525.Az

Qərbi Azərbaycana qayıdış: hədəfə doğru addım-addım


 

Qərbi Azərbaycana qayıdış: hədəfə doğru addım-addım <b style="color:red"></b>

Azərbaycanlılar tarix boyu ermənilər və onların havadarları tərəfindən deportasiyaya, soyqırıma məruz qalıb, nəticədə indiki Ermənistan adlanan ərazidəki öz ata-baba yurdlarından didərgin düşüblər. XX əsrdə azərbaycanlıların dörd dəfə -1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunublar. Deportasiya zamanı soydaşlarımız soyqırıma, işgəncələrə, qırğınlarla məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Tarixçilərimizin araşdırmalarına görə, Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim bu günədək erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən artıq kənddə azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində də azərbaycanlılar kompakt ərazidə yaşayıblar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.

Sonuncu deportasiya zamanı - 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 300-ə yaxın yaşayış məntəqəsindən qovulan soydaşlarımız qaçqın kimi ölkəmizin müxtəlif yerlərində məskunlaşıblar. Əlbəttə ki, hər kəsin doğma ata-baba yurduna qayıtması, orada yaşaması onun haqqı və hüququdur. Bu gün artıq soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı proses başlayıb və bu, qarşıda dayanan əsas məqsədlərdən birinə çevrilib.

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, o cümlədən, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Azərbaycanın qədim tarixi, arxiv sənədləri, xəritələr buna imkan da verməzdi. XX əsrin əvvəllərinə təsadüf edən xəritə də təsdiqləyir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və dünya azərbaycanlılarına da bəllidir ki, indiki İrəvan ərazisi tarixi Azərbaycan ərazisidir. Dövlətimizin başçısı bildirib ki, indi əsas vəzifələrdən biri də dünya ictimaiyyətinin bunu bilməsidir. Artıq bu istiqamətdə işlər başlanılıb.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində yenidən bu mövzuya diqqət çəkib.

Sitat: "Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Məlumdur ki, sovetlər dönəmində bu məsələlər gizli saxlanılıb. Müstəqillik əldə etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu mənada ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı. Belə ki, "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənədlərdir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, tarixdən hər kəsə məlum olduğu kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsi Azərbaycandan qoparılıb Ermənistana verilib.

Onun sözlərinə görə, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1920-ci illərdə sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir: "Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri Azərbaycan xalqına məxsus idi".

Deputat əlavə edib ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə köçürülməyə məruz qalıblar: "Vaxt gələcək onların hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar. Prezident İlham Əliyev 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olarkən demişdi: "Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, mən sizin diyarınıza qonaq gələcəyəm". Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində o gün gəldi, insanlarımız öz doğma yurdlarına qayıtdılar. Ona görə Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda bu günü xatırlayacağıq. Əsas məsələ ondadır ki, biz inamımızı itirmirik. Biz Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində buna nail olacağımıza əminik".

Deputat Naqif Həmzəyev isə vurğulayıb ki, Azərbaycanın tarixi torpaqlarında başqa dövlətlərin yaranması heç kəsə sirr deyil. Xüsusilə də Qərbi Azərbaycan adlandırdığımız ərazilərdə məhz XX əsrin əvvəlində böyük güclərin dəstəyi ilə Ermənistan dövlətinin əsası qoyulub.

Onun sözlərinə görə, hətta o vaxtkı Xalq Cümhuriyyətinin qurucuları məcburiyyət qarşısında qalaraq xarici güclərin təsiri altında Azərbaycanın tarixi və qədim şəhəri olan İrəvanı ermənilərə güzəştə gediblər: "Nəticə etibarilə İrəvana sahib olan ermənilər daha sonra Göyçə, Qərbi və Şərqi Zəngəzur, Naxçıvan, Qarabağ və digər Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. Bu iddiaların nəticəsi olaraq sovetlər qurulduqda təəssüf ki, Zəngəzur mahalını da öz ərazilərinə qata bilib, Qarabağa isə muxtariyyət verilməsinə nail olublar. Bir sözlə, Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradıldığı hər kəsə məlumdur. Bütün tarixi faktlar bizim bu fikrimizi təsdiqləyir. Ancaq Qərbi Azərbaycanda Ermənistan Respublikası yaradılsa da, orada yenə də azərbaycanlılar yaşayırdı. Məhz 1988-ci ildən azərbaycanlılar o ərazilərdən tamamilə qovuldu. Əgər biz XX əsr boyunca mərhələli şəkildə azərbaycanlıların həmin ərazilərdən deportasiya olunmasının şahidi olurduqsa, 1988-ci ildə artıq bu proses yekunlaşdı".

