525.Az

Əlvida, Çilov adası!.. - Xosrov Natil yazır


 

Əlvida, Çilov adası!.. - <b style="color:red"> Xosrov Natil yazır</b>

Son bir ildə - 64 yaşımın tamamında aydın başa düşdüm ki, mən də işdən ayrılacaq, adanı tərk edəcək, ən başlıcası, aylıq ciddi maaşdan əlim üzüləcək və əmək pensiyasının ümidinə qalacağam.

İşdən təqaüdə gedənlərin bütün buraxılış vərəqələrinə viza qoyurdum, indi özüm öz xoşumla vida imzasını təsdiq etməliyəm. Bu sətirləri yazarkən 2022-nin yanvar ayının 10-u axşamıdır, ömür vəfa edərsə, ilin sonunda həm işimlə, həm də ada ilə vidalaşacağam.

 

Çilov adamı - qara adam

 

Çilov adamı çox hadisələrin şahidi olub, xüsusən neft sahəsində baş verən hadisələrin birinci iştirakçısıdır və Adam adanın ən yaxşı tərəfindən neft gəlirlərinin artdığı zamana qədər çox fədakarlıq edib, saatlarla gəmidə üzüb, dəqiqələrlə helikopterdə süzüb. Oğurluq-doğurluq dəniz məhsullarının - balığının, xərçənginin  tamını dadıb, qaşqaldağına, çöl ördəyinə... dəymiş güllələrin qırmasının, barıtının qoxusunu da hər kəsdən yaxşı bilir. Qarlı, çovğunlu havalarda ov etməyi, küləksiz havalarda tor səpməyi bacarır. Meduzaların balığı necə məhv etdiyinin şahidi olur, suitindən yağ çıxarmağın yollarını mənimsəyib, tüfəngini saz saxlayıb, toru yosunlardan təmizləməyin yollarını asanlaşdırıb.

Təbii ki, dəniz sahilində - adada yaşamın fərqli tərəflərindən biri bu idi. Tarlası yox, zəmisi yox, it hürüşməsi, xoruz banı yox. Nəzarətsiz buraxılan mal-davar aralıqda qorxusuz-ürküsüz sərbəst gəzir - it yox, qurd yox, azmaq yox.

Heyvanların sahibi 9-10 kvadratkliometrlik ərazidə şellənən mallardan tam arxayın idi.  "Ornos" adlanan sarı, xınalı qayalıqlardakı ərazidə birillik efemer bitkilər tükənən kimi məişət tullantılarının qalıqları ilə qidalanan iribuynuzlu heyvanlar zibil qablarını gözlərinə təpirdilər.

Adam burada helikopter qəzası da görüb, estkadadan sürüşüb dənizdə boğulan brakonyerin cənazəsini də, 20 il əvvəl batan adamın meyitinin tapılmadığının da fərqindədir, hələ dənizdə yanaraq boğulanların telefon çığırışlarını - fəryadını da eşidib. Xeyli qəzaların xatirəsini yaşayan şahidlər az da olsa qalıb. Helikopterdəki 20 nəfərdən sağ qalan bir nəfərin, yanan özüldə dalğanın xilas etdiyi yeganə neftçinin sözlərini indi də xatırlayır. Allah saxlayanda saxlayır deyir, adanın adamı. Adam adada ölümün gözünə dik baxa bilir, əgər burada doğulubsa, dalğalarla qucaq-qucağa çox çarpışıb, külək sifətini bozardıb, günəş üzünü qarsıb. Beləcə, yerli adamın hər üzü  "qara"dır.

Üzü də, sözü də, ayı da, günü də qaradır, dartınıb-dartınıb bu əsrin sürətinə çata bilməyib, çatanlar da günün nəbzini tuta bilməyib. "Ölüm-itim, bir gün bitim" deməyib, nəqliyyat xərci deməyib, kommunal ödəniş dərdi çəkməyib. Təkcə kef çəkib, istədiyini edib -  yeyib-içib, rəqs eləyib, sonra da gedib yatıb.

Tor - həmin adamın baş verənlərə təsəllisi və ya istehzası, ya da ən xoş arzusu olub.

 

Qadınlar

 

Burda evliliyin evə dəyişir

Tənha qadınlar...

