525.Az

Xatirə köçü - Hüseynbala Mirələmov yazır


 

Xatirə köçü - <b style="color:red"> Hüseynbala Mirələmov yazır</b>

...Hər dəfə yol haqqında düşünəndə özümdən asılı olmayaraq qəlbimi qəribə bir əsrar bürüyür. Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz, fərq etməz, üzərində insan ayağının izi, həyat nişanəsi olan istənilən yol, mənim üçün dünyanın ən əsrarəngiz mənzərəsidir.

Uca bir dağ yamacına şərid kimi dolanıb gedən yollara baxdıqca baxaram, meşənin lal sükutunun içindən keçən yollarda saatlarla dolaşsam, usanmaram. Bunun əksinə, ot basmış bir cığır, aylardır kimsənin ayağının dəymədiyi hiss edilən hansısa bir yol mənim üçün dünyanın qopduğu yerdir...

Bir vaxtlar qonaq olub ömrümdən xoş günlər yaşadığım, düşmən işğalından azad edilən yurdlarımızı da, qəribədir ki, o yerlərin yaddaşımdakı bütün xatirələrindən əvvəl, məhz yollarla yada salıram. İllərdir ayrı düşdüyümüz və yenicə qovuşduğumuz o yolları, cığırları indi dağılıb-tökülmüş, kol-kos basmış, qüssəli bir sükuta dalmış halda görmək çox ağrılıdır...

Yol ən azı mədəniyyət faktı kimi, olsun ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli yer tutur. Amma bizim üçün yol mədəniyyətin də ötəsindədir. At belində yaşanıb, dərələrdən sel kimi, təpələrdən yel kimi ötən keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb.

Yol bizlər üçün taledir, iqbaldır... Başa varan bütün arzularla birgə, yarıda qırılan niyyətlərlə bahəm, bütün yaşananlarla, itki və ümidlərlə baş-başa elə həyatın özüdür... Daha yaxşı həyat, daha firavan gələcək soraqlı arzularımızla bir gün yola düzəlirik. Uzaq-uzaq ellərin qəribliyində olan doğmalarımızın yolunu gözləyirik.

Yol yuxularımızın çin olduğu yerlərə aparır. Yol xəyallarımızın gerçəkliyə çevrildiyi məqamlara gətirib çıxarır. Xoş niyyətlə qapımıza gələn qonağın yolda pişvazına çıxmışıq. Bəd niyyətlə üstümüzə yeriyən yağının hücumlarını yolda dəf etməyə can atmışıq. Ən xoş alqışımızı "Yolun açıq olsun!" diləyi ilə dilə gətirmişik. Ən kəskin nifrətimizi düşmənə "Yolun bağlansın!" kəlməsi ilə çatdırmaq istəmişik. Yolda bərkimişik, yolda bərkə-boşa düşmüşük, dostumuzu da, düşmənimizi də yolda tanımışıq...

Həyatın bütün sınaqlarına rəğmən, ömrün ən çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim üçün həyatın da davam etməsi anlamına gəlib...

Bu sətirləri yaza-yaza məşhur türk ozanı Aşıq Veysəlin məşhur sənətçilərin ifalarında bu gün də dillər əzbəri olan şah beytini xatırlayıram: "Uzun, incə bir yoldayım. Gidiyorum gündüz-gecə..."

Bəli, həyat dediyimiz uzun, incə bir yoldur. Hər açılan səhərimiz, hər batan günümüz bu yolun davamına doğru daha bir addımımızdır. Yol bizi ömrün əvvəlindən sonuna, qədim dastanlarımızda ərz edildiyi sayaq, kandan məkana doğru aparır.

Xəstə Qasımın "Gələn bəzirgandır, gedən xocadır" hikmətində ifadə olunduğu kimi, hər insan yolun başlanğıcında həyatdan öyrəndikcə öyrənməyə, onun dərslərindən görüb götürüb irfan yükünü tutmağa möhtac bəzirgandır. Yolun sonuna doğru kamillik yükündən qəddi əyilmiş bir müdrik xoca sifətində addımlamaq isə çox az adama nəsib olar...

Sabaha ünvanlanmış arzu və ümidlərimdə yolu həmişə xatırlamışam, yəqin ki, bundan sonra da xatırlayacağam. Çünki sabaha doğru aparan yol dünəndən başlanıb bu gündən keçir... Görünür, yola bu qədər vurğunluq onun mənəvi aləmimizdəki önəmindən irəli gəlir. Və bu təkcə məndə belə deyil... Yolun həyatımda bu qədər böyük yer tutmasının, həyatımın bir parçasına çevrilməsinin hikmətini bu yaxınlarda özüm üçün ayırd edə bilmişəm. Yol məfhumu mənim üçün həm də ona görə önəmlidir ki, həyat haqqında ilk xatirələrimin başlanğıc nöqtəsi də yoldur, məhz YOL. Ömrün ilk xatirələrinin izinə düşüb illərin üstündən adlaya-adlaya hara qədər gedə bilirsənsə, yaddaşın zamanın hansı dərinliklərinə qədər nüfuz edə bilirsə, ömür yolun da oradan başlanır...

