525.Az

Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə - Dilarə Adilgil yazır


 

BU İLİN APRELİNDƏ 100 İLLİYİ TAMAM OLACAQ UNUDULMAZ YAZIÇININ YARADICILIĞINA DAHA BİR BAXIŞ

Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə - <b style="color:red"> Dilarə Adilgil yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Salam Qədirzadənin ən gözəl əsərlərindən olan "46 bənövşə" Azərbaycan ədəbiyyatında "ən yaxşı sevgi romanı" onluğuna daxil edilib. Roman təsirli lirizmi ilə seçilir. 1969-cu ildə yazılsa da, həmişə təzə, adı kimi kövrəkdir. Bu əsərə mövzudan, süjetdən dolayı oxucunun emosional bağlılığı bir qədər artıqdır. Könül gözəl, saf, kitablara düşgün, rəngli xarakterə malik gənc qızdır. Dəryaya dəlicəsinə aşiqdir, nağılların şad-xürrəm sonluğuna inanır. Məhəbbəti gözlərini bağlayır, Dəryanın onu necə rahat manipulyasiya etdiyini görməzdən gəlir, xəyanətinə inanmaq istəmir. Axırda "dörd ay əvvəl sevinə-sevinə qapısından girdiyi evi" qəlbi qan və rəvan tərk etsə də, zəhərli sarmaşığından xilas olur. Adı Dərya, özü "quru səhra" olan kəs cildini qorumaq üçün dondan-dona girir, söylədiyi yalanlarla iç üzünü daha da açır, onu sevən qadının gözündə batdıqca batır... Onun lirik-romantik əsərlərini oxuyandan sonra, insan sanki təmizlənir, qəlbi hər cür naqislikdən arınır. Xalq yazıçısı Bayram Bayramov "46 bənövşə"nin S.Qədirzadənin yaradıcılığını rayihələndirdiyini, əlvanlaşdırdığını və xeyli zənginləşdirdiyini qeyd etmişdi.

Yazıçı "Kəndimizdə bir gözəl var" romanını 1967-ci ildə bitirib. Roman 15 novelladan ibarətdir. "46 bənövşə" Könülün gündəlikləri idisə, "Kəndimizdə bir gözəl var" novellalar məcmusudur. Əsərdə bütün zamanlar üçün qiymətli olan vəfa, sevgi, mərhəmət kimi insani keyfiyyətlər tərənnüm olunur. "Mərhəmət insani dəyərlərin şahıdır", - deyirlər, insana qəlbini saf saxlamağa kömək edir. Eybəcər əxlaqın yiyəsi Yeganə başqa duyğularla bərabər, mərhəmət hissindən də məhrumdur. Roman ilk səhifələrdən oxucunu alıb aparır. Burada ədəbiyyatın xalturası sayılan nağılçılıq, əhvalatçılıq yoxdur. Əsərin mövzusu olmuş hadisəyə çox bənzəyir. Diqqətsizlik, ya bilərəkdən doğum evində səhv salınan  körpələr haqqında xəbərlər indinin özündə də ara-sıra yayılır. "Doğum evində eyni gündə iki Soltanova azad olmuşdu - biri Günəş, biri Yeganə". Günəş oğlunu necə böyütmək, yaşatmaq barədə düşünürsə, Yeganə evə gələr-gəlməz körpəsini balışla boğur. Amma tale onunla amansız oyun oynayır, öz qızı əvəzinə səhv düşən uşağı tələf edir. Yeganə verdiyi zərərin bədəlini ağır ödəyir, həbsxanadan sonra axsaq, kasıb, tənha bir həyat sürür. Günəş isə yaralı yerindən çiçəklənir... "Yeganənin körpəsi həmişəlik Günəşin, Fikrətin himayəsində" qalır. Yeganə də Diləfruz kimi "zəhərli" personajdır. Onun insanlıqla yaxından-uzaqdan bir əlaqəsi yoxdur.

S.Qədirzadə həm də peyzaj ustası idi. Onun təbiətə öz münasibəti var idi, sadəcə baxmırdı, həm də görürdü. S.Qədirzadənin poetik lövhələri natural və psixolojidir, qəhrəmanın daxili aləmi, həyəcan və duyğuları ilə birbaşa səsləşir.