...Tənhalıq nigah evi,

...İsti oda - yengəsi,

...Cehizi - nişastalı, soyuq yataq dəstləri...

 

Ən çox qadınlar işləyən təsərrüfat bizim sahəydi. Təəssüf ki, həm də insan əxlaqına şübhə ilə yanaşılan sahə. Sıravi işçidən rəisə kimi hər kəsin ləkələnməyi bir yalan sözə bənd idi. "Mənim əxlaqıma şübhə edən kəs ən əxlaqsız adamdır" deyimi ilə özümü qoruyurdum. Deyim ki, böyük əksəriyyət bizə hörmətlə yanaşır, bizə inanırdı.

Qadınların sayı da az deyil. Adanın qadın sakinlərinin Bakı şəhərinin rayonlarında evi və qeydiyyatı var. İşləyənlərin çoxu dul və ya subay qadınlardır - evi evlilikdən üstün sayanlardır. Xanımlara rəhbərlik yanında xüsusi rəğbət göstərilir. Bayram günlərində günün yarısı işdən buraxılır, ya da bir neçə saat işdən getməyə icazə verilir. Bu mental dəyər kənardan - quru sahələrdən gəlmə nümunədir.

İşçi kişilərin onlara qarşı diqqqətinə önəm verən xeyli qadınlar da var. Həm yataqxanada, həm də xidməti mənzillərdə yaşayan xanımlar otaqlarında yerli-yersiz tez-tez dizaynı dəyişməyə meyillidirlər. Amma çox iddialı olanlar da var - məişətlərinə dəyişikliklər etmək kimi bəhanələr və s. Hamının onlara borclu olduğu düşüncəsinin əsirinə çevrilmiş qadınlar da az deyildi. Bir az səliqəsiz iş otaqları, bir az da yersiz deyingənlikləri vardı. Hər şeydə bir məna axtaranlar da az deyil. Qruplaşmalar təşkil etmək işdə nə qədər qəbahət sayılsa da, əsl vərdişlərinə çevrilib: ya onların adamı, onların söz deyəni olmalısan, ya da, ifşaedici təzyiqlər altında qalıb əzablara boyun əyməlisən. İndi belə təhdidlərə dözə bilməyən az adam tapılar.   

 

Çilov adasında "pişik" Tamara

 

Ümidinə od vurur hər gün,

Hər gün arzusuna əl qatır.

Zibil

arxa qutusuna çevirib,

Pırtlaşıq saçları həsrət tumara -

Çilov adasında "pişik" Tamara                                   

Çilovun yaşlı qadınlarından biri idi, ömrünün son illərinin yaşadığını bilirdi və bütün həyatını pişiklərlə keçirirdi. Onun bir qədər əyilmiş qaməti və hər zaman xaç çevirən kirli əlləri pişiklərlə nəfəs alırdı. 

İkimərtəbəli xidməti evlərin birində üçotaqlı mənzildə yaşayırdı və hələ bostan yeri də vardı. Saçları daim pırtlaşıq, tumara həsrət idi. İşığa, qaza və suya haqq alınmırdı, nəqliyyat da pulsuz idi, amma əslində, Tamaranın gedəcəyi yeri də yox idi.

Ətəyində köhnə-külüş nə istəsən tapardın, torbasında süd, qatıq, kolbasa, sosiska pişiklərə yedirdib sonra gedər və arxasınca "Allah səni öldürsün" deyən adamlara gözünün ucuyla da baxmazdı, çox uzun, çirkli, nimdaş paltarını çəkib aparardı. Allahın verən günü turş şərab və quru balıq yavanlığı gözünə təpərdi. Adadakı xeyli etnik qadınlar kimi, bu dul qadın da hələ də azərbaycanlı ərinin soyadını daşıyırdı. Tamara Vladimirovna Hüseynova. Və öldü:

 

Öldü Tamara,

saxlanma müddəti bitdi sevincin.

Boş qaldı eşikdə çini boşqablar,

boşaldı mənzilin al şərabları,

quru balıqların qəlsəmələri

elə ət üstündə atıldı çölə.

Öldü Tamara,

pişik tumarını apardı özü.

Ada qəribsədi pişik səsinə,

sevgisi gözündən gəldi suların,

qumlu sahilində ayaq izləri,

zibil qutusunda torba - girovda,

pişiklər sahibsiz qaldı Çilovda...