...Bir anlıq gözlərimi yumuram və yetmiş dörd il əvvəlin çiskinli bir mart günü dolanbac dağ yolları ilə yönü Lənkərana sarı irəliləyən yük dolu at arabasının ardınca yüyürən körpə oğlan uşağını xatırlayıram. Həmin kədər dolu köçə qədər o körpə oğlanın bütün dünyası Lerik rayonunun Nuravud kəndindəki sadə evlərin birində asılmış nənni başında anasının laylasından ibarət idi... Bütün dünyanın o ana laylasının ətrafında dövr etdiyi, ömrün ən bəxtəvər, ən qayğısız, ana qoxulu günləri...

O xatirələrin ən işıqlı yerində yayda anasının o totuq körpəni həyətdəki böyük palıd ağacın kölgəsində teştə basıb deyə-gülə çimizdirməsi də qərar tutmuşdu. Sabunlu su gözünə düşəndə ağlayan uşağın üzünə dəmir parçdan su töküb onu sevgiylə sakitləşdirən o ananın xəyalı həmin xatirələrin ən şirin yerində həm əl uzadacaq qədər yaxında, həm də əbədiyyət qədər uzaqda idi... Anasının mehr-məhəbbətindən kefi kökəlib teştdəki suyu sevinclə ətrafdakı qardaş-bacısına, yaxınlıqda otlayan kəhər ata, teştin yanında gəzişən toyuqlara sıçradan o körpə üçün dünyanın mərkəzi məhz o palıd ağacının altı idi...

Sonra bu xatirəyə bir Yol əlavə olundu. Ömrünün sonrakı illərində heç vaxt yaddaşından silinməyəcək, gedəcəyi bütün yolların başlandığı o həsrət, əlçatmazlıq hissi verən Yol...

Bu xatirəyə at arabasına yüklənmiş məfrəşin üstündə əyləşib tez-tez geriyə, geridə buraxdıqları kəndə, o kənddə yaşanmış keçmişə, o keçmişin acılı-şirinli anlarına tərəf boylanan və yaylığının ucu ilə tez-tez qızarmış gözlərinin yaşını silən nisgilli bir ananın rəsmi də həkk olundu...

Xatirələrin mərkəzində həm də həmin an uşaqlarının yanında kövrəldiyi hiss edilməsin deyə dişlərini bir-birinə sıxıb mümkün qədər tez uzaqlaşmağa çalışan bir atanın üzündəki əzablar, qayğılar, sabahla bağlı nigaranlıq da yer almışdı...

Bir də burada ailə qurub, ev-eşik sahibi olduqlarına görə kənddəki həyatlarına davam etməli olan, indi isə doğmalarını yeni yurda doğru köçün ardınca atdıqları bir parç su ilə uğurlayan iki boynübükük bacının məhzun görkəmi...

Hələ ki doqquz nəfərlik olan ailənin yeddi üzvü kənddən köçürdü... Onda müharibə yenicə başa çatmışdı. Ölkə qələbə ovqatında olsa da, insanlar ciddi sıxıntı çəkirdilər. Dolanışıq o qədər asan deyildi. Qarın dolusu çörək, nimdaş üst-baş o illərdə Tanrının böyük bir lütfü sayılırdı.

Belə bir vaxtda ata-baba yurdundan perik düşən, kənddə qurulmuş pis-yaxşı düzənli həyatından ayrılan bir çətən külfətin sabahı necə olacaqdı?! Qarşıda onları hansı sınaqlar gözləyirdi?!

O anlarda yük dolu at arabasının ardınca yüyürən körpə oğlan uşağı isə bütün bunları düşünəcək yaşda deyildi. Anasının göz yaşları da, atasının çöhrəsindəki əzab, qayğı, nigaranlıq ifadəsi də, onlardan ayrılan iki böyük bacısının məzhun görkəmi də hələ ona maraqlı bir əyləncə kimi gəlirdi.

Köç irəliyə doğru hərəkət etdikcə onun təsəvvüründəki dünyanın sərhədləri genişlənir, bu ana qədər bütöv bir dünya bildiyi kənd isə getdikcə kiçilib, onun balaca ovuclarına sığacaq oyuncağa çevrilirdi. Bir azdan tamam gözdən itib əbədi olaraq onun körpəlik xatirələrinə qarışacaq Nuravud...