S.Qədirzadə həzin, romantik ruhlu yazıçı olmaqla bərabər, həm də güclü satira və  yumor ustası idi. Belə bir devizi var idi: "Heç nədən qorxmayan gülüşdən qorxur". O, bu janrda yazdığı əsərləri ilə ədəbiyyatımızda yeni satira məktəbinin əsasını qoymuşdu. Yazıçı gülüş obyekti olan ünsürlərdən gah lətif yumoru ilə danışır, gah da kəskin satirası ilə qamçılayırdı. Buna görə romanlarına məsafədən yaşıl işıq yandırılsa da, sosial sifarişdən uzaq satirik əsərləri kommunist ideologiyasının tələblərinə cavab vermədiyi üçün ciddi senzuraya məruz qalırdı. Burada belə bir kədərli ironiyanı xatırlamaq yerinə düşər: "Satira heç vaxt müsabiqədən keçmir, çünki onun hədəfləri münsiflərdə əyləşirlər". Yazıçılardan konfliktsiz əsər, "dişsiz" satira  yazmaq tələb olunurdu ki, bu da mümkünsüz bir şərt idi. S.Qədirzadə burada da zarafatından qalmır, qadağalara özünəməxsus baməzə cavablar verirdi: "Bütövə dəymə, yarımçığı götürmə, doğra, doyunca ye. Belə də ədəbiyyat olar?" Görkəmli satirik 1976-80-ci illərdə əsas satirik jurnalımız olan "Kirpi"nin baş redaktoru olmuşdur. "Mozalan" üçün yazdığı süjetlər bu gün də maraqla baxılır. Göründüyü kimi, yaradıcılığın elə bir sahəsi yoxdur ki, S.Qədirzadə ora baş vurmasın, qələmini sınamasın. Onun hekayələri ədəbiyyatımızda ayrı bir mərhələdir. Yazıçı həm lirik-romantik, həm satirik-yumoristik,  eyni zamanda, "kiçik janrın böyük imkanları"ndan istifadə edərək "ikisi birində" hekayələr yazmışdır (Elə "Qış gecəsi" romanının Diləfruzla bağlı hissələrindən neçə satirik hekayə çıxar). "Hekayəçi Salam Qədirzadə daha çox satirikdir... Sırf lirik üslubda yazılmış hekayələri isə monoloqu xatırladır, bir növ mənsur şeirə bənzəyir". Onu ədəbiyyatımızın Zoşenkosu da adlandırırlar. "Oqtay" adlı İlk hekayəsini 1948-ci ildə çap etdirən S.Qədirzadə sonralar da bu janrdan ayrılmamış, "Mənim ceyranlarım", "Bir qız bir oğlanındır", "Təbəssümün mükafatımdır", "Ər-arvad təhlükəsizliyi ongünlüyü", "Şlyapalı Mauqli" və çoxlu sayda digər kiçik həcmli əsərləri ilə hekayənin gözəl nümunələrini yaratmışdır. "Janrların özlərinin arasındakı tarixi mübarizədə hekayə öz spesifikasını, poetikasını, dəqiq qanunlarını qoruyub saxladığındandır ki, yerini başqa janrlara güzəşt etməmişdir". S.Qədirzadənin hekayə kitabları bu kiçik janra yeni nəfəs verdi. O, satirik hekayələrində meşşan və obıvatellərə gülürdü, bürokratlıq, süründürməçilik, naqislik, tüfeylilik kimi sifətlərə lağ edirdi, bəzən isə bu gülüş tragikomik hal alırdı. "Zəncirbənd", "Bacıqızı", "Dublyonka", "Xalam mənim dayımdır" və onlarla bu qəbildən olan hekayələri güldürə-güldürə düşündürürdü. "Həyatın müqəddəslikdən saxtakarlığıa yuvarlanmasını dəhşətli tənəzzül" hesab edirdi, öz əsərləri ilə mənəvi nemətləri qorumağa çağırırdı. S.Qədirzadə dramaturq kimi də məşhur idi. Onun "Hardasan, ay subaylıq?", "Həmişəxanım", "Şirinbala bal yığır", "Gurultulu məhəbbət", "Gözəllik ondur" kimi sağlığında səhnədən düşməyən pyesləri bu gün də tamaşaya qoyulur, həvəslə baxılır. Səhnə və tamaşaçı dramaturqa stimul verib irəli aparan əsas amil hesab olunur. Bu baxımdan da S.Qədirzadə uğurlu sənətkardır, onun pyesləri keçmiş SSRİ-nin teatrlarında müvəffəqiyyətlə oynanılmışdı. Komediya ən mürəkkəb janrdır. Faciə faciədir, dram da dram, burda hər şey aydındır. Komediyada isə gərək qızıl həddi elə gözləyəsən ki, həm gülməli olsun, əhvalı qaldırsın, həm də bayağı, şit gülüş zövqü korlamasın. S.Qədirzadənin komediyaları bu tendensiyanın bariz nümunəsidir. S.Qədirzadə tipaj ustası idi. Onun Həmişəxanımı, Gülyanağı ("Hardasan, ay subaylıq?") Nəsibə Zeynalovanın ifasında daha şöhrətlidir. "Hardasan ay subaylıq?" tamaşası Musiqili Komediya Teatrında 200 dəfədən çox oynanılmışdı. Həmişəxanım toxuculuq fabrikinin xadiməsidir. Lakin müvəqqəti vakant olan katibə vəzifəsini icra edir. Həmişəxanım özünü qaba müdirə əzdirmir, onu yerində tənqid etməkdən də çəkinmir. Fabrikin direktor əvəzi Cəbi Cüməzadə həyat yoldaşını aldadan, "fabrikdə çox sözlər verib arxasından qaçan" səriştəsiz karyeristdir. Pyes daha çox yumor tərəfə çəkir. Onun Həmişəxanımla dialoqları, sözləşmələri, nəhayət, süpürgəçi ilə bacarmayan müdirin ərizə verib işdən getməyi çox məzəli təsir bağışlayır.