Deputat qeyd edib ki, faktiki olaraq hal-hazırda həmin ərazilərdə ümumiyyətlə azərbaycanlı, türk, müsəlman yaşamır: "1988-ci ildən sonra fərqli proseslər baş verdi. Sovetlər İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini əldə etməsinə baxmayaraq Qarabağ problemi ilə qarşılaşdı və ərazisinin 20 faizi işğal edildi. Azərbaycan Qarabağ problemini daha aktual və daha vacib hesab etdiyi üçün bu məsələnin həllinə fokuslandı və Qərbi azərbaycanlıların hüquqlarının qorunması, onların öz dədə-baba yurdlarına qayıtması məsələsi ikinci plana keçirildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması və Qarabağ ilə Şərqi Zəngəzuru işğaldan azad etməsi bizim üçün yeni yol xəritəsini müəyyənləşdirmək imkanı yaratdı. Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdüyü zaman Qərbi Azərbaycan əhalisinin hüquqlarının qorunması və bərpası məsələsini gündəmə gətirməsi hər kəsi sevindirdi. Çünki 2020-ci ildə qəbul edilən üçtərəfli bəyanatda qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması məsələsi də nəzərdə tutulub. Əgər Azərbaycan torpaqlarında erməni əsilli vətəndaşlar yaşayacaqsa, Ermənistan ərazisində də Azərbaycan əsilli vətəndaşların yaşaması niyə də olmasın?! Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların öz doğma yurdlarında yaşamaq hüquqları var. Beynəlxalq sənədlərə əsaslanaraq məhz Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtma hüququ mütləq bərpa olunmalıdır. Cənab Prezidentin haqlı olaraq bu məsələ ilə bağlı göstəriş və tövsiyələrini verməsi düşünürəm ki, çox yerində atılmış bir addımdır. Necə ki, Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edənə qədər hər bir azərbaycanlı qarabağlı idi, bu gün isə hamımız Qərbi azərbaycanlı olmalıyıq. Baxmayaraq ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır, ancaq beynəlxalq hüquq var. Hazırda bu torpaqlar Ermənistan Respublikasının ərazisi olaraq tanınır. Bu baxımdan Qərbi Azərbaycana qayıdış konsepsiyası sülhə əsaslanmalıdır və biz beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə edərək o torpaqlardan didərgin düşmüş insanların öz yurduna qayıtmasını təmin etməliyik. Hətta sovetlər dövründə belə həmin ərazidə olan Azərbaycan və türk toponimlərini Ermənistan müstəqillik qazandıqdan sonra dəyişdirdi. Biz çalışmalıyıq ki, toponimlərin bərpası məsələsini də gündəmə gətirək. Ən pis halda 1988-ci ildə bu ərazilərdən deportasiya edilmiş soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını təmin etməliyik".

N.Həmzəyev əlavə edib ki, bu, çox şərəfli və müqəddəs bir mübarizədir: "Bu mübarizədə bütün azərbaycanlıları həmrəyliyə, bütün tarixçilərimizi də bu prosesdə aktiv olmağa çağırıram. İnanıram ki, cənab Prezidentin bizlərin qarşısına qoyduğu bu vəzifəni hər bir azərbaycanlı, əsasən də Qərbi Azərbaycandan olan soydaşlarımız uğurla yerinə yetirəcək".

 

 





13.01.2023    çap et  çap et