 

"Qara" isti rəngdir

("Təqaüdçülər" silsiləsindən I yazı)

 

İş icraçısı İsmayıl Həsənovun xatirəsinə

Yaşadığı "28 may" küçəsi kimi hər kəsə xoş əhval gətirirdi. Nəhayət, vaxt gəldi, təqaüdə getdi. Xidməti mənzilinin 2-ci qatında vida məclisi işçilərin ürəyincə oldu.

Sonra bir neçə il yaşadı və əbədiyyətə qovuşdu.

Ayaması "Qara" idi İsmayılın. Hər kəslə isti münasibəti vardı, bu istilik onun nurlu simasını bir az da nurlandırmışdı. İş icraçısı idi. Son illər ayaqlarını yerdən götürməyə taqəti yox idi, çox zəifləmişdi, ayaqlarını güclə sürüyürdü. Hərdən zarafatla "Abi, toz eləmə" deyirdim.

Ayaması "Qara" idi. Xəzrinin, gilavarın təsirindən qarsımış, gündən qaralmış sifəti brendə çevrilmişdi, sifətinə çökmüş "Qara" təbii rəngində idi. O, küləkdə də, qarda-yağışda da gəminin göyərtəsində martı quşlarının səsini dinləyir, açıq havada olmaqdan zövq alırdı.

"Qara" səmimiyyəti, düzlüyü və təmənnasız xidməti ilə hər kəsin sevimlisiydi. O da Çilovu çox sevirdi, elə bil, gözünü burada açmışdı. Əslində, Qazaxda doğulmuşdu, amma danışığı, davranışı ilə əsl Pirallahı sakini idi. Bütün ömrünü bu qəsəbəyə bağlamışdı, elə orada da torpağa tapşırıldı.

İşçilərə qarşı sakit rəftarı ilə seçilirdi, nadir hallarda əsəbiləşir, bəzi rus sözləri ilə söylənirdi. Ən aqressiv, tələbkar MKT rəhbərləri də onun dürüstlüyü qarşısında təslim olurdu.

Bir xatirə: MKT-nın həyətində kiçik bir hovuza su zambağı əkmişdik, sonra bu bitkini çirkli alaq hesab edib, köküstündə çıxarıb kənara atmışdılar, həmin su zambağını yenidən hovuza gətirib suyun dibinə bərkitdik, ertəsi gün yenə sudan çıxarıb kənarlaşdırmışdılar, yenidən əkdik və bitkinin kim tərəfindən çıxarıldığını öyrəndik: İsmayıl idi. Etiraf etdi ki, bunun su zambağı olduğunu bilmirmiş, suyun təmiz olmasını istəyirmiş.

İsmayıl doğrudan da təmiz adam idi. Və nə yaxşı ki, Çilov adasında təmiz oğlanlar çoxdur.

Qara - isti rəng sayılır, İsmayıl bu isti rəngdə ("QARA") özünü çox yaxşı hiss edirdi. O, bu adı qazandı və getdi. "Qara"nın xatirəsi həmişə dostlarının qəlbini isindirəcək.

 

"Məktəbli qız"

("Təqaüdçülər" silsiləsindən II yazı)

 

Çilov adasının pasportçusu idi, kabinetinin qarşısında "YYY" yazılmışdı. Əslində, yaxşı tənqidçi ola bilərdi, amma işlədiyi sahə buna çox da şans vermirdi. Ətrafında olan insanları üzbəüz tənqid edir, hərdən təhqirə də bəliyirdi, rəhbərliyin adına söylədiyi tənqid bəzən təhqir kimi ünvanına çatdırılırdı. Bu səbəbdən də bəzən üstünə gəlir, bəzən zərərsizləşdirmək üçün cəhdlər də edilirdi.

Təbii ki, "məktəbli qız"ın dürüstlüyü onu qeybət və dedi-qodudan qoruyurdu. İmanlı olması da onun üstünlüyü idi. Sosial şəbəkələrdən məlumatlar alırdı, siyasi mövzular sarıdan da piyada deyildi.

Kənd qızının qüruru bütün vücudundan bəlliydi - geyimindən tutmuş nitqinə kimi hər şey qəbuledilən idi. Yerlilərini - rayon adamlarını həmişə müdafiə edirdi, onları çox istəyirdi.