Yaradıcılıq - Salam Qədirzadənin mahiyyəti idi, yazıçılığı ən yüksək vəzifə hesab edirdi.  Onun rəssamlıq, musiqi kimi ciddi maraqları da var idi, lakin gənc Salam könlünü əbədilik sözə, ədəbiyyata verdi. Yazıçının əsərləri dövrünün güzgüsü idi. Burada əsas süjet xətti ilə bərabər, sovet yaşayışının, onun prioritet problemlərinin, ailə-məişət tərzinin maraqlı xırdalıqları da öz əksini tapırdı. Bu yazıda S.Qədirzadənin əsərlərini  təhlilə çəkməklə onun öz obrazını da yaratmağa çalışdıq. Buna bir çıxarış da demək olar. Bu obraz bir qədər parodoksaldır. Satirik S.Qədirzadə lirik Salamı tamamlayır. "Epik" S.Qədirzadəyə yumor da yaraşır. Və əsası, yazıçı heç birinin "xətrinə" dəyməməklə bu janrları paralel aparır ki, bu da ürəkaçan balans yaradır. Müəllif müraciət etdiyi bütün janrlarda özünü komfort zonasında hiss etdiyi üçün əsərinin də müvəffəqiyyətini təmin edir. S.Qədirzadəni oxuculara sevdirən bir cəhət də, onun əsl azərbaycanlı yazıçı olmasındadır.

Məhək daşı olan Zaman onun kitabları üzərində hökmranlıq edə bilmədi. Yeni informasiya vasitələrinin kitabı sıxışdırdığı bir zamanda belə, S.Qədirzadə yenə oxunur, sevilir, əsərləri ədəbi keyfiyyətini saxlayır. Müdriklər deyir ki, bir kitabı 2 dəfə oxuyun, bir gənclikdə, bir də yaşlananda, müəllifin yaş həddini keçəndə. Düşünürəm ki, S.Qədirzadənin əsərləri bu sınaqdan üzüağ çıxdı. Onu oxumaq həmişə xoşdur. Təsadüfən yazıçının hər hansı bir kitabını əlinə götürən oxucu ilk səhifələrdən onun sehrli cazibəsinə düşür, başa çıxmamış əlindən qoya bilmir, əsərin ruhu, ab-havası, rəvan sintaksisi buna imkan vermir. Xalq yazıçısı Süleyman Rəhimov S.Qədirzadənin istedadını yüksək qiymətləndirir, dil ehtiyatımızdan ustalıqla bəhrələndiyini, əsərlərinin dadlı, duzlu, şirin dildə yazıldığını xüsusi qeyd edirdi. Yazıçının yaradıcılığı ilə dərindən "söhbətləşəndə" bir şeyə təəssüflənirsən. Niyə onun romanları vaxtında ekranlaşdırılmadı? Kinomatoqrafın diqqətindən kənarda qaldı? Hətta bu gün belə onun istər "46 bənövşə"si olsun, istər "Su pərisi...", lap elə "Ulduzlar sayrışanda" - ən azı teleserial üçün hazır ssenaridir... S.Qədirzadənin həyata, ədəbiyyata, insanlara öz münasibəti var idi. Yazıçının son kitabı "Hər gün ömürdən gedir" adlanırdı. Sinninin və həyat təcrübəsinin verdiyi müdriklikdən dolayı bu axırıncı əsərində bütün yaradıcılığı boyu vəsf etdiyi İNSANA yazıçının fərqli - fəlsəfi münasibəti hiss olunur. Təəssüf ki, bu kitabını görmək ona nəsib olmadı. Sanki kitabına bu rəmzi adı verməklə, özü də bilmədən ömür möhlətinin sonuna varmış oldu, "epitafi"sini özü yazmış oldu (Sinə daşına "hər gün ömürdən gedir" sözləri həkk edilmişdir). Salam Qədirzadə 64 illik qısa ömrünə nə mümkündüsə yerləşdirə bildi. Yazdı-yaratdı, oxudu-oxundu, sevdi-sevildi, özündən sonra qiymətli ədəbi miras, təmiz ad, xoş xatirə qoyub getdi. Mənası sülh, əmin-amanlıq olan Salam, müsəlmanlar arasında görüşəndə işlədilən kəlmədir. Qurani-Kərimdə buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eynilə sahibinə qaytarın". Öz adını xarakterində, şəxsiyyətində daşıyan, doğruldan Salam Qədirzadənin oxucuları onun salamını elə bu şəkildə - layiqincə alıb, rəhmətini üzərinə qaytardılar. Ən başlıcası, "hələ də yazıçı Salam Qədirzadənin əsərlərini, az qala əzbər bilən, onun kitabları ilə tərbiyə alıb böyüyən" və bu gün xatirəsini yaşadan qədirbilən bir nəsil var. Bu isə... az-az yazıçıya qismət olur.

 

 

 

 

 





13.01.2023    çap et  çap et