1948-ci ilin Novruz bayramı günü dolanbac dağ yolları ilə ağır-ağır Lənkərana sarı irəliləyən köçün ardınca yüyürən körpə oğlan uşağı isə Hüseynbala idi... Geridə ömrünün ən sevincli bayramlarından birini - Novruz bayramını buraxıb gedən üçyaşlı oğlan uşağı... Nuravudda həyətlərdə qalanan böyük tonqallardan qopan qığılcımlar səmaya bülənd olur, çıtırtı ilə yanan yaş odunların xoş rayihəsi ətrafa yayılırdı.

Qıtlıq illəri olsa da, ailələr Novruz bayramında balaca bir qazan da olsa bayram plovu bişirməyi özünə mənəvi borc sayardı. Bayram axşamında zəfəranlı plovun qoxusu kəndə yayılardı.

Kəndin hər tərəfində qapı-qapı gəzib papaq atan uşaqların sevinc dolu çığırtıları eşidilirdi. Qəlbi bayram sevinci ilə aşıb-daşan uşaqlar imkanı olan qonşuların onların papaqlarına qoyduğu qoz-fındığı, şəkərbura, paxlava, badambura və konfetləri öz aralarında bölüşür, qozu-fındığı elə yolun ortasındaca sındırıb ləzzətlə yeyirdilər. Novruzun papaqatdısında ən unudulmaz əyləncələrdən biri də rəngbərəng boyanmış bayram yumurtalarını döyüşdürmək idi. Uşaqlar əvvəlcə bir-birilərinin əlindəki yumurtaları yoxlayır, sonra da gülə-gülə "tut, vurum" deyərək qalib gəlmək üçün bir-birilərinə müxtəlif cür kələk gəlməyə çalışardılar. Oyunun sonunda qırılmayan yumurtanın sahibi sındırdığı yumurtaları qənimət kimi götürərdi özünə...

Üçyaşlı kiçik oğlan uşağı ürəyini o şən əyləncələrin yanında qoyub gedirdi. Nə ocaqlarında plov bişdi həmin gün, nə yumurta boyandı, nə də Novruz xonçası bəzəndi... O cür bayram sevincini doğulduğu doğma kəndində bir daha yaşaya bilməyəcəyini sanki uşaq qəlbi ilə dərk edir, balaca qəlbi qəribə bir həsrət hissi ilə çırpınırdı. O da yumurta döyüşdürən o uşaqlarla bərabər oynamaq istəsə də, məcburi şəkildə bilinməz istiqamətə yol alan ailəsinin köçünü xırdaca addımları ilə təqib etməli idi. Əslində həmin vaxt özü də bilmədən bütün o xatirələri yaddaşına, hafizəsinə yığıb özü ilə aparırdı. Bu, təkcə bir ailənin yerdəyişməsi deyildi, bu, həm də  sonrakı HƏYAT YOLUnda bir ömür bu unudulmaz xatirələri daşımaq idi.

Aradan çox uzun illər keçəndən sonra o körpə oğlan anlayacaqdı ki, ömür əslində ordan-oraya, bir ünvandan başqa bir ünvana yönələn XATİRƏ KÖÇÜdür. Ömür uzandıqca bu köç genişlənir, həmin köçə yeni-yeni insanlar qoşulur, bəziləri isə o köçdən qopub uzaq düşürdü...

O xatirə köçündə gedənlərin ən doğmaları zamanla fiziki olaraq o köçü tərk etsələr də, mənəvi olaraq ruhları ilə o köçdə qalmaqda davam edir, artıq saç ağartmış bir adamın  içində daim yaşatdığı o üçyaşlı kiçicik körpəni tək qoymurdular... O köçün yaşca ən kiçiyi, ən körpəsi mən idim... Kövrələ-kövrələ xatırladığım, qələmə almaq üçün fürsət gözlədiyim o xatirələrin köçünü indiki mənzilə kitablar yazaraq gətirib çatdırmaq, yazı kimi, mətn kimi gələcəyə təhvil vermək həm övlad, həm də yazıçı kimi mənim mənəvi borcumdur. Çünki ataların da dediyi kimi, "Söz uçar, yazı qalar..."

...Xoşbəxtlik həm də odur ki, insan təkcə bir ömür boyu özü ilə daşıdığı xatirə köçündə kimlərisə, nələrisə xatırlamasın, həm də özü uzun zaman başqalarının xatirə köçündə işıqlı, doğma, munis və əvəzolunmaz bir yerdə qərar tutaraq xatırlansın...

 

 

 





13.01.2023    çap et  çap et