Ədəbiyyatdan - sovet ədəbiyyatından kifayət qədər kitablar oxuduğu bir çoxlarına bəlli idi.

Sözünün sahibi idi. Yanlışlığa yol verənləri, əqidəsini dəyişənləri həmişə qınayırdı. Doğmalarını ciddi-cəhdlə qorusa da, bəzən onları da sıxışdırırdı. Prinsipiallığından, dürüstlüyündən, insanlara yardımından əl çəkmirdi.

Nəhayət, zamanı gəldi və təqaüdə getdi, amma hərdən iş yerinə gəlməyi də unutmadı, çünki orada onun hörmətlə baş çəkməyə dostları da vardı.

Sənə sağlamlıq və uğurlar arzulayırıq, "məktəbli qız".    

 

"İdiot"

("Təqaüdçülər" silsiləsindən III yazı)

 

Ayaması belə idi. Çoxları tez-tez belə müraciət etsə də, onu bu adla Kamal Burcəliyevdən şirin çağıran yox idi. Öz işindən əlavə, həm də Çilovdakı mağazalardan birinin sahibi idi. Kiminsə xeyrinə-şərinə yarımağı yox idi, barama qurdu kimi öz hücrəsinin içərisində bulanırdı. Vaxtı ötmüş, saxlanma müddəti bitmiş ərzaqların satılmasında çox maraqlıydı. Brokenyerdən balıq alıb satır, mobil telefon konturlarının üstündə yuvarlaq haqq alırdı.

Dünya od tutub yansa, onun bir bələm otuna da bir şey olmazdı yəqin. Küt və soyuq baxışı yarlıq kimi üstündə idi.

Nəhayət, vaxtı çatdı və ada ilə vidalaşmaq zamanı gəmi limanında, "qızışdı", amma adamların istehzası ilə qarşılaşıb tez də "söndü".

O getdi, təqaüdə getdi. Ağzıgünə qalan isə onun heç də xoş olmayan əməlləri oldu.

 

"Üç nöqtə"

("Təqaüdçülər" silsiləsindən IV yazı)

 

Ayaması da vardı, amma etika xatirinə yazmıram. Qoy ayaması olsun "Üç nöqtə".

Özünü şifahi ifadə edə bilməyən kimi test qiymətləndirməsində taktiki rəhbər olaraq ona "sıfır" yazdım. Bu, dəqiq qiymət idi, elə sürətlə danışırdı ki, sanki "dalınca atlı gəlirdi", nə danışdığını anlamaq olmurdu.

Sadəlövh olduğundan... bəzən lazımsız halda pul xərcləyir və tez-tez danlanırdı, həm də aldanırdı. Amma çox danlansa da, "Üç nöqtə"nin öz həlimliyini və yumşaqlığını, bəlkə də, səmimiyyətini sona qədər saxlamağa gücü çatdı.

Və təqaüdə getdi.

 

Rus qızı İnna

("Təqaüdçülər" silsiləsindən V yazı)

 

Onunla xeyli sonralar bir təsərrüfatda işlədik. Həmin müddətdə bir neçə qaragüruhçunun adını çıxmaqla digər işçilərin rəğbətini qazandı. Uzaq şərqdən Azərbaycana, çox  güman ki, azərbaycanlıya - sevərək ərə gəlmişdi. Çox nikbin qadın idi, bütün çətinliklərə dözümlülük göstərirdi.

Bu rus qızı Azərbaycan sevdalısıydı, 44 günlük Vətən müharibəsində səmimi qəlbdən narahatlıq keçirən vətəndaşa çevrilmişdi. Şuşanın işğaldan azad olunmasına ən çox sevinən də o idi. Buna görə də sevilirdi. Hər bir azərbaycanlı qədər Azərbaycan vətəndaşı idi.

Taktiki rəhbər olaraq ona belə arayış verə bilərdim: "Anbardar işləyirdi, anbarda heç vaxt çatışmazlıq olmadı. İşində dəqiq və səliqəli idi".

Heç vaxt açıq-saçıq hərəkətlərə yol vermədi, etik qaydalara əməl edirdi. Bizim mental dəyərləri qəbul edir və bu dəyərlərə hörmətlə yanaşırdı.

Dostlarının, iş yoldaşlarının xeyir-duası ilə təqaüdə getdi.

