik bağlıdır. Ermənistan imza atdığı bəyanata əməl etmir. Biz təbii ki, Ermənistanı sülhə məcbur etmək üçün il ərzində əlimizdən gələni edəcəyik. Çünki sülh həm Azərbaycana, həm Ermənistana, eyni zamanda digər regional dövlətlərə lazımdır. Biz 30 il ərzində faktiki olaraq müharibə şəraitində yaşamışıq. Torpaqlarımız işğal altında olub. İndi qalib olmağımıza baxmayaraq, dövlət başçısının vurğuladığı kimi, Ermənistana əlimizi uzatmışıq ki, sülh sazişi imzalayaq. Bundan sonra normal şəraitdə yaşayaq, inkişaf edək, əməkdaşlıq edək. Bilirsiniz ki, Prezident müsahibəsində vurğuladı ki, delimitasiyanı istəmirlərlərsə, sərhəd Azərbaycanın lazım bildiyi yerdən keçəcək. Bu da çox mühüm bir mesaj, bəyanatdır. Düşünürəm ki, bütün istiqamətlər üzrə -  həm Ermənistanla, eyni zamanda bir sıra aparıcı dövlətlərlə münasibətlər, eyni zamanda regionda stabilliyin bərpa olunması ilə bağlı Prezident tərəfindən vacib tezislər səsləndirildi, konkret yollar göstərildi".

Brüssel formatından danışan F.Sadıqov hesab edir ki, bu format fəaliyyət göstərəcək: "Çünki biz keçən il nəzərdə tutulmuş görüşdən ona görə imtina etdik ki, Fransa prezidenti Emmanuel Makron orda iştirak etmək istədi. Biz Makronla hər hansı məsələni müzakirə etmək fikrində deyilik. Əgər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə yenə belə bir görüş təklifi irəli sürülsə, düşünmürəm ki, biz imtina edəcəyik. Amma bir şərtlə ki, ora heç bir dövlət başçısı, heç bir ölkənin nümayəndəsi burnunu soxmasın, müdaxilə etməsin. Xüsusilə də Fransanın prezidenti. Yəni bu, bizim əsas şərtimizdir. Dövlət başçısının da söylədiyi kimi, Azərbaycan sülhün tərəfdarıdır, bir sıra qalan məsələlərin sülh yolu ilə həll olunmasını istəyirik. Amma bu məsələlər Ermənistandan asılıdır. Məsələn, Zəngəzur dəhlizi. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Çünki biz Azərbaycan olaraq Naxçıvanla əlaqələrimizi bərpa etməliyik. Gözləmə vəziyyətində nə qədər qalmalıyıq. Ona görə düşünmürəm ki, hansısa genişmiqyaslı üçüncü müharibə olsun, amma əgər belə bir məqam yaransa, istisna etmirəm ki, hərbi potensialımızı istifadə edək. Bunların hoqqabazlığını nə qədər müşahidə etməliyik, nə qədər gözləməliyik. Paşinyan ölkə daxilində münasibətlərini yarada bilmir, başqalarının sözü ilə hərəkət edir, fantastik şüarlarla çıxış edir, amma əsas məsələ qalıb kənarda, bu məsələləri biz bu il ərzində mütləq həll etməliyik. Mənim buna heç bir şübhəm yoxdur. Hesab edirəm ki, bunun üçün bütün vasitələrdən istifadə olunacaq". 

 

 





13.01.2023    çap et  çap et