İki qızı, iki nəvəsi var. Allah saxlasın deyirik, İnna "Rasxod", "xərclərini azalt", sənə uğurlar.

 

Kütləvi tədbirlər

 

Çilovda çalışdığım son üç ili pandemiya dövrünə düşdüyündən kütləvi tədbirlərə icazə verilmirdi. Öz əlimlə başa gətirdiyim parkın qırmızı darvazası bağlı qaldı, girişi qadağan edilmiş digər obyektlər kimi park və parkın içərisindəki süni şəlalə və bulaq, dekorativ bitki kompozisiyaları, oduncaq və kötüklərdən ibarət klassik üsulla düzəldilmiş, ağac kötüyünə oxşadılmış stol və stullar, kiçik hovüz və içərisindəki su zambaqları baxımsız qaldı, fəvvarənin suları bulandı. Şəhid parkındakı və ətrafındakı ağaclıqlar sanki adamsız olduğundan darıxdı. Ən ağırı isə o idi ki, gilas bağı qurudu.

Son illər dənizdə fırtınalı günlərin sayı xeyli artmışdı, xərclərin azaldılması gündəmdə olduğundan barjaların yükdaşıma sayı iki dəfədən də az idi. Helikopterlərlə özüllərə ərzaq daşınması da zəruri hallarda baş tuturdu. Qazmaçılara və neft-qaz istehsalında birbaşa iştirak edən işçilərə qismən güzəştlər edilirdi. Sosial sahələrə diqqət zorən azaldılmışdı, təmir və tikinti işləri təxirə salınmışdı, yeni lahiyələrin təsdiqindən söz belə getmirdi. Bu vəziyyətdə adaya qidalı torpaq və üzvi gübrə gətirtmək üçün fədakarlıq etməyə dəyməzdi. İnsanlar işə gəlib-getməkdə bir neçə gün gec qalırdılar. Gəmilərin salonlarına giriş sayı iki dəfə az olduğundan nəqliyyat xərcləri də artırdı. Pirallahı və Çilov qəsəbəsində vaksin vurdurmaq üçün özüllərdən gələn işçilərin də helikopterdən istifadəsi nəzərə alınarsa, ciddi maliyyə çətinliklərinin olduğu aydın görünər. Dezinfeksiya işlərinin tez-tez aparılması, işçilərin antiseptik məhlullardan istifadə etməsi, maskalar, işçi və rəhbərlik arasında canlı dialoq məhdudiyyəti, bütünlüklə virtual münasibətlərin meydana çıxması, internet üstündən yazışmalar insanların sxolostik ünsiyyətinə gətirib çıxarırdı. Ciddi təkliflərin, yeni əmr və qərarların müzakirəsi yox dərəcəsində idi. 

 

44 günlük Çilov adası

 

Zəfər düşüncələri pandemiya günlərinin ömrünü qısaldır, bizi oteldə darıxmağa qoymurdu. Stolun üstünə üçrəngli bayraq qoymuşdum. Qapalı şəraitdə bir həftə içəridə qalmalıydıq, testlərdən sonra nəticədən asılı olaraq işə buraxılacaqdıq. Notbukun oxu qeyri-iradi elə hey cəbhə xəbərlərinin üstündə fırlanırdı. Keçmişimin 28 ildən əvvəlki fəlsəfəsi çox tutqundur, elə bilirəm 35 yaşımda doğulmuş və elə burdaca dağınıq həyatımı yaşamışam. Gündəliyim də də pandemiya mövzusu və Zəfərimiz haqqında qeydlər edirdim.

Milli Ordunun rəşadəti hər kəsdə torpaqlarımızın işğaldan azad olunacağına böyük ümid yaradır. Vaqif də, Elçin də (oğlanlarım) könüllü olaraq döyüş bölgəsinə gedib gəlirlər. Cəbrayıl şəhəri və bir neçə kənd işğaldan azad olunub.

Pandemiya hər yanda yüksək vüsət alıb, 1200 yoluxma var.

Hər kəs bir-birilə cəbhə baş verənlərdən danışır, Şuşa sorağındadır hər kəs.

...20 oktyabr, saat 15 radələri. Kontorun qarşısına çatıram. Rəisin xidmət maşını yaxınlaşır, yol vermək üçün dayanıram. Rəis maşında tək deyil. Qapı açılsa da, maşından düşməyə tələsmirlər. Maşının radiosundan cəbhəyə aid rəsmi məlumat başlayır. Yaxınlaşram. Nəhayət azad olunan bölgələrin adı sadalandıqdan sonra "Və Zəngilan şəhəri - Qarabağ Azərbaycandır" sözləri bitər-bitməz telefonuma zəng gəlir. Onu bilirəm ki, rəis də, müavin də, sürücü də gözümdə daha da doğmalaşır. Telefonda 1-ci Qarabağ müharibəsinin iştirakçısı, dülgərimiz Ağamoğlan idi, bu mövzü görünür, ona çox doğma idi. Artıq telefonda zənglər dayanmırdı, birinə cavabım bitməmiş üstündən daha bir zəng gəlirdi. Bir neçə saat ərzində 100-dən çox zəng gəlmişdi, hər kəs gözaydınlığı verirdi.

Zəngilanın işğaldan azad olunduğu gün və sonrakı üç gün xidməti mənzilimdə şənlik davam edirdi.

 

Qarabağa dəstək aksiyası

 

Üçtərəfli sazişin imzalanması barədə rəsmi məlumatı dinləyib tez idarəyə gəldim. Gecə saat 2 olardı. Yolboyu növbədə olan avtobus fit verir, adanın gecə həyatını vaxtsız oyadırdı. Adanın gecə səssizliyini pozan ilk ayaq səsi mənim addımlarımın səsi idi. Bayraq götürüb yüyürmək istədim, amma anbarımız bağlı idi, anbardar da xeyli aralıda yaşayırdı. Növbə maşınlarından birindən sifariş etdim, 10-15 dəqiqə sonra anbarın açarını gətirdilər. İki böyük bayrağımızın onlarla adamın əlində dalğalanması çox sevincli idi. Bu günü düz 30 il gözləmişdik - otuz il gec qalmışdıq. İşçilər, sonra bütün qəsəbə adamları cərgəmizə qoşulmuşdu. Şüarlar deyir və qışqırırdıq: "Qarabağ Azərbaycandır".

Artıq hər yan işıqlanmışdı. Hər halda bizim təşkil etdiyimiz aksiya deyəsən, adada ilk kütləvi tədbir idi.

İndi hər səhər saat 7-də TV-lərdə səsləndirilən himnimizin sözləri bir daha mənim içimdən keçir və Əhməd Cavadın bu sətirləri uzun müddət beynimdə dövr edir:

"Səndən ötrü can verməyə cümlə  hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz".

 

Mənim təəssüflərim

 

İşlədiyim təsərrüfatda adamların çoxu ikiqat hesablanan gün fürsətində idilər. Onlar iş vaxtının uçotu qrafikində qeyri-iş günlərində - şənbə-bazar və bayram günləri işdə olmağa üstünlük verirdilər. Bu da təbii idi - heç kəs həmin günlərdə ikiqat hesablanan əmək haqqına yox deməzdi. Amma çox zaman bu "qırmızı tutmaq" hərisliyi ciddi mübahisələrlə nəticələnirdi. Biri öz qadını ilə eyni gündə işə gəlib-getmək üçün bəhanə gətirir, o biri öz xəstə uşağını həkimə göstərmək üçün qrafikinin dəyişməsini tələb edir, bir başqası toy, xatirə günü bəhanəsilə növbənin başına min oyun açırdı. İmanlı hesab edilən məşədisi də, kərbəlası da, dinsizi, imansızı da bu oyunun içində idi.  Bir sözlə, "qırmızı gün" tutmaq uğrunda əsl mübarizə gedirdi. Hətta bir il əvvəldən neçə bazar, bayram günü tuta biləcəyini arsız-arsız söyləyənlər də vardı. Bu mübarizənin önündə mühəndis və texniki işçilərin olması isə daha çox təəssüf doğururdu.

Amma istehsalat zərurəti ilə əlaqədar dəyişikliyə ehtiyac olanda, buna heç kəs könüllü razılıq vermirdi. Bir saat belə güzəşt etmək istəyən yox idi. Və təsərrüfatın rəisi kimi hər zaman buna təəssüf etməkdən başqa çarəm qalmırdı.

 

Sadəliyin gülməli anları

 

Helikopterə minirik - birinci növbədə titullu mühəndis və texniki işçilər qalxır. Həmin an məlum olur ki, bir nəfər şəxs helikopterdən düşməlidir, dispetçer məni soyadımla çağırıb düşməyimi elan edir. Təbii, salonu tərk edirəm. Əslində təəccüblü odur ki, mənim tabeliyimdə olan üç nəfər işçi helikopterdə uçur mən - onların rəisi isə növbəti reysi gözləməliyəm.

Dispetçer məni nə üçün düşürdü? Tabeliyimdə olan işçilərdən biri rəisin qardaşı, biri rəis müavininin qardaşı oğlu, digəri isə başda əyləşən şəxsin uşaqlarına dərs deyən müəllimin oğludur. Beləcə, tarazlıq sadə bir misalla izah edilir.

Daha bir misal. Bölgü zamanı mühəndis kostyumu xidmət rəisi kimi mənə yox, tabeliyimdə olan işçilərə verilir, mən isə sadə fəhlə kombizonunda fəaliyyət göstərirəm. Bu da belə.

Təqaüddən əvvəlki son bir neçə ildə mənə mühəndis kostyumu verilmədi.

 

Mən də təqaüdçü oldum

 

Bir neçə dəfə müxtəlif vəzifələrdən ayrılarkən heç kimlə problemim olmayıb. Yox, ayrılanda kimsə məni bağrına da basmayıb, uzaqdan-uzağa təəssüflənən bir neçə yaşlı insan aramızdakı haqq-sayı itirməyib, vəssalam. Kimsə təəssüflənməyib. Təəssüflənən dedim, ona görə ki, mütəxəssis hər zaman yetişmir, mütəxəssisin yetişməsi üçün çox uzun illər və qazanılan təcrübə lazımdır.

Hərdən telefon açanlar olub, amma nə xeyirxahlığımı, nə də digər yaxşılıqlarımı hiss etdirən görmüşəm.

Nə olub, olub, "Keçmiş olsun" deyib sizlərə də sağlıqla təqaüdə çıxmağı arzulayıram.

Bakıya Arazboyu gəlmişdim. Sonra "Qurd qapısı"na, sonra Çilov adasına. Baş elmi işçi (Bəsitçay dövlət qoruğu), sektor rəhbəri (Mərkəzi Nəbatət bağı), baş mütəxəssis (ETSN) və adada sahə rəisi kimi ("28 may" NQÇİ) fəaliyyətə başladım.

...nazirliyin qeyri-ciddi qərarını qəbul edə bilməzdim, öz ərizəmlə işdən azad olundum. Bundan sonra mənim Çilov həyatım başlandı. 2010-cu ilin may ayı idi.

İctimai sifarişlə MKT təsərrüfat rəisinin müavini, daha sonra təsərrüfat rəisi. Çalışdım, gecə-gündüz adanın sosial obyektlərində həmin sahənin kuratorları ilə şərikli fədakarlıqla çalışdım. İtkisiz və dürüstlüklə. Təbii ki, işimizə inadkarlıqla mane olan təsadüfi şəxslər də vardı. Ən çox qaragüruh işçilər bizimlə, qeyri-istehsal sahələrində işləyirdilər.

Kommunal, məişət təminatı, yaşayış və qeyri-yaşayış sektorunda xidmət, bioloji təmizləyici, suşirinləşdirmə, utilizasiya və yaşıllaşdırma sahələrində, ümumən Çilov adasının bütün ərazilərində, habelə dəniz özüllərində və quru sahələrdə (Hövsan, Zığ, Qaradağ, Dübəndi, Pirallahı) kifayət qədər işlərimiz olurdu. Adadakı iş fəaliyyəti quruda çalışmaqdan ikiqat və daha çətin idi. İstənilən materialı tapmaq, almaq və  gətirmək bəzən günlərlə vaxt tələb edirdi. Çöl iqlim şəraiti olan Çilov adasında günlərlə sürən küləkli hava dəniz yolunu bağlayırdı. 

 

Mən sizi sevirəm, dostlar!..

 

O gün hər şey gözəl idi. Hesab edirdim ki, mənim hər zaman dürüst və səmimi olmağıma fürsət verən Yaradanın nəzəri üstümdədir. 65 yaşım olacaqdı. Təqaüd yaşım. Şənbə və bazar günü işdən sonra əvvəl öz işçi mühəndis texniki işçilərimizlə, ertəsi günü isə bir neçə sex və sahə rəisi ilə bir süfrədə əyləşməyə qərar verdim. Dəvət etdiyim hər kəs gəldi, dedi, güldü və getdi. Təbii ki, həmin gündən xatirə şəkilləri də çəkdirdik. Mən də, dəvətlilər də bu tədbiri haqq etmişdik. Cinsindən asılı olmayaraq hər birini sevgi və sayğı ilə qarşıladığım kimi, elə də yola saldım. Doğum günümə hələ üç gün qalırdı.

Tort sifarişi etdiyim xanım əfəndiyə bir təşəkkür borcum da vardı. Deyim ki, belə dadlı tort hər zaman olmur.

30 noyabrda doğulmuşam. İndi təqaüd yaşına çatmağı hər kəsə arzu edirəm.

Yazmaq istədiyim tamam başqa bir şey vardı.

Mən yazıçıyam, yaradıcılığımı qəbul edən çox insanlar var ki, Azərbaycan Yazarlar Birliyinin üzvləri və ciddi oxuculardır. Bir kimsəylə ortaq bir ilişkim, kiməsə borcum yox. Kimliyimi də bilənlər var, halal bir kişinin oğluyam. Bəlkə də, ilk dəfədir, təvözakarlıq etmirəm. Bir kimsədən, hər hansı bir qurumdan umacağım da yoxdur. Ədəbiyyat mənim mənəvi dünyamdır, yaşama təsəllimdir, bəlkə də. Mən özümü yazdım, özümü üzdüm. Yazdıqlarımla öz üzüm fərqlənmədi, yəni sözümlə özüm səmimi "yoldaş" oldular.

Dediyim odur ki, sözümün sahibiyəm, dediyim sözün üstündəyəm, verdiyim vədin arxasındayam.

... Yazmaq istədiklərimə ən sonda bir nikbinlik qatmaq istəyirəm.

Sonuncu onlayn iclasda - axşamın duyğulu vaxtında - saat 19-da axırda icazə alıb vidalaşmaq istəyirdim. Amma müşavirə başlayan kimi qəfil adımın çəkilməsinə diksindim. Baş mühəndis mənə uğurlar, xoş istirahətlər arzulayırdı. Sonra 26 nəfər iclas iştirakçısının xoş sözləri, xüsusən sosial məsələlər üzrə rəis müavininin - kuratorumuzun bir neçə dəqiqəlik çıxışı təsirli idi. Son onillik fəaliyyətimin boş yerə getmədiyinə bir daha əmin oldum. Çıxışlarda bir peşəkar mütəxəssis, yazar olduğum təqdir edilirdi. Təşəkkür etməkdən və hər kəsə sağlam canla təqaüd yaşına çatmağı arzulamaqdan başqa söz tapa bilmədim.

Hörmətli Rövşən müəllim, Zaur müəllim, Laçın müəllim, Ələddin müəllim, Emil müəllim, Şəfayət müəllim, Natiq müəllim, Faiq müəllim, şöbə və sahə rəisləri, indi hər birinizə təşəkkür borcumu ifadə edərək deyirəm ki, mənə qarşı dözümlük göstərərək özümü qismən də olsa, ifadə etməyimə fürsət verdiyiniz hər zaman mənə, fəaliyyətimə hörmətlə yanaşdığınız üçün,  yaşıllıqların salınmasında bizimlə birlikdə yaxından iştirakınıza, qeyri-istehsal sahəsində çalışmağımıza baxmayaraq, daim bizə qayğı göstərdiyinizə, vaxtaşırı Çilov adasının sosial-mədəni həyatında bizimlə bir arada olduğunuza, çıxışlarıma, yazdıqlarıma sayğı ilə yanaşdığınıza, sizlərə "sağ olun" demək üçün verdiyiniz şansa görə təşəkkürümü bildirir, Tanrıya şükürlər edirəm. Sizlərin fədakar neftçi əməyiniz təqdirəlayiqdir.

Mən sizi sevirəm, dostlar!

Tanrı köməyiniz olsun!..

Yanvar - dekabr 2022-ci il.

 





13.01.2023    çap et  çap et